BiR AN

ƏBÜLFƏT MƏDƏTOĞLU
39209 | 2009-09-12 05:49
... Üzbəüz oturmuşuq və mənə elə gəlir ki, onu ilk dəfə görürəm. Uşaqlıqdan tanıdığım, ailəsinə, nəsil-nəcabətinə bələd olduğum, tərcümeyi-halını az qala beş barmağım kimi bildiyim bu insanın söhbətini dinlədikcə doğrudan-doğruya onu ilk dəfə görmüş kimi bir durumu yaşayıram. İnana bilmirəm ki, qarşımdakı adam ədəbiyyatdan, mətbuatdan uzaq bir sahənin təmsilçisidi və bir də ona inana bilmirəm ki, az qala 40 ildən artıq tanıdığım bu insanın niyə mən iç dünyasından, ədəbi düşüncələrindən, böyük fantaziyasından xəbərsiz olmuşam. Bu, axı mənim üçün bağışlanılmaz bir haldır. Amma görünür təkcə tanımaq, soyunu-kökünü bilmək hələ insana bütünlüklə bələd olmaq demək deyilmiş.
   
   ... O danışır... Füzulidəki evimiz yadındadı də, köhnə evimizi deyirəm. O evi sökdülər, yerində klub tikdilər. İndi də yuxuma girir o ev, amma sonrakı evimiz heç nə yuxuma girir, nə də yadıma düşür. İnşallah torpaqlarımız geri alınandan sonra mən də hamı kimi gedib ata yurdumu bərpa edəcəm, ondan da yaxşı ev tikəcəm. Amma o köhnə evimizə onda da əlimiz çatmayacaq. Bilirsən nə qədər mənə doğmaydı o ev... Son onillikdə şəhərdə, elə kəndlərin özündə də divarlara aboy vururlar, yəqin ki, görmüsən, amma bizim o köhnə evə, hələ 1964-65-ci illərdə rəhmətlik Zeynal Əvəzoğlu əllə elə bir aboy işləmişdi ki, heç kim inanmırdı ki, bu əl işidi. Naxışlar adamla danışırdı və bu naxışlar hərəsi bir mənanı, bir dünyanı əks etdirirdi. Bax, o köhnə evimizi sökəndə (özün bilirsən də Qarabağda bizim nəsil, o cümlədən mənim babam böyük mülk sahibi olub. Elə Tuğda nə qədər meyvə bağlarımız, biçənəklərimiz, tut bağlarımız, bostan-tərəvəz yerlərimiz, o cümlədən evlərimiz var idi. Sovet dönəmində ordakı mülkü də, evləri də babamın əlindən aldılar) zülüm-zülüm ağladım, az qaldı özümü atam buldozerin qarşısına. Qolumdan tutub qoymadılar, bircə onu deyə bildim ki, ay zalımlar, barı Zeynalın əl işini qopartmayın o divarlardan. İndi hardadı o cür əl işləri...
   
   ... O danışır, səsi də titrəyir, sifətinin cizgiləri də, hətta qısa qollu köynəkdən görünən qolunun tükləri də biz-biz dayanıb. İlahi, insan yurd üçün nə qədər göynəyə bilərmiş və onun dediyi bir söz mənə bəlkə də heç barəsində düşünmədiyim ən böyük hikməti xatırlatdı. Dedi ki, "Adam yaşdaşdıxca doğulduğu yer, uşaxlığı keçən ünvan onu daha çox özünə çəkir". Təsəvvür edin ki, mən də hərdən bu hisslərə qapılıram və yalan olmasın Bakıda bir 50-60 ünvanda kirayinişin qalmışam, heç birini olduğu kimi xatırlaya bilmirəm, hamısının hansısa bir cizgisi, bir küncü yadımdadır. Amma uşaqlığım, loru dildə desəm o pak, ləkəsiz, ağrısız, acısız ömür payım keçən otaq pilləkənlərindən tutmuş tavanına qədər hər gecə yuxumdadı, hər an gözlərimin qarşısındadı. Ona görə də eşitdiklərimi yazacağımı deyəndə Abdulla müəllim razılaşmadı. Bircə xahiş etdi ki, elə adını çəkmək bəs edər. Başqa heç nəyə ehtiyac yoxdur. Mən də onun sözünü qırmayıb, ingilis, rus dillərində oxuduğu kitablardan sitatlar gətirən, dünya ədəbiyyatına, Azərbaycan sözünə yaxşı bələd olan bu doğmamın arzusunu nəzərə almağa məcbur oldum. Sadəcə, içimdən həmin an keçənləri yazmaq şərti ilə.
   
   
   
   bu qədər
   
   canım
   
   sıxılmazdı əvvəllər -
   
   bilməzdim ki,
   
   nə canım var,
   
   nə dərdim...
   
   indi
   
   canım
   
   sıxıldıqca
   
   düşünürəm ki,
   
   canım olmayan yerə
   
   dərdimi
   
   tərəddüdsüz
   
   götürüb gedərdim -
   
   bir az rahatlanmaq
   
   üçün...
   
   
   
   ***
   
   Hərdən deyirlər ki, kimisə "tok" vurdu, yəni elektrik cərəyanı. Və yaxud da eşidirsən ki, kimsə paralij oldu, ya da infarkt oldu... belə baxanda adi xəbərdi və bir də Qarabağ savaşı başlanandan bütün xəbərləri o qədər adi şəkildə qəbul edirik ki, ölüm də bizim üçün mənasını itirir. Ona görə də çox qısa bir müddətdə hər şeyi unuduruq. Çünki adiləşibdi. Ölüm də adiləşib, insanlıq da, elə insanlığın düçar olduğu bütün bəlalar da, hətta facilər də. Xatırlayıram ki, bir kənddə indiki yaş senzi ilə desək, 70-ni 10-15 il əvvəl başa vurmuş bir nəfər rəhmətə gedəndə, ən azı 40 gün kənddə şadlıq məclisləri keçirilməzdi, televizorların, radioların səsi o qədər aşağı tempə salınardı ki, evin divarlarından çöldə eşidilməzdi. İndi isə çox qəribədi. Şəhərin istənilən küçəsində qurulmuş yas çadırlarının böyründən bütün gücü ilə "bağıran" maqintafonlu maşınlar elə sakitcə ötüb keçir ki, sanki başmaq seyrinə çıxıblar.
   
   Yaxın günlərin söhbətidi. Cavan bir oğlan avtomobil qəzasında həlak olmuşdu. Onun yaşadığı bina ilə üzbəüz, yəni yas çadırının beş addımlığında bir video-audio kasset mağazası yerləşir və həmin mağazadan şıdırğı musiqilər, o cümlədən Avropanın, Afrikanın tanınan, tanınmayan səsləri aləmi bürümüşdü. Yaxınlaşıb satıcıdan xahiş etdim ki, mümkünsə bir az bu ifaların "qazını" alsın. Və yaxud da özü dinləmək istəyirsə, həzin bir musiqi səsləndirsin özü üçün. Əvəzində çox təkəbbürlü bir şəkildə dedi ki, "day-day, ölənlə ölmürlər ki. O ölüb deyə biz mağazamızı bağlayaq. Bəs, evimizə çörəyi necə aparaq?".
   
   Bəli, eşitdiyim cavabı əvvəlcədən təxmin etsəm də, amma bu qədər çılpaq olacağını düşünməmişdim. Ona görə də bir az özümü qınadım, ona irad tutduğuma görə, biz az cəmiyyəti, bir az zamanı və axırda bu qərəra gəldim ki, sən demə, insanların içini görmək üçün onları başdı-başına buraxmaq lazımdı. Bilmirəm ona demokratiya deyirlər, yoxsa hürriyyət, amma hər nədisə dörd tərəfin divarlarını sökmək, çəpərlərinə od vurmaq, çadırlarını, çadralarını kül elmək lazımdır. Bax onda kimin genində, canında, tərbiyəsində nə varsa üzə çıxacaq. Necə ki, bu kasset satanın simasında mən onu gördüm.
   
   Həmin gün nə evdə qərar tuta bildim, nə də işdə. Ən çox da ona üzüldüm ki, heç nəyi dəyişmək gücündə deyiləm, sadəcə düşündüklərimi, hisslərimi yazmaqdan başqa.
   
   
   
   səhərə kimi
   
   yatağımı daşımışam
   
   otaqdan-otağa
   
   yuxum gəlməyib...
   
   səhərə kimi
   
   otaqları daşımışam
   
   yataqdan-yatağa
   
   heç kim bilməyib...
   
   qulaqlarımdakı səsi
   
   alov tək
   
   qarsıyıb canımı.
   
   Allah,
   
   heç kim
   
   döyməsin,
   
   heç kim açmasın
   
   qapımı,
   
   indiki halımda...
   
   yoxsa
   
   qaşığa yığmışam
   
   üstünə tökəcəm
   
   qanımı!
   
   
   
   ***
   
   Hər şey bir anda olur. Kövrəlmək də, təəssüflənmək də, əsəbiləşmək də. Təbii ki, hamıda yox, ancaq həssas adamlarda. Duyğuları ilə bacarmayan, hisslərini gizlədə bilməyən adamlarda. Çünki, onların iç dünyaları o qədər yüklənib ki, artıq o dünyaya əlavə yüklər daxil olanda gərginlik yaradır. Və bu da müxtəlif fəsadlara səbəb olur. Kimi infarkt keçirir, kimi insult olur, kimi də bir az duruş gətirib, sonra da hər şeydən əlini üzüb ümidsiz bir şəkildə ya çəkilib gedir, ya da tərkidünya olur.
   
   Mən bütün ömrüm boyu çalışmışam ki, heç kimin yanında gözükölgəli olmayım, heç kimin haqqını tapdalamayım və ən vacibi heç kimin qəlbinə dəyib onun yadında namərd adam kimi qalmayım. Və bütün tanıyanlar, bilənlər də xəbardardır ki, çörək kəsib dost bildiyim, güvəndiyim insanlar üçün onların bütün istəklərinə cavab verməyə hazıram. Təki bu istək duyulsun, hiss etdirilsin və yaxud da heç olmasa ipucu olacaq nə isə ortada görünsün.
   
   Mən heç vaxt ağlıma da gətirməmişəm və gətirə də bilmərəm ki, varlığımla kimlərinsə yerini tuturam, sıxışdırıram, mane oluram və yaxud da onlar üçün qayğıya, yükə çevrilirəm. Və onlar da məndən nəyinsə xatirinə qopub qurtara bilmirlər...
   
   Doğulduğum kənd, sovet dönəmində beynəlmiləl bir ünvan sayılıb. Çəpər qonşumuz, məktəb yoldaşlarım, tay-tuşlarım bu günki düşmənlərimizdən olublar, yəni ermənilərdən. Ona görə də həmişə içimdə bir sıxıntı yaşamışam, düşüncələrimi, fikirlərimi bölmək üçün Füzuli şəhərinə, orada fəaliyyət göstərən "Araz" qəzetinin redaksiyasına üz tutmuşam. Həyatda dəstəyimi də, sözlərimə xeyir-duanı da orda almışam və dağlıq Qarabağdan kənarda gördüyüm, tanıdığım işıqlı adamlar həmişə mənə ümid veriblər. Onlara az qala ocaq kimi, pir kimi baxmışam. İnamım, inancım olub onlara. Və bu gün də var, amma bir an, bir təsadüf, bir anlaşılmazlıq, bir səhlənkarlıq, daha bir nələr bəzən adamı elə yerdə yaxalayır ki, arxada qalan günlər, olub keçənlər, yaşadıqların sənin üçün doğma olduğu qədər də təəssüf yaşamağa səbəb olur. Bax, onda istər-istəməz hər şeyi bir anlıq ürəyindən keçirirsən, gözlərinin önündə canlandırırsan və deyirsən ki, ay qardaşlar, vallah, düz fikirləşmirsiniz, vallah doğru qərarlar qəbul etmirsiniz, vallah haqqı-nahaqqa verirsiniz, vallah yanılırsınız və vallahi ki, siz mənim tanıdığım adamların içindən, mərtəbəsindən, yerindən, böyüklüyündən ruh kimi çəkilib gedirsiniz və həmin o yerlər, o mərtəbələr, o böyüklüklər boşluğa, mənasızlığa çevrilir. Belə etməyin, saxlayın böyüklüyünüzü, ucalığınızı. Axı, böyüklərin səbri böyük olur və böyüklər etdiklərini, verdiklərini heç vaxt dilə gətirmirlər. Çünki onlar böyükdürlər!.. Amma neyləyək ki, mənim yaşantılarım bir anlıq müşahidələrim bəzən yazdıqlarımın, görmək istədiklərimin əksi olur.
   
   
   
   yay günü qış şaxtalı
   
   üzücü bir məqamın
   
   sarsıntısın yaşadım...
   
   ömrümün otuz ilin
   
   bölüşdüyüm kəsləri
   
   elə həmin o andan
   
   tanımağa başladım...
   
   ürəyimdə nə varsa
   
   çilikləndi, sovruldu
   
   düşündüm, ümid busa-
   
   o da yandı, qovruldu...
   
   demək şair ürəyim
   
   döyündükcə,
   
    həm də
   
   bu anın gəlişindən-
   
   itirməkdən qorxurdu...
   
   onu da hazırlıqsız
   
   olsam da qarşıladım...
   
   bir yay günü
   
   on qışın
   
   şaxtasını yaşadım...
   
   ... yaşadana şükürlər!
   
   ... Bir an!.. Bax bu bir anda hər şey ola bilir. Yəni olanlar xeyirə də, şərə də yozula bilər. Böyük o adamlardır ki, həmin bir anın ən dürüst, ən ədalətli qərarını qəbul edə bilir. Çünki o qərarlardan insanların və bəzən də ölkələrin taleyi asılı olur. Bir an barədə, elə bir an da siz düşünün...

TƏQVİM / ARXİV