ŞEİR - ÜRƏYİN İŞIĞIDIR...

VAQİF YUSİFLİ
43241 | 2015-02-20 08:46
O, hardasa fəhlə işləyir, ali təhsil diplomu ola-ola. İxtisasına uyğun iş hələ ki, ona yaxın gəlmir.
Amma ilahi söz-şeir onu işsiz qoymur. Evdə də, metroda da, küçədə də, işdə də şeir onun qolundan tutur, ürəyindəki işığın gücünü artırır.
Şeirlərində kədər də var, sevinc də, ağrı da var, işıq da. Axşamlar, fəhləliyin yorğunluğunu canındakı şeir "mərəzi" ilə yoxa çıxarır.
Xaqani Ayxanın şeirləri bütün ədəbi dərgilərdə çap olunub. Amma bir kimsə şeirləri barədə fikir söyləməyib. Halbuki, Xaqani Ayxanın yazılarının bu gün bizi narahat edən kütləvi şeir axınına heç bir dəxli yoxdur, nə də o yazarlardandır ki, istedadı olmaya-olmaya gözə soxulsun, özünü təbliğ eləsin.
Sözü şeirə, şeiri poeziya mənzilinə çatdırmaq, yalnız şairin görə bildiyi, ürəyindən keçirib dilinə, dilindən qələminə, qələmindən də sözə çevirdiyi həqiqətləri yalnız sözə məhrəm adamlar reallaşdıra bilər. Xaqani də bu həqiqətləri oxucuya çatdıra bilir və mən əminəm ki, bu yolda onu uğurlar gözləyir.
Xaqaninin "Vətən" şeiri bu mövzuda yazılanlardan seçilir. Bu şeirdə təşbihlər təzədir, onları Xaqanidən başqa bir kimsə işlətməyib, - qənaətindəyəm.

Deyirlər qartala oxşayır, ammag
Qurd yemiş yarpağa bənzəyir Vətən!
Naxçıvan aralı, Qarabağ darda,
İncimiş torpağa bənzəyir Vətən!

Çox sorğu-sual var dilimiz üstə,
Kəsilir başımız dinimiz üstə,
Araz da "dağ olub" sinəmiz üstə,
Susamış dodağa bənzəyir Vətən!

El eldən ayrılıb düşüb aralı,
Biri can üstədir, biri yaralı,
Yıxıb evimizi, yıxıb "haralı?",
Kərkükdə irağa bənzəyir Vətən!
Zamanın üstündə çəkildin dara,
Başın hara düşdü, bədənin hara,
Bölünüb üç yerə, oldun üç para,
Qırılmış çarmıxa bənzəyir Vətən!

Bu şeirdə Vətənə-böyük Azərbaycana - onun keçmişinə və bu gününə kədərli bir baxış var. Mədh yoxdu, tərənnüm yoxdu. Bununla razılaşmaq olarmı? Sovet dönəmində yazılsaydı, bu şeirə görə müəllifin başı bəlalar çəkərdi. Bu, Vətəni - tarixən mövcud ərazilərimizi paralanmış görən bir ürəyin harayıdır.
Xaqaninin şeirlərinə bir nostalji ovqat aşılayan, sanki qəmli bir görünüş verən də elə bu düşüncələrdir. Əgər o "Qanlı-qanlı dizlərimin Quruduğu ocaq hey!" deyirsə, yenə böyük Vətənin tarixi taleyinə işarə edir.
Xaqani Ayxanın şeirlərindən bir fərdin ürək çırpıntıları əks olunur və onun şeirləri elə ürəklə söhbətlərini xatırladır. Daha doğrusu, ürəyindən keçənləri dilinə gətirir, heç nəyi gizlətmir. Şairin fərdi yaşantıları cəmiyyətdən, yaşadığı mühitdən, gerçəkliyin onda doğurduğu müxtəlif təsirlərdən gəlir.

Bu günləri yaşamıram,
Bu günlər yaşımdan gedir.
Bu yükləri daşımıram,
Baş alıb başımdan gedir!

Bu bahar bir günə çatıb,
Bu yay bircə gecə yatıb,
Bu payızı qış aldadıb,
Bu payız qışımdan gedir!
Bir gün hamı od tutacaq,
Bu gün qiyamət qopacaq,
Daşlar nəğmə oxuyacaq,
Çiçəyim daşımdan gedir!

Bir insanın fərdi yaşantılarını, həyatla, gerçəkliklə bağlı nigarançılığını, "boğuluram", "tapmadım", "gedir" və s. bu qəbildən olan narahatlığını başa düşürük.
Ancaq bütün bunlar insanın yaşamaq yanğımından, səadət axtarışlarından irəli gəlir. O, düşüncə adamıdır, nədən söz açırsa, hər şeyə şübhə, güman prizmasından yanaşır. İstəyir ki, çox şeyi özü üçün aydınlaşdıra bilsin. Deyir ki, "sındırın güzgüləri, həqiqəti gizlədir", Çünki "işıqdan qaranlığa, qaranlıqdan işığa, görünən həqiqətin, güzgüləri görünməz".
Deyir ki: "Çəkdiyim siqaret deyil, Tüstülənən dərd kimidir". Adi bir yataqxana həyatı da onun şeirində yeni bir məna kəsb edir.

Oyandım bu ömrün çığırtısına,
Bu nə səs-səmirdir yataqxanada.
Bu uçuq divardır, bu lal divardır,
Ömrümü gəmirdi yataqxanada.

Acı bağırsaqtək uzanır ömür,
Batan bir arzunu çıxan ha görmür.
Siqaret kötüyün sümürhasümür.
Əllərim kömürdür yataqxanada.

Uçub dəhlizində yox olur ətir,
Havası küflənib gözümü didir.
İlahi, bu ömrü kirayə götür,
Bu da bir ömürdür yataqxanada.
Reallıq budur. Yəni Xaqani Ayxanın yaşadığı reallıq...gOnun şeirlərindəki minor motivlər də elə bu reallıqlardan gəlir.
Ancaq bütün bunlara görə bir Xaqanini qınaya bilmərik. O, yaşadıqları hisslərə xəyanət edə bilməz. Xaqaninin şair duyumu çox həssamdır, duymadan yazmaq olmaz. O, həyata Zamanın çərçivəsindən, olaylarından baxır. Hər şeyin mahiyyətinə varmaq istəyir.

İlahi qəlbini açır,
Bir qətrə insana dönür.
Yaxınlar uzağa qaçır,
Uzaqlar yaxına dönür.

Daşın dərdin kəsək çəkir,
Uçuq divar, külək çəkir,
Adam var dərdin tək çəkir,
Əyilib kamana dönür.

Yanan çırağın söndümü,
Çıxıb gedənin döndümü?
Şumladıqca bu ömrümü,
Əllərim kotana dönür.

İnsanlar mələk doğulur,
İblis əlində boğulur,
Bəndədən tanrılıq usur,
Sonunda şamana dönür.

Bu şeirdə Xaqaninin ÖMÜR haqqında düşüncələri əks olunur və onun digər şeirlərində də İnsan-Zaman-Tale paralelləri gedir. "Əlim" şeiri". "Qara sevda", "Şükür" və s. şeirlərinin adını çəkə bilərəm. Əşyaları, nəsnələri, predmetləri mənalandırmaq, şeirdə onların "rəsmini" çəkmək, metaforik cizgilər yaratmaq - Xaqani Ayxan müasir şeirin bu "repertuarı"na da sadiq qalır. Belədirsə, daşın da dili ola bilər, daşın gözlərindən bir quşun qanı damar və s.
Xaqani Ayxan bugünkü çoxsaylı müəlliflər arasında hər halda seçilir. Amma özü də yaxşı bilir ki, şairlik hardasa, özünə divan tutmaqdır, hədsiz məşəqqətlərə dözməkdir, axtarışlar aparmaqdır. Mən bu yolda ona uğurlar arzulayıram.

TƏQVİM / ARXİV