adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Vahid dünyası

VAQİF YUSİFLİ
25186 | 2015-02-18 01:14
Əliağa Vahid XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri.
Füzuli və Seyid Əzimdən sonra qəzəl janrını və əruz vəznini yeni bir zirvəyə qaldıran, klassikanı sönməyə, qürub etməyə qoymayan bənzərsiz şairimiz.
Qəzəlləri muğam sənətimizin, muğam ifaçılarının repertuarından düşməyən ustad sənətkarımız.
Aylar, illər keçdikcə xalqın dilindən düşməyən Vahidimiz.
O, elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, qəzəl janrı artıq öz nüfuzunu itirməyə başlamışdı və Mirzə Ələkbər Sabir bir satirasında epiqonçu qəzəlçiləri lağa qoymuşdu. Qəzəlin dili, bədii təsvir vasitələri sanki bir dairənin - özü də qapalı bir dairənin içindən sıyrılıb çıxa bilmirdi. Qəzəl xalqa gedib çatmırdı.
Vahid gəldi və qəzəlləriylə xalqın ürəyinə yol tapdı, onu xəlqiləşdirdi, mümkün qədər mücərrəd ərəb və fars kəlmələrindən təmizlədi, həm də qəzələ yeni məzmun gətirdi.
Azərbaycan ədəbiyyatında qəzəl janrının qədim köklərə malik olduğu, bu janrda Füzulinin, Nəsiminin, Xətainin, Saib Təbrizinin, Zakirin, Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Buzovnalı Azərin, Süleyman Rüstəmin böyük xidmətləri olmuşdur. Ancaq Qəzəl dedikdə üç böyük ustad xəyalə gəlir: Füzuli, Seyid Əzim və Vahid.
Vahid Füzulini çox sevirdi. Bir gün şairlər məclisində Füzuli sənətindən söhbət düşəndə Vahid deyir: "Füzulinin hər bir qəzəli möcüzədir. Mən təəccüb eləyirəm ki, bu böyük ustad nə əcəb peyğəmbərlik iddiasında olmayıb? Əgər belə bir fikrə düşmüş olsaydı, kəlamlarını möcüzə kimi təqdim edib məqsədinə nail olardı. O məclisdə biri deyir: "Ay Vahid, siz özünüz də Füzuli yadigarı, Füzuli şagirdisiniz". Vahid etiraz etmiş, demiş: "A kişilər, nə deyirsiniz, mən Füzulinin şagirdinin şagirdi ola bilmərəm. O kişi ad qoyub gedib. Onun əsərləri dəryadır. Mən də o dəryadan bircə qaşıq götürə bilmişəmsə, o da çay qaşığıdır. Mən bu barədə yazmışam: ""Böyük Füzulimizin xaki payının biriyəm"".
Vahid cəmi dörd sinifli bir məktəb bitirmişdi. Nəinki ali təhsil, heç orta təhsil də almamışdı. Yalnız öz şəxsi mütaliəsi və dərin zəkası hesabına şeirin-sənətin zirvəsinə yüksəlmişdi.
O, yaradıcılığa böyük Sabirin təsirilə başlamışdı. Hələ qəzəllərdən əvvəl elmsizliyi, nadanlığı, cəhaləti tənqid edən şeirlər yazmışdı. Ona şöhrət gətirən, bir şair kimi xalqın sevimlisinə çevirən qəzəlləri oldu.
Əzəldən Bakı ədəbi məclisləri əsl poeziya məktəbi olub. Vahid də bu məktəbin yetirməsidir. Bakıda XIX əsrin sonlarında "Məcməüş-şüəra" ("Şairlər yığıncağı") ədəbi məclisi fəaliyyət göstərirdi. Bu məclis XX əsrin otuzuncu illərinə qədər davam edib. Burada Məhəmmədağa Cürmi, Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzağa Dilxun, Mikayıl Seydi, Seyid Zərgər, Əbdülxalıq Yusif,, Əbdülxalınq Cənnəti, Haşıbbəy Saqib, Ağadadaş Müniri, Azər Buzovnalı kimi istedadlı şairlər öz şeirlərini oxuyur, bu şeirlər barədə fikir və mülahizələrini söyləyirdilər. Azər Buzovnalı Vahidin ustadı olmuşdur. Məclis üzvləri daha çox Əbdülxalıq Yusifin evinə toplaşardılar. Bir gün cavan Əliağa da bura gəlir. Bir tərəfdə oturub yaşca böyük müasirlərinə qulaq asırmış. Adət belə idi ki, məclisə yeni gələn şair gərək ustadların şeir sınağından keçəydi. Vahid bu sınaqdan uğurla çıxır. Əbdülxalıq Yusifin açdığı qafiyəni sona yetirir. O, ayağa durub Vahidi qucaqlayır və deyir: "Sən bu gündən sonra bizim məclisimizin üzvüsən. Mən sənə VAHİD ləqəbi verirəm".
Öncə dedik ki, Vahid qəzəli xəlqiləşdirdi, qəzəl birbaşa xalqın auditoriyasına daxil oldu. Vahid qəzəli məzmunca da yeniləşdirdi, onu mücərrəd rəmzlərdən, simvolikadan xilas etdi, göy gözəllərindən deyil, yer gözəllərindən yazdı, qəzələ nikbinlik çalarları aşıladı.
Əsrlərdən bəri qəzəlin baş mövzusu EŞQ olub. Amma bu EŞQin mənaları da birrəngli olmayıb. Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludu onun şeirləri.

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vətənin qəzəllərində Eşq ali, müqəddəs bir hiss kimi tərənnüm olunur. Onun sevgisi kamil və safdır, cismani məhəbbətlə bağlı deyil. Dar mənfəətdən uzaqdır. Bu mənada Füzulinin eşq konsepsiyası ilə Vahidin məhəbbət düşüncələri arasında heç bir ziddiyyət yoxdur. Fərq yalnız orasındadır ki, Vahid gözəlin vəsfində, ona olan sevgi hisslərində daha çox real həyat adamı idi. Vahid deyirdi ki:

Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünü öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfü-pərişanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Piri könlüm gəlir ilhamə, görərkən hərdən,
Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.

Vahidin qəzəlləri küllən gözəl bir eşq dastanını xatırladır. Burada Aşiq-Məşuqə sevgisi, bu sevginin hər anı insan qəlbinin ən dəruni hisslərinin ifadəsidir.

Ey gül, sənə dünyada bərabər yenə varmı?
Səndən də gözəl sevgili dilbər yenə varmı?

Gülzari-cahanda görəsən, səndən əlavə,
Ən incə, lətafətli güli-tər yenə varmı?

Qadına, sevdiyi gözələ sitayiş Vahid qəzəllərində dönə-dönə vurğulanır. Vahidin lirik qəhrəmanı canan yolunda hər bir əzaba hazırdır, təki vüsala yetsin. Çünki sevmək, sevilmək dünyanın ən müqəddəs duyğusudur. Bəs insan nəyə görə yaşayır?

Xaki-məzar Vahidə bir laləzar olur,
Qoysan əgər onu öz əlinlə məzarə sən.

Vahid sadə, kasıb bir həyat tərzi keçirmişdir. Amma bütün ömrü boyu bir kimsəyə baş əyməmiş, həmişə qürurlu olmuşdur. Yazıb-yaratmağa 1914-cü ildən başlamışdır. İlk şeirlərini-qəzəl, meyxana və felyetonlarını "İqbal", "Zəhmət", "Bəsirət", "Tuti", "Məzəli" qəzet və jurnallarda dərc etdirmişdir. Şura inqilabından sonra isə şeirlərini "Kommunist", "Maarif və mədəniyyət", "Şərq qadını", "Yeni yol", "Gənc işçi" və s. mətbuat səhifələrində çap etdirmiş, özü də mətbuatda çalışmışdır. Müharibə illərində isə təbliğat-təşviqat briqadaları tərkibində kolxozlarda, fabrik və zavodlarda çıxışlar eləmişdir. O, meyxana janrına da meyl etmiş, öz hazırcavablığı ilə o zaman Bakı məclislərində hörmət qazanmışdı. Məmməd Rahim öz xatirələrinin birində yazır ki, Ukraynadan Bakıya qonaqlar gəlmişdi. Təsadüfən Vahid və Müşfiq də o məclisdə idi. Vahiddən xahiş edirlər ki, bədahətən bir bədiə desin. Vahid razı olur, bu şərtlə ki, Müşfiq ona şagirlik etsin. Vahid belə bir bədiə başayır: "Qorxum yoxdur vuruşmadan, vaynadan, Xoş gəlibdir qonaqlar Ukraynadan".

Vahid və musiqig

Həm Vahidin sağlığında, həm də indi elə bir xanəndə yoxdur ki, Vahiddən oxumasın. Çünki Vahidin qəzəlləri dilinin sadəliyinə, xəlqi məzmununa və məna zənginliyinə görə muğama, mahnıya tez yatır. Musiqi haqqında, onun insanın estetik tərbiyəsindəki müstəsna rolu haqqında Vahidin bir neçə qəzəli var. Bir qəzəlində deyir ki:

Musiqi sənətini Azərbaycan yaradıb,
Qoy bu tarixi həqiqətləri Tehran oxusun.

Qarabağdır bizim öz ölkəmizin Şirazı,
Öz muğamatını lazımdı hər insan oxusun.

Belə bir sual: necə oldu ki, Əliağa Vahid 37-ci ilin repressiya tufanına, qara siyahıya düşmədi? Əvvəla, Vahid ümumxalq məhəbbəti qazanmış bir şair idi. Xalqın böyük sevgisi onunla idi. Xanəndələr gecə-gündüz Vahiddən oxuyurdular. Özü ilə ailəsi darısqal, kasıb bir otaqda ömür sürürdülər. Rəsmi ədəbi məclislərdə Vahid çox az görünürdü. Qəzəl yazdığına görə Vahidi tənqid edirdilər, o, çətinliklə çap olunurdu. Nəşriyyat, radio, ekran Vahidi yada salmırdı, sağlığında çox az kitabı işıq üzü görmüşdü. Hərçənd ki, müharibə illərində "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüşdü. Vahid heç bir siyasətə qoşulmurdu, deyək ki, laybalı bir həyat keçirirdi. Amma xalq sevgisiydi onu bəlalardan xilas edən. Vahidin ən böyük xidməti o oldu ki, böyük ənənələri olan qəzəli qoruyub saxladı. Vahid kommunist deyildi. "Yuxarıda əyləşənlər" də bunu yaxşı bilirdilər. Toxunmurdular ona.
Vahidin Vətən sevgisindən də ayrıca söz açmaq olar. Əksər qəzəllərində bu sevginin parlaq ifadəsini görürük:

Ürəyimdə o qədər sevgi varımdır vətənə,
Necə ki, bülbülü-şeyda olur aşiq çəmənə.

Bu şərafət mənə nəslən qalacaqdır Vahid,
Nə qədər xidmət edəm Azərbaycanım üçün.

Vahidin yaradıcılığı haqqında təəssüf ki, bəzi məqalələr istisna olmaqla (mərhum Məmməd Nuruoğlunun "Əsər ki, qaldı cahanda" monoqrafiyası da bura daxildir), ciddi, onun poeziyasının mahiyyətini, keçdiyi yaradıcılıq yolunu açıqlaya bilən, Vahidin Vahidliyini isbat edən elmi əsərlər hələ yazılmayıb.
Vahidin qəzəl dünyası Azərbaycan klassik poeziyasının sonuncu zirvəsidir, desək yanılmarıq. Doğrudur, Vahiddən sonra da qəzəl bir janr kimi qürub etmədi. Elə Vahidin yaşadığı dövrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə kimi şairlər də gözəl qəzəllər yazdılar. Ancaq qəzələ, qəzəl şairlərinə münasibət dəyişmirdi, qəzəl köhnəlik qalığı hesab edilirdi. Buna baxmayaraq sovet dönəmində də Vahidin yolunu davam etdirən qəzəl şairləri yarandı. Hacı Mail, Seyidağa, Ələkbər Şahid, Əliağa Bakir kimi istedadlı şairlər qəzəl ocağını-Vahid ocağını sönməyə qoymadılar. Müstəqillik illərində isə qəzəl yenidən poetik janrlar içərisində öz qanuni yerini tutdu. Bu da bir növ, Əliağa Vahidə olan böyük məhəbbətin təzahürü idi, çünki yeni qəzəlxanlar Vahidin poetik məktəbindən öyrənir, təsirlənirdilər.
1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əliağa Vahidin 100 illiyi təntənə ilə qeyd olundu.
Unudulmaz Vahid bir əsrin şairi deyil, nə qədər Azərbaycan xalqı var, Vahid də var olacaq!

TƏQVİM / ARXİV