adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HƏR iMZA BiR BARMAQ iZiDi...

VAHİD ƏLİFOĞLU
24386 | 2009-08-22 01:50
... Dilimiz zəngin dildi. Amma mənə elə gəlir ki, söyüş ifadə edən sözlər daha çoxdu. Elə ona görə də əcnəbi dilləri öyrənəndə birinci söyüşdən başlayır. Tamam unudulmaq nifrətlə yada salmaqdan yaxşıdı. Bəlkə də yox... Əyalətdən baş kəndə boylanıb kiminsə dərdinə şərik olmaq ölmüşün yorulmuşu şəllənməyinə oxşamır ki?..
   
   ... Dünyada var olmağın təkcə yaxın ətrafın üçün maraqlıdısa narahat olmağına dəyər... Tofiq Abdinin təbii nigarançılığının Nərgiz Cabbarlının gəldiyi qənaətlə nə qədər üst-üstə düşdüyü əslində məni təəccübləndirdi, amma təəssüfləndirmədi... Köşə yazıları yazmaq pis roman yazmaqdan heç də utandırıcı deyil... Yetmiş il yazıçının, şairin ədəbi mühitdəki yeri bitib-tükənməyən romanlarla, saysız-hesabsız poemalarla ölçülüb, həmişə... Kim daha çox, kim daha "qalın" yazır...
   
   ... Ailəmizin maddi durumuna az da olsa müsbət təsir edəcək sənədlər bir həftədi evdə, stolun üstündədi. Arvadın (xanımımın- V.Ə.) təqaüd sənədləri. İndi təqaüdə çıxmaq nəinki, ömrün hansısa mərhələyə çatdığını bilib kədərlənməkdi, əksinə "bankomat" açılan xoşbəxtlik qapısıdı. Məlum dövlət idarəsinə təqdim olunası bu sənədlərin bütün tələb möhürləri, imzaları yerli-yerindədi. Horadiz şəhərinə getmək və bu sənədləri qeydiyyatdan keçirmək lazımdı. Günü-günə sata-sata bura qədər gəlib çıxmışam. Orasını da dəqiq bilirəm ki, nə qədər tez çatdırsan, bir o qədər nəticəsi yaxşı olar...
   
   ... Mən xeyli həvəssiz və normadan artıq pessimist adamam. Həmişə atacağım ən sadə addımı da dəfələrlə götür-qoy etmişəm. Kəsəsi, bu günün işini səhərə saxlayanların ön cərgəsindəyəm... Kiçik bir anlaşılmazlıq səbəbindən uzun illərin dostluğuna kölgə də salmağa cəhd etmişəm... Bir ay heç nə yazmadım. Hətta bu qərarımdan öz-özümə bəzi yekəxana mesajlar da ünvanladım: "Yazmayacağam. Görək səhifəyə hansı yazını tapıb qoyacaqlar"... (Guya ki, hansısa qəzetin yaşaması mənim qələmimdən asılıyımış - V.Ə.).
   
   ... Özümü sadə, təvazökar hesab etsəm də qızlarım deyir ki, ata səndə son vaxtlar özündən razılıq əlamətləri görünməkdədi. Görünür yaşla əlaqədardı. Möhlət müddətinin qısaldığı, şöhrət və təminatın isə heç vaxt olmayacağı artıq göz qabağındadı. Bu dağların arxasında itmiş dana ümumiyyətlə yox imiş... Amma o gün xudmani ailə məclisində "şappadan" bəyan etdim ki, məmləkətdə ən yaxşı şair-publisist elə özüməm. Süfrə başındakılar bunu növbəti zarafat hesab etsələr də, boynuma alım ki, mən bu sözləri 80% ciddi dedim...
   
   ... Axır ki, Horadiz səfəri baş tutdu. Sürücü görünüşündən, geyimindən oxumuş, müasir adama oxşayır. Ordan-burdan, Qarabağdan, İraqdan, Amerikadan, "donuz qripindən" xeyli söhbət etdik. Hər zaman, hər yerdə olduğu kimi yorulub, bəlkə də bezib susduq...
   
   ... Nəhayət, yoldaşım maqnitafonun düyməsini basdı. Salona şux, oynaq musiqi sədaları yayıldı:
   
   
   
   Kişi: Qızım, səni verim qəssaba
   
   Qadın: Yox, getmərəm qəssaba,
   
   Baltası itidi, dərimi soyar...
   
   ...Bahalı maşını, pulu, sanballı vəzifəsi olan sürücü mahnıdan ləzzət alırdı, nə boyda. Arada qımışıb dedi ki, uşaqlar bu kaseti şəhərdən məxsusi mənimçün tapıb, göndəriblər...
   
   Mən Horadizə gedirəm, bəs bu millət hara gedir, ilahi?
   
   ... Rəhmətlik, böyük Niyazi çıxdı camaatın qarşısına. Dərhal səs-küy kəsildi. Yoxsa qapını, pəncərəni sındırmaq istəyirdilər. Maestro təmkinlə, təbəssümlə gülümsəyib dedi:
   
   - Narahat olmayın. Konsert olacaq. Gecikmənin səbəbi köməkçi hissədə oxumalı olan qadın müğənninin gecikməsidi...
   
   ... Həmin gün Süleyman Abdullayev tək oxudu. Düz gecə saat birə qədər... Yarıda qapıları açdılar, çöldəkilər də girdilər içəri. Tamaşaçılar oturacaqların sayından iki dəfə çox idi... Səsin və Bəhram Nəsibovun möcüzəsiydi, o axşam... Bu gün Bəhram Nəsibov sağ deyil, Süleyman Abdullayev isə "Dədə" tituluynan toylarda çörək pulu qazanmaqda...
   
   ... Üç aydan bir bizim kəndin poçtuna iki ədəd "Qobustan" jurnalı gəlirdi. Bizim bir ədəbiyyat müəllimi var idi, o alırdı, ikincisini qardaşım. "Qobustan" o dövrün tələblərinə, ölçülərinə uyğun gəlməyən, oxucunu həqiqətən təəccübləndirən və heyrətləndirən bir jurnal idi. Bu jurnalda iki dəfə Van Qoqu, Pikassonu, Pirosmanini tanımışam... Hər nömrəni vərəqləyəndə əvvəlcə Məhərrəmoğlu, Azər Abdulla, Vidadi Paşayev imzalarını axtarmamışam... O vaxt o yazıları mən əlçatmaz hesab edirdim, həm də müəlliflərini...
   
   ... Ədəbiyyatın mübaliğəsiz intibahı olan o illərdə tək "Qobustan" deyil, "Azərbaycan", "Ulduz" jurnalları da əldən-ələ, evdən-evə "gəzirdi". Bu jurnalların hər nömrəsi doğrudan-doğruya ədəbi hadisə idi...
   
   ... Qəribədi, 30-40 il keçəndən sonra o dövr nədənsə "sərinliklə", "xalaxətrin qalmasın"la xatırlanır. Niyə? Çünki o jurnalların tarixindəki yerini müəlliflərin deyil, baş redaktorların adı ilə bağlamaq daha sərfəli görünür. Mən baş redaktorların zəhmətini, cəsarətini, təşkilatçılığını danmaqdan çox uzağam... Amma gizli deyil ki, "Qobustan"ın, "Azərbaycan"ın, "Ulduz"un yolunu səbirsizliklə gözləyənlər əslində məlum imzaları, Məhərrəmoğlunu, A.Abdullanı, İ.Məlikzadəni, S.Səxavəti, A.Abbası, R.Rövşəni, E.Baxışı və s. gözləyirdilər. Burada haqqı çatıb, adı çəkilməyənlər məni bağışlasın... Çünki mən hələ bağışlamaq səlahiyyətinə çatmamışam...
   
   ... Tanışlıq, ünsiyyət çox şeyi sadələşdirir, adiləşdirir. Bir saatın içində baxıb görürsən ki, onlar da sən yeyəndən yeyir, sən çəkəndən çəkir, hətta arvadlarından da sən qorxan kimi qorxurlar... Heç kim düşündüklərinin, yazdıqlarının əsli deyil, surətidi... İndi o yazıçı və şairlərin çoxu ilə şəxsi tanışlığım var... Və görürəm ki... Yox, dayanaq....
   
   ...Qismətin təkcə boğazdan keçənlərdən ibarət olduğunu düşünənlər hardasa haqlıdı. Səxavətlilik edib desələr bir kəlmə sözə də şükür. Bəyəm dünya özü də bir kəlmə sözdən yaranmayıbmı?
   
   ...Məhsul əkənin, səpənin, suvaranın və biçənin deyil, xırmançının adına yazılır.
   
   ...Rəhmətlik Səməndər Rzayev:
   
   - Gör, mən nə günə qalmışam ki, indi məni "düttülü" ilə təbrik edirlər...
   
   ...Yox, bütün olub-keçənlərdə və gələcəkdə qabaqcadan hesablanmış qanunauyğunluq var...
   
   ... Sürücü əlini böyrümə toxundurdu:
   
   - Çatırıq...
   
   ...Kişi: Qızım, səni verim, "manısa".
   
   Qadın: Yox, getmərəm, "manısa".
   
   Fikri, xəyalı puldadı,
   
   Başı qalmaqaldadı...
   
   ... Gözümə duran bu yol bir "mahnıdan" da qısa imiş. Qədərsiz bildiklərimizin çoxu elə qəssabdan "manısa" qədərdi...
   
   ...Qabiliyyət bir nəfərin alın yazısıdı. Onu paylaşmaq, başqa alına "köçürmək" olmaz...
   
   ...Hər bir imza barmaq izləri kimi təkrarsız və bənzərsizdi... Barmaq izlərimin məxsusluğunu təsdiq etməyə dəyməz. Çünki yazdıqlarımda cinayət tərkibi aşkarlanmayıb.
   
   
   
   P.S. Bu yazının Tofiq Abdinin ad gününə dəxli var.

TƏQVİM / ARXİV