adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Belə olub həmizə

CEYHUN MUSAOĞLU
32501 | 2009-09-05 05:03
Belə olmaya həmişə!
   
   
   
   Mətbuatın inkişafı üçün əməli addımlar atıldı. Prezidentin yanında KİV-in İnkişafına Dəstək Fondu əksər qəzetlərin layihələrini maliyyələşdirdi. Bu, əla. Əla olmayan isə odur ki, hələ bilmək olmaz qəzetlərə ayrılan pullar tərəqqiyə xərclənəcək, yoxsa tənəzzülə. Artıq xəbərlər yayılıb. Ki baş redaktorlar "pullar mənimdir" devizi ilə redaksiyalarda at oynadır. Belə olub həmişə, belə olmaya həmişə!
   
   Türkiyə qardaşının düşməninə dost deməyə hazırlaşır. Olsun. Bizim nə ixtiyarımız var başqa dövlətə necə oturub-durmasını başa salaq. Amma bizim ixtiyarımız var ki, başqa dövlətə necə uzanmasını izah edək. Məsələn, Türkiyəyə. Ay qardaş elə uzan qolun altında qalıb sınmasın. Ağrıdır. Səndə belə olub həmişə, belə olmaya həmişə!
   
   Çalışın, qardaşımız Türkiyə, siz Azərbaycanı itirməyin. Hələ qardaş itgisi yaşamamısız. Bizim - Azərbaycanın qardaş tapıb, itirməsi adi haldır. Bir ara Rusiyanı tapdıq, sonra itirdik. İranı da həmçinin. İndi Rusiyanı yenə tapmışıq. Nəyimiz dəyişib ki?.. Belə olub həmişə, belə olmaya həmişə!
   
   İntihar hadisələri bərk gedir. Əvvəllər 50-dən yuxarı yaşda olanlar özünü öldürürdü. Sonra intihar cavanlaşmağa başladı. 30-35, 20-25... Sonuncu dəfə 12 yaşlı oğlan özünü asmışdı. Psixoloqlar deyir ki, bir ay ərzində 12 intihar hadisəsi baş verən cəmiyyətdə psixoz vəziyyət yaşanır. Azərbaycanda elə ay olub 18 intihar hadisəsi qeydə alınıb. Demək biz dəliyik? Yox, ay bala. Biz o dəlidən deyilik. Koroğlunun dəliləridir azərbaycanlılar. Sadəcə, nərəmiz çatmır. Özünü asan adam qışqıra bilmir, neyləsin... Belə olub həmişə, belə olmaya həmişə!
   
   20 minə yaxın şagird attestat ala bilmədi. Eləsi var, cəmi bir fəndən "2" qiymət aldığına görə attestatsız qalıb. Riyaziyyatdan "5", Ədəbiyyatdan "5", Çoğrafiyadan "5", Kimyadan "2". Bu vəziyyətdə olan şagirdlərin sayı xeylidir. Amma onlardan biri də demir ki, əcəb eləmişəm kimyanı oxumamışam. Cəmiyyətdə layiqli yer tutmaq üçün mənim Kimyaya ehtiyacım yoxdur. Heç cəmiyyətin də mənim Kimyanı bilməyimə ehtiyacı yoxdur. Məntiq elə budur da. Bəs onda niyə susursan, balaca, dost? Hə, bildim. Azərbaycanda məntiq susur, məntiqsizlik danışır. Belə olub həmişə, belə olmaya həmişə!
   
   Kimi danışdırırsan, gileylənir. Meyxanaya, müğənnilərə bu qədər geniş yer verilməsindən dad deyirlər. Guya elm adamları küçələrlə doludur, onları televizora çıxaran yoxdur. 20 min şagirdin atestatsız qaldığı məmləkətdə elm adamı, ziyalı axtarmaq qaranlıqda pişik axtarmaq qədər absurddudr. Vay o gündən ki, otaqda pişik olmaya. Elə 30 il öncə də belə idi. Məsələn, Nisə Qasımova Nəcəf Nəcəfovdan çox tanınırdı və birinciyə ikincidən çox hörmət olunurdu. Sadəcə, bir televiziya var idi, oxuyanlar gözümüzə gec-gec girirdi. Əgər biz şair xalqıqsa, oxumaq və oynamaq haqqımızdır. Gileyi yığışdırın. Belə olub həmişə, belə olmaya həmişə!
   
   Həqiqətən kədər içərisindəyik. Tanınmış yazar, "Ədalət"in əməkdaşı, deməli, bir başa dostumuz, qardaşımız Oqtay Salamov xəstəxanadadır. Səhərimiz onun barəsindəki xəbərlərlə açılır, axşamımız onun barəsindəki xəbərlərlə bağlanır. Yaxşı xəbərlər gəlmir. Aqil Abbas çox çalışır. Pul su yerinə axır Mərkəzi Klinik Xəstəxanada. O sel daha sürətlə və gur olmalıdır. Hamımızın gözü Səhiyyə Nazirliyinə dikilib. Hər halda kömək edə biləsi yeganə orqan odur. Oqtay müəllimi Mərkəzi Klinik Xəstəxananın cəngindən qurtarmaq lazımdır. Bilirik, qurtarmayacaqlar. Bu məmləkəti də, bu məmləkətin adamlarını da yaxşı tanıyırıq. Belə olub həmişə, belə olmaya həmişə!
   
   Belə olmaya, belə olmaya, belə olmaya həmişə. Həmişə... Həmişə...

TƏQVİM / ARXİV