adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Fevral 2015 18:41
5672
İDMAN
A- A+

Zəfərin mübarək, AZƏRBAYCAN GÜLƏŞİ

Daim uğurlarına öyrəşdiyimiz Azərbaycan pəhləvanları idman tariximizdə növbəti qızıl səhifə açdılar. İranın paytaxtı Tehranda keçirilən yunan- Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın göstərdiyi parlaq çıxış yekunda məntiqi nəticəsini tapdı.

Son dünya çempionatının ümumi yekunlarına əsasən ilk səkkizlikdə yer alan millilərin iştirak etdiyi turnirdə Azərbaycanla yanaşı İran, Almaniya, İsveç, Rusiya, Türkiyə, Macarıstan və Ermənistan təmsilçiləri də mübarizə aparırdı. İlk üç yığma ilə birlikdə A qrupunda yer alan Cəmşid Xeyrəbadinin yetirmələri ilk görüşdə ev sahibləri ilə qarşılaşırdı ki, proqnozlar böyük ölçüdə iranlıların qələbəsinə yönəlmişdi, ancaq onlar saydığını saydı, pəhləvanlarımız isə xallarını sıraladı.Təcrübəli Rövşən Bayramov və gənc Orxan Nuriyevin minimal hesablı məğlubiyyətinə digər 6 güləşçimiz artıqlamasıyla cavab verdi. Bir çoxları İran millisinin yarışa əvəzedicilərlə qatıldığını vurğulayaraq, qələbəyə kölgə salsa da, qeyd etmək lazımdır ki, İran kimi güclü güləş ölkələrində ikinci heyət anlayışı yoxdur. Özü də turnirin doğma divarlar arasında, çılğın azarkeş dəstəyi altında keçirildiyini nəzərə alsaq, qələbəyə xələl gətirəcək hər hansı fikir sadəcə absurddur.

Qrup mərhələsinin digər iki görüşündə də millimiz rəqiblərinə heç bir şans vermədi. Hitlerin həmvətənləri ilə görüşdən 7-1 hesabı ilə qalib ayrılan klassiklərimiz skandinavlara da eyni aqibəti yaşatdı. Qrup mərhələsinin ümumi göstəricilərinə diqqət yetirsək, yığmamızın rəqiblərindən bir baş üstün olduğu görünür : 20 -4!

Final görüşündə isə yığmamızı yunan-Roma güləşinin liderlərindən hesab olunan Rusiya gözləyirdi. Görüşün əvvəlcədən gərgin mübarizə şəraitində keçəcəyi bəlli idi. Elə də oldu. İlk görüşdə yığmamız Elman Muxtarovla təmsil olunurdu. Bundan əvvəl keçirdiyi iki görüşdə rəqiblərini aşkar üstünlüklə məğlub edən yeniyetmələrin Olimpiya çempionu Kabolayevə minimal hesabla(2-3) məğlub oldu.
İkinci görüşdə yığmamızın lideri Həsən Əliyev Artyom Surikova yerini göstərərək, hesabı bərabərləşdirdi. Turnir ərzində keçirdiyi bütün görüşlərdə qələbə qazanan dünya və Avropa çempionumuzu fərdi göstəricilərdə turnirin ən yaxşısı da hesab etmək olar. 
"Əsgər salamı" ilə yeddidən yetmiş yeddiyə hər kəsin rəğbətini qazanan son dünya çempionatının bürünc mükafatçısı Rəsul Çunayev Daşkənd mundialının qalibi Çingiz Labazanovu məğlub edərək yığmamızı hesabda önə keçirdi. 
75 kiloqramda mübarizə aparan Elvin Mürsəliyevin olimpiya, dünya və Avropa çemponu Roman Vlasova məğlubiyyəti hesaba yenidən tarazlıq gətirdi. Məğlubiyyətə rəğmən, 27 yaşlı pəhləvanımız bundan əvvəl keçirdiyi hər üç görüşdə rəqiblərinə qalib gəlməklə ona bəslənən ümidləri artıqlamasıyla doğrultdu. 
Son vaxtlar yüksək nəticələr göstərə bilməyən eks Avropa çempionu Rafiq Hüseynov son dünya çempionatının gümüş mükafatçısı Yevgeni Saleyevi məğlub edərək yığmamızı ikinci dəfə hesabda önə keçirdi. 
İslam Abbasovu isə turnirin əsas tapıntılarından biri kimi qələmə vermək olar. Böyüklər arasında qatıldığı ilk mötəbər turnirdə ümidləri artıqlamasıya doğruldan 85 kiloqram çəkili güləşçimiz yığmamızı çempionluğa qovuşduran qələbəni qazandı. O gürcü əsilli Çekvetadze ilə görüşdə 0-4 hesabı ilə məğlub duruma düşsə də, sonradan "tuşe" ilə qalib gələrək yığmamızın üstünlüyünü möhkəmləndirdi. 
Son iki görüşdə gənc Orxan Nuriyevin dünya çempionu Nikita Melnikova, Sabah Şəriətinin isə Sergey Semyonova minimal hesablı məğlubiyyəti heç nəyi dəyişmədi. Azərbaycan yığma komandası əlavə göstəricilərdə (İslam Abbasovun təmiz qələbəsi sayəsində) rusları məğlub etdi.Tarixində ilk dəfə Dünya Kubokunun finalına yüksələn yunan-Roma güləşçilərimiz fəxri mükafatı başı üzərinə qaldırdılar. Azərbaycan bayrağı Rusiya İrandan yüksəkdə dalğalandı, himnimizin sədaları Tehranın "Azadi" İdman Kompleksindən bütün dünyaya yayıldı.

 Qeyd edək ki, Azərbaycan güləşçiləri bundan öncə iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun qalibi olub(Hər iki uğur sərbəst güləş yığmamızın aktivindədi). 2009-cu ildə - elə Tehranda keçirilən turnirdə pəhləvanlarımız finalda ev sahiblərini üstələmişdilər. Altı illik fasilədən sonra Azərbaycan güləşçiləri bir daha dünya güləşinin lideri olduğunu sübut etdi. Yığmamızın üzvlərinin yüksək formada olduğunu nəzərə alsaq, qarşıdan gələn Avropa Oyunları və Rio Olimpiya Oyunlarında onlardan nəinki medal, çempionluq gözləməyə dəyər. 

Növbəti qələbələrə böyük ümidlərlə, zəfərin mübarək, Azərbaycan güləşi!


Sahib ƏSƏDBƏYLİ ADALET.AZ