ALLAH SƏSİMİ EŞİTDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
63416 | 2015-02-19 08:02
Onu Kolanıdan Bakıya gətirdi

Biz müxtəlif bölgələrdə doğulmuşuq. O, Naxçıvanda, mən isə Qarabağda. Amma buna baxmayaraq, yollarımız kəsişir. Həyat bizi Azərbaycan adlı məmləkətin müxtəlif guşələrindən arzu qanadlarında paytaxta gətirir. Elə bu paytaxtdada eyni ildə, eyni gündə tələbə adını qazanmışıq. Baxmayaraq ki, müxtəlif ünvanlarda doğulmuşduq, amma görünür alın yazımız, qismətimiz eyni olduğundan biz demək olar ki, həyatın bizə nəsib etdiyi dərdlərin qarşısında sınmadıq. Yəni o dərdləri də əynimizə geyinib yolumuza davam etdik və bu gün də davam edirik. Amma bu günə qədər...
Əvvəldə dediyim kimi, o, Naxçıvanda Şahbuz rayonunun Kolanı kəndində dünyaya gəlib. Elə bir kənddə ki, görənlər yəqin ki, göz önünə gətirə bilərlər. Görməyənlər üçün deyim ki, çay sahilində, dağ yamacında yerləşir bu kənd. Çay boyunca hər tərəf bağ-bağça, yaşıllıqdı, amma yamaclar bombozdu. Bu qəribə təzadın içərisində adamı düşündürən bir məqam var. O da burda yaşayan insanların saflığıdı, zəhmətsevərliyidi, qonaqpərvərliyidig Mən bunları Kolanıda olanda çox yaxından müşahidə etdim. Gördüum ki, bu kəndin adamları gələn qonağın kimliyi ilə maraqlanmır, sadəcə, bu kəndə gəldiyi üçün onu hər kəs öz evinin qonağı kimi qarşılayır, qonağı etmək istəyir. Bax, onda, yəni hələ 80-ci illərdə mən bu müşahidəmlə o kəndə elə orda doğulmuş bir adam kimi vurulmuşdum. İndinin özündə də bu kənd mənim xatirələrimin, yuxulaımın ən maraqlı səhifələrindən birini təşkil edir. Həm də ona görə ki, mən o kənddə qazandığım, dost, ürəyimə köçürdüyüm insan və onun ailəsi mənə o kənddə bir ev də qazandırdıg


Universitetdə başladı tanışlığımız, özü də elə ilk dərsdən. İkimiz də hərbi xidmətdən qayıtmışdıq. Ona görə də yenicə məktəbi bitirib universitetə qəbul olunan tələbə yoldaşlarımızdan görkəmcə, yaşca seçilirdik. Bu da bizi bir-birimizə yaxınlaşdıran ilk səbəb oldu. Bir-birimizin əlini sıxdıq. O gündən bu günədək əllərimiz və qəlblərimiz bir-birimizdədi. Bütün tələbəlik illərimizdə yanaşı oturduq. Amma sizə bir sirr də açım. Mən dərsə dəftər-kitab gətirməyə o qədər də çox can atmırdım. Ona görə də daha çox onun dəftərlərindən istifadə edirdim. Xüsusilə ilham pərim məni havalandıranda yavaşca onun dəftərini dirsəyinin altından çəkib qələmini də əlindən alıb ağlımdan gəlib keçəni həmin dəftərin son səhifələrinə yazırdım. Yəni şeirlərimin ilk ayaq tutuduğu yer onun mühazirə dəftərləri olurdu. Hətta bəzən dərsin o şirin anında mən dəftəri ondan çəkib alırdım. Üzümə tərs baxsa da, heç nə demirdi. Eləcə başını bulayırdı. Mən də gülümsəyirdim. Bu da o demək idi ki, "istəyənin bir üzü qara, verməyəning" Bəli, bütün tələbəliyimiz boyu az qala dırnaqdan saça qədər bir-birimizi öyrəndikg ailələrimizi tanıdıqg Naxçıvanda, Kolanıda, Qarabağda, Tuğda olduq. Sevincli anlarımızda da, kədərli məqamlarda da. Bax, bütün bunların içərisində mən onun - üç bacının bir qardaşı olan Firudinin evdə özündən yaşca kiçik olan bu qızlar üçün bir ana, bir ata sevgisiylə, istəyiylə yaşadığını, davarndığını, onların güvənc yeri olduğunu zaman-zaman hiss etdim və 13-14 yaşlı qardaşını, 40-45 yaşlı anasını itirəndə də bütün bu dərdlərə necə dözdüyünü anlamağa çalışdım. Və mənim üçün Firudin bir dözüm, bir iradə simvoluna çevrilidi. Çünki bu itkilər bir tələbəni çox şeydən məhrum etmişdi. Xüsusilə ana nəvazişindən, ana payından, ana diqqətindən. Amma buna baxmayaraq, o, içindəki nəfsi də öldürdü, bir çox istəklərinin də üstündən xətt çəkdi. Sadəcə və sadəcə təhsilini mükəmməl başa vurmaq üçün neçə qat əziyyətlərə qatlaşdı. Bu da asan deyildi. Gündüz əyani təhsil almaq, gecə növbəsində işləmək, kitabxanaya qaçmaq, qazandığından üzərinə də tələbə təqaüdünü qoyub kəndə göndərməkg Bəli, Firudin belə oxuyurdu. Belə yaşayırdı. Amma inanın ki, o, bir dəfə də olsun hansısa bir dərsdən geri qalmadı, hansısa imtahanda sıxılmadı. Əksinə, tələbə yoldaşlarımız canlı şahiddilər. Bütün imtahanlarda hər şey onunla başlayırdı. İlk olaraq imtahan otağına o daxil olur, ilk bileti də o çəkirdi. Hərdən zarafatla deyirdim ki, bu məsələdə birinci olmaq sənin alnına yazılıb. Təbii ki, o da zarafatından qalmırdı:

- Bəs sənin alnına nədə birinci olmaq yazılıb? - deyə soruşurdu.

Təbii ki, müəyyən halda hazırcavablığım işimə yarayırdı və deyirdim:

- Mənim də alnıma sənin birinci dostun olmaq yazılıb

Doğurdan da o mənim birinci dostum olmuşdu. Dost demişkəng
Biz tələbə olanda beş dost idik. Bir yerdə qalırdıq, bir universitetdə oxuyurduq. Bizi axtaranlar birimizi görəndə digər dördümüzü də rahatca tapırdı. Amma fələk namərdlik etdi. Arzularımızın yenicə çiçəkləndiyi bir vaxtda həmin dostlardan birini, yəni Ələsgəri qəflətən əlimizdən aldı, ömrü yarımçıq qaldı. O biri dostumuz məmur oldu. Müəyyən məsələlər onun xarakterinə öz təsirini göstərdi. Amma Vaqif, Firudin və mən dostluğu həm də qohumluğa çevirdik. Çox müqəddəs bir qohumluğa. Tarix elmləri doktoru olan Vaqif qardaşımızın iki oğul balasının hərəmiz birinə kirvəlik etdik. Və bizim ailələrimizin bağlılığı bir-birinə elə qaynayıb qarışdı ki, indi onu ayrı təsəvvür etmək mümkün deyil. Xüsusilə hamımızdan çevik olan Firudinig

Doğurdan da həyatda elə məqamlar var ki, onu əldə etmək, onu ürəyə, yaddaşa, xüsusilə ailə yaddaşına yazmaq hər adama nəsib olmur. Amma bizim dostluğumuzda təmənna olmadığından bunu edə bildik. Burda üzr istəyib bir açıqlama vermək istəyirəm. Bizim də təmənnamız var bir-birimizdən. O da maddi deyil, sadəcə mənəvi təmənnadı. Yəni diqqət təmənnasıdı - özümüzə yox, ailəmizə, uşaqlarımıza. Çünki bizim kəsişən, qovuşan yollarımız artıq o ailələrin yoluna çevrilib. Ona görə də biz bir-birimizdən həm də müəyyən məsələdə bir ağsaqqal kimi məsləhət, hətta tənbeh gözləyirik. Tam səmimiyyətlə deyim ki, bizim ailədə professora bir ağsaqqal kimi yanaşdıqları halda, Firudinə məni danlayıb tənbeh edə biləcək qardaş, dost kimi baxırlar. Yəni, övladlarım məhz onu mənə təsir etmək gücündə olduğunu birmənalı şəkildə qəbul ediblər. Ona görə də hansısa bir narahat məqamda çəkinmədən onun nömrəsini yığırlar və yaxud "ata, Firudin əmiyə deyəcəyik" deyə xəbərdarlıq edirlər. Bütün böunlar məhz həmin o doğmalıqdan, səmimiyyətdən qaynaqlanır. Çünki bizim bizdən başqa da kimsəmiz yoxdu. Burda söhbət ruh bağlığığından, ürək doğmalığından, ailə mühitindən gedir. Ona görə də nəyimiz varsa, həm maddi, həm də mənəvi rahatca bölüşə bilirik. Nəyimiz yoxdursa, onun üçün də nəsərət çəkmirik. Bilirik ki, gücümüz çatanın, imkanımızın bəhrəsini əldə etmişik. Bunu həm də bizə Tanrı özü nəsib edibdig

Həyatım boyu bir istəyi içimdə özümlə daşımışam və bu günə qədər onu heç kimə də deməmişəm. Amma indi etiraf etmək istəyirəm. Bilmirəm, siz buna necə baxacaqsınız. Amma əlimi ürəyimin üstünə qoyub Allah qarşısında etiraf etmək istəyirəm ki, içimdə saxladığım həmin o arzu məndən xəbərsiz çin olub. Çünki mən həyatım boyu qandan, candan mənə doğma olan bir böyük qardaş arzusunda olmuşam. İstəmişəm ki, həyatı anlayan, hər yükün altına girməyi bacaran, elə güvəncli bir ağsaqqal kimi göz önündə olan bir böyük qardaşım olsun. Mən də onun üstünə qaçım, mən də ona güvənim, mən də özümü ürəkli, arxalı sayımg Amma neyləyim ki, bu qandan, candan gələn böyük qardaş istəyim çox ləngidi, çox yubandı. Mən həyatın yükünə, zərbələrinə təkbaşına dözdüyüm hallarda, ağrılarla vuruşduğum məqamlardag Məhz onda Allah səsimi eşitdi. Gözümün önündə, yanımda, ürəyimdə onu gördüm, gördüm ki, Firudin Xıdıroğlu qarşımda durub. Özü də dağ kimi. Elə bir dağ ki, onu yerindən kimsə tərpədə bilməz. Bax, onda əlimi göyə açdım!..

Hə, insanlar təkcə bir atadan, bir anadan qardaş doğulmurlar. Bu mənim gəldiyim nəticədi. Mən 35 ildi ki, Firudinlə dostam, qardaşam. Və 35 ildi ki, həyatımın bütün nöqtələrini bir dost kimi, bir insan kimi onunla bölüşür, onunla hətta ömür-gün yoldaşıma demədiyimi də ona pıçıldayıram, ondan məsləhəit, ondan dəstək alıram. Onun səsini eşidib, onun özünü görüb ayaqda daha möhkəm dayanıram. Bu, Allahın mənə ölçüsü, çəkisi bilinməyən ən böyük mükafatıdı. Düşünürəm ki, arxada qalan 35 ili Qarabağsız, Tuğsuz olsam da, qürurlu, elə gördüyünüz görkəmdə yaşamağımın əsas səbəbkarı məhz Firudin Xıdıroğludu. Buna ancan şükr edirəm! Və bir də ona şükr edirəm ki, bu dünyanın Kolanısız var. Mən Tuğa gedə bilməsəm də, Şahbuza, Kolanıya getmək imkanım, haqqım əlimdən alınmayıb. Axı orda da mənim evim var. Və sondag

Hə, tələbəlik illərimiz şirin bir xatirədi. O xatirənin başlanğıcı Azərbaycan adlı məmləkətin müxtəlif bölgələrində arzularının ardınca gələn Firudinlə, Vaqiflə və mənimlə bağlıdı. Və bir də bizim üçün ən incə bir tel də, yəni dostluğumuzu qüvvətləndirən bir şah dammar da Firudinin xanımının bizim tələbə yoldaşımız olmasıdı. Məhz bu xanım biz dostları, daha doğrusu, öz qardaşlarını bir yerdə görməkdən həmişə məmnundu. Yəqin ki, indi deyəcəyim söz, daha doğrusu, yazacağım fikir hər kəs tərəfindən anlayışla qarşılanacaq. Evin xanımı evin kişisinin dostlarını ailənin üzvlərindən biri sayanda mehribanlıq daha da artır! Və indi biz dostların gözləntisi həmin ailələrdə toy, şadlıq mərasimləridi. İnşallah, onu da yaşayarıq. Və Firudin müəllim öz xanımı ilə birlikdə o yükün altından dostların və Allahın köməkliyi ilə rahatlıqla çıxacaq. Çünki onu diqqətdə saxlayan Allahı və güvəndiyi (elə bizim də güvəndiyimiz - Ə.M) dostları var.

TƏQVİM / ARXİV