KİÇİK ÇİLLƏ...

FAİQ QİSMƏTOĞLU
22133 | 2015-02-18 01:07


Dədə-babadan həmişə kiçik çilləyə böyük hazırlıq işləri görülüb. İnsanlar həm özləri üçün, həm də qapı-bacada bəslədikləri ev heyvanları üçün lazımi ehtiyatı görüblər. Yəni fikirləşiblər ki, kiçik çillədir, üzü dönər, bir həftə elə qar yağar ki, heç hara gedə bilməzsən. Nə təndirdə çörək bişirə bilərsən, nə də başqa azuqəni tapmağa nail olarsan. Hələ üstəlik bayaq dediyimiz kimi, qapı-bacada olan mal-qaranın qayğısı da bir yandan.
Qarabağda belə bir adət vardı: böyük çillə girəndə və eləcə də kiçik çillə girəndə qarpız kəsirdilər. Ən azından hər evdə bu adət mütləq yerinə yetirilərdi. Bunun özü də rəmzi məna daşıyır. Yəni qışın oğlan çağı olsa da evdə bar-bərəkət və hətta qarpız var. Təbii ki, bütün bunları insanlar həyata keçirməklə bir növ kiçik çilləyə sinə gəlmək istəyirlər.
Böyük çillənin bir o qədər də fəsadı olmayıb. Daha doğrusu, o çillədən insanlar qorxmayıblar. Sadəcə olaraq fikirləşiblər ki, böyük çillədə hər şey boldur və bununla da onu yola sala biləcəklər.
Adətən kiçik çillə fevral ayının 1-dən özünü göstərməyə başlayır. Soyuq havası, qarlı-şaxtalı günləri ilə insanları sınağa çəkir, amma gəlin razılaşaq ki, bu il kiçik çillə hələ ki çox sakit keçir. Üstəlik də bir çox kənd təsərrüfatı məhsullarının qiyməti elə bu kiçik çillədə aşağı enib. Məsələn, bir neçə ay bundan əvvəl mal ətinin 1 kiloqramı 8 manat idisə, indi rayonlarda 5-6 manat, Bakıda isə 7 manata çatır. Bununla yanaşı, quş ətinin və yumurtanın da qiyməti aşağı düşüb. Bir ədəd yumurta 7 qəpikdir. Kənd yumurtası isə 15 qəpiyə satılır. Bütün bunlara görə, insanlar yenə Allaha şükür eləməlidirlər.
Belə ki, adətən soyuq aylarda hər şeyin qiyməti kəllə-çarxa qalxır. Sanki fevral ayı yaz kimi keçir. Hətta rayonlarda elə bir isti hava var ki, yazı xatırladır. Tanış-bilişlərimizin dediyinə görə, söyüd ağacları yaşıllaşıb, alça və ərik ağacları isə çiçək açıb. Düzdür, bu yaşıllığı və çiçəkləri görən uşaqlar sevinirlər. Ancaq havaların isti keçməsi böyükləri bərk dilxor edib. Hərçənd ki, mal-qara saxlayanlar bu hadisə ilə əlaqədar bir o qədər də təşviş hissi yaşamırlar. Birincisi, əvvəllər 5 manata satılan bir ot bağlaması indi 3 manat 50 qəpiyə satışa çıxarılır. İkincisi isə çöllərdə, örüşlərdə və yamaclarda göy ot baş qaldırıb. Elə mal-qara da məhz otlaq sahələrində artıq yeməyə bir şey tapır.
Bayaq dediyimiz kimi, fevral ayının isti keçməsi bir çox təsərrüfat adamlarını narahat etməyə bilmir. Onlar deyirlər ki, əkdiyimiz taxıl sahələrində siçanlar və siçovullar peyda olub yaşıllıqları məhv edirlər. Bununla yanaşı, havaların həddindən artıq hərarətli olması bir çox meyvə ağaclarının erkən çiçək açmasına səbəb olub. Əgər havalar soyusa, şaxtalar düşsə və qar yağsa, həmin çiçəklərin hamısı məhv olacaq və bu il meyvə sarıdan insanlar çətinlik çəkəcəklər.
Onsuz da hər il havaların qeyri-normal keçməsi nəticəsində məmləkətimizin meyvəçilik rayonlarında məhsuldarlıq o qədər də yüksək olmur. Aydındır ki, məhsuldarlıq yüksək olmayanda da meyvə qıtlığı yaranır və hər şey bazarda baha qiymətə satılır.
Kiçik çilənin başa çatmasına az bir vaxt qalıb. Amma dədə-babalarımız onu da deyirlər ki, kiçik çiləyə etibar yoxdur. Bir də gördün elə bir fısqırıq çıxartdı ki, aləm bir-birinə qarışdı, hava soyudu, qar yağdı və hər şey bir göz qırpımında dondu. Allah bizi həmin gündən saxlasın. Bir də deyirlər ki, kiçik çilə bildirib: "Boz aydan üç-dörd gün mənə kəsib versəydilər onda insanlar bilərdi mən nə fəsadlar törədirəm".
Nə yaxşı ki, Allah dəvəyə qanad vermədiyi kimi, kiçik çiləyə də çoxlu günlər qismət eləməyib. Yoxsa kiçik çilənin tərsliyi tutardı, məmləkətin daşını daş üstə qoymazdı. Axı biz isti havaya və normal şəraitə daha çox alışmışıq. Hər halda, insanlar ehtiyatı əldən verməli deyil. Yəni hər şeyin axırına çıxmamalıdır. Başqa sözlə demiş olsaq, hələ kiçik çilləyə bir müddət qaldığı üçün onlar bir qədər də ehtiyatlı olmalıdırlar. Xüsusən də kənd yerlərində yaşayan insanlar havaların isti keçməsinə bel bağlamamalı, özlərinin və təsərrüfatlarının qayğılarına qalmalıdırlar. Gözləyək görək nə olur...


TƏQVİM / ARXİV