adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SƏFiRLiKDƏ QƏTL

17556 | 2009-09-12 05:49
(əvvəli ötən şənbə sayında)
   
   
   
   Xeyli götür-qoydan sonra cənab Mirbah Dzerjinskinin nümayəndələrini qonaqlar üçün nəzərdə tutulan Qırmızı zalda qəbul etmək qərarına gəldi. Səfirin sonunu yaxınlaşdıran sonuncu səhvi də elə bu oldu. Yarım saat sürən görüşdə Ritsler və Müller də iştirak edirdi. Yakov Blyumkin yerini rahatlayan kimi, çantasından bir qovluq çıxardı. Onun dediyinə görə, bu sənədlər Robertin Rusiya əleyhinə casusluq fəaliyyətini təsdiqləyirdi. Qraf hər sözü təmkinlə dinləyib, belə qohumunun olmadığını, adı çəkilən adamla əvvəllər heç vaxt görüşmədiyini və onu tanımadığını söylədi. Əlavə etdi ki, lazım gələrsə, ÇK-ya diplomatik yolla bu məsələyə aid yazılı surətdə münasibət bildirməyə də hazırdır.
   
    Bu dəfə Andreyev soruşdu ki, casusluq fəaliyyəti ilə bağlı sovet cinayət məcəlləsində nəzərdə tutulan cəza tədbirləri haqda qraf müfəssəl məlumat almaq istəyirmi? Mirbahın başını yana tərpədərək, "yox" işarəsi ifadə edən hərəkəti onları lap hövsələdən çıxardı. Blyumkin bəzi əlavə sənədləri səfirə göstərmək adıyla yenə əlini çantasına uzatdı. Bu dəfə cəld hərəkətlə tapança çıxarıb yaxın məsafədən diplomatları atəşə tutdu. Deyilənə görə, Mirbah yan otağa qaçmaqla canını qurtarmağa çalışıbmış. Nikolay aman vermədən arxadan atəş açaraq onu yerə sərib. Berqin Qırmızı qonaq otağı alman səfirinin al qanına boyanıb. Andreyev əl bombasını da səfirin dalınca atıb. Qurğunun işə düşmədiyini görəndə Blyumkin onu yerdən götürüb zərblə divara çırpıb. Bu dəfə partlayışın gücündən pəncərələrin şüşələri, tavanın, divarların suvağı, mərmər örtüklər tökülüb. Toztorpaqdan göz-gözü görmürdü. Ortalıq bircə anda yaman qarışıb. Hər iki terrorçu fürsəti fota vermədən pəncərədən atılıb həyətdəki gülçiçək kollarının arasından keçərək, səfirliyin ərazisini tərk edib. Yakov Blyumkin əməliyyat vaxtı burxulmuş ayağından bir güllə yarası da aldı. Buna baxmayaraq, qanı axa-axa iki hasarı aşıb Denejnı döngəsində onları gözləyən avtomobilə özünü yetirdi. Hər ikisi maşına əyləşib gözdən itdilər.
   
   Tələsdiklərindənmi, təcrübəsizlikdənmi, yoxsa bilərəkdənmi səbəb tam aydın deyil, Robert Mirbah barədə cinayət işinin materialları, ÇK-nın mandatı, ehtiyat üçün götürdükləri ikinci bomba hadisə yerində qaldı. Yaralı səfiri xilas etməksə mümkün olmadı. 47 yaşlı Vilhelm fon Mirbah bir qədər sonra keçindi. Özünü itirən səfirlik əməkdaşları baş vermiş hadisə barədə Berlini və Sovet rəhbərliyini məlumatlandırmağa tələsirdi. Yaranan fövqəladə vəziyyətdə hərbi attaşe Şubert təşəbbüsü ələ alaraq, səfirliyin müdafiəsini öz üzərinə götürdü. Bütün əməkdaşlara silah paylandı. Həyəcan elan edildi. Axı, təhlükə hələ sovuşmamışdı.
   
   
   
   Bəd xəbər tez
   
   ayaq tutub yayılar
   
   
   
   Səfirlikdə çalışanlar terrorçuları üzdən tanıyırdı. Hadisə yerində kifayət qədər əşyayi-dəlil qalmışdı. Bütün bunlar belə düşünməyə əsas verirdi ki, caniləri tapmaq o qədər də çətin olmayacaq. Alman hərbi komandanlığı Baş qərargahının daimi nümayəndəsi baron Karl fon Botmer xatirələrində yazır ki, səfirliyə ilk özünü yetirən hökumət adamı Mərkəzi İcraiyyə Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri, Brest müqaviləsi ilə əlaqədar aparılan danışıqlarda sovet nümayəndə heyətinin tərkibində iştirak edən Karl Radek oldu. Onun ardınca xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və müavini Lev Qaraxan gələrək dərin hüznlə baş sağlığı verdilər. Sonra bir aləm qırmızı əsgər müdafiə məqsədilə səfirliyin binasını üzük qaşı kimi dövrəyə alıb. Sovet rəsmiləri bildiriblər ki, cinayət işinin aparan xüsusi istintaq komissiyasına ədliyyə komissarı Pyotr Stuçka şəxsən rəhbərlik edəcək. Canilərin tezliklə yaxalanması üçün bütün tədbirlər görülür. Yeri gəlmişkən deyim ki, bir ay sonra Pyotr İvanoviç (əslində Peteris Yanoviç. E.B.) Stuçkanı bu vəzifədə Dmitri Kurski əvəz edəcəkdi. Mütəxəssislər hadisə yerinə baxış keçirib maddi sübutlar topladı, şahidlərlə görüşdü. Kimsə şübhələnmədi ki, ÇK əməkdaşı sənədini təqdim edən şəxslər bəlkə heç Blyumkin və Andreyev deyil, tamam başqa adamlar olub? Axı, Ritsler də, Müller də, Mirbahın özü də terrorçuları ilk dəfə görürdü. Tezliklə Dzerjinski də özünü yetirdi. Qolundan yaralanmış Müller hadisənin neçə baş verdiyini bircə-bircə ona danışdı. Canilərin sifət cizgilərini, xarakterik əlamətlərini təsvir etdi. Feliks Edmundoviç mandatdakı möhürün gerçək, imzaların isə saxta olduğunu söylədi. Məsələni araşdırmaq adıyla bütün sənədləri özüylə götürdü. O dedi ki, qatillər belə mühüm dəlilləri ərazini tələsik tərk etdiklərindən unutmayıblar. Cinayətin izi ÇK-ya yönəlsin deyə, burada nişanə qoyublar. Başına toplaşan hər kəsə bir daha çatdırdı ki, törədilən qəsd siyasi məqsəd daşıyan təxribatdır və ən qısa zamanda onun üstü açılacaqdır.
   
   Saat 5 radələrində çar Nikolayın sevimli "rollsroys" avtomobilini ata malı kimi işlədən Xalq Komissarları Sovetinin sədri Vladimir Ulyanov hökumətin başçısı Yakov Sverdlovla bərabər Alman səfirliyini ziyarət etdi. Lenin Mirbahın faciəli surətdə həlak olmasından son dərəcə üzüldüyünü və hökumətin üzrxahlığını bildirib, dərin hüznlə başsağlığı verdi. O da öz növbəsində ən qısa zamanda qatillərin həbs olunacağına, onlara ən ağır cəza kəsiləcəyinə əmin olduğunu söylədi. Baron Botmer xatırlayır ki, Lenin sərbəst almanca danışırdı. Səfirlik əməkdaşları onun çıxışının hər kəlməsinə, sözlərinin deyim tərzinə, ifadə şəklinə, məna çalarına xüsusi diqqət yetirirdi. Hələ tam ayırd etmək mümkün olmurdu ki, bu rəsmi ziyarət həqiqətən başda duranların başsağlığını ifadə edir, yoxsa diplomatik protokolu gözləmək məqsədilə növbəti baş aldatmadır. Almanların diqqətindən bir incə mətləb də yayınmadı. Söhbət əsnasında terror aktının səfirliyin daxilində törədildiyini xüsusi vurğulayan Lenin bununla bir növ qətlin məsuliyyətini sovet orqanlarının üzərindən kənarlaşdırırdı. Çünki, beynəlxalq aləmdə qəbul olunmuş qaydalara əsasən səfirliyin yerləşdiyi yer onun təmsil etdiyi ölkənin ərazisi sayılır. Daxildə baş verən hər hansı cinayət hadisəsinə görə diplomatik missiyanın yerləşdiyi ölkənin hüquq-mühafizə orqanları deyil, bilavasitə səfirliyin təhlükəsizlik xidməti əməkdaşları məsuliyyət daşıyır. Cinayətin başvermə səbəblərinin araşdırılması, müqəssirlərin aşkar edilib cəzalandırılması prosesini daim diqqət mərkəzində saxlayacağına isə Lenin alman diplomatları qarşısında bolşevik sözü verdi. Elə həmin günün axşamı qatillərin kimliyi barədə səfirliyə dəqiqləşdirilmiş məlumat çatdırıldı. Terrorçular həqiqətən ÇK-nın əməkdaşları Yakov Blyumkin və Nikolay Andreyev imiş. Aksiyanın məsuliyyətini isə eserlərin Mərkəzi Komitəsi və Mariya Spiridonova şəxsən öz üzərinə götürdü. İndi əsas məsələ tezliklə cinayətkarları tapıb məsuliyyətə cəlb etmək idi.
   
    (ardı var)

TƏQVİM / ARXİV