adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

GECƏ SEANSLARI

VAHİD ƏLİFOĞLU
25137 | 2009-08-29 02:13
... "İspalkom"un dedikləri iki saat idi ki, tərs dəyirman kimi sədr Əsədin başında fırlanırdı. Xüsusi ilə uzun-uzadı çək-çevirin sonluğu: "Qasımov, bu gedişatdan bir yaraşıqlı töhmətlə canını qurtarsan papağını at göyə. Get, araşdır gör səbəb nədi, günahkar kimdi?..." On il duz-çörək kəsəsən. Qağa, orda durma, bura keç. Uzaqda oturma, yanımda otur... İndi qupquru söz buz kimi sir-sifət... Qasımov ey, barı Əsəddə yox. Qasımov"...
   
   ... Sürücü maşını düz darvazanın qabağında saxladı. Əsəd kişi bir ayağı yerdə, bir ayağı maşında dedi:
   
   - Çaydan-çörəkdən ye, gəl...
   
   Sürücü heç nə demədən maşını sürüb uzaqlaşdı. Sədr bir xeyli darvazanın enini, uzununu gözdən keçirdi. Elə diqqətlə baxırdı ki, elə bil birinci dəfə idi görürdü. Sonra bir siqaret yandırıb yol aşağı, yol yuxarı baxdı. Yol boş idi. Günortanın bürkülü havasından hamı çəkilmişdi evinə. Siqareti yerə atıb tapdaladı. Alaqapını yüngülcə itələyib keçdi həyətə. Cərgə ilə əkilmiş ağacların arası ilə üzlük daşları döşənmiş cığır uzanırdı. Tələsmədən addımlayıb çatdı pilləkənə. Başını qaldırıb baxdı yuxarı. Aynabəndin girişində arvadı çıxdı qabağına. Mavi rəngli xalatın 7-8 düyməsindən çox olsa 2-3-ü bağlıydı. Yaşı altmışı haqlasa da şirmayi rəngli, dolu bədəni adamın gözünə girirdi. Əsəd kişi arvadının görünən yerlərinin görünməyən yerlərindən çox olduğunu isti hava ilə əlaqələndirsə də maraqlandığını gizlədə bilmədi. Bəlkə də heç özü cəhd etmədi. Arvad ərinin diqqətini cəlb etdiyinə sanki sevindi, naz-qəmzə ilə gülümsəyib dedi:
   
   - Keç, əyləş. Təzə çay dəmləmişəm...
   
   Kişi cavab vermədi. Gözləri çevrilib gedən arvadının indiyə qədər əhəmiyyət vermədiyi yançaqlarının qəribə silkələnməsində olsa da, ayaqları onu stolun yanına gətirib çıxardı...
   
   Arvad çayı ərinin qarşısına qoyub dayandı. Getmədi. Kişi stəkanı nəlbəki qarışıq özünə tərəf sürüşdürüb baxdı arvadın üzünə. Arvadın gözlərinin, sir-sifətinin ifadəsindən hiss olunurdu ki, nəsə, qeyri-adi bir söz demək istəyir. Kişi bir də arvadı başdan-ayağa nəzərdən keçirib yorğun-yorğun dedi:
   
   - Hə, noolub? Təzə nə eşitmisən, ay arvad?
   
   Arvad sanki bu sözlərə bənd idi. Dəvət-zad gözləmədən qarşısındakı stulu çəkib əyləşdi. Əvvəlcə stolun örtüyünü sığalladı, barmaqlarını ora-bura "qatladı". Sonra xalatın ətəyi ilə yumru dizlərini örtməyə çalışdı... Bir-neçə dəqiqə keçdi... Xülasə, başlanğıc üçün bir-neçə variantı götür-qoy ettsə də, elə dədə-baba qaydası ilə söhbətə başladı:
   
   - Bu gün bilirsən Mürsəlin arvadı mənə nə deyib?
   
   Kişi nə deyildiyin soruşmamışdan qabaq Mürsəlin kimliyini dəqiqləşdirməyi vacib bildi:
   
   - Mürsəl kimdi?
   
   - Tanımırsan? Sənin saman briqadirin.
   
   Kişi az da olsa diqqətini cəmlədi?
   
   - Nə deyir?
   
   ... Arvad deyəsən söhbətin belə tez konkretləşməsini gözləmirdi. Başını sinəsinə əyib, bayaqdan ərinin ağzına zillənmiş gözlərini düz stolun ayaqlarına qədər endirdi və qırıq-qırıq dedi:
   
   - Deyir ki, Mürsəlin hər gün gecə yarısı çıxıb gedir, səhərə yaxın gəlir...
   
   Arvad səsinin tonunu bir az da aşağı salıb, bir-neçə dəfə udqundu:
   
   - Özü də deyir ki, qayıdanda da bir təhər qayıdır ey, səhərəcən qoymur yatmağa...
   
   Kişi stəkanı nəlbəkiyə qoyub tamam-kamal, bütün fikri-zikri ilə "qayıtdı" otağa:
   
   - Gecələr hara gedir ki?
   
   - Deyir, gedir kluba...
   
   - Kluba? Əsəd bu gün ikinci dəfə həqiqətən təəccübləndi. Birinci dəfə "ispalkom" ona Qasımov deyəndə, ikinci dəfə də elə indi.
   
   - Nə var ki, klubda?
   
   ... Arvad oğurluq üstə tutulmuş uşaq kimi qızardı, amma sözü ki, buracan gətirmişdi, axıra qədər deməliydi, vəssəlam. Ona görə də xırda tərəddüdləri asanlıqla kənarlaşdırıb dili dolaşa-dolaşa dedi:
   
   - Kino göstərirlər. Kinoda da çılpaq kişilər, çılpaq qadınlar olur...
   
   ... Sədr əvvəl-əvvəl bir şey anlamadı. Elə bil arvadın dedikləri ona çatmadı. Tələsə-tələsə ciblərini eşələyib siqaret qutusunu tapdı, bir siqaret yandırıb qalxdı...
   
   ... Sürücü maşını idarəyə tərəf döndərmək istəyəndə sədr dilləndi:
   
   - Dönmə, bala. Sür sahəyə.. ot biçini gedən yerə...
   
   ... Ot biçən traktor dayanmışdı sahənin ortasında. Beş-üç nəfər kürəklərini traktorun təkərinə söykəyib oturmuşdular. Sədr maşının qapısını açıb yerə düşmədən soruşdu:
   
   - Hanı Mürsəl?
   
   - Odey, lafetin kölgəsində...
   
   ... Əsəd kişi azca irəli meyllənib ensiz dərənin o biri qırağındakı təpənin üstündə dayanmış lafeti gördü. Cəld maşından düşüb yeyin-yeyin yeriyib təpəyə sarı getdi...
   
   ... Lafetin təkərlərinin arasından bir cüt ayaq uzanmışdı kənara. Sədr aşağı əyilib kepkasını burnunun üstünə endirmiş, əllərini boynunun üstünə dalında çarpazlamış Mürsələ xeyli tamaşa etdi. Briqadir elə yatmışdı ki, sanki evdə rahat yorğan-döşəkdə idi... Əsəd kişi dikəlib bir siqaret yandırdı, sonra nə fikirləşdisə ayaqqabısının ucu ilə Mürsəlin ayaqlarına iki-üç yüngülvari təpik vurdu. Mürsəlin gözlərini ağır-ağır açıb qarşısında boz rəngli pencək ətəyi, qara şalvar gördü. Ordan yuxarı görünmürdü. Dirsəyinin üstə dikəldi, sürüşüb lafetin altından çıxdı. Əsəd kişini görüb tez qalxmaq istədi, belinin ortasında peyda olan kəskin ağrı onu aşağı çəkdi. Yenə də canını dişinə tutub ufuldasa da sədrlə üz-üzə durdu. Əsəd kişi Mürsəlin batıq ovurdlarına, solğun sifətinə, çuxura düşsə də parıldayan gözlərinə baxıb çevrildi və yalın beli uzunasına tələsmədən çıxıb getdi. Mürsəl quzu kimi dinməz-söyləməz düşdu sədrin böyrünə... Sədr Mürsəlin gözləmədiyi anda və bir başa, girişsiz-filansız dedi:
   
   - Beləcə, Mürsəl kişi, danış görək klubda nə var, nə yox? Çılpaq arvadların, çılpaq kişilərin vəziyyəti necədi?
   
   Mürsəl ot biçininin, ot toplantısının gedişatı haqqında məlumat vermək üçün özünü tam hazır vəziyyətə gətirmək üzrə idi ki, eşitdiyi sualdan karıxdı... Sədr briqadirin əlacsız görkəmindən, bir anın içində məzlumlaşan sir-sifətindən maksimum yararlanmaq üçün qəsdən söhbəti daha da qəlizləşdirdi:
   
   - Mənim cibimdə bilet gəzdirən partiyaçıma bax! hanı sənin kommunist vicdanın?
   
   Ot yerdə, tayaların başı açıq, bu da kefdə, damaqda... Əsəd kişi özü də bilmirdi ki, nədən başlasın, harda qurtarsın. Bütün günü klubda baş verənləri geridə qalmış ot top- lanışı ilə əlaqələndirməyə çalışsa da, hələ ki, ağlabatan nəticəyə gələ bilməmişdi. Ona görə də vaxt qazanmaq üçün siqaret çıxarıb yandırdı, ləzzətlə sümürüb tüstünü Mürsəlin başı üzərindən havaya üfürdü. Mürsəl sədrin qəfil susmasından az da olsa özünə gəlib oğrun-oğrun nəzərlərini yuxarı fırlatdı. Sədrin sir-sifətindəki ifadə bayaqdan dediklərinə qətiyyən uyğun gəlmirdi. Bəlkə də belə deyildi, amma ona elə gəldi ki, sədrin gözlərində qəzəbdən, haqq-hesab tələb etməkdən çox sirli, anlaşılmaz bir maraq var... Bax, elə bu "ipucu" Mürsəli cəsarətləndirdi, dili açıldı:
   
   - Sədr, başına dönüm, kluba təkcə mən getmirəm ki, çox adam gedir. O dediyiniz də nə təhər şeydisə bir dəfə baxanda istəyirsən bir də baxasan... Vallah, dayanmaq olmur...
   
   ... Mürsəl klubda gördüklərini, evə döndükdən sonra baş verənləri xırdaladıqca sədrdə yaranan dəyişiklikləri hiss edirdi və təsvir etdiyi əhvalatların miqyasını bir az da genişləndirirdi...
   
   ... Sədr çoxdan unutduğu, düşüncələrindən silməkdə olduğu tələbatın, istəyin oyanışı, yenidən qayıdışı ilə ayrıldı Mürsəldən...
   
   ... "İspalkom" iclasın bitdiyini elan edib, hamıynan sağollaşdı, Əsəd kişiyə çatanda dedi:
   
   - Qasımov, sən qal...
   
   ... Kolxozun yada düşən, düşməyən, yerinə yetirilən, yetirilməyən göstəriciləri müzakirə olunandan sonra "ispalkom" yayxandığı kreslodan xeyli qabağa "dartınıb" dedi:
   
   - Qasımov, Mürsəlin işindən bir şey aydınlaşdıra bildin? Bilirsənmi ki, bu geriliyin səbəbini gec-tez yuxarıdakı soruşacaq. (Baş barmağı ilə başının üstündəki tavanı göstərdi).
   
   ... Hər şey bir anda baş verdi. Sədr bütün günü başında onu girinc eləmiş "deyim, deməyim" müşkülünün kürəyini yerə vurub, arvadından, Mürsəldən eşitdiklərini yerli-yataqlı, bəzəkli-düzəkli çatdırdı "ispalkom"a. "İspalkom" gecə yarısı göstərilən kino haqqında Əsəd kişinin verdiyi məlumatı o qədər diqqətlə, hayıl-mayıl dinləyirdi ki, hətta arabir, qeyri-ixtiyari söhbətə belə bir münasibət də bildirirdi:
   
   - Ə, nə danışırsan?
   
   ... "İspalkom" qapının ağzında göstəriş gözləyən katibəni müştəri gözləri ilə süzüb gümrah, şux səslə dedi:
   
   - Ay qız, kinonun müdirini təcili çağır yanıma. Bu müra-ciət artıq qızlıq çağları ilə otuz il əvvəl üzülüşmüş katibəyə əla təsir etdi. Gözlərini süzdürüb, özünü silkələyə-silkələyə otaqdan çıxdı...
   
   ... Əsəd kişi çəpərin ayağındakı kiçik qapını açıb keçdi klubu əhatəyə almış bağa. Saat ikiyə işləyirdi. Ağacların arası ilə əyilə-əyilə yaxınlaşdı klubun pəncərəsinə. Pəncərədən düşən işıq gah zəifləyirdi, gah da güclənirdi. Mürsəlin danışdığı kino təzəcə başlamışdı...
   
   ... Əsəd ayağının ucunda səssiz-səmirsiz qalxdı ikinci mərtəbəyə. Arvad aynabənddəki çarpayıda uzanmışdı. Ala-bula odeyalın bir tərəfi sürüşüb düşmüşdü döşəməyə. Arvadın sinəsi, qolları açıq idi. Arvadın yatmış, yoxsa oyaq olmasını müəyyən etmək çətin olsa da Əsəd kişi heç buna cəhd də etmədi. Yüngülcə arvadın qoluna toxundu, xırıltılı səslə dedi:
   
   - Dur, düş aşağı...

TƏQVİM / ARXİV