adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QEYDiYYAT YERiNDƏN UZAQDA

VAHİD ƏLİFOĞLU
23103 | 2009-09-19 01:05
...Yazıq xışmalayıb bu boş torpağı,
   
   Qoyacaq ağzına, qənd əvəzinə.
   
   Doğum kağızında çadır uşağı,
   
   Çadır yazılacaq kənd əvəzinə.
   
   
   
   ... Çadırda doğulanların qeydiyyat sənədləri ya İmişlinin arxivində qaldı, ya da Biləsuvarın... Doğuş yeri çadır göstərilirdi, şəhadətnamədə işğal altında olan kənd, qəsəbə, şəhər ...
   
   ... Sənədlərdəki qeydiyyat ingilis dilində də aparılırdı, fars dilində də...
   
   ...Bu yayı rastlaşmadığım bir dostumla axır ki, görüşdüm. Hal-əhvaldan sonra məlum oldu ki, şəhərdə 10 sot torpaq alıb və orada özünə şəxsi ev tikdirib... Bu bəxtəvərin rayonda da evi var. İndi kənddə yaşayıb Bakıda evi olmamaq camaat arasında ən azından fərsizlik, geridə qalmışlıq kimi qiymətləndirilir... Təəssüf ki, bəndəniz bu zümrədən olan tək-tüklərin siyahısındadı...
   
   ... "Bir yurda kül tökərlər", "iki yerdə süfrə açmazlar" və s. atalar sözlərinin hazırkı məqamla heç cür uyuşmayan fəlsəfi, mənəvi mənalarını xırdalamadan keçək məni hədsiz maraqlandıran məsələyə. Orta məktəb illərində "Coğrafiya" maraq dairəmdə olan fənlərdən olub və həmişə də bu dərsdən yaxşı qiymətlər almışam. Bildiyimə görə Abşeron yarımadası elə də böyük ərazi deyil ki, orda bütün millətə ev tikmək mümkün olsun... Hansı tanışınla iki stəkan çay içirsənsə, ancaq şəhərdəki evindən danışır...
   
   ... Çadır şəhərciklərinin "hörmətli" vaxtlarında bir xarici təşkilat köçkünlərə əvəzsiz kredit paylayırdı. Yeganə tələbləri də o idi ki, kredit verdikləri şəxsin adına rəsmi torpaq sahəsi olmalıydı. Çadırların ətrafındakı boş sahələri sağdan sola, soldan sağa ölçdürüb o qədər sənəd yazdırdılar ki, axırda torpaq şöbəsinin işçisi bezib dedi:
   
   - Qardaşlar, bu qədər də olmaz, axı. Beş-üç hektar torpağı kağızda necə şişirtmişiksə az qalıb Biləsuvarın ümumi ərazisindən böyük ola...
   
   ... Səhv etmirəmsə, Sokrat təxminən belə bir kəlam işlədib ki, oxuduqca elə bilirdim ki, çox şey bilirəm... Əgər şalbanın üstündən tullanmaq mümkün deyilsə, onu dolanıb keçmək əziyyətinə qatlaşmağa ehtiyac yoxdu. Yıxırsan yerə, sakitcə üstündən addımlayıb keçirsən... İki və daha çox yerə kül tökənlər, şalbanı dolanıb keçməyə hövsələsi və səbri çatmayanlar torpağın Sokratı da "əritdiyindən" xəbərsizdilər...
   
   ... Yaradan hər kəsi doğulduğu yerdə qeydiyyata alır və ona müəyyən etdiyi taleyi yazır. Müddət başa çatandan sonra isə bu dünyanın qeydiyyatından çıxarıb, salır o dünyanın qeydiyyatına. Biz hamımız bu dünyada müvəqqəti qeydiyyatdayıq. Əbədi qeydiyyat kitabı o dünyadadı və orda "küllük"də birdi, açılan "süfrə"də...
   
   ... Şəxsiyyət vəsiqəmin arxasında aydın və anlaşıqlı dildə yazılıb:
   
   - Yaşayış yeri: Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi...
   
   ... 1993-cü ilin avqust ayından qeydiyyat yerində yaşamıram. Mən doğulmadığım və Allahın qeydiyyata almadığı İmişlidə, Biləsuvarda yaşamışam və hazırda Haramıdayam. On altı illik qeyri-qanuni, oğurluq həyat... Qeydiyyatda olduğum yerdə yoxam, yaşadığım yerdə qeydiyyatsızam...
   
   ... İngilislər Amerikada, fransızlar Kanadada, ruslar Sibirdə qeydiyyatsız yaşamırlar? Amerikanı və Kanadanı hindulara, Sibiri türklərə qaytarmağı heç xəyalına da gətirməyənlər Qarabağı qaytara bilərmi bizə?.. Yaradılmış yaradan ola bilməz...
   
   ... 2005-ci ildə Ceyhun Musaoğlu Günelin universitetə qəbul olunmağını təbrik etmədi. Bunu da onunla əsaslandırdı ki, dörd ildən sonra bir diplomlu işsiz də artacaq, vəssəlam... Dörd il keçdi. Günel təyinatla müəyyən edilmiş iş yerindədi... Görünür dəyişən nəsə var... Təbrik etməyə, hətta sevinməyə də dəyər... Zaman çox şeyin dərmanıdı. Təkamül həm də mühitə uyğunlaşmadı...
   
   
   
   ... Çəkic vuranlarda nə səs, nə səmir,
   
   Zindanlar qapaqlı sandığa dönüb.
   
   Gördüm, adı Polad, adı Daşdəmir,
   
   Yumşalıb, pilətək pambığa dönüb...
   
   
   
   ... Qurban kəsilmiş heyvanın ətini yeddi ən yaxın qonşuya paylamırlar ki, həmişə. Ola bilər ki, səkkizinci, doqquzuncu qonşuya da çatsın... Baxır vəziyyətə və qonşunun özünü aparmağına.
   
   ... Həyat təkcə ağıl və düşüncələrdən, sentimental xəyallardan ibarət deyil... Qansız ehtiyacların, qıpqırmızı reallığın qarşısında əyilmək, "rəngli kağız"ların arxasınca yüyürmək də var... Lakin məsləhət vermək məsləhət almaqdan daha əlverişlidi...
   
   ...Sən, ər evində daimi qeydiyyatdasan,
   
   Amma mənim içimdə oğurluq yaşayırsan...
   
   Bütün "MİS"lərin ev kitabları yanlışdır.
   
   
   
   ... Bir müqəssirə oxunan hökm,
   
   Onun ömründən keçən,
   
   Tanışlarına, əzizlərinə
   
   oxunan hökmdü, əslində..
   
   tək adamlıq kameralarda
   
   dustaqlar tək olmayıb, heç vaxt,
   
   Bir adam tanıdığı hər kəsin
   
   qeydiyyat kitabıdı...
   
   
   
   ...Adamlar təklikdən qocalır. Ağaclar təklikdən quruyur. Ev adamları küçələrə, ağaclar meşələrə qaçmaqdadı. Adamlar evdə, ağaclar həyətdə qeydiyyatsızdı...
   
   ... Əhmədbəyli-Horadiz yolunun kənarında bir qəbiristanlıq var. Qəbirlərdən birinin üstündə ağ dəmirdən incə, yaraşıqlı bir çardaq tikilib. Çardağın örtüyünün ən hündür yerində, hər iki istiqamətdən gələndə aydın görünən üzündə qırmızı rənglə belə bir elan yazılıb:
   
   - "Usta: Məmmədəli, Telefon N-si....."
   
   ...Qəribədi. Bu dünyada mənə çatmayanlar çatanlardan min dəfə, milyon dəfə çoxdu. Görünür, biz həm də bu dünyaya məəttəl qalmaq üçün gəlmişik...
   
   
   
   
   
   P.S. Dörd il əvvəl Ceyhunun dediklərində qismən də olsa həqiqət var. Şəhərdə qalmaq üçün az qala canından keçməyə hazır olanların təyinatı çoxdan yazılıb. Pəncərəsindən səngərlər görünən məktəbdə könüllü işləmək istəyən Günelin təyinat kağızı hələ də "get-gəl" mərhələsindədi...

TƏQVİM / ARXİV