adalet.az header logo
  • Bakı 20°C

ARADAN NƏ KEçDi Ki?...

VAHİD ƏLİFOĞLU
23904 | 2009-08-15 00:59
... Necə yaşayırsan mənsiz, erməni,
   
   yaman darıxmışam sənsiz, erməni...
   
   
   
   ... Kişi öz evinə girəndə qapını döyməz. Ya əli, ya da ayağı illə itələyib keçər içəri. O evin qapısını döyərlər ki, qapının arxasında ən azı doğma olmayan bir nəfər kimsə ola...
   
   Qarabağ arxasında yadlar yaşayan qapıdı. Heç vaxt üzümüzə xoşluqla açılmayan qapı... Açarı cibimizdə, kilidini dəyişiblər... O qapının arxasındakı otaq bizimdi. Bizim atamızındı, atamızın atasınındı. Atamızın atasının atasınındı... Biz o qapını döyməməliyik, sındırıb açmalıyıq...
   
   ... 1989-cu ildə Qarabulağın (Füzulinin-V.Ə) ermənilərlə qonşu kəndlərində hər gün olmasa da günaşırı bir azərbaycanlı qətlə yetirilirdi. Amma radioda, televizorda erməni-azərbaycanlı dostluğu, qardaşlığı haqqında silsilə verilişlər gedirdi. Qırmızı Bazarın bir sürü erməni "ziyalısı", zəhmətkeşi "Kommunist" qəzetinə guya müraciət ünvanlamışdı. Həmin müraciət qəzetin birinci səhifəsində çap olunmuşdu və bu cümlələrlə bitirdi:
   
   - "Biz azərbaycanlılarla yüz ilin qonşusuyuq. Son tikəmizi həmişə yarı bölmüşük. Heç bir qüvvə iki qardaşı bir-birindən ayıra bilməz"...
   
   Bu müraciətə biz tərəfdən də doluxsuna-doluxsuna cavab verənlər oldu...
   
   ... O vaxtlar Çartazda gorbagor Suren Adamyan var idi. "Pul razborkası"nda ermənilər özləri güllələmişdilər. Bu tərəfdə şayiə yaydılar ki, bəs Suren "kişi"ni Qarabağın Azərbaycandan ayrılmasının əleyhinə olduğuna görə cəhənnəmə vasil ediblər.
   
   ... "Yasamaldan reportaj yazırıqsa, niyə Xankəndindən də yazmayaq?"... Hansı azərbaycanlı oxucu üçün maraqlıdır ki, Xankəndində sümsünən erməninin qayğıları azarı-bezarı nədən ibarətdir?... Gündəmə gəlmək, qəzet-jurnal səhifəsinə düşmək üçün pis ideya deyil...
   
   ... Rusiya, Ermənistan televiziyalarının operatorları "şaqqaşaq" səni çəkir, palaz-palaz müsahibələr verirsən... Brayza gülümsəyir, Fasye əl çalır, Merzlyakov "donbalaq" aşır...
   
   Yadımda deyil, hansısa xarici jurnalist yazmışdı:
   
   - "Hazırda Şuşada yaşayan keçmiş Bakı ermənisi Bakıda yaşadığı illəri ömrünün ən xoşbəxt anları kimi xatırlayır. Bəlkə də 1992-ci ildə Şuşaya hücum edənlərin ön cərgəsində olub, ya da dayım oğlu Əlikram "Üçtəpə"də elə onun gülləsinə tuş gəlib...
   
   ... Şuşada Pənahəli xanın, İbrahim Xəlil xanın, Natəvanın ruhuna rast gəlsəniz utanıb qızarmayın. Deyin ki, biz burdayıq, sizin nəvə-nəticələriniz... Ağdamdan gəlməyə imkan olmadı, bu yandan, bu xarabadan keçib gəldik...
   
   ... Bir cib Şuşa torpağı, bir butulka da "İsa bulağı"nın suyundan gətirin... Səpərik büstləri, heykəlləri güllələnmişlərin məzarlarına...
   
   ...Bu məaqamda şair Həsənqulu Yurdsevərin düyün bağlamış dərdi çevrildi poyeziya yarpaqlarına:
   
   
   
   ... Baldan şirin imiş vətən torpağı,
   
   Şuşa qalasına çıxdım, qayıtdım...
   
   Hoçaz amalımın nurlu çırağı,
   
   Minkənddə su kimi axdım, qayıtdım.
   
   
   
   Aşmışdı qayalar dumandan tülü,
   
   Qranit daşların çınqıllar "külü".
   
   Dərib Topxanadan "Xarı bülbül"ü
   
   Medal tək köksünə taxdım, qayıtdım.
   
   
   
   Vaqifin izində bitmişdi lalə,
   
   Xanın səsi gəldi, sanki şəlalə.
   
   Püskürdü içimdən bir odlu halə,
   
   Kirsdə şimşək kimi çaxdım, qayıtdım.
   
   
   
   Həsənqulu, könlün gəlməsin təngə,
   
   Çox da ruh cavandı, cismin ələngə.
   
   Dağların qoynunda döndüm pələngə
   
   Qarlı zirvələrə baxdım, qayıtdım...
   
   
   
   ... Öz yurduna, öz ocağına dəvətlə, icazə ilə getməkdənsə nə çoxdu budağı haça ağac, su qiymətinə tapılan Allahın iki metr kəndiri...
   
   ... Xalqın diplomatiyası olmayıb, heç vaxt. Diplomatiya fərdlərə, xalqın seçdiyi şəxsə məxsusdur...
   
   Sovet hökumətinin vaxtında yaxşı vəzifə tutmaq, yüksək imtiyaz sahibi olmaq üçün gərək idi ki, arvadın olaydı ya rus, ya da erməni...
   
   ... İndi də belədi. Forma dəyişib, məzmun eynidi. Ermənini əzizlə, erməniyə yaxınlaş, erməniyə nəvaziş göstər... Dığa Dinkin leşi üstə başına, gözünə döyən erməninin qabağında ikiqat olub üzr diləyən türklər kimi... amerikaya, Avropaya budu çıxış... Bizə güllə atanlara gül atın. Kökümüzü kəsənlərin kökünə mineral kübrələr verin, peyin tökün...
   
   ... Bir dastan yazmışam. "Asya və Qasım", "Əsli və Kərəm"dən daha orjinal, daha müasir. Axırda evlənirlər. Toyları həm Bakıda olur, həm də Yerevanda...
   
   ... Yüz illər sonra yeni bir Qarabağ müsibəti ilə üz-üzə qalan nəvə-nəticələrimiz tüpürməyə üz, söyməyə gor axtaracaqlar. Əgər onlar da Şuşaya Yerevandan keçib gəlməsələr...
   
   ... Xankəndindən azərbaycanlı jurnalistin hazırladığı reportajın proqnoz layihəsindən fraqment:
   
   ... "Xankəndi. Saat 15:30-du. Girdimə prezidentin iqamətgahından çıxırıq. Cənab Saakyanın isti, qonaqpərvər qəbulundan sonra yaxınlıqdakı bağda istirahət edən nurani (nursuz-oxu), ağsaqqal (pırsımış-kursiv Aqil Abbasındı) bir erməniyə yaxınlaşıram:
   
   - Salam. Mən Azərbaycandan gəlmişəm.
   
   - Ay əleykümə salam. Belə xoş gəlib, səfa gətirmisən. Həmişə sən gələsən. Adım Arakeldi. Özümdə Bakı ermənisiyəm...
   
   Erməninin gözlərindəki məsumluq, nisgil, həsrət dərhal nəzərimi cəlb edir.
   
   - Arakel, dayı (?) Bakı üçün darıxmırsan? Cibindən dəsmal çıxarır, sel kimi axan göz yaşlarını silib, hıçqıra-hıçqıra deyir:
   
   - Elə darıxıram, bala. Hər gecə yuxumda Ermənikənddə ki, evimi, qonşularım Əlini, Vəlini görürəm. Canım çıxır sizdən ötrü... Sonra ətrafımıza yoldan keçən ermənilər də toplaşırlar. Ağlıya-ağlıya bir yerdə "Aman, ayrılıq" mahnısını oxuyub ayrılırıq"... Bu epizod mənim xəyalımın, naşı qələmimin məhsuludu... Gör nə aləm olacaq Xankəndində bu mənzərəni öz gözləri ilə görüb qələmə alan peşəkar jurnalistin yazdıqları...
   
   ... Samanlıqda çidarlansa da atın adı atdı. Eşşəyə yüz il arpa yedirdəsən yenə də adı eşşək qalacaq. Ən yaxşı halda xırman xotuğu deyəcəklər...
   
   ... Samanlıqdakı at yaxşıdı, yoxsa xırmandakı eşşək?...
   
   
   
   P.S. Erməni jurnalistlərini Bakıya dəvət etsəniz Haramıya, köçkünlər yaşayan qəsəbələrə gətirməyi unutmayın...

TƏQVİM / ARXİV