QƏMiN AğLADIğI GüN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
20937 | 2009-08-15 00:59
İndiki kimi yadımdadı, heç gözlərimin qarşısından da getmir. O vaxtki Azərbaycan Dövlən Universitetinin hazırlıq kursunda oxuyurdum. Kursu başa vurmağa iki-üç ay qalmışdı və biz də dərsləri universitetin bugünkü binasında keçirdik. Özü də 6-cı mərtəbədə. Dərsin ortalarında birdən həyətdə hay-küy qopdu. Qeyri-ixtiyari hamımız ayağa qalxıb, pəncərəyə tərəf yüyürdük... O, üzü üstə pəncərənin önündəki asfalt örtüyə yapışıb qalmışdı. Ətrafına yığışan adamlardan heç kəs ürək edib ona yaxınlaşa bilmirdi... Tələbə yoldaşımız özünü binanın 8-ci mərtəbəsindəki ayaqyolunun pəncərəsindən aşağıya atmışdı...
   
   Hadisənin səbəbini dəqiq bilmirəm və heç indi o köhnə məqamları da xatırlamaq niyyətində deyiləm. Sadəcə mərhumun üçü günü doğulduğu rayona - Ağdaşa getdik. Ağdaşın kiçik kəndlərindən birində dünyaya gəlmişdi o. Biz mərasim olan həyətə çatanda diqqətimi bir məqam çəkdi. Orta yaşlı bir qadın üzü qəbirstanlığa dayanıb əllərini göyə açaraq nəsə öz-özünə dodaqaltı deyirdi...
   
   Məclisdə olanlardan öyrəndim ki, bu qadın mərhumun anasıdı. Oğlunun qəbirstanlıqda elə bir yerdə dəfn elətdirib ki, evin pəncərəsindən də, qapısından da baxanda o məzar görünür. Hətta mənə dedilər ki, hadisə baş verəndən ananın yatdığını, bir an da olsa gözlərini yumduğunu görən olmayıb. Məzarı ziyarətə getməyə icazə verməyəndə də eləcə pəncərədən qapıya söykənib oğlu ilə söhbət eləyir...
   
   ... İndiki kimi yadımdadı. Doğmalarım Oqtayın və Amilin şəhid olduğu gün. Bütün təfərrüatı ilə həmin günü danışıb, yaza bilərəm. Və o gün də dəqiq yadımdadır ki, Oqtayı torpağa tapşıran gün dünyaya ilk və son övladı gəldi. Amil isə özü ilə ürəyində bir qızın adını, sevigisini apardı. Və yas mağarının qarşısında Amilin valideynlərinə, yəni doğmaca dayıma və onun həyat yoldaşına qonşu rayondan gəlmiş ailəyə bir az yaxınlığı olan nurani bir seyid təsəlli verərək dedi:
   
   - Oğul, özünü çox da üzmə. Dünya binadan belədi. Allah nəyi necə məsləhət bilir, o cür də edir. Nə badə asi olasan, Allaha ağır gələr. Çalış səbrlə dərdini yola ver. Bir də ki, Allah bəndələrini imtahana, sınağa çəkir, dağı-daşı yox.
   
   O sözlər demək olar ki, uzun müddət qulaqlarımda səsləndi və sonra öz-özümə düşündüm ki, doğrudan da haqlı sözdü: - İnsan imtahana çəkilir, dağlar, daşlar, qurdlar, quşlar yox. Bax elə, götürək həmişə başı qarlı olan dağları. Heç eşidib, görəniniz olub ki, qarına qurd düşən o dağlar bircəcə dəfə də olsun nədənsə gileylənsin. Hərdən bir üst-üstə yağan qar özü-özündən bezib üzü aşağı uçurlanır. Biz də ona qar uçqunu deyirik. Nə isə...
   
   
   
   ***
   
   Axşamdan bəri özümə yer tapa bilmirəm. Çünki hüzüründən qayıtdığım bu insan dünyada heç nəyin arzusunda deyildi. Nə vəzifə istəyirdi, nə şan-şöhrət, nə mal-mülk. Sadəcə başını salmışdı aşağı, Tanrının qismətinə yazdığı bir parça çörəyi əziyyətlə qazanıb şirin ağızla dadırdı. Hər dəfə də üz-üzə gələndə deyirdi ki, "Əmoğlu, bircə arzum var, o da qızımın xoşbəxtliyidi. Ayrı heç nə istəmirəm. Qaçqınçılığın da nə olduğunu bilirəm, döyüşlərin də. gözünün önündə neçə dəfə düşmən gülləsi yanımdan keçib. Ona görə bu tək balamın təbəssümündən başqa heç nə gözümdə deyil". Bu sözlərin sahibi 40 yaşını güclə başa vurdu. Eləcə alın təri ilə qazandığı bir parça çörəyi halal süfrəsində nuş elədiyi məqamda ürəyi vəfasız çıxdı. Onun da hüzüründə ahın-fəryadın yerlə-göyü necə qovuşdurduğunu gördüm. Və sonra da gəlib öz-özümə aranı-dağa, dağı-arana daşıya-daşıya dərdin necə çiçək açdığını təsəvvürümdə canlandırdım. Çünki mən bu itkilərin fonunda dərdi çiçəkləyən görürdüm. O dərdlərin sahibləri içəridən qovrulduqca sifətlərində qəribə bir işıq cizgiləri görünürdü. O görüntülər hardasa şaxtadan çırtlayıb açılmış çiçəklərə bənzəyirdi...
   
   Sonralar həmin o təəssüratların fonunda özümə yer tapa bilmədiyim bir gecədə ağlıma çox qəribə misralar gəldi. Bəlkə də sizə yersiz və yaxud da uğursuz görünəcək, amma mənə elə gəlir ki, dərd daha çox insana gecələr hakim kəsilir və gecələr daha çox çiçəkləyən dərd adamı özündən alıb çox da uzaqlara aparır.
   
   
   
   üzücü bir gecədə
   
   özümdən başqa kiminsə
   
   bu mənasız gecədə
   
   oyaq qaldığına inanmıram
   
   hər şey ya sıfır həddində
   
   ya da ki,
   
   heç-heçədi -
   
   qələbəsiz, məğlubiyyətsiz
   
   bərabərlik sərhədində...
   
   bu üzücü gecə ilə
   
   hamının vəhdətində
   
   mən çıxış axtarıram
   
   qaranlıqdan işığa...
   
   güvənib ürəyimə
   
   dil tökürəm,
   
   məqam umuram -
   
   başlamaq üçün
   
   gecə ilə danışmağa -
   
   yuxuda səni
   
   görüm deyə...
   
   
   
   ***
   
   Bəlkə də dünyada heç kəsin ağlına gələ bilməz ki, dərdin rəngi qırmızıdı. Çünki hamı dərdi, kədəri, qəmi qara rəngdə, ağrı-acı fonunda görür. Amma mən elə bilirəm ki, dərd ancaq qırımızı rəngdədi və bundan başqa da ona rəng yarışmır. Çünki dərd adamın bütün varlığını silkələyir, bütün ruhunu ayağa qaldırır, ürəyini, gözlərinin didəsini, dilini, dodağını elə göynədir ki, gözün dibindən tutmuş, barmağın ucunə qədər hər yerdə bir alov püskürür və sən o alovun şöləsi olan qırmızını - lalə, qan rənginin işığına bürünürsən. Kənardan baxan üzündəki kədəri, əgər duyumludusa, bütün nöqtələrinə qədər oxuyur, vergülünü, sualını, nidasını görür, hiss edir. Qaranlıq çöhrəndəki həmin o toxunan cizgidə əslində içində yanan ocağın üzünə vurub çıxan qızartısıdı, qanıdı. Bu da ancaq qırmızı rəng deməkdi. Kimsə məni qınayar və yaxud da etiraz edə bilər. Fikirlərimə, pessimist olmağıma görə. Ya xatırlayırsınızsa insanlar gənc yaşlarında dünyasını dəyişənlər üçün yas mərasimlərinin ünvanları önünə qara, qırmızı şallar bağlayırlar. Baş daşlarına da o cür. Tabutu isə qırmızıya bükürlər. Zənnimcə bax bu dərdin qan rəngində olmağından xəbər verir.
   
   Bizlər sovet dönəmində qırmızı rəngi o qədər işlətmişik ki, bu gün ona bir antipatiyamız var. Bizi qıcıqlandırır, lakin rəngi nə quruluş, nə də zaman yaratmır. Necə deyərlər təbiət elə rənglərdən də ibarətdi. Bax o qırmızı rəngin indi bizləri qıcıqlandırması nə qədər qanunauyğun sayılsa da mən daha çox yazılarımı qara rəngdə yazmağı xoşlayıram. Özü də səbəbini bilmirəm. Eləcə içimdə ancaq qara rəngli qələmdən istifadə etmək, şeirləri yazmaq istəyi hakim kəsilib. Amma bir dəfə bu istəyə qarşı getdim.
   
   
   
   bü gün
   
   qırmızı qələmlə yazıram
   
   çoxdan
   
   adət etdiyim
   
   qara qələmi
   
   axtarmağa həvəsim olmadı...
   
   
   
   mənə elə gəlir ki,
   
   ağ vərəq
   
   xam torpaqdı
   
   qırmızı qələm
   
   heç nəyə yaramayan,
   
   bel...
   
   əzələ gücünə
   
   hopdururam fikirlərimi
   
   elə bil...
   
   ağ vərəqlərə
   
   barmaqlarımın ucundan
   
   sızıram -
   
   qandan qorxmayın
   
   və qələmə görə də
   
   məni qınamayın...
   
   qırmızı bayraqlarla
   
   bahəm
   
   qırmızı güllər
   
   və
   
   təqvimdə
   
   qırmızı günlər
   
   də var...
   
   
   
   yəqin ki,
   
   nə dediyimi
   
   anlaya bildin sən...
   
   
   
   ***
   
   Hə, bu yazını qəzetimizin ötən şənbə sayında dərc olunmuş "Qırmızı" yazısının müəllifinin acılarını yaşaya-yaşaya yazdım. Və mənə elə gəldi ki, həmin yazını oxuyub başa çatanda içimdəki kədər ağlayırdı. Bilmirəm, kimsə buna inanacaq, yoxsa yox. Amma həqiqətən mən kədərin ağladığını həmin gün gördüm. Və sizlər də mənə hansı duyğularla, hansı münasibətlə yanaşırsınız, yanaşın, mən yenə öz fikrimdə qalacam və həmişə də biləcəm ki, kədər, qəm çiçək açdığı kimi, ağlaya da bilir... 20 yanvarda ağladığı kimi...

TƏQVİM / ARXİV