adalet.az header logo
  • Bakı 16°C

ADİL MİRSEYİD

MƏMMƏD DƏMİRÇİOĞLU
22167 | 2015-02-21 01:17


Telefonuma zəng gəldi. Ekranda Adil Mirseyidin adını görəndə sümüklərim sızıldadı, içimdən ruhum qarışıq bütün cismimi titrədən bir ağrının səsini eşitdim. Bu səs qulaqlarımda min, milyon dənə çırçıramaya dönüb, uzun-uzad zingiltilər qopararaq qara tüstü misalı səmaya bülənd oldu. İçimdə ölü bir sükur əvəz etdi bu qarmaqarışıq səsləri. Hər şey durulmağa, bir anlıq məni tərk edən xəyalım öz yerinə qayıtmağa başladı.
Nüşabə xanımın mülayim, amma hüzn və kədər dolu səsi qulaqlarıma sığal çəkdi sanki:
- Məmməd müəllim, sabah Adilin doğum günüdü. Qəbrini ziyarət etmək istəsən saat 11-12 arası Ağdaş məzarlığına gələ bilərsən. Bir neçə dostu, qızımız Ayan da gedəcəklər. O bütün dostları sevirdi, Amma nədənsə sizi fərqli sevirdi. Heç dilindən düşmürdünüz...
Off, zalım ölüm. Ölüm haqdı. Ağamalı sadiq Əfəndidən sonra ölümü dərk etdim, tanıdım, üzünü gördüm. Elə o zamandan adiləşdi ölüm deyilən müdhiş ad. Sönra hətta ölümə sevgi məktubu da yazdım...
Adil dünyasını dəyişəndə Gəncədə işləyirdim. Nə gizlədim, özümü dəfninə çatdıra bilmədim. Sonralar içimdə bir qırıqlıq yarandı. Dedim evlərinə gedib ailəsinə baş sağlığı verərdi. Xeyli müddət bunu etməyə cəsarət etmədim. Sonra məzarı üstünə gedib təkbətək qalmaq istədim. Bir müddət bunu da etməyə cəsarətim çatmadı...
İndi onunla görüş məqamım yarandı. Bu gün, onun doğum günüdü. Sən demə məzarlıq, elə böyük magistral yolun kənarında, Ağdaşın dörd yol ayrıcında imiş. Sən demə həftədə, 15 gündən bir maşınımla həmin məzarlığın yanından gah qərbə, kah da şərqə şütüyüb keçirəmmiş. Sən demə, mən hər o yoldan keçəndə Adil arxamca əl eləyib məni məzəmmət edirmiş. Sən demə, ürəyi doluymuş və bilirmiş ki, bir gün ziyarətinə gələcəm.
Tələsirdim. Sanki Adilin məzarı ilə yox, özü ilə görüşə tələsirdim. Hava ciskinli idi. Soyuq dekabr ayı boz-bulanlıq nəfəsiylə dünyanı misgin bir görkəmə salmışdı. Gəncədən Ağdaşa qədər olan yol bitmək bilmirdi. Nəfəsim şüşələri tərlədir, içərinin nəmi qurumamış iri maşınlardan sıçrayan palçıqlı sular çiskin qarışıq şüşələri boz pərdəylə örtür, boz-bullanıq xatirələrimə qarışaraq şüşə təmizləıyənlə silinib gedirdi.
Bu da yol kənarındakı qəbiristanlıq. Alçaq boylu, gənc mollanı görkəmindən tanıdım. Nabələd adam olduğumu dərhal tanıdı. Heç bilmirəm hardan bildi nə soruşacağımı.
- Müəllim, şairin məzarını ziyarətə gəlmisən?
- Həə, qardaş. Adil Mirseyidi zıyarətə gəlmişəm.
Gənc molla məni arxasınca qəbiristanlığın o başına apardı. Çox həyəcanlı və duyğulu idim. Uzaqdan qəbrini tanıdım. Çisginli yağış qara mərmərdə döyülmüş gülümsər portretin alnından üzü aşağı qara zolaqlar əmələ gətirmişdi. Cib dəsmalımla üzünü-gözü sildim dostumun. O isə mənə baxıb gülümsəyirdi. Mən elə bilirdim məni küsgün qarşılayacaq, məzəmmət edəcək, deyəcək ki, beş addımlığımdan dəfələrlə sağa-sola şütüyüb ötmüsən, heç bircə dəfə də olsun mən tərəfə dönüb baxmamısan. Mən isə sən hər burdan ötəndə salamlamışam.
Yox, sakitcə üzümə baxıb gülümsəyirdi. Qəbri gül-çiçəklərlə bəzədilmişdi. Birdən anladım ki, əli boş gəlmişəm. Gərək bir qom gül gətirəydim üstünə düzməyə. Özümü o ki var danladım. Uzaqda bir qızıl kolu dəydi gözümə. Yarı açılmış qöncələr soyuqdan donub qalmışdılar. Utana-utana qızıl koluna yaxınlaşdım. "Mənə bir gülünü halal et, qızıl gül kolu" - deyib yarıaçılmış qonçənin birini üzdüm. Yenə də utana-utana gülü sinə daşının üstünə qoydum. Adil isə bütün hərəkətlərimə göz qoyaraq gülümsəyirdi.
Nədənsə mən də gülümsədim. Düz gözlərinin içinə baxdım:
- Yerin necədi dostum. Bilirəm məndən küsmüsən.
- Sənin yazdığın VARLIQDAYAM.
Yadıma onun işarə etdiyi bənd düşdü:

...Sən hardasan, mən harda,
Yoxu axtarma varda.
Mən yoxam oralarda,
Ol bu aləmdə gəl gəz.
O yenə pıçıldamağa başladı:
-Düz yazmısan, Arkadaş. Əsil varlıq, var olan məkan buradı. Amma biz ora yox, siz bura gələcəksiniz.
Xeyli üz-üzə, göz-gözə dayandıq. Onun gözləri baxışlarımın üstündən uzaqlara zillənmişdi. Ayanın gəlişini gözləyirdi. Mən bir az tez gəlmişdim ki, təklikdə söhbət edə bilim. Amma nitqim qurumuşdu. Heç bilmirdim nədən başlayım...
Uzaqdan Ayan xanımın gəlməsini mən də gördüm. Dönüb Adilin üzünə baxdım. Yanaqlarından yağış zolaqlarını silmişdim. Yenidən həmin zolaqlar yarandı. Gülə-gülə ağlayırdı sanki Adil Mirseyid.
Əlində bir dəstə gül tutmuş Ayan xanım özünü qəbirin üstünə atdı, yanaqlarından sellənən yaşı saxlaya bilmədi. Və birdən sanki yuxudan ayıldı. Mənə tərəf dönüb başıyla salamladı. Onunla gəlmiş, Adilin sevimli dostları Rəfail Tağızadə və Ələsgər Talıboğlu da mənə yaxınlaşdılar. Köhnə dostlar kimi körüşdük, lal-dinməz gözlərimizi Adilin nəmli baş daşına zillədik.
Onlar gəlincə mən Adilin qardaşı Aydının da qəbrini ziyarət etmişdim, o gənc mollaya hər ikisi üçün Quran da oxutmuşdum. Ayanın durumunu anlayırdım. O, atası ilə tək qalmaq istəyirdi. Mən başımla dostlara, Ayanı atasıyla tək qoymağı işarə etdim. Bir tərəfdə dayanmış mollanı götürüb Aydının qəbrinə tərəf getdik.
Ayan xanımın aralıdan gələn hönkürtü səsi, Allahın özünü belə kövrəldən hıçqırtıları içimizi göynədirdi. Uzaqdan seyr etdiyimiz bu mənzərə dünyanın ən qara mənzərisiydi. Başını atasının əyri üstünə söykəmiş Ayan xanım elə zulum-zulum ağlayırdıki...
Nə qədər sevirmiş atasını, ilahi. Özünü tamam unutmuşdu Ayan xanım. Biz yaxınlaşmasaydıq mərmər daşı da dözməyib suya dönəcəkdi. Gözlərinin yaşını sildiyi yaylığıyla atasının mərmər məzarını silməkdən doymurdu. Gətirdiyi çiçəkləri səliqə ilə sinə daşının üstünə düzdü. Mənim qızıl gül kolundan əlborcu aldığım tənha qönçəni də həmin çiçəklrin üstünə qoymuşdu.
Mən Adilin gülümsər gözlərinə, bir də Ayan xanımın başını söykədiyi qara ləkəyə baxdım. Düz ürəyinin üstündə yaranmış iri, qara ləkə Ayanın göz yaşlarının yaratdığı ləkə idi. Buğlanırdı həmin ləkə. Adilin ürəyinin başından açılmış yara kimi hövr edirdi bu qara ləkə. Sonra dil açdı Ayanın göz yaşlarından nəm alan qara ləkə. Nəğmə oxudu bu solğun qara ləkə:

Tanrı sənin duanı
eşidər bəlkə qızım
quş dimdiyində gəlir
göylərdən mənim ruzum.

tanrı sənin üzünə
keçir günahlarımdan
bir gün bir büt yaparam
mən könül ahlarımdan.

yəhərlədim ağ atımı
çapıb getdim dördnala
ağlama sil göz yaşını
arxamca su at bala.

***
Tanışlığımızı Adil Mirseyidin bir yazısıyla başlayacam:
"Təqvimdən yarpaqlar düşür, günlər ayları qovur, aylar illəri haqlayır. Və böyük şair demişkən, "nəslimin yarpaq tökümü başladı". Bəli, bizim ədəbi nəslimizin 80-ci illərdə ədəbiyyata gələn nəslin də "yarpaq tökümü" başlayıb. Akif Səməd, Eyvaz Əlləzoğlu, Şaiq Rəsul, Mehdi Bəyazid, Aydın Əfəndi, Şaiq Vəli... Dərd boğaza gəlir...
"Ötən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim" - Akif İslamzadənin səsidi. Mən hər dəfə Akifin ifasında səslənən nəğmələri dinləyəndə dalağım sancır. Bu səs indi arabir məclislərdə, sərgi salonlarında, bəzən küçədə təsadüfən rastlaşdığım köhnə dostum Akifin səsi deyil - bu səs cavan Akifin səsidir.
İllər öncəsi hələ tələbəlik illərindən tanıdığım Məmməddən, Məmməd Dəmirçioğlundan müsahibə götürmüşdüm. O zaman Məmməd daha çox tərtibatçı rəssam kimi tanınırdı. Yazdığı şeirləri ancaq ən yaxın adamlarına oxuyurdu. Mən də onlardan biriydim. Mən otuz yaşımda qocaldım. Məmməd cavan qaldı. Təəssüf ki, o zaman bəzi şair qardaşlarımız rəssam Məmməd Dəmirçioğlunun poetik yaradıcılığına laqeyd yanaşırdılar, onun şeirlərini "rəssam şıltaqlığı" kimi, ötəri bir həvəs kimi dəyərləndirirdilər.
İndi Məmməd Dəmirçioğlu imzası poeziya həvəskarlarının yaxın tanışdı. Məmməddə də səbir var ha, düz əlli yaşında ilk kitabı işıq üzü gördü. Sonra bir-birinin ardınca daha üç kitab çap etdirdi.

Mən otuz yaşımda qocaldım.
Məmməd cavan qaldı.

***
...Məmməd Dəmirçioğlunun bağ evindəyik. Həyətdə tut ağacının kölgəsində oturmuşuq. Məmməd və mən. Bir də tut ağacı var. Məmmədin əlinə, barmaqlarına baxıram, onun barmaqlarında rəng ləkəsi görüb sadəlövh uşaq kimi sevinirəm. Allah sənə rəhmət eləsin, Səttar Bəhlulzadə...
Ağ tut hələ dəyməyib. Tut dibi qarışqadı... Ötən əsrin yetmişinci illərinin əvvəllərində biz sənətdə ilk addımlarımızı atırdıq. İyirmi yaşımız vardı, mən "The Beatles"ın fanatıydım, Məmməd saz havalarının vurğunu idi, özü də saz çalardı. İyirmi yaşımızın sevdalarıyla, ümidləriylə uzun, incə bir yola çıxmışdıq.
İndi altmış yaşımızın astanasında bir tut ağacının kölgəsində oturub keçib gəldiyimiz ömür yolumuza nəzər salırıq. Və qarışqa cığırına baxa-baxa Vaqif Bayatlının misraları beynimi döyəcləyir:

Tut dibi qarışqadı,
Ölüm bir qarışdadı.
Ac daşıyar toxuna,
Tox daşıyar acına,
Tapdayarsan keçərsən
xoş getməz tut ağacına...

Mən bu misraları söyləyirəm və yenə Məmmədin əlinə, barmaqlarına baxıram, onun barmaqlarında rəng ləkəsi olduğunu sezirəm..."
Adil Mirseyidlə tanışlığımız Əzim Əzimzadə adına Rəssamlığ məktəbindən başlamışdı. O zaman biz rəssam olmaq eşqiylə yaşayırdıq. Mən ara sıra şeirlər yazsam da buna ciddi əhmiyyət vermirdim. Şair olmaq heç ağlıma belə gəlməzdi. Amma Adil elə o zamanda həm şair, həm də rəssam kimi tanınmağa başlamışdı. Zaman axarı məni uzaq Cığatay ellərinə, Özbəkistan olkəsinə aparıb çıxardı. Uzun illər oralarda monumentalçı rəssam kimi fəaliyyət göstərdim və 90-cı ildə vətənə qayıtdım. Adil Mirseyidlə ikinci dostluq yollarımız başladı. O artıq bir şair kimi imzasını möhürləmişdi və bir neçə ildən sonra mənim gizli şairliyim aşgarlandı. İlk kitabıma ön sözü əvəzi Adillə müsahibəmizi verdim və sonralar mənim haqda silsilə yazılar yazmağa başladı. O hətta mənim qara sazımı dinləyərkən Qara saza 4 şeir də həsr etdi. Birini təqdim edirəm.
"Məmməd Dəmirçioğlunun qara sazı üçün dörd hava

bağladılar yolumu
qürbətdə qaldım ana
axşamlar meyxanada
qara saz çaldım ana

qürbət eldə hər gecə
qədəhdə ayrılıqlar
firtinalarda azır
ağ yelkənli qayıqlar

burda allah bəndəsi
burda bir minarə yox
qürbətdə gavur oldum
ana mənə çarə yox

(Ardı gələn şənbə sayımızda)


TƏQVİM / ARXİV