adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AVTORiTET

VAHİD ƏLİFOĞLU
29252 | 2009-09-26 01:06
... Kimdi axı, bu Özbək?
   
   - Yerli avtoritetdi...
   
   "Platin" filmindən.
   
   
   
   ... Bir qəlbə hakim olmaq, bir əyalətə hakimlik etməkdən daha çətindi...
   
   ... Qəfəsdəki meymunun banan meşələri haqqında xatirələri və düşüncələri hara qədər ola bilər ki?...
   
   ... Yayın bitib-tükənməyən uzun günlərində bir dəfə də əməlli-başlı yadıma düşmədin. Həyətdəki ağacların bükülü kölgəliyində altmışı haqlamaqda olan ömrün "sevgi dəftərini" vərəqləməkdənsə əsnəyə-əsnəyə mürgüləmək mövcud şəraitə daha uyğundu. Onda ki, hər cür sentimental və poetik djuyğuların gündəlik məişət qayğılarının önündə necə mənasız və gülünc olduğunu öz gözlərinlə görəsən... Sonra da əllərini müdrikcəsinə yelləyib, "cəhənnəmə ki" qərarı ilə bir günü də yola verib qayıdasan real həyata... Səhvləri, itgiləri etiraf edib, ons uz da tamam səndən bezmiş vicdanı incitməkdənsə, ən yaxşısı haqlı olduğuna inanmaqdı... İlğım kimi yaddaşımdan keçəndə də gözdən itənə qədər maraq dairəsində yaşayan gözəl, yaraşıqlı yad qadından heç nə ilə fərqlənmədin... Amma üstündən otuz ilin bir dəfəlik xətt çəkə bilmədiyi həsrətin səbəbi olmaq da zarafat deyil, axı... Alma şəkli çəkmək əlma yeməkdən cəlbedici və ləzzətlidirsə, hələ qadın adlanan "ərazilər" işğıl altında çox qalacaq... Kəbin kağızları doğulan uşaqların varlığını rəsmiləşdirməkdən özgə bir şey deyil...Aciz şairlərin uydurma xəyalları bizə qismətimizi ac toyuqlar kimi yuxuda axtarmağı öyrətdi...
   
   ... Həyatın bütün nemətləri avtoritetlərin nəzarətindədi. Avtoritetlər sərhəddi və çərçivəsi məlum toplum seçimidi... Bütün ədəbi ideyalar müəllifsizdir və avtoritetlərin adı ilə meydana gəlirsə, deməli oğurluqdu. Bizi heyrətləndirən və təəccübləndirən möhtəşəm ədəbi əsərlər əslində forma baxımından təzədi. Məzmunca köhnədi... Xeyir və şər, sevgi və nifrət, qalib və məğlub və s... Bütün ədəbi ideyalar bir mənbədən gəlir... Yazarlar bazar alverçiləri, oxucular hər an çəkidə və ölçüdə aldadılan alıcılar, tənqidçilər dolanışığı hesablanmış dəllallar deyilmi? Və bütün bazarın avtoriteti - bazarkom... Süs tlüyü və ətaləti canlandırmaq üçün düşünülmüş, idarə olunan üsyanlar, "zona"lardan qaçışlar... onsuz da üsyanlar yatırılacaq, qaçanlar tutulacaq...
   
   ... Səhv etmirəmsə 70-ci il idi. Tələbəsi olduğum institutun "Akt" zalında şairlərlə görüş keçirildi. Görüşü rəhmətlik Məmməd Rahim aparırdı. Sözü Aslana və Məmməd Kazıma verəndən sonra Məmməd Rahim gülüb dedi:
   
   - Nizami oğlundan soruşub ki, hansı sənət sahib olmaq istəyirsən? O da cavab verib ki, şair olacağam. Nizami eşitdiyi cavabdan məyus olub və deyib:
   
   - Oğul, məndən sonra sən nə yaza bilərsən?
   
   İndi mən baxıram ki, məndən sonra şair olmaq istəyən xeyli "məmmədlər" var...
   
   ... Sovet hakimiyyətinin vaxtında bir ənənə var idi ki, yazılmamış (bəlkə də yazılmış - V.Ə) qanun şəklini almışdı. Çalış Yazıçılar İttifaqının üzvü ol, avtoritetlərdən birinin həyət-bacasında fırlan. Heç nə yazmasan da, yaxud da ağlına nə gəlir yazsan da olar... Bir də ən azı yetmişə qədər yaşa... Əllidə "əməkdan incəsənət xadimi", altmışda "Xalq şairi" fəxri adı nağdıdı... Yetmişi keçdin "Sosialist Əməyi Qəhrəmanı" boynunun dalındadı... Təzə avtoriteti təbrik edə bilərsiniz... "Bratva"ların qərarı müzakirə olunmur...
   
   ... Tağı Kərimli Qarabulağın tanınmış simaları haqqında dəfərli və maraqlı bir kitab yazıb. birincisi, bu gənc oğlanın xeyirxahlığına, inadkarlığına təəccübləndim. İkincisi, kitabı başdan ayağa, ayaqdan başa vərəqlədim, amma özümü tapa bilmədim. Hərçənd ki, bu günə qədər mən də özümü kifayət qədər tanınmış hesab edirdim... Lakin qəzəblənməyə və müəllifi məzəmmət etməyə tələsmək tezdi, hələ. Sən demə, ikinci kitab da hazırlanır və bəndəniz də o kitaba daxil edilməyə namizədlərdən biridi... Keçilən ədəbi yol, yaradıcılıq uğurları haqqında yığcam məlumat yazmaq lazımdı... Gənc həmkarımla bir saat "baş sındırsaq da" "görkəmli" şair və publisistə təqdim olunmuş rəsmi, qeyri-rəsmi nə bir fəxri adı tapa bildik, nə də mükafat... Adsız, mükafatsız tanınmış sima olar?
   
   ... Nə vaxtsa bu kitabı mənim kimi vərəqləyən olsa, mənim müəlliflə hansısa kölgəli əlaqələrimin olduğuna şübhə etməyəcək... Necə ki, birinci kitabda da mənim şübhələndiyim bəzi "tanınmış simalar" var idi...
   
   ... Əsgəri xidmətdən gəlmişdim. Əmim (savadsız, həm də bir az avam adam idi - V.Ə) məni eninə, uzununa diqqətlə gözdən keçirib, ciddi şəkildə soruşdu:
   
   - Hansı "zvaniya" ilə qayıtmısan, bala?
   
   - Heç nəyinən, ay əmi. Sıraviyəm...
   
   Əmim həm təəccüblənmiş, həm də qəzəblənimş halda dedi:
   
   - Allahın mayorunu da ala bilməmisən. Odey, Əvəzin oğlu "yefreytor" gəlib...
   
   ...Tağı Bakıdan Haramıya Vahid Əlifoğlu sorağına gəlməyinə, bəlkə də... Bəlkə də yox... Həqiqət odu ki, "Böyük çadır şairi" bu oğlan heç nə ilə heyrətləndirə bilmədi...
   
   ... Avtoritetlər həm də "zakonnik" olmalıdılar. "Zakonnik" olmayan saxta avtoritetlərin arasında "ZEK" kimi yaşamaq çox çətindi, çox... Özü də bu yaşda...
   
   ... Xoşbəxt kişilər o kişilərdi ki, bir dam altında yaşadıqları qadının görünən və görünməyən bütün "zona"larında avtoritetdilər... Heyif ki, mənim yazılarımın avtoritet olduğu ərazinin artıq sərhədləri görünür... Başqa əraziyə keçmək isə "qrexdi"... Özgə torpaqlarda yaşamaq necə, "qrex" deyil ki?...
   
   
   
   
   
   P.S. Sovet quruluşu alt-üst olandan sonra məlum oldu ki, çox "vor zakon"lar avtoritet deyilmiş", "tramvay cibgirləri"ymiş...
   
   

TƏQVİM / ARXİV