BAŞIMIZA DüŞƏN DAŞ

FAİQ QİSMƏTOĞLU
27275 | 2009-08-01 00:50

   
   Dünyanın müxtəlif informasiya agentlikləri tez-tez xəbər verirlər ki, göydə nəhəng komet daşları fırlanır. O hara düşsə, həmin yer darmadağın olacaq, hər yanı su basacaq və insanlar kütləvi surətdə qırılacaq. Bu komet daşları da Allahın insanlara yazığı gəldiyinə görə, hələ ki, yerə düşməyib və göydə fırlanır. Bir də ki, düşsə nə olacaq? Onsuz da "elnən gələn qada-bəla toy-bayramdır" deyiblər.
   
   Amma bu gün bizim məmləkətimizdə başımıza elə daşlar düşür ki, bu komet daşlarından heç də yüngül deyil. Yəni başımıza düşən bu daşlardan özümüzü nə qədər qorusaq da, yenə həmin daşların qurbanına çevrilirik. Məsələn, son altı ayda Bakıda müxtəlif apteklərdə satılan dərman preparatlarından istifadə edən 600-ə yaxın insan zəhərlənib. Həmin adamların bir çoxu xəstəxanaya çatdırılıb xilas edilsə də, bəzilərini həkimlər ölümün pəncəsindən qurtara bilməyiblər. Elə bir həftə bundan əvvəl qəbul etdiyi dərmandan zəhərlənən iki nəfər xəstəxanaya aparılsa da, bir neçə gündən sonra həmin adamlar xəstəxanada dünyasını dəyişiblər. Belə də iş olar? Bəs onda niyə apteklərin fəaliyyətinə nəzarət edən orqanlar, hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi bir qrup dərman satan dələduzların əlində əsir-yesir qalıb? Bizimkilər deyirlər ki, dünyanın hər yerində saxta dərmanlar satılır. Amma dünyanın heç yerində bizim məmləkətdə olduğu kimi, saxta məhsullar, o cumlədən saxta dərmanlar satılmır. Bunu gətirən adamlar da məlumdur, satanlar da. Sadəcə olaraq çoxlarının dərman monopoliyası yaradan mafiyaya gücü çatmır. Necə ki, lətifəsi çoxlarından uzaq, kiminsə eşşəyə gücü çatmayıb, palanı döydüyü kimi bəziləri də dərman mafiyasına gücü çatmayanda başlayırlar ayrı-ayrı aptekləri bağlamağa. Yaxşı, kimsə pul qazanacaqsa, niyə camaatı zəhərləyib qırır? Axı, heç kim deyə bilməz ki, aptekdə satılan dərmandan o dərmanı gətirən adamların qohum-əqrəbası almayacaq. Bax, bu daş elə bir daşdır ki, hamının başına düşə bilər. Ancaq görünür, bu daş hələ ki, kasıb adamların başına düşür. Dünaynın işini bilmək olmaz. Bir də görəcəksən ki, həmin daş fırlanıb-fırlanıb saxta dərmanları məmləkətimizə gətirib milyonlar qazanan həmin adamların başına düşdü. Gərək kasıblar da yaxşı-yaxşı fikirləşsin ki, gedib apteklərdən dərman almasınlar. Çünki bu dərmanları almaqdansa, almamaq daha sərfəlidir.
   
   Məmləkətimizdə olan natəmizlik və antisanitariya heç də hər ölkədə müşahidə olunmur. Bakı kimi gözəl şəhəri elə günə qoyublar ki, şəhərin nəinki ucaq yerlərində, hətta mərkəzi küçələrində natəmizlik əlindən tərpənmək olmur. Bir tərəfdən toz-torpaq küçələri basıb, digər tərəfdən də kimin əlinə nə gəldi onu küçənin ortasına, ağacların arasına, yaşıllıqların içinə atırlar. Hansı parka baxsan orda istənilən qədər məişət tullantılarına, xüsusən də siqaret kötüyünə rast gəlmək olar. Bir neçə yerdə şüar yazıb vurublar ki: "Şəhərimizi təmiz saxlayaq". A kişinin oğlu, buna baxan kimdir? Yeni tikilən və hər cür memarlıq tələblərinə cavab verən körpülərin ətrafı və altı elə günə qoyulub ki, orda məişət tullantıları əlindən tərpənmək olmur. Biz çox qəribə millətik. Nə səliqə-səhmanımız var, nə də gigiyenik qaydalara əməl eləməyimiz. Hələ biz növbəyə durmaq, avtobusa minmək və kassadan bilet almaq mədəniyyətinə alışmamışıq. Yaşlı bir adam kassada növbəyə durub bilet almaq istəyir, nəvəsi yaşında bir uşaq ondan qabağa keçib bilet almağa can atır. Belə olan yerdə hansı mədəniyyətdən, əxlaqdan və tərbiyədən danışmaq olar? Hələ heç biz tualetə getmək mədəniyyətinə də yiyələnməmişik. Çünki mədəniyyət elə tualetdən başlayır. Bəzən görürsən ki, pulsuz olan tualetləri ondan istifadə edənlər elə günə qoyurlar ki, yaranmış antisanitariyadan və natəmizlikdən ikinci dəfə kimsə ora ayaq basmaq istəmir.
   
   Nə qədər desək də, yazsaq da bunların bir o qədər faydası olmur. Amma deməyəndə də, yazmayanda da adamın ürəyi partlayır. Ürəyimiz partlamamaq üçün biz də ürəyimizi belə boşaldırıq. Onsuz da bu milləti Mirzə Cəlil kimi, Sabir kimi, Seyid Əzim kimi, Haqverdiyev kimi böyük yazarlar haqqın yoluna qaytara bilməyiblər. Onda ki, bizim kimi balaca yazarlar ola. Amma gərək biz də əlimizdən gələni edək.
   
   Bir dəfə Mir Mövsüm Ağanın ocağına gedib ziyarət etmək istəyən bir ticarətçi qabağına çıxan qəzet satana yalvarır ki, sən halal adamsan və pullarını alın təri ilə qazanmısan. Sənə "on məmməd" verim, mənə "bir şirvan" ver. Həmin qəzet satan oğlan da qışda qarın, şaxtanın, yay da da günün altında dəridən-qabıqdan çıxaraq qəpik-qəpik pul qazanır və soruşur ki, sən bu pulu neynirsən? Həmin ticarətçi də deyir ki, sən halal adam olduğuna görə, aldığım pulu Mir Mövsüm Ağanın ocağına nəzir verəcəm. Çox qəribədir ki, həmişə haram yolla pul qazanmağa alışan adamlar başqa bir vasitə ilə günahlarını yumaq istəyirlər. İndi deyək ki, həmin ocağı ziyarət edib ora pul verən adam insanları aldada bildi. Bəs Allahı necə aldadacaq? Allah yaxşı bilir ki, həmin bəndənin aparıb ziyarətgaha verdiyi pul heç də halal pul deyil. Qəzet satanın alın təri ilə qazandığı puldur. Amma buna baxan kimdir? Bu dünyada ağır günahlar eləmiş adamlar hərəsi bir yolla bu cür günahlarını yumaq istəyirlər. Ancaq onu bilmirlər ki, hamını aldatmaq mümkün olsa da, Ulu yaradana kəf gəlmək və onu aldatmaq heç kəsə müəssər olmayıb. Sadəcə olaraq bu cür adamlar ziyanın yarısından qayıdıb düz yola dönsələr bəlkə Allah onların günahlarından keçər. Biz Allahın işinə qarışmaq istəmirik. Çünkü hər şeyi verən də odur, alan da.
   
   Sovet hökumətinin vaxtında raykom katiblərinin kəsdiyi başın sorağı yox idi. Elə indi də "kiçik padşahlar" istədikləri məsələni çox asan yolla həll eləyirlər. Yəni o dövrün raykomları arasında savadsız adamlar olduğu kimi, elə indinin icra başçılarının sırasında da savadsızlar olmamış deyil. Sovet hökumətinin bərk gedən vaxtında rayonların birində birinci katib işləyən vəzifəli şəxs müşavirə keçirir və müşavirədə deyir ki, rayonda balıq qalmadı. Baklanlar balıqların hamısını, mənə verilən məlumata görə, basıb yeyib. Bu müşavirədən bir neçə gün sonra yenidən katibə çatdırırlar ki, baklanlar balıqların axırına çıxdı. Katib qəzəblənib mədəniyyət sarayında ikinci böyük bir müşavirə keçirir və sonra da prokurora, milis rəisinə və digər səlahiyyət sahiblərinə bərk-bərk təpinir ki, bu baklanın adamı və arxası kimdir ki, balıqları basıb yeyir. Məgər siz ölmüsünüz, görmürsünüz baklanlar ağ eləyib? Niyə o köpək oğlunu tutub türməyə basmırsınız? Təcili sizə tapşırıq verirəm. Elə baklanı bu gün əl-qolunu bağlayıb türməyə salarsınız. Rayon prokuroru və milis rəisi müşavirədə cəsarət edib katibə bir söz deyə bilmirlər. Ancaq salonda əyləşən bir nəfər fəhlə əlini qaldırıb deyir ki, yoldaş katib, baklan adam deyil ey, quşdur, quş. Bu sözdən sonra zalı gülüşmə ağzına götürür və katib də o ki, var uğunub özündən gedir.
   
   Beləcə, hər dövrün öz çətinlikləri, müəmmaları və ağır daşları, anları var. Bəzən bir el yığışıb bu daşı yerindən güc-bəla ilə qaldırır. Amma yerindən qaldırılan bu daşlar təzədən camaatın üstünə gələndə bu yazıq insanlar və bu yazıq adamlar nə eləsinlər? Biri pul qazanır, biri kef çəkir, biri də dünyanın heç bir dərdini vecinə almayıb, ömür-gün sürür, bunun ağırlığını isə yüz minlərlə insanlar çəkməli olur. Allah bizləri bu cür ağır daşlardan hifz eləsin.
   
   

TƏQVİM / ARXİV