adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

iLğIM

VƏSİLƏ USUBOVA
31913 | 2009-09-12 05:49
Kim deyir ki, insan gözü həmişə dörd bir yanında yaşıllıq, bağ-bağat, saf sular, köpüklü dalğalar görmək arzusundadı?! Yox, qəlbimizin aynası göz işlədikcə uzanan bomboz və bomboş çölləri, bir qaraltısı belə olmayan sonsuz üfüqləri də seyr etmək istəyir bəzən. Xəyalların, arzu və ümidlərin uzunluğu, şirinliyi də elə göz məsafəsi qədər olur hərdən. Gözün nə qədər işləyirsə, qəlbin də o qədər arzulayır, ümidlərin də bir o qədər artır, qəlbin rahat, ruhun sakit olur...
   
   Haralı olduğumu soruşanlar cavabımdan ya üz-gözlərini turşudublar, ya da təəssüflə gözümün içinə baxıb susublar. Yəni, sən də o ilan mələyən düzlərdənsən?! Gözlərinin qabağına qızmar aran günəşi, bu günəşin altında kətmən vuran, pambıq yığan üz-gözü bürüncəkli qız-gəlinləri, müşəmbə kimi parıldayan bədənlərindən tər süzülən traktorçuları, suçuları gətirirlər həmişə. Bir dəfə universitet müəllimlərimizdən də biri haralı olduğumu soruşdu, cavabımı eşidəndə gözləmədiyim halda sifətini xoş bir ifadə bürüdü, romantik bir səslə " heyf deyil, elə ki, Ələtdən o yana çıxırsan, gözün-könlün dincəlir, elə bil yerlə göyün arasıynan quş kimi süzürsən" dedi. Həmin gündən o bomboz yerlər elə mənim gözümdə də dəyişib başqa rəng aldı, fərqli bir romantika təlqin eləməyə başladı...
   
   İndi mən o bomboz, bomboş məkanın ortasında dayanmışam. ( Belə yerdə adam ürəyinin dolu, düşüncələrinin də bol və zənginliyinə daha çox inanır. Üç tərəfim boşluqdu, bir tərəfimdə kəndimzin evləri və ağacları boy verir.Yayla payızın dirəşdiyi bu günlərdə günəşin gözqamaşdırıcı, ancaq havanı çox da isidə bilməyən, cana yapışan istisini bir az da ilıqlandıran xəfif yel əsir. Ətrafdasa bu yellərin oxşaya biləcəyi bir ot, kol başı yoxdu. Bir az aralıda qaralan tək yulğun kolundan başqa. Çöllərdə, düzlərdə bitən tənha kollar, ağaclar həmişə qərib duyğular oyadır insanda. Dayanıb adam kimi söhbət eləmək istəyirsən bu tənhə çöllər gözəliynən. Öz ömrünə, təklənmiş, unudulmuş könül dünyana bənzədirsən onu. İstəyirsən, heç kəsə etibar eləmədiyin sirlərini, dərdlərini açasan ona. Sən niyə təksən, deyə soruşasan. Kimin vardı, kimlərin vardı, hara getdilər, niyə getdilər, səni niyə tək qoydular deyə soruşasan. Nə qədər istəyirsən, sual ver, dili yox, ağzı yox ki, cavab verə, nəsə soruşa. Yaxşı ki, yoxdu, ən azından sənin sirrini aləmə yaymayacaq....
   
   Çöllərin sükutu bəlkə elə bu deməkdi...
   
   
   
   ***
   
   
   
   Bu yerlər həmişə belə səssiz, belə lal olmayıb. Heç bir kəndin tarlaları, zəmiləri bizimki qədər uzaqda olmasa da, bu çöllərdə gecəli-gündüzlü qaynar iş gedirdi. Xüsusən gündüzlər kənd camaatının yarıdan çoxu iş başında olurdu. Suçular, traktorçular, pambıqçılar, sentyabrın 1-dən noyabrın 7-dək məktəb üzü görməyən yuxarı sinif şagirdləri, rayon mərkəzindən nümayəndələr gələcəyi gözləniləndə evdar qadınlar (körpə uşaqlılar belə) sahələrə çıxardı. Qonşu Abdulyan (indi Abdulabad), Talış kəndlərinin uşaqlarıynan (hamımız bir məktəbdə oxusaq da, öz kəndimizdəki pambıqçılıq briqadalarına kömək edərdik) tarlada görüşəndə toy-bayram olardı... Bir-birimizə su, şirniyyat, meyvə verərdik. Həmin görüşlərdən birinin çox isti, şirin xatirəsi hələ də yaddaşımda qalıb, arabir ani də olsa, əvəzsiz, incə duyğular yaşadır mənə...
   
   Günün istisində uşaqlı-böyüklü hamı başıaşağı alaq vuranda, pambıq yığanda arada dikəlib uzaqlara baxardım. İstidən adamın gözü qaralır, başı gicəllənirdi. Dörd bir yanda kölgəliyə sığınıb gözə görünməyən cırcıramalar adamın beyninə işləyən eyni səsli, eyni ahəngli nəğmələrini oxuyurdular. Dəqiqələrin deyil, saatların necə ötdüyünü, günün hansı vədəsində olduğumuzu ancaq başımıza od ələyən günəşin, bir də ayaqlarımıza dolaşa-dolaşa böyür-başımızda sürünən kölgəmizin vəziyyətindən bilirdik. Bu sükutu gündə neçə dəfə Qarasu stansiyasından keçən yük, sərnişin qatarlarının taqqıltısı, fiti pozardı. Bu fit siqnaldan çox uzun qış gecələrində soyuqdan, acından ulayan yalquzağın dəhşətli ulartısı kimi ucsuz-bucaqsız çöllərə yayılır, adamda vahimə deyil, həzin bir qüssə oyadırdı. İstidən yaranan ilğımda qatar yerlə göyü birləşdirən nəhəng dənizin qoynunda üzürmüş kimi görünür, sürəti o qədər də gözə çarpmırdı. Əks-sədası uzun müddət qulağımızdan kəsilməyən bu səs sanki bizə deyirdi ki, mən bu təkərlərin üstüynən təkcə yükləri, adamları deyil, ömürləri, taleləri də daşıyıram. Ancaq onların hara getdiyi, harayacan getdiyi mənlik deyil. Sükanımın arxasında tək bir nəfər oturub, ancaq idarə edən o da deyil. Adamları görüşdürürəm- ayırıram, küsdürürəm-barışdırıram, birini bədbəxt, birini xoşbəxt edirəm, qısası, gündə yüz yol öldürürəm-dirildirəm. Əslində, mən elə idarə olunan dünyanın özüyəm...
   
   Qatarın pəncərələrindən geniş çöllərimizə tamaşa edən sərnişinləri də görür, onlara qibtə edirdik. Gözəl-gözəl yerlərə getdiklərinə, getdikləri yerlərdə sərinlənib doyunca su, şirə, çay içə biləçəklərinə görə qibtə edirdik onlara. Bizə belə görünürdülər-qayğısız, dərdsiz... İçərilərindən xəbərimiz yoxdu. Bizsə səbirsizliklə axşamın düşməsini gözləyirdik. İndi bizə cənnət kimi görünən sərin, rahat evlərimizə, talvarlarımıza, balkonlarımıza dönüb rahatlanacaq, yuyunub sərinlənəcək, sonra da başımızı yastığa qoyub daş kimi yatacaqdıq... Hələ ki, ilğımın qoynunda üzən qatarı seyr edir, müharibəli kinoları, qatar-qatar cəbhəyə yollanan, sonra da "qara" kağızları gələn əsgərləri yada salırdım. Bu qatar Aytmatovun " Ana tarla"sını xatırladırdı mənə... Bu qatar həm də Muğanlı stansiyasından keçib gedirdi. Şamaxı dağlarından enən ağır ellərimizin bir dəstəsi də burada köç salmışdı. Ata tərəfdən qohumlarımızın əksəriyyəti Muğanlıda yaşayırdı. Uşaqlıqda ata nənəmlə, bibimlə çox getmişdim oralara. Qohumlardan, tanışlardan kiminsə maşınında geri dönəndə gözlərimə inanmırdım. İrəlini- Küdrü düzünü su basmışdı. Sular günəş şüaları altında qırçınlanır, qızdırmalı adamın yuxuları kimi istini bir az da artırırdı. "İndi maşınımız gedib suya girəcək, necə keçəcəyik?" deyə düşünürdüm. Təlaşımı böyründə oturduğum böyüklərə deyəndə sakitcə cavab verirdilər: " Su deyil, ilğımdı bu..." Bir qədər böyüyəndən sonra " Leyli və Məcnun" filmində gördüm ilğımı. Susuzluqdan gözünə xurma ağacları görünən Leyliyə Məcnunun nəvazişlə "bu sərabdır, Leyli" deməsini illər boyu unutmadım...
   
   Bu yerlərdə su görüntüsünü təkcə ilğım yaratmırdı. Hər il yaz gəlib sellər, sular daşanda Küdrünü də su basardı. Nədənsə, yerli camaat buna "qarasu" deyirdi. Qarasu bu yerləri örtəndə Muğanlıya gedib-gəlmək çətinləşirdi. Suyun dayandığı yer başdan-başa qamışlığa dönürdü. Adamlar ya piyada, ya da maşınla gəlib, burada mövsümi işləyən qayığa minirdilər. Buralar həm də çöl quşlarının məskəninə çevrilirdi...
   
   Bu vəziyyət uzun illər davam elədi...
   
   
   
   ***
   
   
   
   Xatirələrdən yaxamı qurtara bilsəydim, ilin-günün bu çağında qoyun-quzu otaran iki yeniyetmədən başqa kimsənin olmadığı bu yerlərə niyə güzar eləməyimin səbəbini bir-iki kəlməynən izah eləyərdim. İndi mənim dayandığım yerdə vaxtilə rayonun, bəlkə də bölgənin ən iri heyvandarlıq obyektlərindən biri yerləşirdi. On hektar sahədə yaradılan "Şirvan" südçülük kompleksi öz dövrünə görə ən müasir avadanlıq və sağım aqreqatlarıynan təchiz olunmuşdu. Başqa rayonlardan da buraya işləməyə gələnlər vardı. Axşamlar hündür bir yerdən baxanda gur işıqlarıynan kiçik şəhərciyi xatırladırdı...
   
   Biz hamının olanı dağıtmağın və özümüzə yamamağın canıyıq. Müstəqilliyimiz ən çox bu yöndən tərəqqi edir. Bu gün o boyda kompleksin yerində daşınması müşkül olan beton özüllərdən başqa heç nə qalmayıb. Kim nə qədər bacarıbsa, qopara bilibsə, qaşıya bilibsə, o qədər də daşıyıb özüyçün. Həm də bunu ən çox adi adamlar deyil, elin bu sərvətini qorumağa, nəsillərə saxlamağa cavabdeh olan şəxslər ediblər...
   
   
   
    ***
   
   
   
   Bəs, mən nə axtarıram bu yerlərdə?! Uzun illərdi özümə bir daxma qaraltmağa bir ovuc torpaq. Amma dörd bir yanım ilğımdı. Getdikcə yox olan, heç bir zaman əlinin çatmayacağı ümidlərin yaratdığı ilğım. Susuz səhralarda dolaşıb bir içim su həsrətiynən alışanların gözünə görünən xəyali cənnət...
   
   Bircə nəvazişlə qulağıma pıçıldayanım yoxdu: " Bu torpaq deyil, sərabdı, Vəsilə..."

TƏQVİM / ARXİV