adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

40-da həyəcanlı, 45-də sakit adam

CEYHUN MUSAOĞLU
32353 | 2009-08-22 02:31
"Deputat oldun-olmadın bu, səndə heç nəyi dəyişdirmir"
   
   "İstedadsız gəncə yol açıb, istedadlı yaşlının
   
   ağzını qapatmağa çalışmaq yenilik deyil"
   
   "Ədəbiyyata həvəsim evimizdəki
   
   abu-havadan başlayıb"
   
   "Həyatımın yamaq hissələri yoxdur"
   
   "Dünən elədiklərim sabah qarşıma çıxacaq,
   
   sabah elədiklərim dünənə qayıdacaq"
   
   "Xarakterimdə olan bir-iki cəhətin üstündən xətt çəkib
   
   elə qəzet buraxaram, Azərbaycanda çaxnaşma salar"
   
   ""Həyat nədir" sualı 40 yaşında adamın boğazına çökür"
   
   "525-ci qəzet"i nəşr etdirmək ən böyük xoşbəxtlikdir"
   
   "Qarabağ" avqustun 20-də Hollandiyada "Tventi"yə uduzdu. 45 il öncə avqustun 21-də Ağdamda doğulan Rəşad Məcidə bu hadisənin nə qədər ağır təsir edəcəyini onu tanıyanlar yaxşı anlayır, tanımayanlar isə müsahibəni oxuyub başa düşəcəklər.
   
   Gözləmədiymiz zərbənin təsiri altındayıq. Belə məqamda həm sən, cənab oxucu, həm də Rəşad Məcid, yəqin məni bağışlayarsan ad gününə layiq giriş yazmadığıma görə. Avqustun 19-da "525-ci qəzet"in redaksiyasında baş tutan söhbətimizdə Qarabağın Hollandiyadakı oyununa proqnoz da vermişdin. Təəssüf!
   
   Nəsə, görünür qələbələrdən qələbəyə doğru addımlamaq hələ ki, millət olaraq qismətimizə yazılmayıb. Hər sınaqdan qalib çıxmağı bacaran fərdlərimiz isə var. Onlardan birini ilk təbrik edən mən oldum.
   
   
   
   - Səhv eləmirəmsə, sizi ən tez təbrik edən mən oldum.
   
   - Vaxtından qabaq təbrikinə görə minnətdaram. Adətən ad günümü təmtəraqla qeyd etməyi xoşlamıram. 45 yaş isə mənimlə razılaşarsız ki, əlamətdardır. Belə bir məqamda sənin kimi istedadlı dostumdan ilk təbriki eşitmək və müsahibə vermək çox xoşdur.
   
   - Yaşınızın çoxalması necə, xoşdur?..
   
   - 40 yaşım tamam olanda qəbul etmək istəmirdim. Qırx yaşı olan və olacaq dostlarıma da deyirəm ki, 40 ağır yaşdır. Onu daşımaq, yaxud ona qoşulmaq elə də asan deyil.
   
   - Qorxuya düşdüm. Axı hələ 40 yaşım yoxdu.
   
   - 40 adamdan qorxmağı yox, daha məsuliyyətli olmağı tələb edir. "Həyat nədir" sualı 40 yaşında adamın boğazına çökür. Dəqiq cavab tapmalısan və həmin cavabın tələbinə uyğun yaşamağı bacarmalısan. 40 yaşımdan az bir müddət keçəndən sonra başa düşdüm ki, yaş insan həyatında əhəmiyyətli dərəcədə yer tutmur. 45 yaşında da, özünü ürəyində hiss etdiyin yaşda qalmaq olar. Bu mənada çox sakitəm, qarşıdan gələn 45-i təmkinlə qarşılayram.
   
   - Varlığınızda zərrə də olsun dəyişiklik hiss eləmirsiz?
   
   - Arxada qalan bəlkə də hər gün istər-istəməz adamı dəyişir. Amma mən bu dəyişiklikləri yaşın özəlliyi sayıram. Fiziki cəhətdən ağırlığı hiss etməmək mümkün deyil. İnsan ağırlaşır, yerişində, duruşunda fizionomiyadan gələn tələblər öz təsirini göstərir...
   
   Nə sözünü kəsərdim Rəşad Məcidin. Deyərdim, səndə ağırlıq-filan hiss olunmur. Nə yeriş, nə duruş, canım?.. Gördüm də iş kabinetinə girəndə stolun arxasından çıxıb mənimlə necə şövqlə görüşdün.
   
   Təəssüf ki, fikirlərimi sual şəklində ünvanlaya bilmədim. Bizdə ağzıgöyçəklər çoxdu. Oxuyub elə biləcəklər tərifləyirəm onu. Mənsə düzünü deyirəm. Bu necə cəmiyyətdi, düz danışana damğa vururlar?.. Darıxma, bu suala Rəşad müəllim mütləq cavab verəcək. Hələ o, 45 yaşın özəlliyindən danışır.
   
   ... Əlbəttə zamanın, müşahidə etdiyin hadisələrin, yaşadığın situasiyaların sənin həyatında danılımaz rolu var. Bütün bunlar insanı təmkinli olmağa, hadislərə soyuqqanlı yanaşmağa vadar edir. 45 yaşdan sonraya da qeyri-müəyyən baxmıram, düşünürəm ki, dünən elədiklərim sabah qarşıma çıxacaq, sabah elədiklərim dünənə qayıdacaq və bütövlükdə bu həyat mənimki olacaq.
   
    - Gənclik yaşınız çoxdan keçib. Bəs niyə gənclər barəsində söhbət düşəndə sizin də adınız çəkilir?
   
   - Çox güman bu, baş redaktorluğumla bağlıdır. Bir dəfə demişəm ki, xarakterimdə olan bir-iki cəhətin üstündən xətt çəkib elə qəzet buraxaram ki, Azərbaycanda çaxnaşma salar. Razıyam, qəzet bir az dinamik olmalı, kimisə cırnatmalıdır... Biz isə fərqli yol seçmişik. 1992-ci ildə "525-ci qəzet"in ilk sayı çıxanda ön söz yazmışdım ki, qəzetimiz gənclərin olacaq. Taleh elə gətirdi Yazıçılar Birliyində gənclərlə iş üzrə katib oldum və gəncliklə bağlılığım bir növ rəsmiləşdi. Gənc Ədiblər Məktəbinə də rəhbərlik edirəm. Bugünlərdə Qazaxda Gənc Liderlərin Yay Universitetində gənclərə mühazirə oxudum. Gənclərin arasında olmaq insanı daha ayıq saxlayır, hadisələrə daha ayıq gözlə baxırsan. İnsan 45-də, 65-də, 75-də, yəni həmişə gənclərlə təmasda olsa, həyata bir o qədər bağlı olar. Adımın gənclər arasında çəkilməsindən məmnunluq duyuram.
   
   - Razılaşaq ki, gənclərin arasında olmaqla yanaşı, həm də onların kənarındasız. Söhbət müxalif düşüncəli gənc yazarlardan gedir.
   
   Gürcüstanın futbol şərhçisi vardı- Kota Maxaradze. Oyunu şərh edərkən deyirdi: nə qədər top göydədi, mən sizi komandaların heyəti ilə tanış edim. Hə, nə qədər ki, müsahibim suala cavab verməyib, müxalif düşüncəli gənclərin içərisində Ceyhun Musaoğlunun da adını çəkənlərin nəzərinə çatdırım: həmin yazar yaradıcılıqda şəxsiyyət dartışmasının əleyhinədir. Müxalif düşüncəli gənclər deyiləndə göz önünə gələnlər isə siyasətçinin siyasətinə, ədəbiyyatçının əsərinə deyil, şəxsiyyətinə qiymət verirlər. Hansı ki, şəxsiyyət toxunulmazdı. Başqasının əməli, hətta niyyəti müzakirə edilə bilər və edilməlidir. Demək istəyirəm, "söhbət müxalif düşüncəli gənc yazarlardan gedir" xatırlatmasında "söhbət"dən sonra "mənim də təmsil olunduğum" ifadəsinə rast gəlməsəz ürəyinizə başqa şeylər gətirməyin. Hələ görün Rəşad Məcid nə deyir:
   
   - Onlarla şəxsi münasibətlərim normaldır. Bəlkə birinin, yaxud ikisinin adını çəkə bilərəm ki, əlaqəm yoxdu, görüşmürük. Bəzən söz atışmasına çıxdığımız yazarlarla səfərlərdə, məclislərdə bir yerdə oluruq. Amma yenə də öz fikirlərimi, səhv yolda olduqlarını onlara deyirəm. Həmin yazarları Yazıçılar Birliyinə cəlb etməkdən ötrü uzun müddət çalışdım. İstədim bu quruma dövlətin göstərdiyi qayğıdan həmin yazarlara da pay düşsün. Hesab edirəm onların içərisində istedadlı cavanlar var. Yadınızda qalsın, ədəbiyyatın itirəcəyi heç nə yoxdu. İstedadlar həmişə olub və bu torpaq belələrini yetişdirmək qüdrətinə malikdir. Gənc Ədiblər Məktəbində olduqca maraqlı düşüncəyə malik gənclər var. Bir necə ildən sonra onlar Azərbaycan ədəbiyyatında ciddi şəkildə öz sözlərini deyəcəklər. Pessimist olduğum vaxtlardap elə bilirdim daha gənclər ədəbiyyata maraq göstərməyəcək. Nə yaxşı ki, belə olmadı.
   
   - Azərbaycanda çıxan nüfuzlu mətbuat orqanlarının baş redaktorları arasında hakimiyyətə gəlmək istəyənlərlə yanaşı, indiki hakimiyyətdə təmsil olunmaq istəyənlər də var. Milli Məclisdə oturan qəzet rəhbərlərini də tanıyırsız. Sizin siyasətə yönəlik arzunuz nədir? Nəzərə alsaq ki, 2008-ci il prezident seçkisində prezidentin vəkili olmusunuz, gələcəkdə siyasi arenada Rəşad Məcid adını eşidəcəyimiz istisna deyil. Yanılmıram ki?..
   
   - Nəyinsə davasını aparanlardan deyiləm. "525-ci qəzet"i nəşr etdirmək və bundan zövq almaq həyatımın mənasıdır və ən böyük xoşbəxtlikdir. Təəssüf edirəm ki, müxtəlif səbəblərdən ortaya istədiym qəzeti qoya bilmirəm. Fikirləşirdim, müstəqilliyimizin 18-ci ilini yaşadığımız bir dövrdə artıq mətbuatımız iqtisadi rıçaqları güclü, ölkənin ictimai həyatına təsir edəcək səviyyədə biznes strukturu kimi fəaliyyət göstərib böyük bir instituta çevriləcək. Gözləntilər baş tutmayanda işləmək çətin olur. Qəzetə enerjimin 15-20 faizini xərcləməyimin bir səbəbi də bununla bağlıdır.
   
   Hər bir insan istər ki, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etsin, siyasətə təsir göstərən fikirlər səsləndirsin. Qəzet redaktorunun bu istiqamətdə fəaliyyət göstərməsinə daha geniş şərait var. Qəzetçi millət vəkilindən daha artıq məsələlərə münasibət bildirmək imkanına malikdir. Ona görə mən heç nəyə can atmıram. Nəsə gəlib məni tapırsa, bu, taleyin işidir. Heç bir zaman karyera uğrunda mübarizə aparmamışam.
   
   Xoş günlərində insanın xətrinə dəyməzlər, bilirəm. Elə ona görə yubliyara demədim ki, onun "hər bir insan istər ki, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etsin" cümləsi ilə razılaşmıram. Əgər hər bir insan ölkənin ictimi-siaysi həyatında yaxından iştirak etmək istəsəydi, torpaqlar işğalda olmaz, cəmiyyətimiz bunca aşağılanmış təsir bağışlamaz, azərbaycanlıların alnına "laqeyid" damğası vurulmazdı. Ad günün qutlu olsun Rəşad Məcid. Aşağıdakı sualıma görəsə bağışla da, görə-görə susa bilmərəm axı. Bax bu suala görə:
   
   - Oxucu kimi deyirəm: "525-ci qəzet" mühafizəkar qəzetdir. Mühafizəkar qəzetin ictimai-siyasi həyata hansı təsir effektindən danışmaq olar?
   
   - Şübhəsiz, oxucusu olduğun qəzetdə mühafizəkarlıq var, amma bu, yeniliyə qapalı olduğumuz anlamına gəlmir. İnkişafın inqilab yox, təkamül yolu ilə baş verməsinin tərafdarıyıq. Təsadüfi deyil ki, "525-ci qəzet"də zaman-zaman çalışan jurnalistlər, yazılarını böyük məmuniyyətlə dərc etdiymiz insanlar ölkənin ictimai-siyasi həyatında önəmli yer tuturlar. Biz mühafizəkarlığımızla məktəb yaratmışıq. Bu məktəbin yetirmələri ölkəyə layiqincə xidmət göstərirlərsə, deməli, mövqeyimizdə haqlıyıq.
   
   - Təkamül uzun illər bahasına başa gəlir, inqilab isə bir anın içərisində hər şeyi dəyişir, yəni illərin itirilməsinə ehtiyac olmur.
   
   - Elə o pisdir ki, inqilab hər şeyi dəyişir. İnqilabların bir-iki ildə bizə verəcəyi böyük köklü dəyişikliklərin sonradan vurduğu zərərləri, cəmiyyəti on, bəzən iyirmi illərlə geriyə atması faktlarını nə qədər istəsəz sadalaya bilərəm. Çox az yaradıcı adam ola bilər ki, inqilab tərəfdarı olsun. Bəlkə də heç beləsi yoxdur. Çünki inqilab mütləq dağıdıcılıqla müşayət olunur. Yaradıcılıqla dağıdıcılıq isə bir-birinə ziddir. Ola bilməz sən bu aksiomanı bilmirsən.
   
   - Əlbəttə ola bilməz, sadəcə qəbul eləmirəm. Düşünürəm, çox gecikmişik. Başqa xalqlar xeyli irəlidədir...
   
   - Başqa xalqların yaşının çoxluğu onların formalaşmasında mühüm rol oynayıb. Hər bir arxada qalan gün onu qoyub növbəti günə adlayan insana dərsdir. Bu mənada başqa xalqların dərsəlrinin sayı çoxdur. Çox dərs keçən çox öyrənər. Biz dünyaya açıq gözlə cəmi 20 ildir baxmağa başlamışıq. Tarix üçün 20 il azdır. Tələsməyə dəyməz. Hər bir cəmiyyət layiq olduğu mərtəbəyə çıxacaq. Pillələri bir-bir qalxmaq iki-iki, üç-üç qalxmaqdan daha asan və əlverişlidir. Həm yorulmursan, həm də yıxılmaq, yıxılaraq da yenidən başladığın nöqtəyə qayıtmaq təhlükəsi yaşamırsan. Gördün, yenə gəlib çıxdıq təkamül nəzəriyyəsinə...
   
   Susdum. Deməyə sözüm vardı. Sadəcə, mövzunun hər ikimizi dərinə aparıb çıxaracağından ehtiyatlanırdım. Ondan - bundan çoxlu sitat tələb edən mövzudu. Belədə isə özün də bilmədən onun-bunun təbliğatı ilə məşğul olursan. Filankəs belə demişdir...Bəhmənkəsin kitabından oxumuşam... Söhbəti dəyişmək üçün dəxli olmayan sual verdim. Diktafona qulaq asarkən öz sualımdan yaman utandım. Eşidirəm, deyirsən ki, yazma. Yox, bu olar riyakarlıq. Əgər sualı vermişəmsə və onu müsahibim eşidibsə, səndən niyə gizlədim. Rəşad Məciddən soruşuram:
   
   - Müsahibə verərkən şablon suallar eşitməyi xoşlayırsız?
   
   - Şablon həyatı məhdudlaşdırır. Kim istəyər ki, həyatı məhdudlaşsın. Amma jurnalistlərin bu tipli suallarna cavab verirəm. Daha onu pərt eləmirəm.
   
   - Əminəm ki, hazırda sizdən müsahibə götürən jurnalisti də pərt etməyə səy göstərməyəcəksiz. Ona görə risk edib sizdən soruşuram: arxada qoyduğunuz həyata yenidən boylananda nəyin üstündən xətt çəkmək istərdiz və nəyi özünüzlə gələcəyə daşıyardız. Məni başa düşün, hələ cəmiyyətdə bu sualı verənlər və bu sualın cavabını gözləyənlər çoxdur. Təbii, oxuyub qınıyanlar da tapılacaq. Razı qalanlar isə daha çox olacaq.
   
   - Sualınız şablon olmağına şablondu. Təqdimatı fərqli olduğundan candərdi cavab verməyəcəm. Bu həyat yaxşısıyla, pisiylə mənimdi. Heç nəyi yerindən tərpətməzdim. Dünənkilər dünəndə, bugünkülər bugündə, sabahkılar sabahda qalsın. Dünəndən götürüb bu günə qoysan, yerinə düşməyəcək. Yaşadığın bir dəqiqən belə yerinə düşməyəndə kənardakılara sənin həyatının həmin hissəsi yamaq görünür. Mənə elə gəlir ki, həyatımın yamaq hissələri yoxdur.
   
   - Deyirlər, Azərbaycan istedadlıların dəfn olunduğu məkandı. Bu fikirdə həqiqətin payı çoxdur, yoxsa ifratın?
   
   - Bu fikir başdan-ayağa ifratdır. Onu səsləndirən şəxs və yaxud şəxslər qərəz bataqlığına düşənlərdəndir. Azərbaycan elə böyük ölkə deyil ki, hardasa istedadlı adam olsun, cəmiyyət ondan xəbər tutmasın. Dəfələrlə olub ki, bir cümləsinə görə onun müəllifinin istedadlı olduğunu bilmişəm və həmin gənci tapıb bacardığım dəstəyi vermişəm. Mənim kimilər çoxdur. Kimsə deyə bilməz, filankəs istedadlıdır, amma yazılarını çap eləmirlər, kölgədə qalıb. Fərqinə varmadan gəncliyi önə çıxarıb, yaşlı nəsli arxaya itələmk düz deyil. İstedadsız gəncə yol açıb, istedadlı yaşlının ağzını qapatmağa çalışmaq yenilik deyil.
   
   - "10 sentyabır" kitabı ilə kifayətlənməyiniz nəylə bağlıdır?
   
   Elə ürəyimdən keçirdi, sualın ardını belə cətirim: olmaya yenə 11 sentyabr olmalıdır?.. Utandım, ayıb bildim. Ürəyimdə saxladığım sualı müsahibəni köçürəndə yazıram ona görə ki, müsahibimdən "bu nə şeytani sualdır?" cavabı eşitmək qorxusu yoxdur. Yazmaya da bilmirəm. Düşünmüşəm axı. Düşünmüsənsə onu demiş kimisən. Müqəddəs kitablarda yazılır: Allah sizi əməllərinizə yox, niyyətlərinizə görə qiymətləndirəcək. Rəşad Məcidin niyyətinin saf olduğunu təkəbbürlü cavab vermədiyindən bildim. Hər halda "bərkgedən yazıçılar" kimi demədi: "Möhtəşəm əsər üzərində işləyirəm. Bütün fikrimi, zikrimi ona yönəltmişəm. Darıxmayın, ədəbiyyat camesində partlayş olacaq". Eləcə aşağıda oxuyacağınız fikirlərlə kifayətləndi:
   
   - Bədii yaradıcılıqla məşğul olmağa imkan yoxdur. Bir az da qəzetçilik adamı bədii yaradıcılıqdan uzaq salır. Digər tərəfdən isə hərdən sözün nəyisə dəyişəcəyinə inanmırsan. Belədə daha çox fikirlərimi publisistik yazılarda ifadə edirəm. "10 sentyabır" kitabım 40 yaşında çap olundu. 45 yaşım ərəfəsində növbəti kitabımı hazırlayıram. Kitab əsəsən publisistik yazılardan, səfər qeydlərimdən, tənqidi məqalələrimdən ibarətdir. Adı barədə fikirləşirik. Variantlardan biri "Əlvida və salam"dır. Hazırda "Təhsil" nəşriyyatındadır, yaxın vaxtlarda işıq üzü görəcək. 5 illik fasiləyə səbəb hardasa kitab oxuyanların azlığı ilə də bağlıdır. Əsasən yazılarımı qəzetdə çap elətdirirəm və reaksiya da doğurur. Məsələn, paytaxtın dəyişməsinin zəruriliyi ilə bağlı yazım uzun müddət disskusiyalarla müşayət olundu. Ötən il "Əsəd bəy və Nuridə xanım" essesi yazdım maraqla qarşılandı. Planda gənclərin yaradıcılığına həsr olunan kitab da var.
   
   - Nəyə əlvida, nəyə salam?..
   
   - Üzərində dayanmaq istədiymiz ad gənclərə həsr olunan yazının sərlövhəsidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyərkən tələbələrə qəzetimdə yer ayırmışdım. 1050-ci qrupun uşaqları idi. Təsadüfə baxın ki, 1050 525-in iki mislidir. Elə səhifənin adını da 1050 qoymuşduq. "Əlvida və salam" yazısının məzmunu gedən tələbələrə əlvida demək, gələn tələbələrə salam verməkdir. Yəni bütün gələnləri qarşılamaq gücündəyik. Gedənlərsə artıq peşəkar fəaliyyətə hazırdırlar.
   
   - Rüstəm Behrudinin şeirindəndir: bu şəhərdə əlvida deyib getməyə, salam verib qalmağa bir kimsə yox. Sizin həyatınızda belə anlar olubmu nə gedə bilmisiz, nə qala?
   
   Başıma vurmaq lazım deyil. Xəbərim var, sualıma təkrar şablon yükü hakim kəsilib. Nə olsun, onsuz orijinal cavab alıram. Oxu və zəif müsahibələrə "maraqsız müsahib yoxdu, maraqsız suallar verən jurnalist var" şəklində irad bildirən baş redaktorlara de ki, Ceyhunun sualı orijinal olmadığı üçün maraqsız və pafosdur, bəs niyə Rəşad Məcid artıq ikinci dəfədir orijinal və pafosdan uzaq cavab verir?...
   
   Soruşma ha, denən.
   
   - O dərəcədə hisslərimi bölüşməyə adam tapmadığım anlar olmayıb. Dərdimi bölüşməyə hər zaman sirdaşım olub. Təbii, elə hisslər var, sən onu tənhalıqda yaşamaq istəyirsən. Daha bunun üçün getmək nəyə lazım. Adam hamının içərisində də tək ola bilər. Hamı onu görər, o, heç kimi görməz.
   
   - Neçə dəfə deputat ola bilməmisiz?
   
   - Deyəsən üç dəfə. 1995, 2000, 2005-ci illərdə keçirilən parlament seçkilərində namizədliyimi vermişdim, birincidə qeydə alınmadım, ikincidə qeydə alındım seçilmədim, üçüncüdə geri götürdüm.
   
   - Namizədliyinizi xeyrinə geri götürdüyünüz şəxs yəqin ki, millət vəkilidir.
   
   - Bəli.
   
   - Onun yolundan çəkilməniz ikinizin arasında olan münasibətə konkret hansı istiqamətdə müsbət təsir edib? Demək istəyirəm, hörmətli deputatımız elə hesab etmir ki, elə belə də olmalıydı?
   
   - Son parlament seçkisində namizədliymi xeyrinə götürdüyüm şəxs Yeni Azərbaycan Partiyasının nümayəndəsi idi. Onu əvvəldən tanıyırdım. Mənə zəng vurub təşəkkürünü bildirdi. Əvvəlki iki seçkidə millət vəkili ola bilməməyimdən bir qədər təsirlənmişdim. 2005-ci ildə isə hər şeyə sakit baxırdım. Deputat oldun-olmadın bu, səndə heç nəyi dəyişdirmir. Əsas damla-damla yığdığın hörmətindir. Deputat olanda bu hörmət nə artır, nə azalır.
   
   Qazaxda gənc lilderlərlə görüşüm zamanı maraqlı suallar eşitdim. Onların suallarından hiss olunurdu ki, ayıq cavanlardır. O cümlədən mənə ünvanlanan suallardan biri beləydi: "Siz qazandığınız hörmətə şüurlu şəkildə nail olmusunuz, yoxsa öz-özünə yaranıb?" Bir qədər fikirləşdim və beynimdə dəqiqləşmə apardım ki, az-çox əldə etdiyim nəaliyyətlər qeyri-ixtiyari olaraq məni tapıb. Hansısa addım atanda onun divident gətirəcəyini hesablamamışam.
   
   - Eşitdiklərimdən, oxuduqlarımdan və gördüklərmdən belə nəticəyə gəlmişəm ki, uğurlarınıza çatmaq üçün elə də çətin, keşməkeşli yol keçməmisiz. Bu mənada sizi bəxti gətirmiş adam hesab etmək olarmı?
   
   - Bizim cavanlar bəzən elə addımlar atır gələcəkdə onların altını çəkəcəyinin fərqinə varmırlar. Ümumiyyətlə, xəbərləri yoxdur ki, elədikləri mütləq qarşılarına çıxacaq. Ola bilsin daha tez populyarlaşmaqdan ötrü bəzi gənclər belə yol tutur. Gələcəkdə onların bioqrafiyasında daha çox mənfi məqamların nəzərə çarpacağını unudurlar. Ola bilsin mənim bəxtim gətirib. Dünyaya gəldiyim ailədə gələcəyimə ciddi təsir edən tərbiyə görmüşəm. Atam iqtisadçı olmasına baxmayaraq, mütaliəyə xüsusi diqqət ayırırdı. Gözümü açandan evimizdə çoxlu kitablar olub. Bu kitablar bəzi evlərdə olduğu kimi rəfləri bəzəmək xatirinə toplanmayıb. Hamısı oxunandan sonra rəflərə düzülüb. Ədəbiyyata həvəsim məhz burdan-evimizdəki abu-havadan başlayıb. Qarşıma çıxan adamlar düz yol göstərib. Mərhum xalq şairi Hüseyn Arifi çox hörmətlə yad edirəm. Valideynlərim başqa peşə sahibi olmağımı istəyirdi. Hüseyn Arifə şeirlərimi oxuyandan sonra birmənalı olaraq valideynlərimə dedi ki, Rəşad istedadlıdır və onu ədəbiyyatdan ayırmaq olmaz. Aqil Abbasla tanışlığım da bəxtimin gətirməsindən xəbər verir. Gənc yaşlarımda Anar müəllimlə, Yusif Səmədoğlu ilə tanış olmuşdum, onlarla oturub çörək yemişdim. Belə təsadüfləri bəxtin ayağına yazmaq olar. Başqa tərəfdən, belə şəxslərlə çoxları görüşə bilər, amma bəxtdən düzgün yararlanmaq lazımdır. O insanlarla münasibətdə dünya görüşüm zənginləşirdi, həyata baxışım formalaşırdı... Mətbuat Şurası idarə heyətinin, Müşahidə Şurasının üzvü, Yazıçılar Birliyinin katibi və başqa sahələrdə irəlidə olmağımı öncədən palanlaşdırmamışam. Bütün bunlara görə hansısa xüsusi tədbirlər hazırlamamışam. Hər şey fəaliyyətimin nəticəsi olaraq meydana çıxıb. Bəxtin gətirmədiyi məqamlar da az olmayıb...
   
   - Məsələn, üç dəfə cəhd göstərsəz də deputat ola bilməmisiz.
   
   - Özünüz də etiraf etmiş oldunuz ki, həmişə bəxtim gətirməyib.
   
   - Amma dəqiq bilirəm, ayağınız yünğüldü: iki dəfə "Qarabağ" komandasının oyununda görüşü meydandan izləmisiz və komandamız qələbə qazanıb. Hətta hesabı və qolu vuracaq futbolçunun adını da öncədən demişdiz.
   
   - Xüsusi ilə 23 iyulda keçirilən oyunda ruhun əməyi az olmadı. Düşünürdüm, 23 iyulda "Qarbağ"ın qələbə qazanması bizim ruhumuzun ölmədiyini göstərəcək. Çox xoşbəxtəm ki, elə də oldu. Özümü elə də güclü futbol həvəskarı hesab etməsəm də müasir dünyada müharibə meydanlarının idman meydançasıyla əvəzləndiyini, xüsusi ilə futbolun mədəni savaş meydanını xatırlatdığını bilirəm. Həmin oyunda həm futbolçuların dəstəyi, həm də oyunçuların ruh numayiş etdirməsi göstərdi ki, bizim genetik kodlarımız güclüdür, Qarabağı qaytarmağa qadirik və layiqik.
   
   Rəşad müəllim "Qarabağ"ın avqustun 20 - də Hollandiyada "Tventi"klubu ilə keçirəcəyi oyuna da ümumi proqnoz verdi. Ayın 19-u idi. Müsahibə isə 22-də dərc olunacaq deyə, həmin proqnozu qeyd eləmirəm. Bizdə səmimiyyətin səviyyəsi aşağı olduğundan "oyuna baxıb, nənəm də proqnoz verər" məzəmmətinə tuş gəlmək ehtimalı həmişə var.
   
   - Çox primitiv sual gəlib ağlıma. Sizdən isə primitiv cavab gözləmirəm. Torpaqlarmızı nə vaxt qaytaracağıq?
   
   - Şuşa işğal olunanda keçirdiyim hissi həyatım boyu keçirməmişəm. Şuşa Azərbaycanın mənəviyyatıdır. Adamın mənəviyyatını əlindən alanda necə olar?..Toğrul Nərimanbəyov dünyanın hər yerini gəzsə də, deyir ki, Şuşadan gözəl şəhər tanımıram. "Artıq qocalırıq. İnsan doğma şəhərində yaşamaq istəyir. İmkanım olsaydı Şuşada ömrümü başa vurardım"- bu fikirlər Polad Bülbüloğluya məxsusdur. Fərhad Bədəlbəylinin də buna bənzər fikirlərini oxumuşam. Görürsünüz, bu şəxslər bir başa oralarla bağlı adamlardır, oralıdırlar. Torpaqlarımızı o vaxt alacağıq ki, hamımız eyni dərəcədə o torpaqların ağrısını yaşayaq. Hamımız Şuşalı olaq.
   
   "Hamımız Şuşalı olaq". Bu çağırışdan sonra diktafon lentinin yazılmış xeyli hissəsini kompyüterin yaddaşına köçürməmək qərarı verdim. Müsahibənin yazılmamış hissəsində olduqca maraqlı fikirlər qaldı. Zamanında birərbirər oxuyacaqsız. Rəşad Məcidə demədim, sizə deyirəm. Hamımız Şuşalı olaq yox, hamımız Şuşasız olaq. Çoxluq həqiqətən Şuşasız olduğundan xəbərsizdir. Eşidiblər, amma dərk eləmirlər ki, Şuşasız olmaq nədir. Yoxsa gənc yaşlarından özündə ziyalı ruhu daşıyan 45 yaşlı yazarın ad günündə dərddən-sərdən danışmazdıq ki...
   
   Arzum: Rəşad Məcid, heç vaxt deməyəsən bu da belə bir ömürdü yaşadım. Cümlədən aşkarca boylanan təəssüf hissi adamın ürəyinə sancılır.
   
   Allah ürəyinə görə versin.

TƏQVİM / ARXİV