adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DƏLiXANA

FAİQ QİSMƏTOĞLU
38283 | 2009-08-15 00:59
Yəqin çoxlarınız "Qayınana" filmindəki bir epizodu yaddan çıxarmamısınız. Həmin filmdə qayınana milisəmi, yaxud da hansı hüquq-mühafizə orqanına zəng edərək deyir ki, təcili bizim evə adam göndərin məni bu gəlinin əlindən xilas eləsin. Sən demə, həmin zəng milisə deyil, yanğınsöndürən idarəsinə düşübmüş. Onlar da təcili hadisə yerinə gəlir, əllərində şlanq nərdivanla pəncərədən içəri girirlər. Amma içəri girəndə görürlər ki, evdə yanğın-zad yoxdur. Ona görə də yanğınsöndürənin biri bərk əsəbləşir və ev sahiblərinin onlarla məzələndiyini hiss eləyib iş yoldaşına deyir ki, a kişi, bura lap dəlixanaymış ki?..
   
   Bu gün dünyamız o qədər ağrı-acı və dərdlə yüklənib ki, biri bir balaca düz danışan kimi deyirlər filankəs ağlını itirib və dəli olub. Həmin "dəlini" də tutub salırlar ya dəlixanaya, ya da türməyə. Əgər onun arxası və söykək yeri olmasa elə həmin adamın canı ya dəlixanada çürüyəcək, ya da türmədə. İstedadlı şair Əlisəmid Kürün dəlixana barəsində gözəl bir şeiri var. Həmin şeirin aşağıdakı misralarında bu notlar səslənir:
   
   
   
   Bu dünyanın
   
   ən varlı ölkəsinin
   
   ən qəmli dustaqxanasından
   
   ən ağlamalı, ən gülməli
   
   dəlixanasına köçürüldüyüm gün
   
   bir daha şükür etdim
   
   bu barlı məmləkətin
   
   bir udum havasına
   
   bir qurtum suyuna
   
   bir də boğazımdan
   
   keçməyən ölü halvasına.
   
   
   
   Neyləmək olar ki, bir çox halda düz söz deyəni, haqqı tələb eləyəni elə "dəli" damğası ilə gedər-gəlməzə göndərirlər. Bu gedər-gəlməz yol o qədər ağır və o qədər qaranlıq yoldur ki, ordan hələm-hələm adam işıqlı aləmə qayıda bilməz. Qayıtsa da hamı deyəcək ki, filankəs dəli olub və ağlını itirib. Belə adamlara nəinki el-obasında, hətta öz doğma ev-eşiyində yer olmayacaq. Düzdür, belə adamların öz elində və evində yeri olmasa da ancaq ulu Yaradanın yanında yerləri var. Ona görə yox ki, onlar dəlidirlər və ağıllarını itiriblər. Ən azından ona görə ki, bu adamların zəmanəmizdə sifətdən-sifətə və cilddən-cildə girən insanlar kimi min sifəti yoxdur. Və bu adamların bir sifəti var. Birsifətli adamlar isə nə yaltaqlığı sevir, nə alçaqlığı sevir, nə də kiminsə aftafasını götürmək istəyir.
   
   Dəlixanalara belə baxmayın. Dəlixanalar dünyanın ən sakit və həm də ən təlatümlü yerlərindən hesab olunur. Yəni dəlilərə dünyada heç də hamı eyni gözlə baxmır. Amma elələri də var ki, ağır cinayət törədəndə, kimisə öldürəndə və əli qana batanda onları bu cinayətdən xilas etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları çox qəşəng və asan yol tapırlar. Bir neçə ay həmin adamları ruhi xəstəxanada yatızdırıb daşdan keçən bir kağız əldə edirlər ki, bəs filankəs dəlidi. Aydındır ki, "dəli" adam da cinayət məsuliyyətindən azad olunur və müalicə olunmaq üçün ruhi xəstəxanaya, yaxud da dəlixanaya göndərilir.
   
   
   
   Bu cür "dəlilər" məmləkətimizdə o biri dəlilərdən daha çoxdur. Ən azından ona görə ki, müxtəlif cinayətləri işlədib aradan çıxmaq üçün bu ən yaxşı vasitədir. Ancaq bu cür "dəlilər" heç vaxt Allaha yaxın ola bilməz. Allaha yaxın olanlar ağlını aldığı adamlardı. O adamlar da Allahı çox istəyirlər, Allah da onları. Yəni onlar düz söz danışanda dəli deyənlər haqq-ədaləti səsləndirəndə ağız büzənlər gec-tez Allahın qəzəbinə rast gəlirlər. Bir "dəli" şair olub, nişanlısı Əli Kərimi tanımadığına görə o da nişan üzüyünü həmin qızın barmağından çıxarıb ki, səninlə mənimki tutmaz. Vallah, beləsinə dəli deyən öz ağlını itirər.
   
   
   
   Axır ki, ali məktəblərdə qəbul imtahanları sona çatdı. Kim yüksək bal topladı həmin məzun da müxtəlif ali məktəblərin tələbəsi adını qazandı. Kim tələbə olubsa, bir daha onları təbrik edirik. Amma bizim işimiz başqa məsələlərlə bağlıdır. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərlə görüşündə bildirib ki, bir çox abituriyentlərin attestat qiymətləri ilə qəbul imtahanlarında göstərdiyi nəticə düz gəlməyib. Yəni hər hansı fənndən "5" qiymət alan qəbul imtahanı zamanı "3", ya da "2" alıblar. Məleykə xanım bunu orta məktəblərdə keçirilən buraxılış imtahanlarında yol verilən qüsurlarla izah eləyir. Axı təsadüfi deyil, bu il 20 minə yaxın 11-ci sinif şagirdi kamal attestatı ala bilməyib. Aydındır ki, kamal attestatı ala bilməyən şagird də müəllimlərinin üzünü qara eləməklə yanaşı, özlərinə də bir gün ağlaya bilməyiblər. İndi respublikamızda elə məktəblər var ki, onun xeyli məzunu kamal attestatı ala bilməyib və həmin məktəbdən bir şagird belə tələbə adını qazanmayıb. Bax onda görəsən, həmin məktəbin direktoru və müəllimləri valideynlərin, şagirdlərin üzünə necə baxa bilir? Axı dövlət hər ay onlara dərs dediklərinə görə bir ətək pul verir. Üstəlik, bəzi tamahkar məktəb direktorları ilboyu valideynləri və şagirdləri soğan kimi soyub pulunu alıblar. Məgər bunları təhsil naziri və eləcə də rayon icra hakimiyyətinin başçıları görmürlərmi? Çox yox, cəmi bir-iki il işləyən məktəb direktoru, xüsusən də Bakı şəhərində, xarici maşın da alır, üstəlik şəhərin yaxşı yerində villa da tikdirir. Məgər halal pulla bu qədər işi görmək olar? Axı bunların hamısını həm təhsil naziri, həm də rayon icra hakimiyyətinin başçıları yaxşı görürlər. Niyə nəticəsi pis olan orta məktəb direktorlarını əlləri ilə gözlərini basıb tökmürlər. Ona görə ki, elə bu vəzifə sahiblərinin özləri də həmin adamların qarşısında suçludurlar. Deyəsən, bu məsələlər heç düzələn deyil. Çünki təhsilimiz bu gün "can verir".
   
   Bu yaxınlarda valideynləri rəhmətə gedən bir nəfər çox pis vəziyyətə düşüb. Bilmir ki, yası necə yola versin. Çünki bir müddət əvvəl anası, az keçməmiş isə bu adamın atası rəhmətə gedir. Kimə ağız açır yası yola vermək üçün heç kim ona köməklik göstərmir. Həmin adam da gedib bankların birindən yüksək faizlə pul götürür. Yası yola verəndən sonra pulu qaytarmaq məqamı gələndə bu adam çətin vəziyyətə düşüb. Bilmir ki, canını hara qoysun. İndi həmin adam qalıb bankla hüquq-mühafizə orqanları arasında. Məgər bu yolla yası yola vermək Allahın xoşuna gəlir. O qədər dəbdəbəli yas məclislərini yola verirlər ki, bir imkansız adam da el-obadan geri qalmamaq üçün gedib borc-xərc bu məsələləri həll etmək istəyəndə düşürlər quyunun dibinə. Quyunun dibindən isə onları çıxaran olmur. Heç başa düşmək mümkün deyil ki, nə üçün gündən-günə bizim toy və yas məclislərimizdə pis adətlər baş alıb gedir. Belə getsə həmin adam kimi yas məclisini yola vermək istəyən çox adamlar quyunun dibinə düşəcək və ordan çıxa bilməyəcək. Deyirəm Allahın bizə və millətimizə yazığı gəlsin ki, heç olmasa ağlımız başımızda olsun, xeyir-şərimizi adam kimi yola verə bilək.
   
   Kənd təsərrüfatı naziri İsmət Abbasov dəfələrlə çıxışında bəyan edib ki, ölkədə bu il 3 milyon tona yaxın ərzaq buğdası istehsal edilib. Hələ də dağ rayonlarında biçilməmiş xeyli taxıl sahəsi var. Belə baxanda adam sevinir ki, nə yaxşı bol taxılımız var. Amma dərinə gedəndə məlum olur ki, bu taxılın heç də hamısı yüksək keyfiyyətli deyil. İndi ölkənin müxtəlif regionlarında taxıl tədarükü məntəqələrində əhalidən taxıl qəbul edirlər. Məlum olur ki, tədarük məntəqəsinə gətirilən taxılın çoxu standartlara cavab vermir, onlarda normadan artıq zibillik var və eyni zamanda digər nöqsanlar ortaya çıxıb. Bəs onda nə üçün səlahiyyət sahibləri sinələrinə döyüb deyirlər ki, bizdə milyonlarla ton taxıl var. Görəsən, niyə bu adamlar hökuməti və prezidenti aldadırlar? Ekspertlər deyirlər ki, Azərbaycanda istehsal olunan ərzaq buğdasının yapışqanlığı çox aşağı səviyyədədir. Yəni ondan un üyüdülərkən və çörək bişirilərkən keyfiyyətli məhsul alınmır. Loru dildə demiş olsaq, bu ərzaq buğdasından üyüdülən undan xəmir qatılıb kündə yoğrularkən həmin kündələr təndirdə və çörək sexlərində yaxşı bişmir və küt gedirlər. Xəmir yaxşı acımadığına görə bu çörəyi də təndirdə bişirmək olmur. Bəs onda bu il camaatın vəziyyəti necə olacaq? Axı deyirlər ki, filan qədər taxılımız var. Məgər biz bu taxılla çörək problemimizi həll edə biləcəyikmi? Əgər tədarük zamanı həmin taxılın böyük bir hissəsi keyfiyyətsiz məhsul kimi alınmırsa və geri qaytarılırsa bunun məsuliyyətini kim daşıyacaq? Onsuz da dünyanı iqtisadi böhran ağzına götürüb. Bizdə də iqtisadi böhran olmaqla yanaşı, müxtəlif vəzifəli şəxslərin yalan danışmaq böhranı və camaatı aldatmaq böhranı dünyanın iqtisadi böhranını ötüb. Və vəzifə sahibləri hökuməti və xalqı aldatmaqla məşğuldur. Yenə Allahın bu millətə yazığı gəlsin və bu xalqı, bu camaatı çörəklə sınağa çəkməsin.
   
   Avqustun 14-də səhər redaksiyamıza bir kişi zəng edərək Əbülfət Mədətoğlu ilə telefonla danışıb. Həmin kişi deyib ki, sizin qəzetinizdə bir yazar var, tez-tez onun obyektiv tənqidi yazılarını oxuyuruq. Ona deyin ki, Füzuli meydanında Füzulinin heykəlinin ətrafını zibillik basıb. Bir adam insafa gəlib heykəlin ətrafını tullantılardan və zibildən təmizləmək istəmir. Bəlkə sizin əməkdaş yazandan sonra kimlərsə hərəkətə gəlib böyük şairin abidəsinin ətrafında səliqə-səhman yarada. Görün dünya nə günə qalıb ki, Füzuli kimi nəhəng şairin abidəsi də məişət tullantılarının və zibilin mənbəyinə çevrilib. Görəsən bunu yaradanlar kimlərdir və nə vaxt böyük Füzulinin abidəsinin ətrafında səliqə-səhman yaradılacaq?
   
   

TƏQVİM / ARXİV