adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏLVERiŞSiZ HAVA ŞƏRAiTi...

VAHİD ƏLİFOĞLU
22036 | 2009-08-01 00:51
İstidi. O qədər istidi ki, adam sərin şeylər haqqında da düşünməyə ərinir. Bir yarpağın da tərpənmədiyi Haramıda hardansa əsib gələn barmaq boyda meh də qırıq-qırıq düşüncələri düyməkdə, uzatmaqda acizdi...
   
   ... Hava proqnozu elan edən qız soyuqqanlılıqla , etinasız dedi:
   
   - Sabah, həssas insanlar üçün əlverişsiz hava şəraiti gözlənilir. Yaxşı olar ki, belə insanlar açıq havada mümkün qədər az olsunlar...
   
   Arxayın danışmağından mənə belə çatdı ki, ya bu qız qeyri-həssaslar cərgəsindədi, ya da bütün günü qapalı mühitdə olacağına tam əmindi...
   
   ...1993-cü ildən əslində bütün həssas duyğularımı itirmişəm. Amma on altı ildi ki, əlverişli olan "nəyəsə" rast gəlməmişəm...
   
   ... Əbülfət tam ciddiyyəti ilə bildirdi ki, serialların, dastanların dövrü çoxdan keçib. Ona görə də bu mövzuda əziyyət çəkməyinə dəyməz... Bir nömrəyə sığmayan yazımın ardını növbəti nömrədə axtarmayan oxucu, Braziliya serialının 160-cı seriyasına qalmış dəqiqələri, saniyələri elə dəqiq hesablayır ki...
   
   ... "Şahın qayıtması"nın "Mirzə və Gülöyzə"nin davamını "atdım" sandığa. Sandığı çadırda arvad (müəllifin xanımı -V.Ə.) Masallı alverçilərindən on kilo İran düyüsünə alıb. Üstündə adamdan çox quşa oxşayan qız və oğlan şəkli var. Dayanıblar üz-üzə. Oğlanın əlində üzük var, qızın əlində gül. Bir az aşağıda yazılıb:
   
   - "Toyun mübarək olsun"...
   
   ... "Leyli və Məcnun"un, "Əsli və Kərəm"in yeni quruluşda tamaşası hazırlanır. Məcnun da təzədi, Kərəm də... Amma Leyliynən Əsli boyatdı, yəni keçən ilkidi...
   
   ... Əşrəf müəllim deyir ki, görəsən bir "qarayanıq" ərəb qızının, hər yoldan keçəni "qonaq eləyən" erməni haxçığının" halına ağlamaqdan bezmədi, bu millət?...
   
   ... Anam danışardı ki, Məşədi Əsədullanın sürüsünün qabağı yaylağa çatanda arxası aranda olardı... Gecə atışmada Məşədinin gəlininin bir qulağını güllə apardı... İllər keçəndən sonra kişi göynəyə-göynəyə deyirdi ki, məni gəlinin tay qulaq qalması yandırmır ey, qalacaq yaylığın altında... Qulağın üstündə gedən qızıl sırğa yuxumdan çıxmır heç...
   
   ... Seyran Səxavətin "Persona non qrata"sı bir ayda məni öz evimdə çevirib "persona non qrata"ya... Səksəninci illərdə "Yüz ilin kişisi" də elə beləydi...
   
   ... Dünya yaman xarab olub. Heç kim bildiyi, bacardığı işin qulpundan yapışmır. Etibar Cəbrayıloğlu elə danışır ki, guya futbolu Bertidən çox bilir. Oqtay Salamov da işini-gücünü atıb düşüb Eyyub Hüseynovun üstünə...
   
   Milyon qaçqının güman yeri olan Brayzaya, Fasyeyə, Merzlyakova baxanda yenə Mübariz müəllimin araşdırmalarına, proqnozlarına min şükür... Bircə onu anlamıram ki, bu kişi niyə hər zadı aparıb Xəzərdə araşdırır?..
   
   ... O gün qəsəbədə bir nəfər qabağımı kəsib ki, müəllim, sən oxumuş adamsan, bilərsən bu televizorda uşaqların bir-birinə "döşədikləri" meyxanadı, yoxsa bədiyyə? Dedim ki, məktub yaz onu ya Namiqdən soruş, ya da Şeyx Əbdüldən... O da qayıdır ki, bəs Əbdül müəllim "kino çəkən" deyil?..
   
   ... Bizim kənddə bir kolxoz sədri var idi. Hansı məclisdə, hansı yığıncaqda olurdusa yeri gəldi-gəlmədi ağzını açan kimi başlayırdı:
   
   - Kürdəmirin katibi filankəsdi. Deyəsən Qazağa "içpalkom" filankəsi qoyacaqlar... Ətrafdakılar o dəqiqə bir-birinin qulağına pıçıldayırdılar:
   
   - Ə, kişidə savada bax, ey...
   
   ... İndi məmləkətdə iki "kral" var. "Vitse kral" Əlizamin də kimlərisə tapşırdı Allaha... "Söz qalası"nın cəngavəri də inşallah müəyyən olar...
   
   ... Qızarırsan saxda pomidor kimi,
   
   Baxırsan üzümə dornazor kimi...
   
   ... Günayın, Günelin, Sevincin şeirlərini oxudum. Elə bil kimsə məni arın-arxayın söydü, təhqir etdi. Yalançı, uydurma nəvazişdənsə, həqiqi, real söyüş daha ləzzətlidi... Doğurdan da "abort stoluna" uzanmış ananın ayaqları altında heç vaxt cənnət olmayıb...
   
   ... Hind, ərəb, Pakistan filmlərinin Bakı festivallarından cücərmiş bayağı, şit meloromanlar... "Toz içində çiçək", "Kəşmirdə məhəbbət"... Əjdər bəy, yüz min tirajla çap olunmuş "əsərlər"in neçə mini bu gün də kənd kitabxanalarının rəflərində çürüməkdədi... İndi heç kim o cür sevmir, o cür yaşamır...
   
   ... Bəsdir. Artıq gecə yarıdan keçib. Otaq elə bil təndirdi. Mürgüləmək, az da olsa bu cəhənnəm odundan qaçmaq gərəkdir...
   
   ... Saat 7-yə işləyir. Yavaş-yavaş sərin, şehli hava axıb gəlməkdədi.... Bu rabitəsiz, əlaqəsiz fikirlərin sonunda qapanmaqda olan göz qapaqları, rahat, qılıqlı çarpayı... Mən almadığım, görmədiyim, almaq istəmədiyim və görmək istəmədiyim sağ olsuz, xeyir-duasız təltiflərin təqdimatından çox-çox uzaqda...
   
   - Qardaş, ay qardaş! Yatmısan!
   
   Bu gümrah və cingiltili səs elə bir heç bu bürkülü, cansıxıcı gecədən keçməyib. Bir təhər qalxdım. Toyuq-cücə həkimi Müslümdü. Dayanıb həyətin ortasında.
   
   - Bay, müəllim, xoş gördük. Nə var, nə yox? Canın, başın?...
   
   Uzun çəkən hal-əhvaldan sonra əlindəki keçən əsrdən qalma çantanı qoydu yerə, şaqqıltı ilə qapağını açıb dedi:
   
   - Bacımı (bəndənizin xanımı nəzərdə tutulur- V.Ə.) çağır gəlsin. Cücələrə qurd dərmanı gətirmişəm...
   
   ... Çay qaşığı ilə ölçüb ağ, sarı "paraşok"ları təhvil verdi "bacısına" və "bacısının" ərindən əsl qayına layiq pul alıb qapıdan çıxa-çıxa dedi:
   
   - Bir litr suya qat, ver cücələrə içsinlər...
   
   ... Artıq boylanmaqda olan günəşə, qızmaqda olan havaya yana-yana baxıb dedim:
   
   - Müslüm, bu dərmanı adam da içə bilər?
   
   - Yox, qardaş. Cücənin qurdu boğazında olur, adamınkı qarnında...
   
   ... Səhərin bir-iki saatlıq şirin yuxusundan əlimi üzüb çökdüm boş yeşiyin üstünə. Qarşıda yayın ildən uzun bürkülü, qaynar uzun günü...
   
   ... Bu gün də əlverişsiz hava şəraiti olan gündü, deyəsən...
   
   

TƏQVİM / ARXİV