BiR GÖZü AğLAYIB, BiR GÖZü GüLüR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
24800 | 2009-08-29 02:13
Elə bil dünyanın bütün xərcini məndən alıblar, borclarını mənim çiyinlərimə yükləyiblər. İnanın ki, səmimi deyirəm. Nə qədər cəhd etsəm də, nə qədər özümü biganə göstərməyə çalışsam da, amma qopub ayrıla bilmirəm. Son 10-15 gündə canıma hopmuş, yaxamdan yapışmış tərkidünyalığın, ümidsizliyin caynaqlarından. Elə bil onun bütün dırnaqları sancılıb ürəyimə və o dırnaqların dibindən qan fışqırır. Al qırmızı qan...
   
   Və mən həmin o al qırmızı qanın içərisində öləziyən ümidimi də, inamımı da, hətta üz-gözümün təbəssümünü də "suya çəkirəm". Özünüz təsəvvür edin. Bu rəngdə suya çəkilən inamın, ümidin üz- gözün görüntüsünü. Onda biləcəksiniz ki, nə qədər çətindi təklənmək, əl-qolu bağlı oturub gözləmək, gecə kipriklərindən, gündüz ayaqlarından dara çəkilmək. Deyəsən, bütünlüklə ifadə edə bilmədim. Çünki yaşadığım hisslər, duyğular, bir sözlə özüm və ətrafım elə bil yüz əli çubuqlu tərəfindən sorğusuz- sualsız, haldan, dildən düşənə qədər insafsızcasına, rəhm etmədən döyülüb...
   
   İlahi, bəndənin günahını səndən yaxşı bilən yoxdu. Lakin bəzən günah cəzayla müqayisədə mənə bir az ədalətsiz görünür. Asilikdə, naşükürlükdə qınama məni, bağışla. İçimdən gəldi, dedim. Çünki gördüklərim, eşitdiklərim, şahidi olduqarım, oxuduqlarım, seyr etdiklərim... bir sözlə bu məmləkətdə və bütövlükdə dünyada baş verənlər mənə o qədər qəribə, o qədər psixoloji cəhətdən sarsıdıcı, təzyiq göstərici bir formada hücumlar edir ki, onların qarşısında duruş gətirə bilmirəm. Fikirləşirəm ki, hamımızı, bütövlükdə bəşəriyyəti, kainatı- hər şeyi yaradan o Böyük Gücün sahibi niyə bəndələrin dünyaya baxışında, həyat tərzində, mənviyyatında, qabiliyyətində, bütövlükdə insanlığında bu qədər rəngarənrənglik yaradıb. Bu qədər fərqlər, bu qədər bənzərsizliklər və bütün bunların içərisində də insanın insana qarşı bu qədər zülümləri, basqıları, riyakarlığı, xəyanəti və nələri, nələri... Axı, bütün bunlar üçün dözmək, bütün bunlara cavab vermək üçün duruş gətirmək mümkün deyil.
   
   Hə, indi mən bax, elə bu içərisində olduğum yazı aurasında öz-özümə pıçıldayıram.
   
   
   
   sənə
   
   maraqsız görünə bilər
   
   bəlkə də
   
   necə yaşamağım
   
   amma
   
   səhərdən axşama
   
   və bəzən də
   
   əksinə
   
   susub
   
   bütün eşitdiklərimin
   
   səsinə
   
   qulaq asmaq
   
   sadəcə
   
   gözlərimlə danışmağım
   
   yəqin ki,
   
   sənə
   
   necə yaşamağım
   
   barəsində
   
   hər şeyi deyər...
   
   
   
   ***
   
   Bəli, ayrıla bilmirəm həmin auradan və elə dörd tərəfimə də nəzər salanda görürəm ki, o sıxıntı çalışdığım qəzetin otaqlarında da, əməkdaşların çöhrələrində də özünü biruzə verir. Hamı bir daxili gərginlik, bir sıxıntı, bir təlaş yaşayır. Və hər dəfə də iş yoldaşımız, qələm dostumuz Oqtayın adı çəkiləndə hər kəsin dodaqlarından qanadlanan ilk kəlmə bu olur:
   
   - Allah şəfasını versin, Allah kömək olsun!
   
   Bu Oqtayın çalışdığı illər ərzində "Ədalət"də qazandığı məhəbbətdi, diqqətdi, sevgidi. Və hər bir əməkdaş yaşından, dünyagörüşündən asılı olmayaraq, ona bir sayqı bəsləyir, onun şirin kəlamları üçün, hətta onun özünəməxsus şəkildə hər birimizi salamlama mərasimi üçün bir qəriblik, bir aclıq çəkir. Dəhlizdə addım səsləri eşidəndə istər-istəməz düşünürük ki, yəqin gələn Oqtaydı. Təəssüf ki, bu gün onun məruz qaldığı ciddi əməliyyat hələlik o arzumuzun çin olmasına imkan vermir. Amma Oqtayın yeri təkcə özünün iş otağında deyil, "Ədalət"in bütün otaqlarında, dəhlizində, nəşriyyatın bufetindən tutmuş, binasının hər yerində görünür. Deməli, Tanrı bu bəndəsini insanları sevmək üçün və insanların da ona sayqı duyması üçün göndərib. Neynəmək olar ki, bəzən insanın özünün də hansısa bir məqamda yol verdiyi yanlışlıq və yaxud da nöqsan sonradan müəyyən fəsadlar törədir. Amma Tanrıya çatan dualar mənim inancıma görə heç vaxtı yaxşıları darda qoymur. Düşünürəm ki, inşallah dostumuz da tezliklə xəstəxana divarları arasını özünün sevdiyi "Ədalət"in otaqları ilə əvəzləyəcək...
   
   
   
   ovuc içi boyda
   
   bir otaq
   
   nə var-gəl etmək olur
   
   nə də
   
   ağlı başında
   
   adam kimi
   
   durub-oturmaq...
   
   
   
   bu ovuc içi boyda otağın
   
   bir özəlliyi var -
   
   daşı-divarı,
   
   kilidi-açarı
   
   pəncərəsi-qapısı
   
   bir sözlə
   
   özü və adı
   
   bütünlüklə mənimdi -
   
   kirayəşinlikdən
   
   azad etdiyim
   
   içimdəki azadlığın
   
   bu otaqda
   
   çox orijinal
   
   gözəlliyi var...
   
   qurtulun asıllıqdan
   
   qurtulun adamlar...
   
   necə də gözəldi azadlıq...
   
   
   
   ***
   
   Dünya başdan-başa qəmin, kədərin üstündə bərqərar olmayıb. Müdriklər deyirlər ki, sevinclə kədər həmişə bu dünyada əl-ələ tutub gəziblər. Biri məclisin yuxarı başında oturanda, o birisi ayaq tərəfində gözləyir. Mən bu fikirlərlə tanış olanda yaşıma görə bir zamanlar gülümsəmişdim, inanmamışdım. Amma yaş öz sözünü dedi. Yaşayıb gördüm ki, doğrudan da dərdlə sevinc , göz yaşı ilə gülüş elə insanın bir növü özüdü, bədəninin sağ hissəsidi. Dərdə oylaq olanda, sol hissəsi sevincə cıdır meydanına çevrilir və yaxud da əksinə. Bir az da loru dildə desəm, gözümün biri ağlayanda o birisi gülür.
   
   Bu ağlayıb güldüyümüz və yaxud da gülüb ağladığımız dünyada bizə təsəlli verən müxtəlif məqamlar, müxtəlif inanclar və müxtəlif ünvanlar var. Hökm deyil ki, onlar hamısı hər gün ya əlinin altında olsun, ya gözünün önündə. Sadəcə, sənin içində bir insanlıq, bir də insanlığın İlahiyə, Tanrıya sevgisi olmalıdı. Həmin o insanlıq uca Tanrıya üz çevirəndə, onun ətəyindən yapışıb, onun halal yolunu saxlayanda gec-tez mətləb hasil olur. İnsan murada yetişir. Burada bir haşiyə çıxmağın yeridi.
   
   Mənə elə gəlir ki, böyük sevgilər böyük ürəklərin, böyük insanlığın içindən böyük Tanrıya yol getdiyinə görə, insan bir ömrə həmin məsafəni qət edə bilmir. Ona görə də Füzuli sevgisi, Məcnun divanəliyi, Leyli aşiqliyi neçə ömürdü ki, yol gəlir və gəlib bizdən də keçib bir az qabağa. Ancaq hələ Tanrıya çatmasına çox var. Bax, ona görə də təkcə o sevgilər, o həsrətlər vüsalla başa çatmır. Yəni vüsala qovuşmurlar.
   
   Əvvəldə dediklərimə qayıdıram. Həyatın sıxıntıları, zərbələri elə bil ki, bir az özbaşına buraxılıb və o da əliuzunluq edir. Həssasları, duyğusalları, daha çox vurmağa, daha çox caynaqlarında saxlamağa çalışır. Lakin inam, ümid o sıxılanları məhv olmaqdan hələ ki, xilas edir. Necə ki, mən özüm bütün sıxıntılarımın içərisində bir ümid işığı axtarıram, bir göz izi görürəm. Orda isə ümidimin, inamımın, sevgimin, dözümümün, bir sözlə, özümün sığına biləcəyim birisi var:
   
   
   
   yağışdan sonra
   
   göy üzü
   
   o qədər mavi
   
   və o qədər də
   
   işıqlı idi ki,
   
   gözlərin kimi-
   
   baxmaqdan doymurdum...
   
   ağlım başımdan çıxırdı,
   
   ürəyim sinəmdən
   
   həmin anlarda
   
   sənin gözlərini,
   
   yoxsa göy üzünün
   
   yağışdan sonrakı
   
   möcüzənin
   
   sahibi olduğunu
   
   ayıra bilməzdim mən...
   
   Allahım, bu möcüzəni
   
   əsirgəmə bəndələrindən!..
   
   
   
   Hə, nə qədər ağrılı olsa da, nə qədər sevincindən məst olsaq da bu dünya elə gördüyümüz kimidi və elə bu dünyanın da bəlkə yeganə gözəlliyi odur ki, elə gördüyümüz kimidi. Necə varsa elə.

TƏQVİM / ARXİV