TOFiQ ABDiN - ABiDƏN BABAYA QƏDƏR

ETİBAR CƏBRAYILOĞLU
32300 | 2009-08-29 02:12
Zakir Fəxridən müvəqqəti kirayələdiyimiz kabinetdə üzbəüz oturan kimi Tofiq Abdin masanın üstünə öz diktafonunu qoydu. Adətən bu jesti mətbuat xidmətinin rəhbərləri edir. Şeflərinin fikirlərini jurnalist təhrifindən sı-ğortalamaq üçün diktafonlarının düyməsini basırlar.
   
   Yarım ton çörək kəsdiyimiz, hər görüşümüzdə ünvanıma təriflər yağdıran, bir neçə il öncə "Ədalət"də haqqımda gözəl sözlər dolu məqalə yazan Tofiq abi olmaya qələmimdən xəta çıxaca- ğından ehtiyatlanır?
   
   İlk cümləsindən tərəddüdlərimə son qoydu. Məlum oldu ki, Tofiq abi belə müsahibələri, söhbətləri arxivləşdirir. Bu başqa məsələ, deməli, səsimin arxivə düşmək şansı var imiş.
   
   - Poeziya və nəsr kitablarının müəllifi olmaqdan əlavə siz həm də köşə yazarısız. Bizim "Ədalət"də, "525-ci qəzet"də belə yazılarla çıxış edirsiz. Mən hələ bir müddət "Yeni Azərbaycan", "Xalq Cəbhəsi" və başqa qəzetlərdə yazdıqlarınızı demirəm. Bəzi həmkarlarınız deyirlər ki, filan qədər mövzum var, amma oturub yazmaq problemdi. Sizdə deyəsən yazmaq problemi yoxdu...
   
   - Məndə mövzu problemi var. Ölkəmiz coğrafi baxımdan kiçik olduğu üçün mövzu qıtlığı çəkirəm. Hər bir qələm adamı bəzən yazmaqdan bezir. Yəqin belə hiss səndə də olur. Amma yazmayanda da dolanmaq dərdi boy verir. Əziz Nesindən soruşurlar ki, niyə yazırsan? Deyir çünki ailəm böyükdü. Düzdü, mənim ailəm böyük deyil, ancaq etiraf edirəm ki, dolanışıq dərdinə görə yazıram. Bu Tofiq Abdin yalnız pul üçün yazır anlamına da gəlməməlidi. Elə zamanlar olub ki, "Ulduz" jurnalında Abbas Abdullaya demişəm məni çap edin, qonorar da lazım deyil. Çünki o vaxtlar çap olunmaq çətin idi, mən, mənim kimi çoxları çap olunmaq istəyirdi.
   
   - Özünüzü sübut etmək üçün?
   
   - Gənclik dövrü idi də. Hətta bir qız üçün də yazırdım. İstəyirdim kimisə sevim, o da məni sevsin. İndi imzanın görünüb-görünməməsi o qədər də şərt deyil. Amma bəzən fikirləşirsən ki, əgər yazmırsansa elə ölmüş kimi bir şeysən. İndi yazmaq prosesinin özü asanlaşıb. Mənim 60-cı illərdən yazı makinam var idi. 1993-cü ildə Türkiyəyə gedəndə bilgisayarın nə olduğunu gördüm və bunun nə gözəl şey olduğunu anladım. Təsəvvür edə bilmirəm ki, adam necə əlyazma yaza bilər. Vallah, belə getsə 15-20 ildən sonra yazıçıların əlyazmasını axtaranda heç nə tapmaq mümkün olmayacaq.
   
   - Sergey Yesenin müsahibələrinin birində deyib ki, Aleksandr Bloku görəndə həyəcandan tərlədim. Çünki ömrümdə birinci dəfə idi canlı şair görürdüm. Salyandan, Qırmızıkənddən Bakıya gələn Tofiq Abdini kim tərlətdi?
   
   - 8-ci sinifdə oxuyanda "Azərbaycan gəncləri"ində kənddən göndərdiyim xəbərlər dərc olunmağa başlayıb. 15 yaşımda gənc müxbirlərin birinci respublika müşavirəsində iştirak etmişəm. İlk dəfə canlı şair, yazıçı görəndə Yesenindən fərqli olaraq məni tər-zad basmayıb. Çünki mən elə bil həmin dövr yuxulu olmuşam, şair, yazıçı gördüyümün fərqinə varmamışam. Yadıma gəlir, komsomolun mərkəzi komitəsindən fəxri fərman da almışdım. "525-ci qəzet"dəki dostumuz Yusif Rzayev hərdən zarafata salır ki, bu adam hələ də fəxri fərman almağı ilə fəxr edir. Mən də deyirəm 15 yaşında hər adama fəxri fərman vermirdilər axı.
   
   - Bayaq təriflədiyiniz bilgisayara aludə olanlar çox zaman qapalı insana çevrilirlər. Səhər tezdən "Danüzü yazıları" rubrikasında yazılar yazan, Bədii Tərcümə Mərkəzindəki iş vaxtının çoxunu bilgisayar arxasında keçirən Tofiq abi virtual aləmdə qapanıb qalmır. Əjdər Ol demişkən, hər zaman ətrafı tünlük olur. Bu iki xüsusiyyəti özünüzdə necə birləşdirə bilirsiz?
   
   - Sən də bilirsən ki, iş prosesim səhər saat 7-9 arası başlayır. İş prosesim deyəndə bir az yekə səslənir, amma eybi yox, qoy səslənsin. 70-ə doğru gedən insanlarıq də... Tezdən durub yazı-pozuya başlayanda və ya bilgisayarda yenilikləri oxuyanda evdə hamı yatır. İş yerimdəki bilgisayarda da məşğul olanda insanlarla ünsiyyətə ehtiyac duyduğum zaman yazdıqlarımı onun yaddaşına verib sən demişkən, real həyata qayıdıram. Xarakterimdə qərib bir şey var, yataq otağıma çəkildiyim zaman o biri otaqdan səs gəlməsə yata bilmərəm. Səsə çox öyrəşmişəm, tək qalmağı qətiyyən bacarmıram.
   
   - Səhər erkən oyandığınız kimi axşam tez yatmağınız da var. Televizorda axşam xəbərlərini izləmək ürəyinizdən keçmir? Fikirləşmirsiz ki, birdən fəxri ad almağınızı elan edərlər?
   
   - Birincisi, həyat tərzim, yaradıcılığım dövlətdən hansısa fəxri ad almağa imkan vermir. Bu dövlətin vətəndaşı olsam da, dövlət üçün heç bir iş görməmişəm. Bu üzdən umacağım da yoxdu. Tofiq Abdin qəzetlərdə köşə yazıb, qonorarını alıb, buna nə fəxri ad? Bu baxımdan efirdən özüm barədə heç bir şey eşitmək marağında olmadığımdan "Xəbərlər"i də izləmirəm. Ümumiyyətlə, 2001-ci ildən, Türkiyədən dönəndən bəri televizora baxmıram. İnternetdən aldı-ğım informasiyalar mənə bəs edir. Sənin təxmininə gəlincə, təki mənə fəxri ad versinlər, xəbəri səhər dost-tanışdan eşitməyə hazıram. Təbii ki, bu şad xəbərin muştuluğu da olacaq. Sənə bir söz deyim, Əbülfəs Qarayev mədəniyyət və turizm naziri təyin olunanda bilirsən ki, mən həmin nazirlikdə çalışırdım. Nazir dedi ki, fəxri adları yığışdıracağam. Mən də "Mədəniyyət" qəzetində belə bir yazı yazdım ki, bu addımı ilə Əbülfəs Qarayev mədəniyyət tariximizdə qala bilər. Amma tamam əksinə oldu. İndi fəxri adların verilməsi daha da artıb.
   
   - Deməli, bu sürətlə növbə sizə də çata bilər...
   
   - Cavanlıqda fikirləşirdim ki, filankəslərə ad veriləndən sonra növbə bizə də çata bilər. Lakin indi başqa cürdü. Filankəslər qurtarır, yerinə başqaları gəlir, sən yenə kənarda qalırsan.
   
   - Hər halda növbə sizə də yetişdi. Bir müddət prezident təqaüdü aldız...
   
   - Bu işi təşkil edənlərə təşəkkürümü bildirirəm. Həmin təqaüd xeyli əlimizdən tutdu, yaslarımızı, toylarımızı yola verdi.
   
   - Ötən həftə çap etdirdiyiniz köşə yazılarınızın birində dostunuz Aslan Qəhrəmanlının "Vergi mədəniyyəti" kitabına toxunmusuz. Bəlkə siz də bir "Yeyib-içmək mədəniyyəti" kitabı yazasız. Sizi tanıyanlar bilir ki, ye-yib-içmək təşkil etməyi, qonaqlıq verməyi yaxşı bacarırsız...
   
   - Evdə mətbəx işlərinə qarışmağım var. Buna görə də həyat yoldaşım, övladlarım tərəfindən az danlanmamışam. Bir çox yeməkləri evdə özüm hazırlayıram. Bayaq sən dediyin məsələlərdə bacarığım var. Bu da bir istirahətdi.
   
   - Həmişə sərbəst rejimdə çalışan Tofiq abini Mədəniyyət və Turizm Nazirliynin məmuru kimi görəndə çox təəccübləndim. Həmin dövrü necə yaşadız?
   
   - Çox zor. İşin saat 9-da başlayıb 18-də başa çatmasına bir təhər dözmək olurdu. Əsas məsələ rəsmi protokol qaydalarına əməl etmək idi. Allah orda çalışanlara can sağlığı versin, bir il də artıq orada işləsəydim yəqin ki, ölərdim. Məni həmin vəzifədə görüb təəccüblənən tək sən deyildin ki... Tanışlardan kim görürdüsə təəccüblənirdi. Soruşurdular ki, sən bura necə gəlib düşmüsən? Amma bilimirdim ki, bunu nə məqsədlə soruşurlar, məni bura layiq görmürlər, yoxsa... Hər halda, məmur həyatı çox uzun sürmədi və mən buna təəssüflənmirəm də. Yeni nazir gənc kadrlarla işləmək istədi və mən oradan sakitcə getdim, heç kimdən incimədim də. Mənə başqa iş təklif etdilər, dedilər ki, "Mədəniyyət" qəzetinin baş redaktoru ol. O zaman həmin vəzifədə dostum Nemət Veysəlli çalışdığından bu təkliflə razılaşmadım. Nemətin müavini olmağa razılıq verdim, bilirsən də bir müddət onunla birgə işlədim, sonra qəzetin rəhbərliyi dəyişdi və mən oradan getdim.
   
   - İstanbulla ulduzunuz niyə barışmır? Dünyanı heyran edən bu şəhərdən narazılığınızı az qala hər yazınızda vurğulamağa çalışırsız. Yaşadığınız illərdən İstanbuldan heç bir xoş xatirə qalmayıb?
   
   - Təbii ki, xoş xatirələr də, qoyub gəldiyim gözəl dostlar da var. Onlardan birini - Cahangir həkimi sən də tanıyırsan. Mənim İstanbula gedişim taleyin bir işi idi. Nazim Hikmətin 1925-ci ildə SSRİ barədə necə təsəvvürü var idi? Elə bilirdi SSRİ dünyanın cənnətidi, amma Türkiyə yox. Bir az böyük çıxmasın, mən İstanbula Nazim Hikmət Moskvaya gedən ovqatda getmişdim. Sonra gördüm ki, İstanbulda heç kim heç kimin umrunda deyil. Mən orda yazı-pozu ilə məşğul olurdum. İstanbulda isə ancaq qələmlə həyat qurmaq mümkün deyildi. Türkiyənin başqa şəhərlərində - Konyada, Bursada yaşaya bilərdim. İstanbul isə mənim xarakterimə uyğun deyildi.
   
   - Bu arada "Qobustan"da, "Ulduz"da çalışan dostlarımızın bir neçəsinin telefon nömrəsi mənə lazım oldu. İstədim zəng edib sizdən soruşum. Telefonunuzun yaddaşında onların nömrəsi qalıbmı?
   
   - İndiki vəziyyətdə yox. Məndə qəribə xasiyyət var, 50 yaşımın qeyd olunduğu məclisdə kimlərin nə qədər pul yazdırdığı siyahını bu gün də saxlamışam. Bilirəm nəyi soruşmaq istəiyrsən. Yazıçılar Birliyindən bu gün yalnız Arif Əmrahoğlu ilə aradabir zəngləşirəm, bir də "Ulduz"un baş redaktoru Elçin Hüseynbəyli ilə hal-əhval tuturam. Elçin də mənim qonşumdu ona görə. Bir zamanlar o binada çalışdığım insanlarla heç bir əlaqə saxlamıram. Məsələnin bu cür alınmasında həmin insanların günahı yoxdu. Taledi də...
   
   - Yaşından asılı olmayaraq dost-tanışların çoxu sizə abi deyə müraciət edir. Mətin və Günelin övladları sizə yeni titul qazandırıb baba kimi özünüzü necə hiss edirsiz?
   
   - Açıq etiraf etsəm, bərbad. Bunun da o qədər səbəbləri var ki... Bu mövzuda gözəl yazarımız İradə xanım Tuncayla çox söhbətlərim olub. İradə xanıma da dəfələrlə demişəm, bir də görürsən İbrahim gəlib oturur yanımda. Baxıram ona, fiikrləşirəm ki, vaxt gələcək nəvəm də mənim yaşıma gəlib çatacaq və bir gün o da olmayacaq. Həyatın qanunu belədi, hər şeyin sonunda bir yoxluq qalır. Sən, mən bununla necə mübarizə apara bilərik? Allah tərəfindən yaradılan quruluş belədi. Mənim təfəkkürümə qalsaydı heç evlənməzdim. 70 yaşın ərəfəsindəyəm, bu gün varam, sabah yox. Mən də bütün insanlar kimi bir gün çıxıb gedəcəyəm. Oğlumun, qızımın vəziyyəti məndən sonra necə olacaq? Həmişə belə şeyləri düşünmüşəm.
   
   - Sentyabrın 1-də doğum gününüzdü. Cəmi iki il sonra da inşallah, yubiley yaşına çatacaqsız. Bu ərəfədə söhbətimizi bədbin notlar üzərində tamamlamaq yaxşı düşməz...
   
   - Əslində sentyabrın 1-i qondarma ad günümdü.
   
   - Bunu başqa dostumuz desəydi elə bilərdim ki, qonaqlıqdan canını qurtarmaq üçün bəhanə tapıb...
   
   - Sözün doğrusu, doğum ilim də dəqiq deyil. Bizdə doğum şəhadətnaməsi-filan olmayıb. Uzun illərdən sonra şəhadətnaməni yazanda doğulduğum ili soruşublar. Bizimkilər də deyib ki, müharibə başlayan vaxtı doğulub. Götürüb 1941-ci il yazıblar. Amma atamın, nənəmin dediyinə görə, müharibə Krımda olanda doğulmuşam. Bu da olub 1943-cü ildə. Əmim həmin vaxt Krımda vuruşurmuş. Ona yazıblar qardaşının oğlu olub, adını da Əliqismət qoymuşuq. Əmim də yazıb ki, burda mənim Tofiq adında kapitanım var, xahiş edirəm uşağın adını Tofiq qoyun. Ay məsələsinə qalanda, komsomola keçirdik. Gördülər ki, sənəddə doğum günü göstərilməyib. Mən də dedim ki, yazın sentyabrın 1-i. Görürsən də doğum günümü özüm təyin etmişəm. Hər il yaşın üstünə yaş gəlməsi insanda sevinc hissi doğurmur.
   
   - Göz dəyməsin, yaşınızdan çox cavan görünürsüz...
   
   - Mənim də qazancım budu.
   
   
   
   

TƏQVİM / ARXİV