adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ADiLiN QARDAŞI, ALPAYIN ATASI...

MƏZAHİR ƏHMƏDZADƏ
21839 | 2009-08-29 02:13
Nəşriyyatın dördüncü mərtəbəsində "çay içmək" hər dəfə eyni zamanda səmimi söhbətlərə, xatirələrə də yol açır. Belə məqamlarda "çay içmək" ehtiyacının harda tamamlanmağının da fərqində olmursan...
   
   Bu dəfə də tələbatın gündəlik sadə prinsipləri müxtəlif mövzulu söhbətlərin ucqarlarında əriyib itdi. Qonşu masada AST Telman haqqında fərqli versiyaların təsdiqlənməsinə həvəskar cəhdlər göstərilirdi, diskussiya o biri masaları da cəlb edirdi. Milyarderin taleyi misalında hakimsayağı verdiktlər də səslənirdi. Mövzu bizim masaya təzəcə "ötürülmüşdü" ki, Aqil Abbas tamam başqa bir ovqat yaratdı:
   
   - Məzahir, sən o Sabiri xatırlayırsanmı?
   
   Bundan sonra bizim masanın söhbət mövzusu konkretləşdi. Həyatdan vaxtsız köçən yaradıcı dost-tanışlar xatırlandı, onların unudulmaması üçün imkanlardan istifadə olunması məsələlərinə toxunuldu. Aqil Abbas başa saldı ki, bizə elə də dəxli olmayan məsələlərdənsə, tanış, doğma mövzulara üz tutmaq yaxşıdı. İstər ümumi söhbətlərdə, istərsə də yaradıcılıq işlərində Aqil Abbasın belə yanaşması həssas bir təəssübkeşlik, eyni zamanda xarakterinin xeyirxahlıq missiyasını təcəssüm etdirirdi. Həm də unutqanlığa irad və etiraz...
   
   Mən öz payımı götürmüşdüm...
   
   "Baksovet", əvvəllər Qala divarlarına söykənən Zülfünün çayxanası, sonra metroya yaxın Həbibin çayxanası, axır vaxtlarda isə Filarmoniya bağının sonundakı çayxana... Bu qovuşuq məkanların tanışlıqları, dostluqları, sevdaları... Sabirlə də elə "Baksovet"in qarşısında tanış olmuşduq. Özü mənə yaxınlaşıb göyçaylı olduğunu, üniversitetin tarix fakültəsində oxuduğunu bildirmişdi. Qıvrım saçları çiyninə tökülən, həm də qəribə geyimlərdə olan bu yaraşıqlı qaraşını mən əvvəllər tanımamışdım və heç vaxt da ağlımdan keçirməmişdim ki, o, məhz Göyçayın ucqar Bəydövül kəndində doğulub böyüyər, o vaxtlar üçün prestijli sayılan bir fakültədə təhsil alar. Sonralar bizim görüşlərimiz həm Bakıda, həm də Göyçayda müntəzəmləşdi. Biz iki həmyerli bir-birimizi tapıb da başqalarından ayrılmamışdıq. Elə dostlarımız da eyni adamlar idi. 70-ci illərin əvvəllərindən üzü bu yana "Baksovet ölkəsinin" işıqlı gəncliyi bütövlükdə dostluq, qardaşlıq münasibətini, əxlaqını yaşadırdı. Ən dəyərlisi də bu idi ki, hər kəsin özünəməxsusluğu və öz yeri vardı.
   
   Biz Sabirlə daha yaxın olandan sonra mən tez-tez onun qoltuğunda həm də Nazim Hikmətin cildlərini görürdüm. O, əvvəllər özünün şer yazdığını bildirmədiyi üçün bu məsələni saxlayaq bir az sonraya. Və sizə Sabirin çox səmimi, istiqanlı dostluğundan, həyatsevərliyindən danışım. Yayda-payızda vilvet ayaqqabı, vilvet şalvar və qanovuzdan tikilmiş köynəklər, qışda isə Bakıda bəlkə də dəbdə olan ən uzun paltoda gəzən Sabir son tikəsini, son qəpiyini də dostla bölüşməyə can atardı. Yeməyindən, siqaretindən kəsib çox çətinliklə aldığı istənilən paltarlarını dostlarından hər hansı birinə ürək açıqlığı, ləzzətlə bağışlayardı. İş-gücünü atıb dostla hara desən gedərdi, səbəbini, məqsədini soruşmadan gedərdi. Əslində Sabir bizlərdən bir az tez ailə həyatı qurduğu üçün gərək onu belə məsələlərdə heç incitməyəydik. Mənim onu hərdən bir "Qaqat" deyə çağırmağım vardı. Sabir də hər dəfə soruşardı ki, bu nə sözdü e, mənə deyirsən, mənasını bildirsənə? Şübhələnirdi, elə bilirdi, nəsə xoşagəlməz bir zarafat və ya sataşmaqdı yəqin. Dostlar arasında belə işlərimiz olurdu. Kimdən də soruşurdu, bu sözün mənasını bilən "tapılmırdı". Əslində məsələyə ciddi yanaşılmırdı, o üzdən.
   
   Bir gün dəniz kənarında unudulmaz dostumuz Nadir Cabbarovla birlikdə söhbət edərkən yenə Sabirə "necəsən, Qaqat"? - deyə müraciət etdim. O da tez Nadirdən yapışdı ki, bəlkə sən biləsən, hərdən bu Məzahir araya salıb məni belə çağırır. Nadir də özünəməxsus tərzdə: "Alə, Qaqatın nə olduğunu nöş bilmirsən? Qara kəhrabadür də, elə sənin kimi...".
   
   Sabir məşhur tənqidçidən eşitdiyi bu sözlərin məmnunluğunu mənə də bir təşəkkür iltimatı olaraq xeyli müddət içində, ruhunda gəzdirdi. Yəni bildi ki, Qaqat qiymətli qara kəhrəbaya deyirlərmiş.
   
   Sabirin də işləri bir çoxumuz kimi bəzən alınmırdı. Belə məqamlarda ona Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər) və Anar müəyyən köməkliklər göstərirdilər. O, Anarın da, Vaqifin də, başqa xeyirxahlarının da yaxşılıqlarını heç vaxt unutmadı...
   
   ...İlk dəfə şerlərini mənə göstərib oxuyanda təəccübləndim, sonralar heyrətləndim. Səbəb də bu idi ki, bu gözəl, bənzərsiz şerlərin müəllifi dostum Sabir Əhmədov idi. O, az müddət ərzində tamam ayrı bir anaxoret üslubun təməlini qoyan (və ya yeniləşdirən) əzabkeş istedad kimi qəlblərə yol tapırdı. Büsbütün belə də deyildi. O yalnız özündən, öz içində boy atan kədərli ovqatından yazanda tərki-dünya olurdu. Sabirin təkliyi, tənhalığı, dərindən diqqət yetirdikdə xanənişinlik də deyildi. Çünki onun şerlərində başdan-başa quraqlıq hökm sürmürdü, bu şerləri oxuduqca qurumuş bir ağacın da yaşıl nəğməsini eşidirdin.
   
   Mən bilərəkdən Sabir Adilin şerlərindən nümunə göstərmirəm. Bəlkə elə bu səhifədə, bəlkə də başqa səhifədə və ya növbəti nömrələrdə onun məndə olan şəkillərindən biri ilə kitablarındakı şerlərindən də təqdim edəcəm. Sabir Adil bu diqqətə haqqı çatan şairlərimizdəndir. O həm də vaxtsız itirdiyimiz yaradıcı dostlardandır. Şahmar Hüseynov kimi, Natiq Səfərov kimi, Nadir Cabbarov kimi, Pərviz Əliyev kimi...
   
   
   
   
   
   P.S. Sabir Adil istedadlı şair olmaqla bərabər, hələ Sovet rejimi zamanı öz türkçülüyü, cəsarəti, sevgisi ilə seçilən gənclərdən idi. Bəlkə də oğul övladına məmləkətdə Alpay adını qoyan ilk ata Sabir Əhmədovdur. Sonralar onun soyadındakı dəyişiklik isə canından artıq sevdiyi qardaşı Adillə bağlıdır.
   
   
   
   ***
   
   ...Sabir Adilin şerlərini "Bayat" səhifəmizdə oxuya bilərsiniz

TƏQVİM / ARXİV