adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

MüQƏVVA

VAHİD ƏLİFOĞLU
27844 | 2009-09-05 05:03
... Darıxmaq üçün hər zaman səbəb tapmaq mümkündü..
   
   ... Evin arxasından keçən yolda hay-küy, arvad-uşaq səsi qarışıb bir-birinə:
   
   - Qardaş, heç ayıb deyil. Yara-xora kartofu, dərmanlı, zəhərli pomidoru bu qitymətə sırıyırsan camaata...
   
   Satan butun əzizlərini, qohum-əqrəğasını vurub "cərgəyə". Amma sözlərin deyilişindən hiss olunur ki, yalan danışır...
   
   Qəribə bir günün başlanğıcıdı. Havada həm yayın, həm də payızın əlamətləri var. Bayaqdan ha fikirləşirəm, hansı işin qulpundan yapışmağı, harasa getməyi və ümumiyyətlə, nəynən məşğul olmağı qətiyyən müəyyən edə bilmirəm. Gözləməyən, arzu edilməyən qonağın ailəvi gəlişinə bənzəyən bir gün... Allahın bütün günləri təkrarsız və gözəldi. Qiymətini, hikmətini dəyərləndirə bilənə... Vağzalda veyillənən biletsiz və pulsuz adamın düşüncələri var, başımda... Bəlkə də şeir yazmağın ən əlverişli məqamıdı. Həvəs yoxdu. Üstəgəl "indiyə qədər yazdıqlarım nəyi dəyişib ki" qənaəti... Bir də ki, mən gündüzlər yazıram, axı... Telefon "dilləndi". Əbülfətdi:
   
   - Xəbərin var? Oqtay xəstəxanadadı...
   
   Səsi o qədər hüznlü, o qədər kədərlidi ki, sanki Bakıda deyil, xilasına damcı da ümid olmayan batan gəmidədi...
   
   ... Vallah qağa, son vaxtlar səninlə danışanda mənə elə gəlir ki, qiyamət gününə uzağı bir saat qalıb...
   
   ... Oqtay təkcə istedadı, saflığı, ziyalılığı ilə mənə əziz deyil, o həm də paylaşdırılmasına qadağa qoyulmuş şəxsi dərdlərimi də tərəddüdsüz aça biləcəyim beş-üç dostlarımdan biridi. Bu mənim bəzək-düzəksiz, səmimi etirafımdı. Oqtay özü məni həyatının neçənci mərtəbəsinə qədər qalxmağa icazəli hesab edir, bax, bu onun öz işidi...
   
   ... Səhər uşaqların qənimidi. Dar küçələr, beton divarlar onları çürüdüb tökdü asfaltın üstünə. Asfaltdan torpağa yol yoxdu...
   
   ... Durub getmək lazımdı. Yol aşağı çayxanaya, yuxarı Haramının içərilərinə doğru gedir. Maşın dayandı. Sürücünün sifətinə baxanda elə bilirsən ki, bu dünya yalnız toy-bayramdan, deyib-gülməkdən ibarətdi.
   
   - Vahid müəllim, səni hara aparım?
   
   - Fərqi yoxdu... Sürücü təəccüblənməyə macal tapmamış söhbəti dəyişdim:
   
   - Yenək çayxanaya...
   
   ... Adını unutduğum bir kitabda nə vaxtsa oxumuşam ki, normal yaşayan hər bir adam ömrünün üçdə birini yuxuda keçirir...
   
   ... Üçdə biri yuxuda, yarısı çayxanada. Yerdə nə qaldı?..
   
   ... Unudulmaz Aydın Məmmədovun atası o vaxt belə bir söz demişdi:
   
   - Mən şəhərə oğul verdim, o da mənə dəmir üzlük çəkilmiş taxta qutu qaytardı...
   
   ... Sağ olsaydılar bu sözləri Xudu Məmmədovun da, Şahmar Ələkbərzadənin də, İsi Məlikzadənin də ataları deyərdi. Bu sözləri deməyə haqqı çatan ataların oğulları olmaqdı, bəlkə də dünyanın ən böyük xoşbəxtliyi...
   
   ... İnsan cəmiyyəti əkin üçün nəzərdə tutulmuş torpaq sahəsinə oxşayır. Torpaq xeyirli-xeyirsiz, əkdiyimiz hər toxumu bitirdiyi kimi, cəmiyyətdə ağıllı, nadan, oğru, doğru ziyalı, ziyasız, kəsəsi hər sort adam yetişdirə bilir. Sovet dövrundə ziyalı təbəqəsi bəzən kabinetlərdə, salonlarında doğulurdu. Bir deputat mandatı ilə, ya bir ordenlə çoban da, sağıcı da çevrilib olurdu hörmətli, nüfuzlu, ziyalı şəxsiyyət. Bu əslində göstərişlə, əmrlə yaradılan süni, "robot", "kukla" ziyalılıq idi... Ziyalılığın ağlıynan, nüfuzuynan, nuruynan təsdiq edə bilməyənlər var-dövlət, vəzifə axtarışında.
   
   ... İndi ziyalılığın yolu xarici maşından, bahalı paltardan, halal olmayan daş-qaşdan keçir... Sapdan asılıb oynayan kuklanın arxasındakı sapı yığıb-açan adamın sifət cizgilərinə diqqətlə baxmısınızmı?...
   
   ... 80-ci illərdə "Araz" qəzeti üçün məqalələr yazırdım. Həqiqi ziyalı, gözəl insan Məcnun müəllim bir gün mənə tapşırdı ki, filankəsdən yazı hazırla, raykomdan deyiblər. Həmin filankəs müəllim "kukla ziyalılardan" idi. Görüşdük. Evin dəvət etdi. Bir saatlıq görüşümüzdə eşitdiklərim arvad-uşağa dediyi bu sözlər oldu:
   
   - Eşşək qızı, eşşək. Belə də çay dəmliyərlər?
   
   - Ə, it oğlu, it. Niyə limon da almamısan?..
   
   ... Yazdığım məqalənin sonu belə qurtarırdı:
   
   - "Gözəl ziyalı, ailəcanlı filankəs müəllimin görüşündən unudulmaz təəssüratlarla ayrıldım"...
   
   - Şair, nə yaman qərq olmusan qəm dəryasına. Maraqlı səfərim var. Dur, çıxaq təbiətin seyrinə...
   
   Razılaşmamağa bəhanə yoxdu. Bilirəm ki, ya Quruçaya gedəcəyik, ya da... Camaat Türkiyəyə səfər edir, bir də Şükürbəyliyə... Bun da şükür...
   
   ... Söhbətimi alınmır. Qürbət müəllim qəsəbələrin üzdə olan ziyalılarındandı. Təzəcə aldığı xarici maşınını tərifləyir. Amma məlumatlı adamdı. Hərdən bəndənizin çadırdı yazdığı şeirlərindən söhbətə qatsa da dilimi "asa bilmir". Fikrimdən nələr keçir, heç özüm də düz-əməlli anlamıram. Hər şeydə bir sistemsizlik, pərakəndəlik var... Həmsöhbətim cəhdlərinin uğursuzluğundan axır ki, yoruldu və sonda:
   
   - Kanalın döşündə xudmani bir bostanım var. Qayıdanda ordan qayıdarıq. Səni dərmansız, zəhsiz qarpıza, yemişə qonaq edərəm - dedi, susdu.
   
   ... Bu da bostan. Dərmansız, zəhərsiz qarpızlar, yemişlər. Qürbət müəllim bir-bir dilimləyir. Ye ki, yeyəsən... Ayın, ilin bu vədəsində yeməyə nəsə təmiz, təbii tapmaq elə-belə məsələ deyil...
   
   ... Onda ki, əhatəsində olduğun adamların da çoxu ola zəhər anbarı...
   
   ... Bostanın ortasında müqəvva var. Kostyumlu, şlyapalı. Yaxınlaşıb üz-üzə durdum. Ağac keçirilmiş pencək, şalvar, şlyapa... İçi boşdu. Danışdırsan danışmaz, qışqırsan eşitməz... Oğurluğa gələn quşlar üçün "adamdı", uşaqlar üçün müqəvva... Qürbət müəllim fırlanıb keçdi müqəvvanın arxasına, pencəyin qoluna qolunu keçirib əlini mənə tərəf uzadıb qalın və gur səslə dedi:
   
   - Şair, xoş gəlmiş bizim bostana... Mən də əlimi uzadıb Qürbət müəllimin əlini sıxdım...
   
   
   
   P.S. Hərdən müqəvvalarla üz-üzə durmaq ona görə vacibdir ki, çox qiymətli paltarların içinin boş olduğunu biləsən...

TƏQVİM / ARXİV