ALTMIŞIN HEÇ NƏYƏ DƏXLİ YOXDU

ƏBÜLFƏT MƏDƏTOĞLU
111104 | 2015-02-18 01:09
Hər dəfə, xüsusilə dostların əhatəsinə düşəndə müxtəlif xatirələr adamın yaddaşını təzələyir, söz-sözü çəkir, fikir fikrə calanır. Və bir də baxıb görürsən ki, çox-çox uzaq illərə, uzaq yerlərə gedib çıxmısan. Açığını deyim ki, hərdən o yerlərdən üzü bəri qayıdıb gəlmək də istəmir adam. Şəxsən mən nostalji hisslərin bir növ dəlisiyəm. Elə məni ayaqda saxlayan bəlkə də həmin o dəliliyimdi. Və mən ötənlərin səhifələrini çevirdikcə uğurlu, yaddaqalan anların sayının daha çox olduğunu hiss edirəm. Bu da mənə müəyyən yazıları yazmaqda, müəyyən fikirləri səsləndirməkdə stimul verir. Elə bu yazımda olduğu kimi...
Tam səmimiyyətlə deyim ki, mən bir yazı adamı olaraq onunla şəxsi tanışlığa "Ədalət"də başladım. Bundan öncə sadəcə onun barəsində eşitmişdim. Dostlar hərdənbir onun zarafatlarından, atmacalarından söz açırdılar. Bu da mənim yaddaşımda ilişib qalırdı. Həyat elə gətirdi ki, günlərin bir günündə "Ədalət" dünyaya gəldi və onun damı altında bizim yollarımız kəsişdi. Mən bu eynəkli oğlanı onda daha yaxından tanıdım. Necə deyərlər, adını eşitdiyim igidin üzünü də gördüm. Bu igid isə Aydın Ağazadə idi!..
Bir səmimi etiraf da edim. Yəqin Aydını yaxından tanıyanlar da mənim bu etirafımla razılaşarlar. Çünki Aydın Ağazadə mənim yaddamışda, mənim həyatımda, mənim dostlarımın sırasında daha çox "tikansız" adam kimi qalıb. Yəni bu adam heç kimə problem yaratmağı qarşısına məqsəd qoymayıb. O, işlədiyi bütün ünvanlarda tam səmimiyyəti ilə, öz dünyasının adamı olması ilə seçilibdi. Bu günə qədər mən kiminsə Aydın haqqında ağız büzdüyünü, arxasınca danışdığını eşitməmişəm. Düzdü, biz dostlar ondan danışırıq. Təbii ki, daha çox onun zarafatlarından, onun özünəməxsus jetslərindən və bir də mənim duyduğuma görə, çox kövrək və həssas olmasından. Yeri gəlmişkən, bir xatirəni təzələmək istəyirəm...
Dağlıq Qarabağda hadisələrin ən gərgin anları yaşanırdı. Burada fəaliyyət göstərən Respublika Təşkilat Komitəsi vəziyyətə müəyyən qədər nəzarət etsə də, amma ermənilər öz bildiklərindən qalmırdılar. Onda vilayət daxili işlər idarəsində rəis müavini vəzifəsini hadisələrin canlı iştirakçısı olan, dəfələrlə ölümlə üz-üzə gələn və ermənilər tərəfindən həmişə ehtiyatla yanaşılan Sabir Məmmədov idi. Günlərin birində Aydın Ağazadə "Ədalət" qəzetinin əməkdaşı kimi Xankəndində baş verən hadisələri daxildən görmək və gördüklərinə reportajlar hazırlamaq arzusu ilə qəzet rəhbərliyinə müraciət etdi və Aqil Abbasın vasitəsilə Xankəndinə, iş yerinə tələsən polis polkovniki Sadir Məmmədov öz xidməti maşınında Aydın Ağazadəni də Ağdamdan götürüb özü ilə Ağdama apardı. Belə bir ağır şəraitdə şəhərli balasının hadisələrin ocağına getməsi redaksiya rəhbərliyini çox narahat etmişdi. Təsəvvür edin ki, Aydın Ağazadənin Xankəndindən geri qayıtdığı ana qədər yaşanan gərginliyin, narahatlığın sözlə ifadəsi mümkün deyil. Hətta sonralar Aqil Abbas zarafatla deyirdi ki, Aydın Xankəndinə gedib gələnə kimi mən nələr yaşadım onu bir Allah bilir. Bu, təkcə qəzet rəhbərliyinin Aydına sevgisi deyildi, əməkdaşa diqqəti deyildi, bu həm də şəhərdə yaşamış, böyümüş bir qəzetçinin torpağa olan sevgisinə sayqı idi. Və həmin səfərdən sonra həm polkovnik Sadir Məmmədov, həm də Aydını Xankəndində görənlər bildirirdilər ki, bu eynəkli oğlan az qala qarşısına çıxan ermənilərin hamısına "ilişir"di. Öz sualları ilə, öz prikolları ilə onlardan informasiya qoparmağa çalışırdı. Hətta daxili işlər idarəsinin içərisindəki erməni əməkdaşları da onun hər kəsə etinasız, saymazyana, əsl torpaq sahibi və jurnalist kimi təsir etməsi onları çaş-baş salmışdı.
Bəli, Aydın Ağazadə istər teleradioda işləyəndə, istər yazılı mətbuatda, yəni "Azərbaycan", "Ədalət" qəzetlərində çıxış edəndə reallığı, gördüyü və onu düşündürən hadisələri qələmə almaqda çəkinməmişdi. Hətta onun bəzən heç nədən mövzu yaratması, mövzu tapıb qəzet səhifəsinə çıxarması da indinin özündə də "köhnə" "Ədalət"çilərin yadında qalmaqdadı. Aydın Ağazadə həm də bir yazıçı-dramaturq kim də cəmiyyətdə öz imzasını təsdiq edibdi. Şəxsən mən onun əsərlərini oxuyanda elə bilirəm ki, həmin əsərlərin qəhrəmanlarından biri də məhz müəllifin özüdü. Çünki Aydın Ağazadə öz səmimiyyətini qələminə hopdurubdu. Bu mənada onun "Cəllad aman istəyir", "Əbədi Selcan", "Sabun köpüyü" kitablarında oxucuya təqdim olunan mənzərələr həyatın həm də görüntüləri və diktəsidi.
Teatrsevərlər Aydın Ağazadənin "Sonuncu şahid", "Baş tutmayan elçilik", "Dahi", "O dünyada görüşərik" pyeslərini də yəqin ki, unutmayıblar. Ən maraqlısı budur ki, Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq, sonra Dövlət Universitetinin hüquq fakültəsini bitirən Aydın Ağazadə bütün sevgisini qələmə, yazıya bağlayıb. Yəni onun qələmi həmişə içində, varlığında olan sözün xidmətində dayanıbdı. Özü də bunu xüsusi qeyd etməliyəm ki, Aydın Ağazadənin qələmi və sözü təmənnasız, həm də minnət götürməyən qələm və sözdü. Təbii ki, bu da onun səmimiyyətindən və saflığından qaynaqlanır.
Həyatın müxtəlif sınaqları ilə üzləşmiş və hər dəfə də qarşılaşdığı problemlərin kürəyini yerə vurmağı bacarmış Aydın Ağazadə bu gün məsul bir vəzifədə çalışır, ədliyyə müşaviridi. Ancaq onun qələmi və sözü yenə də oxucuların qulluğundadı. Mən 60 yaşı tamam olan dostumun bütöv həyatının yalnız müəyyən məqamlarını diqqətə çatdırdım. Ona görə ki, onun tutduğu vəzifə, onun təmsil etdiyi qurum reklamdan bir qədər sərhəd saxlayır. Yəni mənim dostum dolayısı ilə desəm, hüquq, qanun adamıdı. Mən onun barəsində daha geniş, daha ətraflı yazımı günlərin birində yəqin ki, elə onun özünə və oxucularına təqdim edəcəyəm. Amma onu deməyi özümə borc bilirəm ki, Aydın Ağazadənin 60 yaşını təbrik edən Azərbaycan Yazıçılar Birliyinin ona ünvanlanmış məktubunda belə bir cümlə var: "Hörmətli Aydın müəllim! Sizi - tanınmış yazıçı-publisisti 60 illik yubileyiniz münasibəti ilə təbrik edirik". Mənə elə gəlir ki, bu sözlərdən sonra biz dostlar da bu fikirləri həmin təbrikə əlavə edə bilərik:
- Aydın Ağazadə! Biz "Ədalət"çilər də "köhnə" "Ədalət"çi Aydın müəllimi 60 yaşı münasibəti ilə ürəkdən təbrik edir və sizi həmişə öz cərgəmizdə görürük. Siz faktiki başqa bir ünvanda çalışsanız da, sizin sözünüz, söhbətiniz, sizlə bağlı xatirələriniz həmişə bizim dilimizdə, bizim yanımızdadı. Odur ki, bu əl boyda təbrikimizi sənə ünvanlayırıq.
... Bəli, zamanın sürəti, arxada qalan illər bizi bir-birimizə doğmalaşdıran həyat, onun bizlərə bağışladığı könül xoşluğu və nəhayət, bir-birimiz üçün müxtəlif məqamlarda keçirdiyimiz müxtəlif hisslər bizim hələ yaşamalı illərimizin, günlərimizin qarşıda olduğunu söyləyir. Ona görə də sənə demək istəyirəm ki, əzizim Aydın, altmışın hələ heç nəyə dəxli yoxdu. Çünki qabaqda görüləsi işlər və Xankəndinə səfərlər var. Bunu gəl unutmayıq!

TƏQVİM / ARXİV