TƏLAŞLI GüNüN UğURLU SONU...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28964 | 2009-08-01 00:50
...Telefon zəng çaldı. Bir az astagəlliklə, necə deyərlər özünə əziyyət vermədən ağır-ağır əlini telefonun dəstəyinə uzatdı. Fikirləşdi ki, yəqin yenə hansısa oxucudu, hansısa hərif səhfi barəsində yarım saat fikir mübadiləsi edəcək və o da adəti üzrə axıra kimi bu oxucunu dinləyib vərdiş etdiyi şəkildə:
   
   - Üzr istəyirik, yol verilmiş nöqsana görə günahkarı cəzalandırarıq! - deyəcək. Və beləcə iş gününün özünəməxsus ahəngi başlayacaq. Amma...
   
   Bu dəfə telefonda həmişə həsrətini çəkdiyi səsi eşitdi. İçində bir təlaş baş qaldırdı. Çünki o səhərlər heç vaxt zəng etməzdi. Görünür nəsə baş verib. Odur ki, hövlnak bir şəkildə tələm-tələsik soruşdu:
   
   - Nə baş verib, nə olub?
   
   Qız onun həyacanını dərhal duyduğundan şirin bir gülüşlə könlünü aldı:
   
   - Heç nə baş verməyib, sadəcə səsini eşitmək istədim. Ona görə də qonşuya keçib, sənə zəng çaldım.
   
   Qızın dedikləri ona inandırıcı gəlmədi. Birincisi ona görə ki, bu vaxtlar qız işdə olmalı idi, ikincisi də o kirədə qaldığı ev sahibinin telefonundan çox nadir hallarda, vacib bir məsələ olanda istifadə edirdi. Deməli, nəsə olubdu. Sadəcə qız onu pərişan etməmək, dilxorçuluq yaratmamaq üçün "Səsin üçün darıxmışam" bəhanəsini uydurdu. Bir anlıq beynindən keçirtdiyi bu fikirlərin təsiri altında yenə həmin hövlnak səslə soruşdu:
   
   - Düzünü de, nə olub?
   
   Telefonun o biri ucunda dayanmış qız bir anlıq fikirləşib, sakit bir şəkildə dedi:
   
   - Məni söhbətə dəvət ediblər. İndi ora getməliyəm.
   
   - Nə söhbətinə? Niyə mənim xəbərim yoxdu?
   
   - Yəqin unutmusan, sənə demişdim axı, təzə iş axtarıram, ona görə də elanlara baxıb mən də bir şirkətə müraciət etmişdim. Hətta sənədlərimi də təqdim eləmişəm. İndi xəbər gəlib ki, tanışlıq üçün söhbətdən keçməliyəm. Odur ki, saat 10:00-da həmin ünvana gedəcəm, görək nə alınır.
   
   Oğlan bir anlıq sükuta qərq oldu. Qızın maddi durumu, bütövlükdə ailəsinin gün-güzəranı ona bəlli idi, amma neyləsin ki, o nə bu ailəyə, nə də qıza heç bir köməklik edə bilmirdi və bu məsələdə hərdən özünü də günahkar sayırdı. Elə o daxili sarsıntının təsiri altında bir vaxtlar qıza oxuduğu şeir yadına düşdü:
   
   
   
   buz kimi bir sükut var,
   
   üşüdür adamın ruhunu
   
   hətta az qala daş-divar
   
   eşidir adamın ruhunu...
   
   
   
   yerin qabığı soyulur
   
   bir sükutun dırnağında
   
   göyün özü də boğulur
   
   bu sükutun barmağında
   
   
   
   sükutdan canım xoflandı
   
   hələ ki, budu bildiyim
   
   üzümdə cüt damla vardı -
   
   sükut deyildi sildiyim!..
   
   
   
   - Hə, xatırladım, demişdin mənə. Uğurlar, amma nəticəni mənə tez bildirərsən - dedi oğlan və ardınca da əlavə etdi ki, bəlkə gəlim, özüm aparım səni.
   
   Oğlanın bir az qayğılı səsi qıza da təsir etdi. Sanki onun nələr çəkdiyini, nələr düşündüyünü, hətta həmin şeri də xatırladı, duydu və ona görə də onu bu qayğı aləmindən xilas etmək üçün bir az şux səslə dilləndi:
   
   - Ehtiyac yoxdu, özüm gedərəm, sən işindən olma. Köhnə iş yerimə də zəng vurmuşam, bildirmişəm ki, bir az gec gələcəm. İstəmirəm ki, təzə işə başlamamış köhnə yerdə barəmdə pis fikirləşsinlər, soyuqluq yaransın. İnşallah, söhbətdən keçə bilsəm, ondan sonra köhnə iş yerimdə məsələni özüm açıb-ağardaram.
   
   - Yaxşı, sən deyən kimi olsun. Amma çox xahiş edirəm, məni nigaran qoyma.
   
   Sağollaşıb, ayrıldılar. Əslində bu ayrılmaqdan çox zor gücünə bir-birindən kənara atılma kimi bir şey idi. Çünki qız özgəsinin telefonundan istifadə edirdi, oğlan da onun problemini çözə bilməməkdə aciz bir durum yaşayır və bu iki məqam onları bir-birinə daha çox bağlamaqdansa, sanki daha çox da uzaqlaşdırırdı. Bilmək olmurdu ki, bu anlar hansı qeyri-adi gücün, varlığın caynaqlarında idilər. Elə bil caynaqdaki hər ikisi bir-birindən xəbərsiz sıxılırdı.
   
   ...Günün ikinci yarısında telefona zəng gəldi. Bu dəfə tələm-tələsik əlini dəstəyə uzatdı, çünki nigaran idi. Gözləməkdən az qala təkcə gözünün didəsi deyil, hətta sir-sifəti də saralmışdı. Bu onun daxili gərginliyinin rəngi idi. İndi üzünə-gözünə hopmuşdu. Bax elə o sap-sarı rənginin dilini titrədən ahəngi ilə "Alo" - dedi. Bəli, zəng vuran o idi. İndi bir az rahatlanmaq olardı:
   
   - Hə, mənəm, necəsən? Darıxmadın ki, mənim üçün?
   
   Oğlan bir az səbirsizlik etdi. Özündən asılı olmadan qızın sözünü kəsdi:
   
   - Hə, nouldu, söhbətdən keçə bildin?
   
   Qız onun təlaşını göydə tutmuşdu. Ona görə də bir az məzələnmək, əylənmək həvəsinə düşdü və oğlanın suallarına əhəmiyyət vermədən yenə öz sualını təkrar etdi:
   
   - Deyirəm, mənim üçün çox darıxdın? Amma səsindən bir şey hiss eləmirəm. Deyəsən məni görməyəndə, səsimi eşitməyəndə sənə daha rahat olur?
   
   Qızın dediyi sözlər oğlana elə bil indi çatdı. Hiss etdi ki, qız onunla əylənir və bir də onu hiss etdi ki, deməli ortada nəsə xoş bir durum var. Ona görə də bir az özünə gəlib o da qızın seçdiyi varianta əl atdı. Yəni suallara cavab vermək əvəzinə, o da öz növbəsində suallarını təkrar etdi:
   
   - Deyirəm, söhbətdən keçə bildin, yoxsa yenə sıxılıb, utanıb, bildiklərini də deməyi unutdun, biabır eədin bizi?
   
   Hə, indi hər ikisi demək olar ki, eyni əhvalda idi. Necə deyərlər, bu qarşılıqlı duel onların ovqatını bərpa etmişdi. İndi rahatca söhbət etmək olardı:
   
   - Söhbətdən keçdim, məncə pis alınmadı. Çünki sınaq müddətinə dəvət etdilər. Əgər cavablarım onları qane etməsəydi, yəqin ki, sınaq müddətinə dəvət etməzdilər.
   
   - Çox sevindim. Səndən başqa da kimlərsə var idi?
   
   - Hə. On beş, on altı nəfər olardı, amma vakant yerin sayı isə 3 idi. Onlar da elə üç nəfəri sınaq müddətinə dəvət etdilər. Hər halda ümidim var ki, hər şey yaxşı olacaq.
   
   - Bəri başdan təbrik edirəm. İlk qonaqlıq məndən, ilk maaşın hədiyyəsi də səndən...
   
   ... Həmin günü indi xatırlayanda etdikləri hərəkətlər onlara bir az uşaqlığı xatırladır. Elə bil hansısa böyük bir uğura imza atmışdılar. Bu gün üçün bəlkə də heç nə sayıla biləcək kiçicik bir iş məsələsini çözmək o vaxtlar sevgilələrə dağ boyda görünürdü. Sən demə, hələ dağ boyda işlər öndə imiş. Məhz o yaşanan duyğular və bu günki qayğılar misralara çevriləndə hər ikisinə keçmişi xatırlatmaqla yanaşı, həm də bir sevincli-kədərli ömrün cizgilərini andırır. Elə bir cizgiləri ki, onsuz həyatları sönük və mənasız görünərdi.
   
   
   
   gəl dil tapaq -
   
   birləşək
   
   sevdirək özümüzü
   
   kədərə
   
   fərqinə varmadan
   
   heç nəyi
   
   dayanmadan
   
   durmadan
   
   gedək
   
   və gedək
   
   boyun əymədən
   
   qədərə!
   
   gedək
   
   kədərimizə sevinənlər
   
   görsünlər ki,
   
   biz dözməyə qadirik
   
   hələ bundan da
   
   betərə!
   
   gəl,
   
   sevdirək
   
   özümüzü kədərə...

TƏQVİM / ARXİV