adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DEYƏSƏN DüNYA DüZƏLiR AXI

OQTAY SALAMOV
25449 | 2009-08-01 00:50
Dünyanın düz vaxtında kəndimizdə bir kolxoz, kolxozun da bir sədri vardı. Dili bir az şirin, yəni pəltəkfason idi. Kim nə məsələ ilə qapısına gedirdi, deyirdi düzələr. Bir gün başqa bir pəltək onun yanından çıxıb dedi ki, camaat, siz onun sözünə fikir vermisinizmi, "düzələr" demir ey, "düz əyilər" deyir. Mənim yazımın başlığını başqa mənaya yozanlar özləri bilər. Çalışacam ki, dünyanın yavaş-yavaş düzəldiyini faktlarla sübut eləyim. Özü də nə kiməsə sataşmaq, nə də kiməsə satılmaq fikrim var, qandığımı yazmaq niyyətindəyəm.
   
   "Yeni Müsavat" qəzetində bir düzəliş oxudum. Bu qəzetdə düzəliş verilməsinin özü qeyri-adi bir işdir. Elə düzəlişin özü də qeyri-adi idi. Deyir qəzetimizdə Elçin Şıxlının "Mən heç kimə sataşmamışam" başlıqlı müsahibəsi dərc olunub, amma başlığı səhv gedib. Müsahibənin adı "Mən heç kimə satılmamışam" olmalı idi. Deyirəm axı, Elçin müəllim ziyalı adamdı, kiməsə sataşmaz. Sözümdən başqa məna çıxarmayın, onun satılacağına da inanmaq istəmirəm. Və şəxsən mən inanıram ki, Elçin müəllimin müsahibəsi düzəlişdən sonrakı başlıqla daha səmimi səslənir. Siz nə deyirsiniz, "Yeni Müsavat"ın düzəliş, özü də belə düzəliş verməsi dünyanın düzəlməsinin əlamətlərindən biri deyil?
   
   Əmlak Məsələləri Dövlət Komitəsi dövlətin balansında olan nəqliyyat vasitələrinin bir hissəsinin hərracını keçirəcək. Özü bilər, öz maşınıdı, istəyər satar, istəyər bağışlayar. Amma maraqlısı odur ki, hərraca çıxardığı 9 avtomobilin hər birinin start qiyməti demək olar ki, simvolikdir. Məsələn, 1998-ci il istehsalı olan " QAZ-3102"-nin start qiyməti 350 manatdır. Qiymətlərin belə aşağı olmasını onların dövlət maşını olduğu üçün sürücülərin yaxşı baxmadığını, işlək vəziyyətdə olmadığını... misal göstərirlər. Nə deyirsiniz, 350 manata "QAZ-31" satılırsa, dünya düzəlir, ya düzəlmir? Bir hər şeyə dodaq büzən tanışım var, deyir həmin maşını metalloma versələr daha çox pul çıxarar, yəqin kiməsə öz adamlarına "oformit" eləyəcəklər. Zalım balasını başa sala bilmirəm ki, dünya düzəlib, indi öz adamına köhnə "QAZ-31" düzəltmək dəbdə deyil, indi oğlanlar var ki, aşnalarına sonuncu model "Mercedes" bağışlayırlar...
   
   Həmin bu zalım balası deyir ki, dünya kimlər üçünsə düzəlir, pulun, arxan yoxdursa sənin üçün düzəlmir ki, düzəlmir. Misal kimi Akif Abışov adlı bir nəfərin tarixçəsini göstərir. Deyir 1984-cü il təvəllüdlü, uşaq evində böyümüş Akif Abışovun 25 yaşı var, amma şəxsiyyət vəsiqəsi ala bilmir. Akifin bildiyi budur ki, Gəncədə anadan olub. Amma doğulduğunu təsdiq eləyən heç bir sənəd yoxdur. 5-ci sinfə qədər Şəkidə uşaq evində olub, sonra Mərdəkan uşaq evinə köçürülüb, məktəbi bitirib, əlində sənəd adına bircə dənə təhsil haqqında şəhadətnaməsi var. Əsgər də aparmayıblar. Şəxsiyyət vəsiqəsi yoxdur axı. Müraciət eləmədiyi yer yoxdur, məhkəmədə olub, Ədliyyə Nazirliyində olub, deputata müraciət eləyib, düzəlmir ki, düzəlmir. Tanışım deyir sən nəyə əsasən deyirsən ki, dünya düzəlir? Deyirəm əgər dünya düzəlməsəydi, Akifi heç qəbul eləməzdilər. Odey, mənim qardaşımın da şəxsiyyət vəsiqəsi yoxdur. Məsələ ilə bağlı İcra Hakiminin yanına düşmək istəyib, deyiblər ki, şəxsiyyət vəsiqən olmadığı üçün səni qəbula yaza bilmərik. Yox, dəlixanada olmayıb, bizim rayonda olub. Əgər dünya düzəlmirsə, Akif necə sübut eləyir ki, o Akifdir, soyadı da Abışovdur. Sənədi yoxdur, istəsələr deyərlər ki, sən heç doğulmamısan, ya da anan o vaxt səni abort elətdirib... Amma demirlər, çünki dünya düzəlir, indi şəxsiyyət vəsiqəsidi, sənəddi... "düzəylər", yox ey, düzələr, inşallah...
   
   Türk qardaşlarımız yaman kefimə dəyiblər. Deyir oranın tanınmış sorğu mərkəzlərindən biri ölkənin 15 bölgəsində 1900 nəfər arasında sorğu keçirib ki, kimə nə qədər etimadınız var. Mən Nikolaydan qalma kompüterdə, kiril əlifbası ilə yazıram. Klaviaturada "n"hərfi ilə "q" yan-yanadı. Sözü "nəfər" yazırdım, "qəfər" alındı. Elə deyəsən bunlar qəfər imiş. Soruşulanlar ən çox orduya güvəndiklərini, sonrakı yerdə hakimlərin durduğunu söyləyiblər. Və deputatlara cəmi 0,7 faiz etimad göstərənlər olub. Bu haqda bizim qəzetlərdə yazan müxbir maraqlanıb ki, bəs bizim deputatlara inam, etimad nə qədərdi. Cavab gəlib ki, bizdə belə sorğu keçirilməyib, amma deputat Fuad Muradov deyib ki, Azərbaycanda parlament seçkiləri zamanı əhalinin iştirakının yüksək səviyyədə təmin olunması deputatlara xalqın inamından xəbər verir. Digər deputat Fəzail Ağamalı isə hesab edir ki, sorğu keçirilmədən bu haqda fikir söyləmək çətindir, amma sorğunu da gərək peşəkarlıqla keçirsinlər: "5-10 adamın rəyini öyrənməklə kifayətlənmək olmaz. Çünki hər bir sorğunun məqsədi var. İctimai rəy öyrənilərkən düzgün metodologiya tətbiq olunmalıdır. Bu ziyanlı olmamalıdır". O yuxarıda haqqında danışdığım zalım balası (bir az da özünü pis aparsa zalımın yerinə daha sərt söz yazacam) yenə başlayıb qəmiş qoymağa, sözdən tutmağa. Deyir "əhalinin iştirakının yüksək səviyyədə təmin olunması" nə deməkdir? Deməli... Deyirəm, zəhrimar deməli, olanı görmürsənsə, get gözünü remont elətdir. Dünya düzəlir ey, bəzi adamların beyni, gözü, dili düzəlmir. Ona görə də dünyanı iqtidar mətbuatından oxuyun...
   
   ATƏT-in Minsk Qrupunun həmsədrləri "Madrid prinsipləri"ni yeniləşdirib ortaya çıxarırlar. Bizim müxalifətçilər həmin prinsiplərdə Azərbaycan əleyhinə olan müddəalara etiraz eləmək üçün nə vaxtsa aksiya keçirməyi düşünür. Demokratiya Uğrunda İttifaq istəyir ki, bu aksiyanın baş tutması üçün müxalifətin digər spektrləri və tanınmış ziyalılarla da müzakirələr aparsın. Bu məqsədlə də Yazıçılar Birliyinə müraciət edəcəklər. Deyirəm dünya düzəlir, şübhə eləyənləriniz var. Bunlar hələ müraciət etməyiblər, amma qəzetçilər YB-dən həmin müraciətə münasibətin necə olduğunu soruşurlar. Çox müdrik, lakonik və şərhə ehtiyac olmayan cavab gəlib: "Hələlik müarciət daxil olmayıb ki, onu müzakirə edək. Daxil olsun, ondan sonra bir qərara gələrik"... Hə, başqa nə desin YB, yazıçı durub mitinq eləməlidi? Özü də müxalifətin mitinqində? Dünya təzə-təzə düzəlmək istəyir, yazıçılar bunun üçün qan-tər tökür, şedevrlər yaradırlar, bunlar da başlayıb ki, çıxın mitinq eləyək. O mitinqdə bir yazıçının başına dubinka dəysə, həmin başdan çıxacaq dünyanı düzəltmə planı məhv olsa, gələcək nəsillərə nə cavab verəcəyik?
   
   Məni tez-tez "dünya düzəlir" sözünə görə qınamayın, başqaları özləri bilər, can onların, cəhənnəm Tanrının, mən dünya deyəndə gözəlim Azərbaycanı nəzərdə tuturam. Özü də subutalnı-dokumentalnı dokazat eləyirəm ki, dünya düzəlir. Buyurun, heç kimin inkar eləyə bilməyəcəyi daha bir fakt: Yaxın vaxtlarda Bakı ətrafı və Abşeron ərazisində hərəkət edən elektrik qatarları ləğv ediləcək. Lap yaxşı eləyirlər. Neçə konteyner pul xərcləyib "Dairəvi yol -II" çəkirlər, bəs o boş qalmalıdı? Hazırda şəhər və yarımada ərazisində 9 "elektriçka" işləyir. Gör nə qədər metal, mis naqil, şpal boş yerə batır ey... Heç bildiniz Bakıda tramvayları, trolleybusları ləğv eləyəndə nə qədər xeyir qazanıldı? Nə fərqi var kim qazandı, əsas odur qazanıldı. Heç millət də tramvaysız, trolleybussuz qırılmadı. İndi "elektriçka"sız da yaşamağa öyrəşərlər. Bəsdi ucuz hökumət nəqliyyatını mindilər...
   
   Televiziyada baxıram, bir yerdə qum tufanıdı, o birində su tufanı, birində seldi, o birində meşə yanğını. Yəni içi biz qarışıq, Allahın göndərdiyi bəlalara qatlaşırıq. Amma bu sarsaq ermənilər, nəuzibillah, heç Allahın da yuxusuna girməyən bəlalara tuş gəlirlər. O gün Batumidən İrəvana gedən qatar ...elektrik dirəyinə çırpılıb. Yox, daha lap ağ eləməyin, yoldan çıxıb dirəyi vurmayıb, Spitak-Gümrü yolunun 2-ci kilometrində tuneldən düşən qaya parçası dirəyi zədələyib, dirək aşıb yola, qatar da... Vallah, O kişi əlindən gələni eləyir ki, dünyanı düzəltsin, ermənilər, bir də ağzıəyrilər imkan vermir. Yoxsa bir dünya nə olan şeydi ki Yaradanın əlində?..

TƏQVİM / ARXİV