adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GÖYDƏN NƏ ALMA DÜŞÜR, NƏ DƏ OVQAT

ƏBÜLFƏT MƏDƏTOĞLU
64776 | 2015-02-21 01:16
İş günü yenicə başlamışdı. Hələ axşamdan dağınıq vəziyyətdə qoyub getdiyim dəftər-kağızı, qələmi səliqəyə salmamışdım və ümumiyyətlə içimdə elə bir yorğunluq var idi ki, əlimi qələmə, kağıza tərəf uzada biləcəyimə də şübhə ilə yanaşırdım. Belə bir anda qapıdan başını içəri uzatmış tanımadığım bir şəxsin salamsız-kəlamsız dediyi söz məni üzü geri çevrilməyə məcbur etdi:
- Müdiriniz nə vaxt gələcək?
Sual verəni ayaqdan başa süzdüm və onda elementar insan mədəniyyəti deyilən nə isə axtarmaq istədim. Ancaq nə boynundakı qalstuk, nə qoltuğundakı qovluq mənə heç nə demədi. Bircə onu başa düşdüm ki, səhərin gözü açılmamış qapını kəsən bu peysər - yəni, heyvərə ütü görməyib. Azacıq da olsa ona tərbiyə ütüsü çəkilsəydi, bəlkə də ən azından "salam", "sabahın xeyr" deyərdi. Ona görə də elə mən də onun sualının sonunda cavabını qaytardım:
- Yuxudan nə vaxt dursa, onda da gələr.
Cavabım deyəsən peysərin xoşuna getmədi. Bir az tərs-tərs üzümə baxıb:
- Müəllim, bu nə deməkdi?
Mən də ironik bir müəllim sözü işlətməklə:
- Müəllim, sualınızın cavabıdı - dedim.
Görünür, bu söz güləşdirmək onu bir balaca silkələdi. Ona görə də bir az adamlığa yaxınlaşdı və:
- Bağışlayın e, sizidə narahat eləyirəm. Bilmək olar müdiriniz nə vaxt gələcək?
Azacıq köpü alınmış o peysərin səsinin tonu da hiss olunacaq dərəcədə dəyişdiyini hiss edib mən də təbii ki, normal bir Allah bəndəsi kimi onun cavabını verdim:
- Müəllim, səhər hələ indicə açılıb. İş günü indi başlayır. Bizim hamımız da müdirin tabeçiliyində olan əməkdaşlarıq. Onun nə vaxt gəlib-gəlməyəcəyini özündən başqa kimsə bilmir. Əgər redaksiyamızla bağlı hansısa bir sözünüz, sualınız varsa, cavabını biz verə bilərik. Yox, əgər şəxsi məsələdisə, onda iş otağının telefonunu yazın, əlaqə saxlayın...
Hiss olundu ki, sözlərim onu əməlli başlı öz təsiri altına ala bilmişdi. Ona görə də əvvəlki tonundan, əvvəlki cilidindən çıxıb bir az guya ərk edirmiş kimi:
- Bilirsiniz müəllim, Aqil müəllimi toyda gördüm, dedim təzə kitabım çıxıb. Dedi kitabı gətir, şirinliyini apararsan. Ona görə gəlmişdim. Bu gün günortaya bir balaca məclisimiz var, dedim bəlkə Aqil müəllimdən...
Gülümsədim. Çünki bu, tez-tez qarşılaşdığım məqamlardan bəlkə də minincisi idi. Amma bu "qəhrəmanımın" həmin o minincilərin içərisində ayrıca yeri olduğunu yəqin siz də hiss etdiniz...
Bəli, iş günüm belə başladı. Artıq səhər-səhər yaşadığım yorğunluq da, halsızlıq da arxa plana keçmişdi. Açığını deyim ki, əvvəl-əvvəl məni əsəbiləşdirən həmin o qısa dialoq indi bir növü məni özümə qaytaran bir vasitəyə çevrildiyindən hansısa həmin o peysərin gəlib-getməsinə də təkcə təsadüf yox, həm də bir zərurət kimi qiymət verdim. Düşündüm ki, məhz o adamın gəlməyi, onun davranışı, onun ən azından peysərliyi məni bu dünyanın necə rəngarəng olduğunu göstərdi. Və bu bu dünyanın o rəngarəngliyi içərisində o qədər şükr etməli, o qədər görüb-götürməli, dərs almalı, nəticə çıxarmalı məqamların olduğunu bir daha yadıma saldı. Çünki məhz belə məqamlarda, belə peysərlərin ortaya çıxdığı yerdə insan ətrafına da, özünə baxmaq imkanı qazanır. Baxıb düşünürsən ki, "heyvanına şükr, İlahi!" deyənlər yanılmayıblar. Amma heyvan fağır neyləsin ki? Heyvan bilsəydi ki, onu bu cür adamlarla müqayisə edəcəklər, bəlkə də heç heyvan olmaq istəməzdi... Nə isə...
Bütün hallarda yük, ağırlıq dünyanın çiynində qalır. Çünki bizim sığınacağımız, durdumuz həmin o Yer kürəsi adlı məkan da elə dünyanın bir mənzərəsi, həyatın görünən üzüdü. Bax, bu dünya mənzərəsində o rəngarənglik insan mənzərələrini də əl-əlvan edir. Şəxsən mən gördüklərimi, xüsusilə təmasda olduqlarımı o rənglərin birinə uyğunlaşdırmaq, o rənglərdən birinin içərisində görməyə çalışıram. Xüsusilə yazı-pozu adamlarının süd rəngində, şəffaf, insana xoş anlar yaşadacaq bir çalarda, bir rəngdə görməyə həm həvəsliyəm, həm də belə olmasını istəyirəm. Axı söz həm də işıqdı. İşıqla yaşayan da, şəffaf olmalıdı. Təbii ki, söhbət həqiqi söz adamlarından, həqiqi işıq daşıyıcılarından gedəndə məhz belə olur. Əks halda, səhər qarşılaşdığım mənzərə mənə bu dünyanın o rəngarəngliyi ilə bir yaxalaşma, bir dartışma yaşatdı. Hardasa yadıma qınadığım, incidiyim, əsəblərimi cilovlaya bilməyib qapısını döydüyüm dünyaya yazdığım misralar düşdü. Düşünürəm ki, indi o misraları xatırlatmaq yəqin ki, pis olmaz.

Sən məni tez xərclədin
Bilən oldumu, dünya?
Etdiyin bu alverə-
Gülən oldumu, dünya?

Sıralanmış daşların
Bilinmirki yaşları...
İsladır göz yaşları-
Silən oldumu, dünya...

Bu hiss, duyğu, düşüncə
Ürəyimi deşincə...
Öz yerinə düşüncə-
Gələn oldumu, dünya?!

***
Doğurdan da günü necə başlayırsansa, işə hansı həvəslə girişirsənsə, elə həmin o gün də o axarla üzü axşama doğru gedir. Mənim iş günüm belə başladı və bildim ki, (artıq bunu praktikada dəfələrlə izləmişdim - Ə.M.) bu gün "qonaq-qara" çox olacaq. Müdiri soruşanlar, yazı-pozu gətirənlər, şikayət edənlər və sairə və ilaxır. Hələ telefon zənglərini demirəm. Odur ki, özümü işgüzar bir notda kökləyərək səbrimi soyuq suya salıb ortalığa sərdim. Yəni elə bir daxili durum yaratdım ki, bütün gəlib-gedənlər, eşidəcəklərim yalnız aid olan dərəcədə mənim yaddaşımda, günümdə özünə iz sala bilsin. Yoxsa bütün bu həngamənin altında dayanmaq, bu həngaməni yaşamaq, dözmək zor iş ola bilər. Doğrudur, biz insan olaraq heç bir haqsızlıqdan sığortalanmamışıq. Ona görə də bir növü güllənin hardan açılacağını da bilmirik. Əgər bilsəydik, onda kiminsə qəfil güllədən dünyasını dəyişdiyini nə eşidərdik, nə də belə bir hadisə baş verərdi. Təəssüf ki, qəfil güllə həmişə namərd olur, xəbərsiz-ətərsiz açılır və dəyir. Özü də nədəndisə,həmin güllələr mütləq öldürür. Yəqin burda da bir sirr var, yoxsa...
Hə, günün və işimin ovqatına uyğun bir durumda başımı aşağı salıb yazı-pozu ilə məşğul idim. İnanın ki, rəhmətlik Mirzə Fətəlinin əsərində deyildiyi kimi, bir növü meymun yadımdan çıxmırdı, elə yaddaşıma ilişib qalmışdı. Görünür, elə bunun özü də hardasa bir sinir problemidi. Mütləq həkimə getmək, həkimə göstərmək, ən azından telefonla məsləhət almaq lazımdı. Yoxsa belə davam edə bilməz. Çünki həmin o sinir məsələsi az qala məni qıdıqlayırdı. Hər telefon zənginə, hər qapı tıqqıltısına səhər-səhər yaşadığım durumla reaksiya verirdim və sonra da öz-özümə gülürdüm. Yaxşı ki, otaqda kamera qurulmayıb. Yoxsa kənardan izəlyənlər ya şübhələnəcəkdilər, ya da onlar da bütün günü işlərini-güclərini atıb elə kamera qarşısında qalacaqdılar. Həyatımda sevinməli bir məqam tapdım. Sevindim ki, otaqda kamera yoxdu. Bir az təsəlli kimi görünsə də, indi elə görüntülər yayımlanır ki, adamın ayağının altından yer, başının üstündən göy qaçır. Bu qaçhaqaç da məcbur edir ki, diqqətli və ehtiyatlı olasan. Lap adi şəkildə ifadə etsəm, sərvaxt davranasan. Axı kameralar gizli işləyir...
Kamera demişkən, indi toylarımızda da kameralar bir problem olub. Bir də görürsən ki, operator qardaşımız kababı dişinə çəkənin az qala ağzının içərisini də lentə köçürüb. Və yaxud da kimsə əyilib kiməsə bir söz dediyi məqamda bədənin harasısa bir balaca görünürsə, oranı "nişan" alır. Ona görə də son vaxtlar adamların toy məclisində kamera önündə necə rəsmi oturduğunu seyr edib həm bu "intizama" gülürəm, həm də şükr edirəm. Yəqin ki, hər iki məqamın nəyə işarə olduğunu özünüz başa düşəcəksiniz. Bax, bütün bunların içərisində mənim başa düşmədiyim çox önəmli bir məqam var. O da həmin o gizlinlərə baş vuranların istəkləridi. Yəni mənə dəxli, adiyyatı olmayan hansısa bir gizlinə, hansısa bir insanın həyatına müdaxilə etmək, görüntülər çəkmək, nələrisə iynə ucuyla eşib ortaya çıxarmaq görəsən nə üçündür? Və ümumiyyətlə, bunu etmək insana, əxlaq sahibinə nə verir? Nə qazandırır? Hər halda bu çətin sual özü-özlüyündə ortadadır və həmin sualın da təkcə məni düşündürdüyünə inanmıram. Belə hesab edirəm ki, bu sual normal düşüncə sahiblərinin hamısı üçün həm sualdı, həm də ciddi mənada problem...
Hə, bütün həyatımızın görüntüləri bir anlıq göz önünə gətirilsə, onda təbii olanlarla yanaşı, özümüzün yaratdıqlarımız da ortaya çıxacaq. Görəcəyik ki, biz bəzən öz axarıyla öz yatağında axıb gedən çayın qarşısına bənd atıb onun səmtini dəyişməyə çalışırıq. Özü də bunu yalnız bir adamın istəyiylə, bir adamın tapşırığı ilə edirik. Sonradan məlum olur ki, çayın yatağının dəyişməsi, yəni bir adamın istəyinə xidmət etməsi onlarla, yüzlərlə adamın həyatına problem gətirib, ortaya problem çıxarıb. Deməli, tək özünü düşünmək, tək öz istəyini bütün istəklərdən üstün tutmaq sonda həmin o fərdin özünə də dolayısı ilə tərs şilləyə çevrilir. Və sevinc umduğumuz yerdə, sevincə qapı açdığımız anda içəriyə kədər daxil olur, bir anlıq şoka düşürük, donub qalırıq. Amma bilmirik ki, şair Musa Yaqub demişkən, "bir günah bizdədi, bir günah da həmin o qarşı tərəfdə...". Məhz bu anda, bu məqamda yadıma nə vaxtsa yazdığım misralar düşür:

Kipriklərin
lap ucuna qədər
batıb
qalmışam kədərə...
Kipriklərimin
ucundan
o tərəfə
Nə qədər
boylansam da
vaxtım da,
gücüm də
gedib hədərə...
Çünki
canıma
hopmuş kədər
məni əsir alıb -
satıb qədər!..

***
Hər bir yazı bir ovqatın məhsuludu. Bu gün bilgisayara diktə etdiyim və sizin də artıq oxuduğunuz bu yazı da mənim iş günümün səhər-səhərki ovqatının yazısı oldu. Bilmiriəm, alındı-alınmadı, amma tam şəkildə anladığım o oldu ki, biz indi həm də ovqatdan asılı qalmışıq. Ona görə də bir-birimizin ovqatını xoş etmək, bir-birimizin açılan səhərini salamlamaq və nəhayət, hər günün ovqatına bircə qaşıq da olsa şirinlik qatmaq yəqin ki, çətin olmaz. Elə bilirəm ki, mənimlə razılaşarsınız. Əgər razılaşsanız, onda gəlin çayımızı şirin edək... Yox, bağışlayın, yazılarımızı şirin edək. Axı bu da bir ovqatdı!



TƏQVİM / ARXİV