adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BiR STƏKAN çAY

VƏSİLƏ USUBOVA
30850 | 2009-09-05 05:03
... Bayaqdan bəri azı beş-altı dəfə qapımı açıb-örtüb. Hər dəfə də yanımdakıları görəndə bir söz demədən , sözlü-sözlü üzümə baxıb, qapını ehmalca örtərək gedib. Cəmi altı-yeddi ildi iş yoldaşıyıq, xasiyyətinə, vərdişlərinə az-çox bələdəm. Hər birimizlə çox ölçülü-biçili davranır, düşünüb-daşınmadan ağzından bir kəlmə də çıxaran deyil. Beləliyinə görə hərdən ona acığım da tutur: " Əşi, nə istəyirsən, barbaşa, açıq-aşkar sözünü de də. Kişi xeylağı da bu qədər mizan-tərəziynən dolanar? Biz heç, öz ürəyin partlamır, bəyəm?" İndi də bilirəm ki, nəsə demək istəyir, ancaq imkan tapmır, daha doğrusu, mənim qonaqlarım imkan vermir. Hiss edirəm ki, elə -belə söhbət deyil, dostumun əməlli-başlı dərdi var, elə bu gün də onu çözmək isçtəyir və fürsət gəzir ki, mənimlə oturub əməlli-başlı dərdləşsin. Nə gizlədim, içəridən bir qürurlanıram da. Əksəriyyət işçiləri kişilər olan bu boyda idarədə tək məni dərd ortağı, həmsöhbət seçməsi hardasa, izzət-nəfsimi oxşayır. Yoxsa, səhərdən bəri üçüncü mərtəbədən birinci mərtəbəyə bu qədər düşüb çıxmazdı ki?!...
   
   
   
    ***
   
    Axır ki, otaqda tək qalıram. Bu da ancaq günorta naharından sonra mümkün olur. " Ürəyi dolu"ya da elə bil xəbər verirlər, beş dəqiqə keçməmiş, mənimlə üz-üzə, göz-gözə oturur... Söhbətə çox uzaqdan başlayır, aranı dağa, dağı arana qatır, dönə-dönə üzrxahlıq edib ürəyimi çəkəndən sonra mətləb üstünə gəlir...
   
   Deyir ki, cavanlıqda ( indi yaşı qırxla əlli arasındadı) elə də dərindən anlamırdım ki, biz bu qədər əli-qolu bağlıyıq, bu qədər dar qəfəsdə yaşayırıq və bu qəfəs də illər keçdikcə daha da daralır, daraldıqca da ruhumuzu daha çox boğur. Bəlkə elə həmişə belə olub, bəlkə başım qayğılara- oxumağa, işləməyə, ev tikməyə, oğul-uşaq dərdi çəkməyə o qədər qarışıb ki, dörd bir yanımda özümlə gəzdirdiyim qəfəsin varlığını hiss eləməmişəm. İndi bir az qayğılardan başım açılıb, gözümü dolandırıb ətrafa baxmağa vaxt tapmışam və gördüklərimdən, duyduqlarımdan dəhşətə gəlmişəm. Əvvəllər qul ömrü yaşamağımızın səbəbi mənə aydın deyildi. Elə bilirdim ki, bütün bu qadağalar, yasaqlar ancaq xeyrimizədi və bunları bizə təlqin edənlərin hamısı da düz yolun yolçuları, inam və sədaqət daşıyıcılarıdı... Sonra ( təəssüf ki, lap çox sonra) anladım ki, bu barmaqla yol göstərənlər heç özləri həmin yolla getmirlər. Şair demişkən, " şəriət elə rəiyyət üçünmüş..." Bir dostum var. Kifayət qədər dindar adamdı... Burada onun sözünü kəsməli oluram: Doğrudan da, sənin dostun əsl dindardı, deyə soruşuram.. İnamla təsdiq edir. Çox dindardı, həm də səmimi qəlbdən, deyir. Baxıb görürəm ki, bu adam özünə heç nəyi yasaq eləmir, səbəbini soruşanda hər şeyi mənə elə ağlabatan tərzdə izah eləyir ki, özüm də "afərin" deyirəm. Görürəm ki, şəriətin qanunları da elə bütün dünyəvi qanunlar kimiymiş və onda da istənilən məqamda ayaqyeri tapmaq mümkünmüş... Bunları anlayandan bəri özümə və özüm kimilərə yazığım gəlir. Görün. neçə illəri bada vermiş, nə qədər xoş duyğuları yaşamağı haram bilmişik. Kimin və nəyin xatirinə, özümüz də bilmirik...
   
   O gün televizorda bir psixoloqun söhbətinə qulaq asırdım. Elə bil ürəyimə sərin su çilənirdi. Kişinin oğlu həyati sözlər danışırdı. Uşaqlıqda böyüklərdən çox eşidərdim: " Bir şeyi almayıb peşiman olunca, al peşiman ol". Bu kişi də elə bunun eynisini deyirdi: " Bir şeyi eləməyib peşiman olunca, eləyib peşiman olun". Uzun illər bundan qabaq bir kitabda belə bir cümlə oxumuşdum: " Sən hər şeydə haqlısan, ancaq bir nəfərlə"... Mənim ailəm var. Taleyimdən, həyatımdan, dolanışığımdan narazı deyiləm. Yaxşı işim, evim-eşiyim, bir parça çörəyim var. Ömür-gün yoldaşımdan da çox razıyam. Ancaq hiss edirəm ki, ürəyimin bir tərəfi bomboşdu, o boşluğu nəynən doldurmağın da yolunu tapmıram. Bu boşluğu hiss edəndən bəri xeyli həssas, kövrək olmuşam. Elə bil yaşadığım hər dəqiqə, hər saat əlimdə tutduğum büllur qab kimidi, bu dəqiqə salıb sındıracağam. Ürəyim də elə aramsız döyünür ki, az qalır köksümdən çıxsın. Bu rabitəsiz döyüntülər bütün müvazinətimi pozub, rahatlığımı əlimdən alıb. Bilirsən, uzun sözün qısası, bir tənha qadın tanıyıram...
   
   Hə... Sən demə, qara qızın dərdi varmış. Əzizim, bunu elə ilk cümlədən də açıq deyə bilərdin. Baxmayaraq ki, söhbətin bu yerə gəlib çıxacağını lk cümlələrindən başa düşmüşdüm, amma istəyirdim ki, özün konkret deyəsən. Elə buradaca dik üzünə desəm ki, sən ümumiyyətlə, qorxağın birisən və mən o qadının yerinə olsam, səninlə heç iki addım yol da getmərəm. Ancaq demirəm. Qorxuram, mənə etibar elədiyin o kövrək, intim duyğularına hərmətsizlik edəm, qəlbini yaralayam. Amma öz fikrimdə qalıram. Qoy deyim ki, ailədən kənarda könül rahatlığı tapmağı heç kəsə- nə qadına, nə də kişiyə arzulamıram. Bunu üzünə vursam, bilirəm ki, inciyəcəksən, " sən də belə?" deyib şübhəynən, inamsızlıqnan üzümə baxacaqsan. Bir halda ki, bu baş verib, daha neyləmək olar. Ən azından yaxşı insan, xeyirxah və anlayışlı dost imicini qoruyub saxlamaq naminə sənə sirdaş olmalıym. Könül duyğularına hörmət bəsləyirəm, sənin yerinə qəlbimi həzin bir kədər çulğayır. Bu rəngsiz, dadsız ömrümüzdə bütün gözəllikləri öz içində tapan və elə oradaca da dəfn etməyə vadar olan nə qədər sənin kimilər var, bilirəm. İmkanım olsaydı, belələrini müdafiə eleməkçin bir qurum da yaradardım. Ürəyinin istədiyi kimi yaşamaq istəyənlərin hamısını ona üzv yazardım. Nə yazıq ki, ürəyinin istədiyi kimi yaşamaq istəyənlərin sayı da elə çox deyil... Çünki hamı nəyinsə xatirinə öz hisslərini boğmağa üstünlük verir...
   
   
   
   ***
   
   Sözünə davam eləyir. Deyir ki, artıq heç nə istəmirəm. Bir xoş gündə, xoş saatda o qadınla üzbəüz oturub bir stəkan çay içməkdən savayı. Burda pis nə var, axı? Bəlkə var, mən bilmirəm. Xahiş edirəm, heç olmasa, sən düzünü de... Üzümə baxır. Öz aləminə elə qapanıb ki, mənim bayaqdan bəri artıq bu otaqda olmadığımın fərqində deyil. Dostum çoxlarının artıq özü üçün həll elədiyi müşküldən danışır. Elə bil ürəyimi oxuyur ( öz həssaslığı barədə dedikləri özünü doğruldur, deyəsən). Mən heç kəsdən qorxmuram, deyir. Sadəcə, özümə də aydın olmayan duyğularıma kiminsə əl atmasını, kobud əllərini sinəmə salıb ürəyimi sıxcalamasını istəmirəm. Axı, özüm də anlamıram ki, mənimlə nə baş verir. İnsan öz sirriynən güclüdü, əlçatmaz bir dünyadı. Niyə dünyamı alt-üst eləsinlər?! Mən ki, pis bir iş görmürəm...
   
   Qəribədi, bayaqdan bəri o mənimlə danışır, mənsə ürəyimdə öz-özümlə, həm də onunla danışıram. Ona başqa bir kişi dostumun başına gələnlərdən söhbət açmaq istəyirəm. Həmin dostumun yaşı yetmişi haqlamışdı. Ancaq tamamilə sağlam, qıvraq , həyat dolu, sevgi dolu birisiydi. Uzun illərdi ki, yataq xəstəsi olan arvadının qayğılarıynan yaşayırdı. Arabir gileylənirdi də. Deyirdi ki, bu qadın ( yəni, arvadı) cavanlığımızda məni bir cür incitdirdi, indi də başqa cür incidir. Heç bu dünyadan istəyimcə kam ala bilmədim. Çox zaman mənə qoca deyiləndə diksinirəm. Bu dünyada nə gün görmüşəm ki?! Elə bilirəm, hələ ömrüm qabaqdadı, bundan sonra ürəyim istəyən qadına rast gələcəyəm, əsl ömrüm də onda başlanacaq... Beləcə aylar, illər ötür, o da arada mənimlə dərdləşib öz cansıxıcı ömrünü yaşayırdı. Günlərin birində eşitdim ki, arvadı vəfat eləyib... İki-üç aydan sonra yanıma gələndə qarşımda tamam başqa adamı gördüm. Arvadının ölümü ona əməlli-başlı yer eləmişdi. Xeyli sınıxmışdı, xəstəhal görkəmi vardı. Hələ əsl ömrünün qabaqda olduğunu düşünən bu adam indi xeyli bədbnləşmişdi. Arvadından ötrü xeyli darıxdığını söyləyir, "özüm də özümdən baş aça bilmirəm" deyirdi. Əvvəllər həmişə evdən qaçardım, indi ö günlərdən ötrü burnumun ucu göynəyir. Özüm də bilmirəm, mənə nə olub? Bəlkə, bu əsl sevgiymiş, mən anlamamışam. Düz deyirlərmiş ki, evlilikdə bir hikmət var, ərlə arvadın torpağı bir yerdən götürülürmüş... İndi anlayıram ki, o rəhmətliyin çox fərqli cəhətləri varmış, vaxtında qiymətləndirə bilməmişəm. Mənə elə gəlir ki, bu dərdə dözə bilməyəcəym. Amma hər kəsin can yanğısına soyuq su çiləyən zaman ötüb keçdikcə o da sakitləşir, aram tapırdı. Bir il keçdi. Dostum özündən iyirmi yaş kiçik bir qadınla evləndi... Daha az-az görünür, ya da heç görünmürdü. Hər dəfə ürəyi dolanda üstümə qaçan, söhbətləşib " nə yaxşı ki, sən varsan" deyib yüngülləşmiş halda otağımdan gedən dostum indi əməlli-başlı yoxa çıxmışdı . Mənsə, bu vəziyyətdən çox məmnundum, " keşkə bütün dostlar belə yoxa çıxaydı" deyə düşünürdüm. Axı, indi o, çoxdankı arzusuna qovuşmuşdu, daha cavan və yaraşıqlı arvadı vardı. Ömrünün qüruba enən üfüqlərində əsl nəvaziş dolu bir günəş doğmuşdu. Həssas, duyğulu bir insanın bu vəziyyətindən çox xoşhal olur, onun əvəzinə şirin xəyallara dalırdım. Həmişə rastlaşdığım yerlərdə daha onu görmürdüm. " İndi o, tamam başqa bir dünyadadı" deyə düşünüb fikirlərimdən zövq alırdım...
   
   Xoş xəyallı günlərim çox çəkmədi. Günlərin birində "bəxtəvər qaçaq" peyda oldu. Yenə narazı, yenə gileyli. Sən demə, bu kövrək insanın ömrünün qürubunda işıq saçan günəşin çox da hərarətli olmayan şüaları belə çoxlarının gözünü deşirmiş. Evlənən gündən bəri işdə də, küçədə də kiminlə rastlaşırlarsa, tikanlı atmacalara, kinayəli baxışlara hədəf olurlar. İkibaşlı sözlər, bığaltı qımışmalar sakit, könül xoşluğu ilə ömür sürmək arzusunda olan bu iki nəfərin şirin tikəsini zəhərə döndərirmiş.Hətta naqqallıqla kişinin qabağını kəsib təzə arvadı barədə artıq-əskik danışanlar da zühur edibmiş. Bacardığım qədər bu dəfə də dərdinə şərik oldum. Hər şey ötüb keçəcək, dedim, ortaya başqalarının romanı atılacaq, sizin haqqınızda da söhbətlər köhnəlib yaddan çıxacaq. Elə də oldu...
   
   
   
    ***
   
   İndi nisbətən cavan dostuma nə təsəlli verə bilirəm, nə də bir yol göstərmək gücündəyəm. O deyir ki, ürəyi istəyən qadınla bir stəkan çay içmək istəyir, başqa heç nə. Nə olsun ki, belə deyir. Bir stəkan çay içə-içə dünya inqilabının planını cızıblar... Bir stəkan suda fırtına qoparan bəndələrik biz. Onda qalmış ürəyin istəyən qadınla içilən bir stəkan çay ola...
   
   Məndən səs çıxmadığını görüb ayağa qalxır. Fikirli-fikirli mən də dururam. Qapını arxasınca örtüb yerimə keçmək istəyəndə ürəyim guppuldayır: " Görəsən, onun bir stəkan çaya dəvət eləmək istədiyi qadın kimdi?! Birdən..."

TƏQVİM / ARXİV