MÜASİR AZƏRBAYCAN ROMANI

VAQİF YUSİFLİ
50821 | 2015-02-21 01:30
(Əvvəli ötən şənbə saylarımızda)

Bu gün ədəbi prosesdə "roman axını" deyilən bir ifadə də formalaşmaqdadır. Hesablamamıza görə son yeddi ildə (2007-2013) bizdə 140-dan artıq roman yaranmışdır və belə çıxır ki, hər ilə nə az, nə çox, ilə 20 roman düşür. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Bəli, roman çox yazılır, kimi dindirirsən deyir roman yazmışam və təəssüflə qeyd etməliyik ki, romana bu meylin və həvəsin nəticəsi heç də ürəkaçan olmur. Sanki XX əsrin əvvəllərində-"kiçik romanlar" dövründə baş verən hadisə yenidən, amma daha şiddətlə təkrar olunur. Amma o zaman bu janr ədəbiyyatımızda təzə idi və yazıçılar romanın necə bir əhəmiyyətli janr olduğunu millətə sübut etmək istəyirdilər. Yüz il keçib və bu müddət ərzində Azərbaycan romanı doğrudan da ədəbiyyatımızda böyük bir inkişaf yolu keçib, roman yazmaq məşğuliyyət kimi yox, sənət kimi dərk olunub. İndiki "roman axını" isə o böyük inkişafın davamı kimi yox, bədiyyat xəstəliyi kimi diqqəti cəlb edir və bu da bir çox səbəblərlə bağlıdır. Birincisi; altmış-səksəninci illərin parlaq roman mərhələsindən sonra ədəbiyyatımızda bu janrın enişi başlandı, həm yazılan romanların sayı azaldı, həm də o səviyyədə (60-80-ci illərdə olduğu kimi-V.Y.) romanlar yaranmadı. Deyə bilərik ki, doxsanıncı illəri roman janrının inkişafında müəyyən mənada bir süstlük, ləngimə dövrü kimi səciyyələndirmək olar. Beləliklə, romana yenidən qayıdışa bir ehtiyac duyuldu. Və müxtəlif nəsillərdən olan yazıçılar, xüsusilə, ədəbiyyata yeni gələn cavanlar bu nisbi "sükunəti" aradan qaldırmağa çalışdılar. Təbii ki, qeyri peşəkarlıq, təcrübəsizlik daha çox diqqəti cəlb etdi. İkincisi; səksəninci illərdən başlayaraq dünyada, keçmiş SSRİ məkanında və Azərbaycanda bir çox mühum ictimai-siyasi hadisələr baş verdi ki, yazarlar istər-istəməz bu hadisələri təkcə poeziya və publisistika dili ilə deyil, epik janrla da əks etdirməyə can atdılar. Bu hadisələr insanların mənəvi aləmində də dərin psixoloji izlər buraxdı. Dünya dəyişirdi və bu dəyişən dünyanın ab-havası romanlarda da əks olunmalıydı. Beləliklə, roman yazmağa kəskin tələbat meydana gəldi. Amma "ictimai tələbat" əksərən bədii nailiyyətə çevrilmədi.
Biz "roman axını"nın ədəbiyyatımız üçün nə dərəcədə ziyanlı olduğunu sübut etmək fikrində deyilik. Ədəbi tənqidin bu "axına" qarşı mübarizədə niyə passiv mövqe tutduğunu da izah etməyəcəyik. Çünki həmin "axında" üzüb gedən, bu gün yazılıb sabah nəfis tərtibatla çapdan çıxan, amma elə "sağlığında" unudulan, bir qisim bəsit düşüncəli oxucuların zövqünü oxşayan "romanları" təhlil etməyə, onları kəskin tənqid hədəfinə çevirməyə ehtiyac varmı? Lakin bir sıra romanlar var ki, onlara münasibətsiz keçinə bilmərik və bu romanların müəllifləri də əksərən cavanlardır. Təbii ki, bu roman müəlliflərinə "ağsaqqal öyüdü" vermək niyyətindən uzağıq.
Bu cavan müəlliflərin bir qismi ədəbi fəaliyyətə şeirlə başlamışlar (Həmid Herisçi, Rasim Qaraca, Nisə Bəyim (onlar artıq cavan olmasalar da), Sevinc Pərvanə, Əli Əkbər, Vüsal Nuru, Qan Turalı, Kəramət Böyükçöl, Aqşin Yenisey, Əsəd Qaraqalpan və s.), bir qismi isə nəsrdə müəyyən təcrübə əldə edəndən sonra (maksimum bir və ya iki hekayələr kitabı, ya da mətbuatda beş-altı hekayə çap etdirəndən sonra) roman yazmağa cürət etmişlər (Cavid Zeynallı, Varis, Natiq Məmmədli və s.).
Əlbəttə, cavanların roman janrına meylini müxtəlif səbəblərlə əlaqələndirmək olar. Birincisi; yeni əsrin cavanları dünyaya, gerçək aləmə loru dillə desək, akuşkadan baxmırlar, Avropa və ümumən dünya ədəbiyyatı qapılarını açıb ən müasir roman mədəniyyətinə yiyələnməyə cəhd edirlər. Onların mütaliə dairəsi pis deyil, hətta romanlarında müxtəlif xarici ölkə yazıçılarından, filosoflardan sitatlar da gətirirlər. Qoy cavanlar Kafkanı, Selinceri, Folkneri, Aytmatovu, Umberto Ekonu oxusunlar, öyrənsinlər və mütaliə dairəsi geniş olanda bunun xeyri də olur. İkincisi; XXI əsr özü bunu diktə edir və bu gün təkcə Azərbaycan ədəbiyyatında deyil, dünyanın əksər xalqlarının ədəbiyyatında "romanlaşma" prosesi gedir. Yeni roman tipləri yaranır, romanın ənənəvi, "klassik" modellərinə nisbətən az müraciət olunur. Eksperimentlərin sayı çoxalır və təbii ki, bu gənc Azərbaycan romançıları da bu prosesdən halidirlər. Ancaq Avropa və ümumən dünya ədəbiyyatı qapılarını açıb roman mədəniyyətinə bələd olmaq, ya da çoxlu xarici roman oxumaq hələ bir romançı kimi uğur qazanmağa dəlalət eləmir. Burada ən başlıca şərt ROMAN TƏFƏKKÜRÜNÜN formalaşmasıdır. Bu mürəkkəb və son dərəcə təzadlı həyat onların gözləri qarşısında cərəyan edir. Müşahidə etməyə, romanları üçün material seçməyə, növbənöv insan tiplərini ümumiləşdirməyə, həyat həqiqətini bədii həqiqətə çevirməyə, ən başlıcası isə roman texnikasına yiyələnməyə onların vaxtı və imkanları genişdir. M.Baxtin "Dostoyevski poetikasının problemləri" əsərində yazırdı: "Dostoyevski polifonik roman yaradıcısıdır. O, tamamilə yeni roman janrı yaratmışdır. Elə ona görə də onun yaradıcılığı heç bir çərçivəyə sığmır". Əlbəttə, biz haqqında söz açacağımız cavan müəlliflərin romanlarına heç də Dostoyevski zirvəsindən yanaşmaq niyyətində deyilik, lakin əlinə qələm alıb (indiki romanların bir çoxu heç qələmlə də yazılmır, birbaşa kompüterə diktə edilir-V.Y.) roman yazmağa can atan müəlliflər bu işin nə qədər məsuliyyətli, necə çətin və ağır proses olduğunu unutmamalıdırlar. Onlar unutmamalıdırlar ki, dünya ədəbiyyatında "Don Kixot", "Madam Bovari", "Səfillər", "Hərb və sülh", "Anna Karenina", "Karamazov qardaşları", "Patriarxın ölümü", "Əsrə bərabər gün" və s. kimi nəhəng romanlar var. Elə Azərbaycan ədəbiyyatında da milli ədəbi fakta çevrilən romanlarımız az deyil.
Roman elə bir cazibə qüvvəsidir ki, o, istedadından asılı olmayaraq hər bir yazarın yaradıcılıq aləmində can atdığı xoş bir arzuya çevrilir. Bu arzunu reallaşdırmaq üçün bəziləri illər boyu düşünür, daşınır və haçansa içində roman həqiqəti doğulanda daha yazmamaq mümkün olmur. Ya da bu arzu elə arzu olaraq qalır.
Amma..
Yenə bədbin olmayaq. Gözəl romanlarımızın yaranacağına ümid bəsləyək.
Sevinc Pərvanənin "Şəhər"i. Gənc bir müəllif-Sevinc Pərvanə ədəbi aləmdə öncə şeirləri ilə tanınıb, onun ilk şeirləri zərif, lirik duyğulardan doğulmuşdu, amma az sonra onun şeirlərinin "sifəti" dəyişir - o zərif duyğuları erotik cizgilər əvəz edir.
Sevinc xanım bu şeirlərdən sonra "Şəhər" adlı bir roman yazır və bu yazıda da həmin o mövzunu epik müstəvidə həll etməyə çalışır. Ən əvvəl qeyd edək ki, Sevinc Pərvanənin bu romanı onun bilavastə şahidi olduğu hadisələrin təsirindən yaranıb və o, uşaqlığını, ilk gənclik illərini yaşadığı əyalətdə baş verən bu hadisələri naturalistik bir planda qələmə alıb. Məhz naturalistik planda. Gizlətmək lazım deyil ki, bizim bəzi kəndlərdə, qəsəbələrdə Sevincin təsvir etdiyi həyat tərzi ilə nadir hallarda olsa da, qarşılaşırıq. Deməli, romanı yazmaqdan məqsəd aydındır: əyalətdə yaşayan qızların, qadınların cansıxıcı həyat tərzini təsvir etmək. Doğrudan da, mövzu prinsipcə aktualdır. Amma baxır onu necə, hansı aspektdə ümumiləşdirə biləsən.
Amma... Məsələ elə bu "amma"dadır. Biz romanın əsas personajı kimi Almazın nə hisslər keçirdiyinin, nələr düşündüyünün şahidi olmuruq. Onun haqqında yalnız təhkiyyəçi-İlahə danışır. Təbii ki, kənardan, sanki əl fanarı ilə salınan işıqda biz Almazın daxili dünyasını izləyə bilmirik. Təhkiyəçi isə öz "zövqünə" uyğun Almaz haqqında mühakimələr yürüdür və biz əl fanarı ilə salınan o işıqda Almazın nə ürəyini görürük, nə də daxili aləmini... Hiss olunur ki, gənc müəllif bu əsər üzərində heç bir cilalama işi aparmayıb. Bəzi şeirlərində olduğu kimi, "roman" adlandırdığı bu materialında da "sərbəst" hərəkət edib, onun texnikasına, poetikasına, ən adi elementar qaydalarına əməl etməyib.
Qaraqanın "A" romanı. İlk roman müəlliflərindən daha birinin - Qaraqanın "A" romanı haqqında isə biz bir qədər başqa fikirdəyik. Belə ki, gənc müəllif qarşısına konkret bir məqsəd qoyub və bu məqsədi bədii cəhətdən reallaşdırmağa səy göstərmişdir.
"A" romanı bir gəncin cəmiyyət haqqında, bu cəmiyyətdə baş verən hadisələr barədə düşüncələrini əks etdirir. Cəmiyyətdə, insanlar arasında ədalətsizlik, haqsızlıq baş verəndə, mənəvi harmoniya pozulanda buna qarşı müqavimət hissi də güclənir və necə olursa-olsun, cəmiyyəti dəyişmək, yeniləşdirmək ideyası yaranır. Belə bir ideya isə həyata açıq gözlə baxan, mühafizəkar qanunlarla və bu qanunları şövqlə icra edən ixtiyar sahibləri ilə heç cür barışmayan gənclər arasında intişar tapır. Ancaq onların mübarizə üsulları müxtəlif ola bilər, yayğın ola bilər, arzuları reallaşmaya bilər və s. Romanda təsvir olunan bu gənclər HOST (Hava, Su, Od, Torpaq) adlı bir təşkilatda birləşirlər. Onların proqramları bizim düşündüyümüz mənada heç də maarifçi xarakter daşımır. Bu mücərrəd, hətta anlaşılmaz "proqram"la nəyəsə nail olmaq mümkünmü? Həm də həmin "proqram"la gördükləri işlər bir-birilə heç uyğunlaşmır. Çünki bir azdan görəcəyik ki, özlərini heç də ədalət döyüşçüləri hesab etməyən bu gənclər mübarizəyə qoşulurlar - rüşvətxor müəllimlərə, fahişələrə, yolunu azmış adamlara qarşı "hücuma" keçirlər. Özü də onların mübarizəsi bir qədər qeyri-real təsir bağışlayır, mifik və nağılvari görünür. HOSTun mübarizəsi sanki cəmiyyəti silkələməkdir, ona qarşıdakı daha qorxulu bəlaların baş verəcəyinə inandırmaqdır. Ancaq bu mübarizə hansı üsulla aparılır? Onlar bu mübarizəyə hazırdırlarmı? Axı cəmiyyətdə baş verən bütün naqisliklər, neqativ hallar haqqında kəskin danışmaq hələ o mənfilikləri aradan qaldırmaq şansı yaratmır. Böyük döyüşə yollanmaq üçün toplarla, tanklarla getmək olar, kiçik çaplı tüfənglərlə yox...g
Yaşca daha gənc bir müəllifin - Sahilənin "Çevriliş" romanı da cəmiyyətdə baş verən mənəvi aşınmaları, depressiyanı, xüsusilə, bunun qadınların həyatında oynadığı deqradasiyaları əks etdirir. Hiss olunur ki, gənc müəllif ümumən roman üçün tələb olunan bir neçə şərtə əməl etməyə çalışır: birincisi - romanın əsas qəhrəmanının taleyini, onun həyat yolunun ən mühüm mərhələsini - bir insan kimi özünü dərk etməsini və bu dərketmə prosesində necə dəyişməsini izləmişdir. O, təsvir etdiyi qəhrəmanın həm bir qadın kimi faciəsini (namusunun ləkələnməsini), həm də bundan sonra mənəvi dünyasında baş verən çevrilişi izləyir. Amma bu "çevriliş" gərgin, əzablı psixoloji stiuasiyalarla müşayiət olunur. İstəmədiyi, sevmədiyi halda bir xariciyə - Brandona ərə gedən Zərifə öz ölkəsində təhqir olunduğu üçün belə bir addım atır. Amma get-gedə hiss olunur ki, bu mühit ona yabançıdır, çünki "yadların yanında güclənmək olmur". Yad ölkədə "karaoke oxumağı, rokdan zövq almağı, skripkada çalmağı, yatmazdan qabaq kitab oxumağı, marka paltar geyməyi, xoşa gəlmək üçün gülümsəməyi, zövqlü sözlər seçib ağıllı cümlələr deməyi, kübar qadın rolunu oynamağı" bacarmaq olar, amma bu çevrilişdimi? Olsa-olsa, qəhrəmanın düşdüyü mühitə alışması, başqa bir məmləkətdə özünü xoşbəxt qadın kimi təsəvvür etməsidir. Bu, sadəcə adaptasiyadır. Əsl çevriliş içəridə, daxili-mənəvi aləmdə baş verir. Roman boyu müəllif Zərifənin yad mühitdə acizliyini, passivliyini nəzərə çarpdırsa da, sona doğru artıq özünü dərk etmiş bir qadının oyanma prosesini nəzərə çarpdırır.
Şübhəsiz, gənc müəllifə bu romanla bağlı xeyli iradlar da söyləmək olar. Deyə bilərik ki, romanda publisistik izahlara heç bir ehtiyac yox idi və bunlar bədii mətndə lüzumsuz şəkildə səpələnib, əslində, bunların bədii mətndə nəyə xidmət etməsi də məlum deyil. Deyə bilərik ki, romanın dili, xüsusilə, təhkiyəçinin dili əsasən sadə, anlaşıqlı olsa da, bəzi məqamlarda cümlə kələ-kötürlüyü, anlaşılmazlığı da nəzərdən qaçmır. Amma Sahilənin həyat müşahidələri, roman boyu obrazların səciyyəsi ilə bağlı seçdiyi detallar maraqlı təsir bağışlayır və biz onu roman yazmaqdan, bu ağır və məsuliyyətli işdən yayanmağı yox, yeni romanlar yazmağı tövsiyə edirik.

(ardı gələn şənbə sayımızda)


TƏQVİM / ARXİV