HƏFTƏMiN ACISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
35091 | 2009-08-22 01:50
... Çoxdandı onunla nə rastlaşırdım, nə də bir-birimizi telefonla axtarırdıq. Necə deyərlər, hərəmiz öz işimizdə-gücümüzdə, öz qayğılarımızla yaşamaqda idik. Və həftənin ilk iş günü ilk telefon zəngi ondan gəldi. Səsi bir az həmişəkindən fərqli idi. Amma mən ilk anda bu fərdin dərinliyinə varmadım. O da adəti üzrə hal-xoş etdi:
   
   - Salam əmioğlu. Nə var, nə yox, işlərin necə gedir, uşaqlar nətərdi?
   
   Mən də bütün bu etiketlərə ümumi qaydada cavab verib qarşılıqlı olaraq həmin sualları ona ünvanladım. Və sonda da təəccübləndiyimi bildirmək üçün xeyir ola? - dedim.
   
   - Qara xəbər olmasın, hüzr düşüb. Dedim xəbərin olsun.
   
   Və ardınca da pauza verib, bircə söz dedi:
   
   - Pəhlivan dünyasını dəyişdi...
   
   Elə bil bir anlıq hər şey qaranlığa büründü və bir anlığa da o qaranlığın içindən ağappaq işıq zolağı göründü. Yola da bənzəyirdi. O yolla çox-çox uzaqlara getdim...doğulduğum kəndə... oxuduğum məktəbə...oxuduğum sinifə... o sinifdəki 32 şagirdin hamısı bir-bir gözlərimin qarşısından keçdi...ilahi bu uşaqlar hamısı nə qədər məsum idi... Hə, başladı bu uşaqların yarpaq tökümü və ...
   
   Və başladım düşünməyə. Pəhliva n bu dünyada nə gördü ki? Orta məktəbi başa vurdu, hansısa peşə məktəbini oxudu, kənddə bir az dülgərlik etdi, bir az bağbanlıq, sonra qaçqınçılıq... Hə yadımdan çıxmamış, əvvəl iki-üç yaşında anasını itirdi, sonra da atasını... Rəhmətlik atasına "əmi" deyirdi. İstənilən bir məsələ ilə bağlı danışanda inandırmaq üçün əmisinin canına and içirdi...sonra qaçqınçılıq...sonra Haramı düzü...sonra...hə, sonrada ki, ölüm... vaxtsız, vədəsiz - 50 yaşın astanasında...
   
   Hə, bəs Pəhlivandan nə qaldı bu dünyada?.. Belə götürəndə uşaqlarının, qohum-qardaşın, el-obanın yadında xatirəsi...Budurmu həyat?.. Budurmu yaşamaq?..
   
   Eh, qəhr olası dünyadı.
   
   
   
   bir yarpaq qopdu budaqdan
   
   budaq ağlayacaqmı görəsən?
   
   qəlbimə düşən bu dağdan
   
   nisgil saxlayacaqmı görəsən?..
   
   
   
   bir budaq yarpaq itirdim
   
   yarpaq budağa qayıtmaz...
   
   sonsuz bir yuxuya getdi-
   
   tufan da qopsa, ayılmaz...
   
   
   
   bir yarpaq... bir budaq...bir ağac
   
   hər il yenidən başlanır həyat...
   
   hər yaz tapılır bir əlac -
   
   amma payıza gedir heyhat...
   
   
   
   ***
   
   
   
   Elə bil həmin günün bütünlüklə qəm üstündə kökləndi. Özümdən asılı olmayaraq keçmişdən qopub ayrılmağa nə qədər cəhd etsəm də, alınmır ki, alınmır. Elə bil ki, maqnit sahəsinə, cazibə dairəsinə düşmüşdüm. Sadəcə beynimdə bir fikir at oynadırdı. Arxada qalan günlər istər sevincli, istər kədərli olsun, artıq əlçatmazdı. Bu əlçatmazlığa biz xatirə donu geyindirib özümüzlə yol yoldaşı edirik. Bununla bilmirəm təsəlli tapırıq, ya öyünürük, ya elə-belə bu hərəkətlərə vərdiş etmişik... bilmirəm...doğrudan-doğruya bilmirəm! Sadəcə bildiyim bir həqiqət var. O hələ ki, mənə aid bir həqiqətdir. Bu həqiqətin də mənası, yozumu mənim üçün ondan ibarətdir ki, bu günün bir əli dünənin yaxasındadı, dünənin bir əli isə bu günün yaxasında. Ona görə də nə əli kəsmək olur, nə yaxanı. Nə də ətəyi...
   
   
   
   günlər
   
   heç nə soruşmadan
   
   icazəsiz-filansız
   
   şığıyır irəli...
   
   ov üstünə gedilmiş kimi...
   
   günlər -
   
   dünənə qarışmadan
   
   çözə-çözə fikirləri
   
   getsə də,
   
   görünsə də
   
   səhv edilmiş kimi
   
   heç nəyi dəyişmir
   
   plansız
   
   çünki,
   
   arxadadı bir əli...
   
   
   
   ***
   
   Havalardan baş açmaq olmur. Elə bil təbiət də insanların əsəbləri ilə oynayır. Şəxsən mən avqust ayında Bakıda bu cür anlaşılması mümkün olmayan havaya, yəni iqlimə rast gəlməmişdim...bir az yaza oxşayır, bir az yaya, bir az da payıza. Elə hər şeydən, yəni hər fəsildən bir az, bir az olduğundan elə əhvalım da bir az, bir az korlanır. Təzyiqim də hər gün bir az, bir az "cıdıra" çıxır...aşağıdan qovursan yuxarı, yuxarıdan qovursan aşağı...
   
   Həkimlər də məsləhət görüb ki, müəllim, bəlkə bir havanı dəyişəsən? Mən də özüməməxsus şəkildə deyirəm ki, sizi bilmirəm, mənim havam çoxdan dəyişib. İndi o havaya tay oynayan yoxdu... Həkimlər də nə dediyini bilir, mən də dediyimi yaxşı anlayıram... Bax, elə həftənin ilk gününün acısı ilə başlayan əhvalım da həmin havadan qidalanıb, həmin hava üstundə köklənib. Ona görə də nə ulduz falına, nə də yuxulara o qədər əhəmiyyət vermirəm. Amma əvvəllər xoşum gəlirdi səhər-səhər telekanalların ulduz falını dinləməkdən və yaxud da gördüyüm yuxunu yozmaqdan...Hə, hər dəfə də gəlib oxucularımızın imzasını sevə-sevə izlədikləri, duzlu yazılarından ləzzət aldıqları dostum Oqtay Salamova bütün bunları danışırdım, o da özünəməxsus şəkildə yuxuma və yaxud ulduz falıma bir şərh verirdi. Axırda da deyirdi ki, mütləq yuyulmalıdı. Elə "yuyulmaq" deyə-deyə bir də gördüm ki, qəzetimizin ulduz falında mənə aid olan bürcdə həmişə Oqtay Salamov ümidverici sözləri, fikirləri cəm eləyibdi. Mən də kənddən gəlsəm də o qədər də hərif deyildim ki, hər ulduz falına görə, Oqtaya qonaqlıq verəm... Yəqin fikirləşəcəksiniz ki, Oqtay Salamovun bu mövzuya nə dəxli vardı?! Oxuyanda biləcəksiniz... Deməli, dostumuz çox ciddi bir müalicə proseduru keçməkdədi, Allah şəfasını versin. Elə ona görə də bir müddətdir ki, oxucuları ilə görüşə bilmir. İnşallah, sağlamlığı bərpa olandan sonra gəlib ürəyində olanların hamısını sizlərə çatdıracaq...
   
   Hə, deməli, ulduz falında, yuxu söhbətində qalmışdım. Görünür bunun da öz dövrü varmış... Bu da gəlib keçdi, arxada qalan günlər kimi. Elə ona görə də içimdəki nisgili başdı-başına buraxmışam, qoy istədiyi kimi çapsın atını... Köhnə qədeşlərin sözü olmasın, dünya beş günlükdü - dərdim kef eləsin, nisgilim qol qaldırıb oynasın özü üçün. Mən isə...
   
   
   
   buyur,
   
   əyləş qarşımda
   
   hamının önündə
   
   gözlərini
   
   gözlərimə köçürüb...
   
   sus,
   
   dinib heç nəyə qarışma
   
   səni ürək adlı
   
   isti bir köynəkdən
   
   keçirib...
   
   sonra
   
   bir ovuc bulaq suyuna
   
   şair duası oxuyub
   
   elə ovcumda da
   
   sənə içirim...
   
   isti köynək...
   
   bir ovuc su...
   
   şipşirin
   
   bir yuxu olsa da bu-
   
   nə olar,
   
   imkan ver -
   
   mən də ömrümdə
   
   bir dəfə
   
   başqalarından
   
   arzumun
   
   çin olmasıyla seçilim...
   
   
   
   ... Hə, bu da başa çatan həftə. Bu həftədə nələr oldu, özüm də bildim, özümlə maraqlananlar da, özümün maraqlandıqlarım da, özüm olanlar da... Onların da həftəsini mən bilirəm. Çünki az-çox bir yerdə yaşadıq həftəni. Görək qarşıdan nə gəlir? Bəlkə sən bilirsən?..

TƏQVİM / ARXİV