adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Hacalı Nəcəfoğlu və onun çox yönlü yaradıcılıq fəaliyyəti

6075 | 2015-02-18 01:05
İnsanları, xüsusilə də elm sahəsində çalışanları iki qruba bölmək mümkündür. Onlardan bəziləri ömrü boyu yalnız məsləkləri ilə əlaqədar fəaliyyətləri çərçivəsində çalışır, bir növü Ərəbistan səhralarında quyudan su çəkən gözübağlı dəvə kimi eyni fəaliyyət çərçivəsindən kənara çıxa bilmirlər. Bu sahədə bəzən başarılara imza atsalar da adətən bu qəbildən olan insanlar maraqsız, bəzən cansıxıcı və demək olar ki, cazib olmayırlar. Onlar adi insani söhbətlərdən uzaq durur, dar mütaliyə sahibi olduqlarından öz məhdud elmi maraqlarından uzaq hər hansı bir sosial-mədəni problemlərdən də uzaq durmağa çalışır, çox vaxt da söhbətin gedişini öz alanına çəkmək, burada öz fərasətini, tecrübəsini, gücünü nümayiş etdirməyə çalışırlar.
Digər qruba mənsub insanlar, elm adamları isə yalnız mütəxəssisi olduğu sahənin problemləri ilə kifayətlənmir, dünyaya, aktual sosial-mədəni problemlərə açıq gözlə baxır, müasir ideoloji-siyasi, bədii-estetik və mənəvi-əxlaqi prosesləri yaxından izləyir, yeri gəldikcə bu proseslərlə əlaqədar problemlərin həllində belə qatqıda bulunmağa çalışırlar. Bu qəbildən olan insanlarla saatlarca maraqlı söhbətlərdən doymursan, onların geniş dünyagörüşünə, qlobal maraq dairəsinə, insanpərvərliyinə, sonsuz vətənsevərliyinə ürəkdən inanırsan. Təsadüfi deyil ki, bu qəbildən olan insanlar toplumda daha çox hörmət və söz sahibi ola bilir, geniş kütlə tərəfindən xalqın ziyalısı olaraq dəyərləndirilməyə başlanır.
Bu yaxınlarda anadan olmasının 60-cı il dönümünü qeyd edəcəyimiz görkəmli alim, mədəniyyət xadimi prof. dr. Hacalı Nəcəfoğlu haqqında düşünürkən mən onun məhz yuxarıda zikr etdiyimiz keyfiyyətlərindən dolayı xalqımızın həqiqi ziyalısı olaraq görürəm.
Hacalı Nəcəfoğlunun elmi-pedagoji fəaliyyətini işıqlandıran siyahı ilə tanışlıq bir daha söylədiklərimizi təsdiq etməkdədir. Çoxları bu siyahının nə qədər zəngin və mövzu dairəsinin geniş olmasına təəccüb edə bilər. Onlarca məqalə, kitab, beynəlxalq simpoziumlarda, konfranslarda iştirak, opponentlik, elmi rəhbərlik, tərcüməçilik, redaktorluq, müxtəlif məzmunlu lüğətlər müəllifi və s. kimi bir-birilərindən uzaq görünə bilən fəaliyyət növlərinin bir insanda, bir şəxsiyyətdə necə də orqanik olaraq uzlaşması təbii olaraq çoxlarını təəccübləndirsə də şəxsən məni o qədər də təəccübləndirmir. Hacalını tanıdığım gündən onun nə qədər işgüzar, çalışqan, hər bir yeniliyə can atan, öz əməyi ilə mütərəqqi olan hər bir hadisəyə qatqıda bulunmaq istəyən bir insan olduğunu hiss etmiş və təbii ki, onun bu xüsusiyyətlərindən dolayı ona olan hörmətim və sayqım durmadan artmışdır. Mən ilk tanışlığımızdan başlayaraq onun böyük zirvələr aşacağına inanırdım və bu gün onun əmək fəaliyyəti ilə əlaqədar məlumatları gözdən keçirirkən olduqca sevinirəm, bu nadir və istedadlı insanla əlaqədar fikirlərimdə və arzularımda yanılmadığımı görürəm.
Hacalı ilə yaxınlığım, dostluğum mənə bir daha elm ilə sənətin bir-birilərinə yaxın nöqtələrinin olmasını xatırlatmış oldu. Vaxtilə Ərzurumda, Atatürk adına universitetdə çalışdığımız zamanlar (hətta bir binada, lojmanda, bəzən bir mənzildə belə yaşadığımız günlər də olmuşdur) bəlkə də saatlarca uzun-uzadı söhbətlərimiz olur, sənətin, elmin bəzi nəzəri-estetik problemlərini birlikdə həll etməyə çalışırdıq.
H. Nəcəfoğlu öz uzun illik tədqiqat sahəsi olan kristalloqrafiyanın dərin bilicisi olaraq təbiətdəki hadisələrin, o cümlədən adi gözlə görünə bilinməyən kristalların gözəlliyi, simmetriya ve praporsiya baxımından mükəmməlliyi üzərində duraraq haqlı olaraq sənət növlərində, xüsusilə də rəssamlıqda, xalı-kilim sənətində, memarlıq abidələrində onların dəqiq ifadəsini, təqlidini maraqlı örnəklərlə sübut etməyə çalışır. Həqiqətən də mikroskop altında böyüdülmüş bu kristal dənəciklərinin sənətdə ornament (bəzək, süsləmə) kimi bədii ifadə baxımından nə qədər böyük önəm daşımasını hiss etmiş olursan.
Hacalı bəy bu yaradıcı meyli inkişaf etdirməklə əslində müəllimi, görkəmli kimyacı-alim olan Akademik Xudu Məmmədovun ən istedadlı tələbələrindən olduğunu da isbatlamaqdadır. Xudu müəllim öz sadəliyi, geniş dünya görüşü, əməksevərliyi, yüksək mədəniyyəti ilə seçilən bir elm adamı idi. Onu şəxsən tanıyırdım və sənətlə əlaqədar söhbətləri, klassik musiqi və poeziya vurğunu idi, Azərbaycan ədəbiyyatı və sənətinə olduqca bağlı idi, muğamlarımızı dərindən sevir və incəliklərinə qədər bilirdi. Bir sözlə, xalqımızın XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən idi. Zənnimizcə, Hacalı bəy də müəlliminin bu gözəl tərəflərinin ən ardıcıl davamçısı və sözün həqiqi mənasında yüksək mənəviyyatlı bir şəxsiyyətdir. Onun müəlliminə olan sonsuz sevgi və sayqısının müxtəlif Beynəlxalq simpoziumlarda, konfranslarda, görüşlərdə şəxsən şahidi olmuşam. Lakin Hacalı bütün bunlarla kifayətlənmir, müəlliminin ideyalarını daha da inkişaf etdirməyə, yeni-yeni üsullara, metodlara müraciət etməyə çalışır, bilik və təcrübəsini gənclərlə paylaşmağa çalışır. Onun yetişdirdiyi elmlər namizədləri və elmlər doktorları artıq özləri belə kimya elminin müasir problemlərinin həlli işində qatqıda bulunmaqdadırlar. Çox vaxt müəllimləri ilə birlikdə kollektiv tədqiqatlar aparır, Beynəlxalq elmi arenada özlərini göstərməyə çalışırlar. Hacalı müəllimin onlarca dəyərli məqalələrinin dünyanın bir çox adlı-sanlı elmi dərgilərində (Rusiyada, Kanadada, İtaliyada, İranda, Türkiyədə və s.) yayınlanması bir daha onun elmi avtoritetinin yüksək olmasından xəbər verir. Artıq onun özünün belə bəlkə də kimya, xüsusilə də kristalloqrafiya sahəsində öz ekolunun yarana bilməsindən xəbər verir. Hacalı müəllimin ixtisas sahəsində olan başarılarından xüsusilə mütəxəssislərin söz açacağına inamım böyükdür. Bununla belə Hacalının sosial-mədəni həyatın digər sahələrinə olan dərin marağı və araşdırmalarından da söz etmək ehtiyacı duyulur. Bir daha xatırladım ki, bu sahələrdə də o, özünü peşəkar bir alim-mədəniyyət xadimi kimi göstərə bilir. Onun erməni vandalizminə, aşırı milliyyətçiliyinə həsr olunmuş məqalələri, bir çox ideoloji-siyasi səpkili yazıları, həmçinin Türk mədəniyyəti və ortaq mənəvi-əxlaqi, estetik dəyərlərə həsr olunmuş fikirləri öz professionallığı və dərinliyi ilə diqqət çəkməkdədir. Hacalı müəllimin dilçiliyə, tərcüməçiliyə aid fikir və mülahizələri günümüz üçün aktual məna daşımaqdadır ki, hal-hazırda Türkiyədə yaşayıb yaradan, Qars şəhərində Qafqaz universitetində professor olaraq çalışmaqda olan Hacalı bəy Vətəni Azərbaycanı bir an belə unutmur. Lakin onun Vətənə olan istəyi heç də bununla bitmir, o daima əsrlərdən gələn, genetik tarixi köklərinin bir olan Azərbaycan və Türkiyə xalqlarının bir-birləri ilə olan mənəvi tarixi bağlarının möhkəmlənməsini, inkişafını ön plana salır və bu yolda əlindən gələni etməyə çalışır. Hacalı bəyin bu baxımdan dillərimiz, ləhcələrimiz, buradakı ortaq dəyərlər və nöqtələr baxımından ortaya qoyduğu çalışmalar, xüsusilə də "Türkiyə və Azərbaycan Türkcələrində eşsəsli və eşköklü kəlimələr sözlüyü" (Bax: Türk Dünyası Araşdırmaları, sayı:118, fevral, 1999) olduqca aktualdır. Hacalı bəy ümumiyyətlə bu baxımdan böyük təcrübəyə malikdir. O, Türk və Azərbaycan kimyaçılarının bir-birilərini daha yaxşı anlamaları üçün kimya sahəsində istifadə olunan terminlərin tərcüməsi ilə bağlı maraqlı və son dərəcə faydalı bir lüğət də ortaya qoya bilmişdir.
Hacalı müəllimin rus və Azərbaycan dillərindən bir çox elm və sənət adamlarının əsərlərini türk dilinə çevirməsi kimi faktlar da bir daha müəllifin geniş maraq dairəsi, istedadı və başarılı olmasından xəbər verir.
Elə bilirəm ki, bu söylədiklərimiz bir daha elm və sənətə dərindən bağlı olan, həmçinin ümumiyyətlə insan üçün, cəmiyyət üçün, bəşəriyyət üçün faydalı olan, onların tərəqqisi və inkişafına xidmət edə bilən mühüm hadisələrin həlli proseslərində yaxından iştirak etmək istəyən böyük alim, nəcib insan, örnək ola biləcək ailə başçısı, dostum prof. dr. Hacalı Nəcəfoğlunun az da olsa elmi həyatı və yaradıcılıq yolunu işıqlandırmaqdadır.
Ömrünün 60-cı baharında yubilyarı bir daha ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, zəngin və çoxtərəfli fəaliyyətində başarılar diləyirəm. 

Prof.dr. BABƏK QURBANOV 
(Qaziantep universiteti, Türkiyə)

TƏQVİM / ARXİV