adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ERMƏNİLƏRİN QORXULU RÖYASI...

ADİL MƏMMƏD
290833 | 2015-02-17 01:34
70 yubiley yaşıdır. Yaşasaydı 70 yaşını ailəsi və yaxın dostları ilə birlikdə keçirəcəkdi. Lakin... Lakin Qarabağ döyüşlərinin odundan-alovundan salamat çıxan, neçə-neçə insana ümid yeri, düşmənə göz dağı olan, minlərlə insanın sevgisini qazanan, sağlığında onu sevən, ona inanan insanların qəlbində öz əzəmətli heykəlini ucaldan bu igid Azərbaycan oğlu, ömrünün 57-ci ilində - 2001-ci ilin dekabr ayında təsadüfi bir avtomobil qəzasında faciəli şəkildə həlak oldu. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığı ilə nazirliyin məsul işçiləri və iki nəfər nazir müavini Göyçayda onun dəfn mərasiminin iştirakçısı oldular. Nazir özü sonra Bakıda davam edən yas mərasimində iştirak edərək çox dəyərli bir polis zabitini itirdiklərini bildirdi.
Onun ölməz ruhu dil açıb danışsaydı yəqin ki, deyərdi: "Məni yandıran cismimin ölümü deyil, məni yandıran bundan sonra Qarabağ uğrunda gedən son, qəti döyüşlərdən kənarda qalmağım, Şuşanın, Xankəndinin azad edənlərin arasında olmamağım, Vətənin azadlığı uğrunda döyüşlərə atılıb ya qazi, ya da şəhid ola bilməməyimdir.
Qara Rəşidin - (Polkovnik Rəşid Məmmədovun) 70 illiyi təəssüf ki, geniş qeyd edilmədi. Bunun əsas günahkarı bəlkə də biz özümüz olduq, əvvəlcədən heç yerə müraciət etmədik, yada salmadıq. Yalnız ailə üzvləri, yaxın qohumları onun məzarını ziyarət etdilər. Bir də bir neçə orta məktəbdə onun xatirəsi yad edildi, onun ömür yolundan, döyüş yolundan, söhbət açıldı.
Mən onu ilk dəfə 40 il əvvəl görmüşdüm. Qohumlarını yaxından tanısam da, hətta bəziləri ilə dostluq etsəm də özü ilə ara-sıra xeyirdə-şərdə rastlaşar, ünsiyyətim "Salam" - "Sağ oldan" o yana keçməzdi. Bəlkə də bu bizim yaşımız arasında olan 10 illik fərqlə bağlı idi. Mən ondan 10 yaş kiçik idim. Həm də onda hələ gənc yaşlarından ahıl insanlara xas olan təmkin vardı. Oturuşu-duruşu ağayana, sanballı idi. Amma eyni zamanda onun insanlara münasibətində səmimiyyət, doğmalıq elə ilk anlardan hiss olunurdu. Nə qədər qəribə görünsə də mən Rəşid müəllimin atası, rayonun tanınmış ağsaqqallarından olan Cəbrayıl dayını daha əvvəl tanımışdım və zahirən çox zəhmli, ciddi, əslində çox istiqanlı və mehriban insanla aramızda səmimi bir ünsiyyət yaranmışdı. Ötən əsrin 80-ci illərinin sonuna yaxın bu ailə ilə qohum olduqdan sonra Cəbrayıl dayı ilə aramızda olan səmimi ünsiyyət daha da möhkəmlənsə də Rəşid müəllimlə münasibətlərimiz əvvəlki səviyyədə qalmışdı. Mən onu bir qədər kənardan müşahidə edir, müşahidələrim, atasının, qardaş-bacılarının və qohumlarının söhbətləri ona olan hörmət hissimi daha da dərinləşdirirdi. Dost-tanış, qohum- əqraba Cəbrayıl dayıdan Rəşid müəllimi xəbər alandan onun qarabuğdayı çöhrəsinin necə işıqlandığının və oğlundan necə qürurla söhbət açdığının da dəfələrlə şahidi olmuşdum.
Bu mənim Rəşid müəllimlə tanışlığımın ilk səhifəsidir.
Mən Rəşid müəllimi ikinci dəfə Qarabağ uğrunda döyüşlər başlanandan sonra tanımışam. Mətbuatda onun haqqında gedən yazılardan, cəbhədə onu odun-alovun içində görənlərin söhbətlərindən tanımışam Rəşid müəllimi...
Bu zaman o, artıq Bakıda Daxili İşlər Nazirliyində işləmirdi, Cəbrayıl rayon milis şöbəsinin rəisi idi. O, artıq Rəşid müəllim və ya polkovnik Rəşid Məmmədov da deyildi... Cəbrayıllıların, bütün qarabağlıların ürəkdən sevdiyi, inandığı Qara Rəşid idi. Onu qarayanız, qarabuğdayı olduğuna görə belə adlandırırdı Cəbrayıl, Ağdam camaatı...
Eləcə də bütün Qarabağlılar. Amma bəlkə də onlar fərqinə varmadan başqa bir həqiqəti də dilə gətirirdilər... Axı qara sözü dilimizdə təkcə rəng bildirmir, eyni zamanda qara sözü böyük deməkdir... Qarabağ, Qaradağ, Qarayazı... Bəli, o, böyük kişi idi... Vətən üçün, torpaq üçün "uf" demədən canını qurban verməyə hazır olan, ölümün gözünə dik baxan kişi... böyük ürək sahibi, əsl insan, cəsur vətən oğlu....
Epitetləri nə qədər sıralasam da onun portretini yaratmaq üçün istədiyim sözləri tapmaqda acizəm.
Cəbrayıl rayonunda işlədiyi zaman onun haqqında "Ədalət" Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan "Həyat", "Azərbaycan" və s. qəzetlərdə yazılar getmişdi. Həmin yazılarda onun misilsiz şücaətindən, hərbçi olmasa da əsl hərbçilərə xas olan strateji-taktiki qabiliyyətindən, hərbi əməliyyat planlarını qüsursuz hazırlamaq və həyata keçirmək bacarığından bəhs edilirdi. Televiziya verilişlərində, xüsusilə Nadejda İsmayılovanın müsahibə və reportajlarında Rəşid Məmmədov bir xalq qəhrəmanı kimi təqdim olunurdu.
Qəzetlər onun Cəbrayıl rayonu ilə qonşu olan Hadrutun 14 kəndini ermənilərdən təmizləməsindən, erməni quldurları tərəfindən basqına məruz qalan kəndlərimiz uğrunda ölüm-dirim savaşına girməsindən, 100-dən artıq döyüşdə iştirak etməsindən yazırdılar.
Həmin qəzetlərin bir neçəsini bu gün də saxlayıram. "Ədalət" qəzetinin 1 yanvar 1992-ci il tarixli nömrəsində Faiq Qismətoğlunun "Rəşid Məmmədov başına milyonlarla pul qoyub" adlı yazısını təkrar nəzərdən keçirirəm. Müəllif Cəbrayılda Rəşid Məmmədovla görüşü zamanı onun dediklərini qələmə alaraq yazır: "Ən yaxşı müdafiə hücumdur" deyiblər. Rəis taktiki cəhətdən buraxılmış səhvlərdən yana-yana danışırdı:
- Müdafiə olunduğumuz vaxtdan bizim qara günlərimiz başlandı. Yuxarıdan göstəriş gözləməyimiz, günlərlə müdafiədə dayanmağımız bizə baha başa gəldi. Amma strateji və taktiki cəhətdən əlverişli kəndlərin əlimizdən alınması bizim qələbəyə inamımızı qırmayıb. "Ermənistan torpağında Azərbaycanlıların qalmadığı kimi, Azərbaycanda da erməni yaşaya bilməz".
Heç ağlıma da gəlməzdi ki, "Ədalətin" 1 yanvar 1992-ci il tarixli sayında verilmiş yazıda oxuduğum faktları 23 il sonra 2015-ci ilin yanvar ayının 2-də təsadüfən tanış olduğum bir cəbrayıllının dilindən eşidəcəyəm. Həmin gün metronun "20 yanvar" stansiyasının yanında bir taksiyə minirəm. Yeni ilin ilk günləri olduğu üçün sürücü ilə bayramlaşırıq. Hara gedəcəyimi deyirəm. Narın yağış yağır, elə sözgəlişi havadan danışırıq. Qəflətən soruşur: Müəllim, Siz Göyçay rayonundan deyilsiniz ki?
Təəccüblə: Hardan bildiniz ki, - deyə soruşuram.
- Danışığınızdan, - deyə cavab verir. Rəşid müəllimi tanıyırdınız, -deyə xəbər alır və cavabımı gözləmədən dərhal əlavə edir - Qara Rəşidi deyirəm, bizim rəisi....
Tanıdığımı söyləyir, doğulduğu, boya-başa çatdığı Kürdəmiş, ömrünün son illərini yaşadığı Potu kəndlərindən, qardaş-bacılarından, qohumu, eyni zamanda yaxın dostu Məzahir Əhmədoğludan bir neçə cümlə ilə söhbət açıram.
Bəlkə də çox danışardım. Amma nəsə demək istədiyini hiss edib susuram. Tez dillənir: bu yaxınlarda maşınıma bir nəfər minmişdi. Göyçaylı olduğunu söylədi. Orta yaşlarında bir adam idi. Rəşid müəllimi soruşdum. Gördüm ki, yaxşı tanımır, eləcə adını eşidib, igidliyindən, qəhrəmanlığından xəbəri yoxdur. Dedim ki, sən göyçaylı deyilsən. Etiraf etdi ki, göyçaylı deyil, uzun illərdir ki, Rusiyada yaşayır, Azərbaycana təzə qayıdıb, Göyçayda qohumları var".
Sürücü bir qədər susub sonra dilləndi: Məni qınamayın, müəllim, azərbaycanlı olub Qara Rəşidi tanımamaq, unutmaq mümkün deyil... Rəşid müəllim Cəbrayıla gələndə 44-45 yaşlarında idi. Hər bir milis işçisi- gənci də, orta yaşlısı da onu atası, böyük qardaşı hesab edirdi. Mənim qardaşım da milis işçisi idi, Rəşid müəllimin başçılığı altında çox döyüşlərdə olmuşdu...
Onun cəsarətindən, vətən sevgisindən elə məhəbbətlə danışırdı ki...
Deyirdi ki, Rəşid müəllim vətəni, torpağı dəlicəsinə sevir, hər bir döyüşə birinci atılır, döyüşçülərin önündə gedir... Deyir ki, kişi ölümün gözünə dik baxar... Bizi isə həmişə qorumağa çalışır. Söyləyir ki, özünüzü qoruyun, əsas döyüşlər qabaqdadır, siz Vətənə lazımsınız, torpaqlarımızı siz azad edəcək, keşiyində siz duracaqsınız."
Sürücü danışır... xəyalən ötən günlərə, Cəbrayıllı və Qara Rəşidli günlərə qayıdır. Özü haqqında məlumat verir: Quliyev Fərəc Bərxuda oğlu. Rəşid müəllim Cəbrayılda rəis olanda mən əmtəəşünas işləyirdim. 22-23 yaşım vardı. Cəbrayılda Ervand adında bir erməni müəllim vardı. Uzun müddət məktəb direktoru işləmişdi. Əməkdar müəllim idi. Ermənistandan azərbaycanlılar qaçqın düşəndə Rəşid müəllim həmin ermənini yanına çağırıb dedi: Siz daha burada yaşaya bilməzsiniz. Öz ermənilərini başa sal, xoşluqla çıxıb getsinlər. Onun bu sözlərindən sonra xeyli erməni ailəsi könüllü şəkildə çıxıb getdi. Hadrutu tutmaq üçün əməliyyat planı hazırlamışdı. Bu əməliyyat üçün mərkəzdən kömək istədi, lakin kömək ala bilmədi. Çətinliklə də olsa Hadrutu öz gücünə ermənilərdən təmizləmək üçün razılıq aldı. Dedilər ki, öz milislərinlə bu əməliyyatı həyata keçirə bilərsənsə, biz etiraz etmirik. Hər xırda detalı da diqqətlə ölçüb-biçmişdi. O, Hadrutu tutmaq üçün hazırlıq işlərini görüb qurtarmışdı. Döyüş ərəfəsi güclü qar yağdı. Əməliyyatı bir neçə günlük təxirə saldı ki, şaxta qarı bir qədər bərkitsin. Elə bu ərəfədə onu Ağdama göndərdilər. Əgər o, Cəbrayılda qalsaydı, ermənilər heç vaxt rayonu işğal edə bilməzdilər".
Fərəcin dedikləri adi, gəlişigözəl sözlər deyildi. Bu Qara Rəşidə olan inamdan, etibardan doğan daxili qənaət idi.
Xəyal məni 2002-ci ilin yayına aparır.
Akademik Mirqasımov adına Respublika Xəstəxanasının həyətində ağacların altındakı skamyada oturub kiçik qardaşımın cərrahiyə əməliyyatının nə vaxt başa çatacağını gözləyirəm. Fikrimi dağıtmaq üçün qəzetlərə baxıram. Ağsaçlı nurani bir kişi gəlib yanımda oturur. Qəzetə baxmaq üçün icazə istəyir. Bir qədər qəzetə baxdıqdan sonra niyə burada oturduğumu soruşur. Ordan-burdan söhbət edirik. Göyçaylı olduğumu bilən kimi - Rəşid müəllimi tanıyırdın - deyə soruşur. Bir anlıq duruxub soruşuram: Hansı Rəşid müəllimi? Qara Rəşidi - deyə cavab verir. Tanıdığımı bildirir, hətta qohumluq əlaqələrimizin olduğunu söyləyirəm.
Kişi kövrəlir, göz yaşlarını silib, özünü çətinliklə toxdadıb deyir:
"Oğul, mən müəlliməm, Cəbrayıl rayonundanam. Rəşid ölməli oğul deyildi. Mən çox rəis, prokuror görmüşəm, amma Rəşid kimisinə hələ rast gəlməmişəm. O, kabinet adamı deyildi. Yeri səngərlər, döyüşçülərin - milislərin, könüllülərin yanı idi. Onun varlığı ermənilərə göz dağı idi. Harda qızğın döyüş gedirdi Rəşidi orda görürdün. Vallah, münaqişənin ilk illərində - 80-ci illərin sonlarında 200-300 nəfər Rəşid kimi cəsur, fədakar, yuxarıların çaldığına oynamayan igid oğlumuz olsaydı, ermənilər bir qarış torpağımızı tuta bilməzdilər. Əsl dəliqanlı idi. Güllə yağışının üstünə gözünü qırpmadan gedirdi. Sərt olduğu qədər mehriban, qayğıkeş bir insan idi. Adamların ümidini qırılmağa qoymurdu. Hamı ona inanırdı. Bir dəfə ağsaqqalarla söhbət zamanı dedi: Torpaq, Vətən mənim həm anamdır, həm də atam. Vətənin hər qarışı mənə əzizdir. Amma Cəbrayıl mənə daha doğmadır. Səbəbini özüm də bilmirəm. Sonra gülərək əlavə etdi." Yəqin atamın da adının Cəbrayıl olduğuna görə". Vallah, onun ölüm xəbərini eşidəndə elə bildim oğlumun, kiçik qardaşımın qara xəbərini mənə çatdırdılar, - deyə ağsaqqal susdu.
Tibb bacısı əməliyyatın bitdiyini mənə bildirdiyi üçün söhbətimiz yarımçıq qaldı.
Mən palatadan qayıdanda o nurani insan artıq getmişdi. Qardaşımın xəstəxanada olduğu müddət ərzində xəstəxananın həyətində, çayxanada, yeməkxanada onu gözüm çox aradı... Təəssüf ki, onu bir daha görə bilmədim. Adını, ünvanını öyrənmədiyimə görə hələ də özümü qınayıram.
Saralmış qəzet səhifələrini təkrar-təkrar gözdən keçirirəm. "Həyat" qəzetinin 4 mart 1992-ci il tarixli sayında Əntiqənin "İnam - varsa" yazısını, "Təhqiqat" qəzetinin 21-28 avqust 2004-cü il tarixli sayındakı "İgid ölər, adı qalar" adlı məqaləni, Asif Mərzilinin Rəşid Məmmədovun ölümünə həsr etdiyi "Həmişə yeri görünəcək Rəşid Məmmədov" adlı yazını, "Ədalət" qəzetinin 6 aprel 1995-ci il tarixli sayında Nazlının "Görüş yerini dəyişmək olmaz" adlı yazısını və s. yazıları bir daha gözdən keçirirəm. Hər bir yazıda Qara Rəşidin döyüş yolunun ayrı-ayrı məqamları əksini tapsa da ümumi cəhət hamısında qabarıq görünür: Qara Rəşidin öz ömrünü vətən uğrunda hər an qurban verməyə hazır olması, ona olan sevgi və inam hissi...
Rəşid Məmmədovun Cəbrayılda başlanan döyüş yolu Ağdamda davam edir. O, Ağdamın müdafiəçiləri arasında da özünün cəsarəti, hərbçi olmasa da peşəkar bir hərbçi səriştəsi ilə uğurlu əməliyyat planları hazırlayıb həyata keçirmək bacarığı ilə seçilir. Qara Rəşidin yaxın dostu görkəmli yazıçı Aqil Abbas yazır: "Şəxsən özüm dəfələrlə döyüşdə şahidi olmuşam ki, ölüm Qara Rəşiddən qorxurdu... Bu qorxu bilməyən insan elə bil düşmənlə vuruşmaq üçün doğulmuşdu. Özü də bir dəlicəsinə vuruşmaq var, bax elə dəlicəsinə vuruşmaq üçün doğulmuşdu... Qara Rəşidin Ağdama gəlməyi nəticəsində yalın əllə ermənilərə qarşı vuruşan qeyrətli Ağdam camaatının gücünün üstünə güc gəldi. Həmişə böyük inamla deyərdi: Aqil, ermənilər Ağdama girə bilməz. Girsələr də onlar üçün Ağdamda elə bir tələ hazırlamışam ki, bəlkə 5 min meyit qoyub çıxarlar.
Qara Rəşidi Ağdamdan Lənkərana dəyişəndə xalqın qeyrətli ziyalısı kimi Aqil Abbas vəzifəli şəxslərin qapısına gedir, yalvarır ki, onu geri - Ağdama qaytarın". Qara Rəşidin Ağdamdan getməyi ilə Ağdamı vuran bir qolu azalır. Təəssüf ki, sözü keçmir.
Lənkəranda işləyərkən Əlikram Hümbətovun adamları onu həbs etmək istəyirlər. O, Əlikramın qoçularına deyir: Mən neçə il ermənilərlə döyüşdüm, onlar mənim başıma milyon dollar pul qoydular, lakin məni məhv edə bilmədilədir, onlar çox çalışdı, amma məni tuta bilmədilər. İndi siz-öz soydaşlarımız məni həbs etmək istəyirsiniz. Ancaq yaddan çıxarmayın, düşmənə təslim olmayan Rəşid Məmmədov sizə də əsir düşməz. Bu sözləri dedikdən sonra o, stolun altından qumbaranı götürüb deyir: "Gəlin aparın sizi gözləyirəm". Əlikramın qoçuları bunu gözləmirdilər. Tez aradan çıxırlar. Bir azdan Əlikram bir dəstə silahlı adamla Rəşid Məmmədovun otağına girir, görür ki, rəis əlində qumbara stolun arxasında sakitcə oturub. Deyir ki, sən elə deyilənlər kimi varsanmış. Sonra adamları ilə birlikdə otaqdan çıxır. Rəşid Məmmədov Əlikram otaqdan çıxa-çıxda deyir: Əlikram, yadda saxla ki, xalqa, dövlətə xəyanətinə görə cəzanı alacaqsan. Bu hadisə Rəşid Məmmədovun nə qədər qorxmaz, cəsarətli olduğunu göstərirsə, sonrakı hadisələr (Əlikramın qiyamının yatırılması) onun nə qədər uzaqgörən və müdrik olduğunu sübut edir.
O, Qarabağın əldən getməsi ilə barışa bilmirdi.Qarabağın işğalı onun ürəyində sağalmaz bir yara kimi qövr edirdi. Ağdamın işğalı günü Rəşid müəllimin keçirdiyi sarsıntını qələmə alan Aqil Abbas yazır: "Ağdam gedən gün Qara Rəşid mənə zəng elədi, o boyda kişi hönkür-hönkür ağladı.Təkcə Ağdamın getməyinə ağlamırdı. Ağdamın ağır günündə Ağdamda ola bilmədiyinə görə və Ağdamda vuruşub ölə bilmədiyinə ağlayırdı".
Belə bir insan idi Qara Rəşid. Həyatı boyu Azərbaycan polisinin şərəfini uca tutdu. Polis zabitinin paqonlarını şərəflə daşıdı. Bu ada ləkə gəlməyə qoymadı. Neçə-neçə insanın birlikdə görə bilmədiyi işləri təkbaşına gördü Rəşid müəllim. Bəzən haqsızlıqlarla üzləşdi, layiq olduğu qiyməti, halal haqqını ala bilmədi. Taleyindən küsmədi, etdiyi fədakarlıqlara görə heç kimə minnət qoymadı. Üzləşdiyi çətinlikləri, oddan-alovdan keçməyini, dəfələrlə ölümlə üzləşməyini Tanrının yazısı kimi qəbul etdi Qara Rəşid.
Yenidən doğulsaydı, yenə həmin həyatı yaşayardı, ömrünü vətən yolunda odlara atılmaqla, ölümün gözünə dik baxmaqla yaşayardı.
Əslində o, hər gün doğulur. Hər gün gənc nəslin neçə-neçə nümayəndəsi onun ömür yolu haqqında onu tanıyanların söhbətlərindən, onun haqqında yazılardan nəsə eşidir, oxuyur, öyrənir. O, hər gün əvvəllər onu tanımayan neçə-neçə insan üçün yenidən doğulur və həmin andan onların doğmasına çevrilir. O, yalnız qardaş-bacılarının, qohum-əqrabanın, dostlarının, övladlarının, doğulduğu Göyçay, aqibətindən nisgilli getdiyi Ağdam, Cəbrayıl rayonlarının camaatının əzizi, doğması deyil, o, böyük bir xalqın sevimli oğlu, qürur, iftixar yeridir. Bir təsəllimiz də var: oğlu Fuad polis zabitidir. Onun peşəsini atasının adına layiq davam etdirir.
Bu anda ilk yadıma düşən isə vaxtilə yazdığım bir şeirin misralarıdır:

Tanrım, çoxunun eyniyəm?
Bilmirəm bu canı neyniyəm
Nifrət dolu mərmiyəm
Düşmənlərə tuş eylə.

Torpaq dərdləri boynuma,
Qatlaşdım hər bir oynuna.
İndi gəlirəm qoynuna
Halallıqla nuş eylə!

TƏQVİM / ARXİV