adalet.az header logo
  • Bakı 20°C

Zaur Baxşəliyevin dirəşməsi

SAMİRƏ ƏŞRƏF
30790 | 2015-02-21 01:19

Əslində mən bu yazını həmin verilişə ürcah olduğum vaxtdan bir az sonra yazmaq qərarına gəlmişdim. Ancaq sonradan fikirləşdim ki, bir az gözləsəm yaxşıdı. Çünki həmin ərəfədə yazacağım yazıda həddindən artıq tikanlı, göynədici, hətta ifrat acıqlı məqamlar ola bilərdi. Bu səbəbdən də bir həftəni ötürməyim vacib idi. Yazını sona qədər oxuyanlar yəqin ki, bütün bunlara nə gərək olduğunu və yaxud da mənim bunları yazmağımla heç nəyin dəyişməyəcəyini düşünəcəklər. Ancaq nə etməli ki, mən hal-hazırda özümü sürətlə yanmaqda olan yamyaşıl meşəyə dimdiyində bir damla su aparan sərçə hesab edirəm. Və bircə damla su ilə qanad çırpıb şərin yanında olmayanları da əyləşdiyim yerdən ayağa qalxıb sürətlə alqışlayıram. İndi buyurub keçək yazının ana xəttinə.
Bir neçə nevropatoloqun mənə qoyduğu diaqnoza əsasən deyə bilərəm ki, orta səviyyəli nevroz xəstəsiyəm. Allah qoymasa mənim təki xəstələrə əsəbləşmək, həyəcanlanmaq, "Səni axtarıram", "Səni itirirəm", "Sənin vayına otururam" kimi verilişlərə baxmaq qətiyyən olmaz.
Nəzərə alsaq ki, hal-hazırda xeyli sayda nevroz, epilepsiya, adı elmə məlum olan və olmayan digər əsəb xəstəlikləriylə yaşayan xəstələr var. Onda gərək yuxarıda qeyd etdiyim verilişlə yanaşı yaraşıqlı kanallarımızda gecə-gündüz bərq vuran digər yas mərasimlərini xatırladan proqramlar da efirlərdən yığışdırılıb zibil qutularına atılsın. Lakin belə bir faktın yaxın onillikdə həyata keçməsindən əlimi üzdüyüm üçün təəssüflənib yazımı davam etdirməkdən başqa çarəm qalmamışdır.
Səhv etmirəmsə, ötən həftənin beşinci günü gündüz yuxusundan təzəcə ayılıb özümə gəlmişdim. Televizora filan da baxmaq kimi hansısa bir həvəsim yox idi. Amma qafil qonşumuzla aramızdakı beton divarı yarıb keçən ölkəcə məşhur aparıcının səsi məni nədənsə televizoru açmağa vadar etdi. Öz-özümə fikirləşdim ki, birdən camaat gəmilərə doluşub su yolu ilə məmləkətdən köçər mənim xəbərim olmaz. Nə də olsa, içi mən qarışıq çoxumuz qaçmağa öyrəncəliyik.
Lakin televizoru yandırıb qonşudan gələn səslə öz televizorumuzdan gələn səsi tutuşduranda, gördüm ki, yox, heç kim heç yerə qaçıb eləmir. Hamı Zaur Baxşəliyevin türklər demişkən hazırlayıb sunduğu, vay-şivənlə ortalığa çıxartdığı "Öz aramızda" verilişində kirimişcə oturub ağlaşır.
Lev Tolstoyun "Hərb və Sülh" kitabı üzərinə əlimi basıb deyə bilərəm ki, mənim bu kimi verilişlərin aparıcıları ilə və yaxud da həmin verilişlərdə "ekspert" qismində iştirak edən sənət, elm adamları və manıs müğənnilərlə heç bir qərəzim yoxdu. Sadəcə olaraq bir vətəndaş kimi həqiqətən də bu camaata yazığım gəlir.
Təsəvvür edirsinizmi, güzəranın çətin, pulun itin ağzında olduğu bir vaxtda Zaur Baxşəliyev hardansa xalqın ağır dərdə düşmüş fərdlərini tapıb efirə çıxardır, onların faciələrini cürbəcür türk və yerli musiqi parçaları fonunda bəzəyib, düzəyib camaatın gözündən vedrə-vedrə göz yaş axıdır. Hərdən bu vay-şivənə özü də yoldaşlıq edib allah xətrinə gözündən bir, iki damla yaş çıxardır. O da yenə deyirəm ha həmin musiqilərin hesabına. Əlimi ikinci dəfə Viktor Hüqonun "Səfillər" kitabı üzərinə qoyub and içə bilərəm ki, əgər həmin musiqilər olmasa, oralıqda bir bəni-adəmin gözündən yaş sıçramaz.
Əlqərəz, məni proqramına giriftar etdiyi həmin günü Baxşəliyev verilişinə çağırdığı ağrılı insanların dərdinə hörmət əlaməti olaraq saxladığı şəvə saqqalına bir neçə dəfə əl gəzdirib ora çağırdığı iki qadına qardaşlarının Rusiyada rəhmətə getmə xəbərini verib onları ayaqüstü xeyli sızlatdı. Ölənin qarasına da bir-iki kəlmə tənəli ifadələr işlədib mərhumu başqa ölkədə rəhmətə getdiyi üçün xeyli mühakimə edib, qınadı. Daha sonra keçid aldı digər qonaqlarına. Studiyaya ailəsi birlikdə gələn xanım haqqında deyilənlərdən belə məlum oldu ki, qadın hər gün qaş qaralanda dəhşətli vəziyyətə düşür, ağılardan əzab çəkib yerində qıvranır. Bir sözlə, ağır bir xəstəliyin pəncəsində çapalayan qadın əslində xəstəxanaya getmək əvəzinə aparıcının caynağına keçmişdi. Və aparıcı bu gəlişdən necə lazımdı istfadə etmək məqsədiylə heç kimə heç bir insaf və mərhəmət göstərmədən qadınının həmin vaxtı düşdüyü vəziyyətin telefona çəklmiş kadrlarını efirə verir. Elə həmin ərəfədə qızı ilə birgə studiyaya gələn xəstənin anası bildirir ki, qızının növbəti tutması başlayır. Xəstənin əl-ayağı əsir, gözləri alacalanır. Aparıcı Zaur Baxşəliyev isə studiyada əyləşən psixoloqun xəstəliklə bağlı səsləndirdiyi elmi fikirləri mistikaya, cadu-pitiyə istiqamətləndirib puca çıxarmaq üçün var gücü ilə dirəşir. Lakin xəstənin halının qəfildən pisləşməsi bu dirəşməni yarımçıq qoyur. Aparıcı görür ki, dirəşməkdən də vacib və cəlbedici məqam var ki, o da canlı efirdə cavan gəlinin milyonlarla insanın gözü qarşısında böhran keçirməsidir.
Pulun insan həyatında danılmaz rolu təbii ki, hamımız üçün aydındır. Lakin insanların bu cür nifrinlə, göz yaşıyla çörəkpulu qazanıb evlərinə aparmaları, həmin pullarla bahalı restoranlara getmələri, xarici ölkələrdə gəzmələri, sonra da xoşbəxtcəsinə fotolar çəkidirib instaqrama vızıldatmaları mənə niyə görəsə çatmır. Ola bilər ki, insan nisbətən az savadlı, məhdud düşüncəli, müxtəlif məhrumiyyətlərlə rastlaşıb ondan dərs çıxartmayan biri olsun. Ancaq şüurlu varlığın mərhəmətdən bu qədər uzaq düşməsi məsələsi efirdən onu izləyən insanlar üçün son dərəcədə dəhşətli haldır. Adam nə qədər əzazil ola bilər ki, studiyaya çağırdığı qonaqlar bir tərəfə, efirdən onları izləyən milyonlarla insana acımasın. Gündüz efirində bu qədər biabırçı, acımasız məsələnin baş veməsi niyə əlaqədar qurumları narahat etmir? Niyə heç kim fikirləşmir ki, həmin kadrları izləyən hansısa əsəbi zəif xəstə o verilişdən sonra ağır vəziyyətə düşə bilər.
Əgər aparıcı həmin kadrlardan əvvəl "əsəbləri zəif insanlar ekrandan uzaqlaşsınlar" kəlməsini işlətsəydi, mən bəlkə də bu yazını yazmazdım. Lakin təəssüf ki, "Öz aramızda" verilişinin aparıcısı tamaşaçını efirdən uzaqlaşdırmaq gücünə malik olan həmin sehrli sözləri işlətmədi. Çünki izləyici itirə biləcəyi qorxusu onu narahat edirdi.
Son olaraq bu qanqaraldıcı yazıda bir vacib məsələyə də toxunub sonuncu nöqtəni qoymağa cəhd edəcəm. Məni el dili ilə desək yandırıb tökən məqamlardan biri də həmin verilişdə iştirak edən elm və sənət adamlarının belə məsələlərə laqeyd qalması idi. Hələ iki ay bundan əvvəl müsahibə üçün söhbətləşdiyim psixloq dad-haray edib deyirdi ki, bu tip verlişləri, xəbərləri efirlərdən, saytlardan yığışdırmaq lazımdır. Bu kimi xəbərlər, proqramlar əhalinin əhval-ruhiyyəsinə ciddi təsir edib, onları ağır depressiya vəziyyətinə salır. Psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. Lakin indi baxıram ki, hörmətli psixoloqumuz da digər həmkarları ilə birlikdə bu cür verilişlərdə ekspert qismində iştirak edir. Təbii ki, onların orda iştirakı və sırf elmin təəssübünü çəkmələri sevindiricidi. Ancaq axı onların belə məqamlara susqun qalması yolverilməzdir. Həkim necə razı ola bilər ki, onlarn illərlə müalicə etdiyi xəstə efirdən həmin vaysınmalara baxıb yenidən xəstələnib acınacaqlı vəziyyətə düşsün. Hara baxır bizim işıqlı, ziyalı insanlarımız?!. Ola bilər kimsə abrına qısılıb özünü belə məsələlərə qatmasın. O cümlədən də ziyalılarımız. Lakin bir məsələni unutmaq olmaz ki, xalqın işıqlı gələcəyi hər zaman ziyalı insanların əlində olub. Məhz onlar qaranlıqları yarıb işığa çıxdıqları üçün xalqı xilasetmə gücünə malik olublar. Əgər bu günün ziyalısı günümüzün qaranlığında iynə ucu boyda olsa belə işıq ola bilmirlərsə, onda bizim halımız necə olacaq?!
Nəhayətə yetişib yazımı oxuyan oxuculardan xahiş edirəm ki, bu tipli verilişlərə baxmasınlar. Əsəblərini, güzəranlarını bu kimi yoluxucu, zəhlətökən məsələlərə xərcləməsinlər. Əgər bircə nəfər oxucu bu xahişimi nəzərə alsa, mən qırılan qoşundandır deyibən özümü bəxtiyar və xoşbəxt hiss edərəm. Xeyirə bircə damla xidmət edə bildiyim üçün.


TƏQVİM / ARXİV