İNSAN QİYMƏTLİDİR, YOXSA CANAVAR?!

FAİQ QİSMƏTOĞLU
396765 | 2015-02-21 01:09



... Yer üzünün əşrəfi insan sayılır. Loru dildə demiş olsaq, insandan qiymətli daha ikinci bir canlı yoxdur. Bununla hamı razılaşar. Yəqin ki, razılaşmayanlar olsa belə fikirlərini konkret faktlarla və məntiqi dəlillərlə sübut etməkdə çətinliklər çəkər. Ən azından ona görə ki, Allah-Təala digər canlılara nisbətən insana ağıl da verib. Elə bu ağıl da yarandığı gündən insanları yer üzünün əşrəfi edib...
Canlıların hamısını Allah yaradıb. Və Allah yaradan da onlara öz mükafatını verib. İstər insan olsun, istərsə də digər canlılar. Və insanın da ən ağır anlarında o canlılar adamlara arxa durub. Bununla sözümüz yoxdur. Əlbəttə, bir varlıq yaranıbsa, nəfəs alırsa, dünyanı görürsə, deməli, o özünün varlığını, yaşadığını dərindən duyub.
Bəzən adamın ağlına belə gəlmir ki, hansısa canlı, hansısa vəhşi heyvan insanın qəniminə çevrilə bilər. Axı insanlar hətta ən təhlükəli vəhşi heyvanı belə əhilləşdirməyi bacarırlar: onlar fili də əhilləşdirirlər, şiri də, ayını da... Ancaq bir heyvanı heç vaxt əhilləşdirmək mümkün olmayıb - canavarı deyirəm. Bu canavar ki var çox dəhşətli və yırtıcı bir heyvandır. Uzaqdan gecə vaxtı gözü elə parıldayır ki, sanki o göz deyil, hansısa maşının güclü işığıdır. Gözü par-par parıldayan bu canavarlar məmləkətimizdə də son vaxtlar daha da çoxalıb. Bir də deyirlər ki, canavarlar olmasa xəstə heyvanların sayı artar və bunun da nəticəsində təbiətin flora-faunası pozular. Əlbəttə, bu fikirdə böyük həqiqət var. Əgər Allah bir heyvanı yaradıbsa, deməli, onun öz yeri hiss olunur. O da yerində olanda təbii ki, flora və fauna tənzimlənir, bir növü təbiət təmizlənir...
Son vaxtlar məmləkətimizdə vəhşi heyvanlar və o cümlədən canavarlar daha da artıb. Bunun müsbət tərəflərini biz qeyd elədik. Amma bu yazımızda çalışacağıq ki, canavarların insanlara vurduğu ziyanları qabardaq və bunun həlli yollarını tapaq. Sözün açığı, kənd rayonlarında, xüsusən də meşə zonasının yaxınlığında yaşayan yaşayış məntəqələrində sakinlər qış aylarında canavarların tez-tez hücumuna məruz qalırlar. Kimin ağzı nədir ki, qoyun sürüsünə, mal-qaraya hücum edən canavara güllə atsın. Kimsə güllə atarsa və canavarı vurarsa, onu çox böyük məbləğdə cərimələr gözləyir. Elə insanlar da bu cərimələrdən qorxub canavarlara güllə atmırlar.
...Canavarlar isə meşələrdə və çöllükdə yer tapmayanda kəndlərə hücum çəkirlər. Gecə saatlarında hətta həyətlərə daxil olur, tövləyə girir, orda qoyun-quzunu parçalayıb aradan çıxır. Evin sahibi də səs-küyə çölə çıxanda əliyalın canavarı qovmaq istəyir. Hətta silahı olsa belə canavara atəş açmaqdan qorxur. Canavarlar da məhz insanların bu cür münasibətlərindən çəkinməyərək yenidən kəndlərə hücum edir və qoyun-quzunu parçalayır.
Bu yaxınlarda kənd rayonlarından birində baş verən hadisə çoxlarını təəccübləndirib. Çöldə qoyun otaran orta yaşlı bir adam deyir ki, bir də gördüm beş-altı canavar qoyunlara hücum çəkdi. Onlar nə az, nə çox, on-on beş qoyunu parçalayıb apardı, bir neçəsini də yaraladı. Əlimdəki çomaqla qoyunları qorumaq istəyəndə canavar üstümə cumdu və məni dişlədi. Birtəhər özümü müdafiə edib kəndə qaçdım...
Başqa birisi isə həyətində baş verən olaydan danışır. O da bildirir ki, axşam saatlarında canavar həyətə girib atın balasını parçalayıb yeyib. Səhər yuxudan qalxanda görmüşük ki, dayçanın sümükləri qalıb. Vallah, gecələr qorxumuzdan evdən çölə çıxa bilmirik. Hətta qonşuya keçəndə ehtiyatlanırıq ki, birdən canavar çıxar və bizə hücum çəkər...
Sovet dönəmində canavarlara qarşı mübarizə aparılırdı. Ovçular müəyyən zamanda, yəni canavarlar çoxalanda onları vurar və dərisini də hökumətə təhvil verib bunun müqabilində pul alardılar. Amma indi heç kəs canavara tərəf bir güllə ata bilməz. Atarsan, sonra başın ağrıyar. Yaxın dostlarımızdan biri deyir ki, bir neçə gün bundan əvvəl canavarlar kəndə hücum eləmişdi. Qarşısına çıxan mal-qoyunun bir neçəsini parçalayıb aradan çıxdı. Tüfəngimiz də yox idi ki, atıb onu qorxudaq. Əgər kimsə tüfəng atsa səhəri günü polisə xəbər verəcəklər, polis də gəlib həmin adamı şöbəyə aparacaq və çək-çevirə salacaq. Ona görə də çox adam, hətta qanuni ov tüfəngi olsa da canavarlara və digər vəhşi heyvanlara güllə ata bilmir.
Yaxın qohumlarımdan biri deyir ki, qoyunları örüşə aparırdım. Bir də gördüm on-on beş çaqqal sürünü dövrəyə alıb. Əlimdəki çomaqla onları qovdum. Əgər mən olmasaydım, həmin çaqqallar qoyunun bir neçəsini yeyəcəkdi...
İndi bir məsələ qalır: məmləkətimizdə son vaxtlar vəhşi heyvanlar və o cümlədən çaqqal, tülkü daha da çoxalıb. Hətta o günü televizorda bir süjetə baxdıq, orda da danışırdılar ki, Bakının mərkəzinə qədər çaqqallar gəlib çıxırlar. Görünür, onlar kənarda qida tapa bilmirlər və yem üçün şəhərin mərkəzinə qədər gəlirlər.
Hər şeyin vaxtı var. Amma deyəsən vəhşi heyvanlardan qorunmağın vaxtı gecikir. Kimsə gözləyir ki, qoyun-quzunu canavarlar yesin, sonra da adamları parçalasın və kimlərsə bundan sonra hərəkətə gəlsin. Belə çıxır ki, canavarlar insanlardan daha qiymətlidir. Bu sözümüzü heç kim qəribçiliyə salmasın. Bu gün canavara güllə atanı sabah məsuliyyətə cəlb edirlər. Amma fikirləşmirlər ki, əgər vəhşi heyvanlar çoxalıbsa, ondan qorunmağın vaxtı çoxdan çatıb. Heyvanların hüquqlarını qoruyanlar insanların hüquqları barəsində dərindən düşünməlidir. Və bir daha deyirik: bu fikirlərimizə görə heç kim bizi qınamasın...

TƏQVİM / ARXİV