GüNƏŞ BATDIğI YERDƏ...

FAİQ QİSMƏTOĞLU
36341 | 2009-07-25 00:20
Füzulinin işğaldan azad olunan kəndləri ermənilərin "ağzının içində" yerləşir. Burda məskunlaşmaq və yenidən qaynar həyata qayıtmaq o qədər də asan deyil. Ona görə asan deyil ki, ermənilərin beş addımlığında duruş gətirib, ev-eşik tikmək, bağ-bağat salmaq və ən nəhayət ocaq yandırmaq üçün qorxmaz ürək sahibi olmalısan. İnsanlar burda 1994-cü ildən sonra yenidən yurd-yuvasına qayıdaraq ocaqlarını yandırıblar.
   
   Amma bəzi araqarışdıranlar və suyu bulandırmaq istəyənlər bulanıq suda balıq axtarırlar. Yəni onlar istəmirlər ki, cəbhə bölgəsi sayılan bu kəndlərdə, yaşayış məntəqələrində bir sakitlik olsun. Ona görə də bəzi qəzetlər rayon haqqında məsuliyyətsiz yazılar dərc edir, çətin vəziyyətdə məskunlaşmış insanlar arasında narazılıqlar yaratmaq istəyirlər. Heç kim bilməsə də Füzuli camaatı çox yaxşı başa düşür ki, rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov nə qədər ziyalı, savadlı və kamil bir insandır. Rayonun ən çətin vəziyyətində o, sinəsini qabağa verib, el-obanın içində olub, xeyir-şərdən qalmayıb. Elə bu insanlıq xüsusiyyətlərinə görə də Füzuli camaatı Nəbi müəllimin xətrini çox istəyir. Ən azından ona görə ki, heç kəs onun qəbuluna düşməkdə və dərdini deməkdə çətinlik çəkmir. Bəzi adamlar xeyir-şərdə öz problemlərini başçıya deyirlər. Təbii ki, o da imkanı daxilində insanlara köməklik göstərir, yaranmış problemləri aradan qaldırır və narazılığın böyüməsinə imkan vermir. Təəssüf ki, bəzi qəzetlər Nəbi Muxtarovun el-oba arasındakı nüfuzuna və hörmətinə kölgə salmaq, xələl gətirmək istəyir. Məsələn, bu yaxınlarda müxalif qəzetlərdən biri yazır ki, Füzulidə Ağayevlər ailəsi Zobucuq qəsəbəsindən ermənilər tərəfə keçmək istəyib. Güya onları icra başçısı çox incidir. Hətta qəzetin yazdığına inansaq Nəbi müəllimin göstərişi ilə həmin adamları polisə aparıb və naməlum yerdə saxlayıblar. Əsl həqiqətə gələndə isə bu yazı şər-böhtandan başqa bir şey deyil. Görəsən, heç bu yazını qələmə alan adam öyrənibmi ki, Nəbi müəllim indi hardadır? Hansı ki, 15 gün bundan əvvəl Nəbi Muxtarov məzuniyyətə çıxıb və müalicə olunmaq üçün harasa gedib. Təəssüf ki, qəzet müxbiri Nəbi müəllimin rayonda olmamasından xəbər tutmayıb və bu dezinformasiyanı da məqsədli şəkildə qəzetə çıxarıb. Hansı ki, Füzuli cəmaatı yaxşı bilir ki, bu cür yazılar müəyyən adamların diqtəsi və göstərişi ilə qələmə alınır. Hər hansı faktı qələmə almamışdan öncə biz yazarlar birinci onu dəqiqləşdirməli, yoxlamalı və ondan sonra mətbuat səhifəsinə çıxarmalıyıq. Qələmə alınan yazı isə qərəzli olduğuna görə, heç başçının rayonda olmaması faktı belə nəzərə alınmayıb. Təəssüf ki, bu cür yazılar kimlərinsə fəaliyyətinə kölgə sala bilməz. Çünki hamı yaxşı bilir ki, əsl həqiqət necədir. Gərək heç vaxt əlində qələm olan adam başının üstündə Allahı yadından çıxarmasın.
   
   Bir neçə gün bundan əvvəl televiziyaların birində çox maraqlı süjetə baxdım. Bir kişi meşədən yaralı, körpə bir aslan balası tapır. Bir müddət evində saxlayandan sonra görür ki, çətinliyi var, həmin aslanı zooparka verir. Aslan zooparka veriləndən sonra əvvəlki sahibi ilə gec-gec görüşür. Təsəvvür edin onlar görüşəndə elə mehribanlıqla görüşürlər ki, bir-birini duz kimi yalayır və bağrına basırlar. Sözümün canı odur ki, adi bir vəhşi heyvan insanın yaxşılığını unutmur. Amma körpələr evindən hansısa adam yetim bir uşağı götürüb saxlayır, sonra o uşaq həmin kişinin başına olmazın oyununu açır. Ya onu zəlil eləyir, ya da bir gün qanına qəltan edib aradan çıxır. Görünür, sədaqətli olmaq heç də hər canlıya qismət olmur. Adi bir vəhşi heyvan öz sədaqətini o cür göstərir, şüurlu insan isə başqa bir xəyanətlə məhəbbətini və sədaqətini nümayiş etdirir. Ümumiyyətlə, bu dünyada elə adamlar var ki, nə qədər yaxşılıq eləyirsən, bir qara qəpiyin yerində olmur. Sən ona arxa durursan, yıxılanda qolundan tutursan, çörək verirsən, həmin adam da dikələndən sonra sənin yaxşılığını qaytarmaq əvəzinə, pisliyindən əl çəkmir. Belələrinə çörəyi dizninin üstündə olan, yaxud da anasının əmcəyini kəsən deyirlər. Ona görə də gərək insan yaxşılıq eləyəndə bilsin ki, kimə əl tutur və arxa durur. İçində, qəlbində, ürəyində şeytanı hisslər olan adamlar heç vaxt işıqlı insan ola bilməz. Ən azından ona görə ki, onların ürəyi yoxdu. Varsa da çox soyuq və dəmir kimi möhkəmdir.
   
   Bəzən imkansız insan görəndə adamın ona yazığı gəlir, fikirləşirsən ki, əl tutasan, kömək göstərəsən. Bir neçə gün bundan əvvəl tum satan oğlan bizə yaxılaşdı. Əlləri şikəst olduğundan onun tumunu almadan pul vermək istədik. Yanımdakı dostlarım Xaqani və istedadlı şair Əlisəmid Kür dedi ki, elə tum almayıb ona pul verək. Biz oğlana pul verdik, o isə bu pulu bizə qaytarıb dedi ki, qardaşlar, əlimin şikəst olduğuna baxmayın, mən heç vaxt qürurumu sındırıb dilənçilik eləmərəm. Və mənə də xahiş edirəm dilənçi kimi baxmayın. Yazığımız gəldiyi o adam pulumuzu da götürməyib stolumuzun üstünə iki stəkan tum tökdü. Bu uşağın qüruruna, mənliyinə məəttəl qaldıq. Sonra Xaqani dostum zor gücünə ona tumun müqabilində 10 qəpik pul verdi. Hərçənd ki, biz ona 40 qəpik vermək istəyirdik. Görünür, bəzilərindən fərqli olaraq tum satan oğlan əlilliyindən sui-istifadə etmir və halal yolla pul qazanmağı daha üstün tutur.
   
   İstedadlı şair Vahid Əlioğlunun şeirlərində vətən, torpaq sevgisi həmişə önə çəkilir. Şair nədən yazırsa yazsın, qələmə aldığı bütün mövzularında bir səmimiyyət və bir şirinlik var. İstər təbiətin buz bulaqlarından, istər sərin meşələrindən, istərsə də göy çəmənlərindən yazdığı şeirlərdə vətən torpağının ətri hiss olunur. Hər gülün öz ətri olduğu kimi, Vahid Əlioğlunun şeirlərinin də öz gözəlliyi, ətri, çalarları var. Bu elementlər onun qələmə aldığı "Sevgi ürək yarası", "Sevən ürək kövrək olar", "Sevgi dolu ürəyim var", "Ürək yanmasa" şeirlər kitabının hər birində hiss olunur. Hiss olunur ki, Vahid müəllimin çox böyük ürəyi, məhəbbəti və sevgisi var. Bu sevgini şair o qədər şirin və poetik dildə ifadə edir ki, oxucuya ləzzət eləyir.
   
   Bu yaxınlarda istedadlı şairin yaradıcılığı ilə bağlı filologiya elmləri namizədi Lətif Süleymanlının "Vahid Əlioğlunun poetik dünyası" adlı təhqiqat xarakterli kitabı işıq üzü görüb. Adətən ədəbi-tənqidin nümayəndələri, tənqidçilər, tanınmış şair və yazıçıların əsərləri haqqında fikir söyləyirlər. Ancaq o qədər də məşhur olmayan, yəni xalq şairi olmayan adamların yaradıcılığına müraciət eləmirlər, ya da müraciət edəndə az-az üz tuturlar. Bu kitabda isə Lətif Süleymanlı istedadlı şair Vahid Əlioğlunun yaradıcılıq dünyasının bütün çalarlarına işıq salır, onun fəlsəfi fikir dünyasını, eləcə də poetik düşüncəsini çox səlis dillə təhlil edərək oxuculara çatdırır. Araşdırıcı V. Əlioğlunun yuxarıda adlarını qeyd etdiyimiz bütün kitablarını ətraflı təhlil edir, onun xalq yaradıcılığından, folklordan necə bəhrələndiyini ustalıqla açaraq oxucuların nəzərinə çatdırır. Vahid müəllimin onlarla şeirinə müsiqi bəstələnib və məşhur müğənnilər bu mahnıları ifa eləyirlər. Onun "Borçalı" şeirinə yazılmış mahnı və çəkilmiş klip isə çox böyük əks-sədaya səbəb olub. Çünki şair bütün insanları unudulan və yavaş-yavaş yaddan çıxmaq istəyən Borçalıya səsləyir. Unudulan torpaqlar, yurd yerinə dönmək isə biz insanların borcudur. Bəzən əhlikef, içində vətən sevgisi olmayan adamlar dədə-baba torpağına üz tutmaq istəmirlər. Şair bu cür adamları da dədə-baba torpağına qayıtmağı və oranı ziyarət etməyi tövsiyə edir. Çünki kimliyindən asılı olmayaraq hamımızın sonu dədə-baba torpağında bitir.
   
   "Qarabağ"ın möhtəşəm qələbəsi başa çatan kimi telefonumda zəng-zəng dalınca gəldi. Bilmirdim kimə cavab verim. Zəng eləyən dostlara deyirdim ki, qardaş, mənə yox, Aqil Abbasa zəng eləyin. Çünki uzun müddət və elə indinin özündə də "Qarabağ" klubunun əziyyətini o kişi çəkir. Zəng eləyənlər deyirdilər ki, biz dediyin kişinin nömrəsini bilmirik, zəng eləsək də nömrəsinə düşmürük. Görünür, həmin vaxtı Aqil müəllimi çoxları təbrik etdiyinə görə, onun telefonu dinc olmayıb. Yoxsa mənə zəng edən adamların bir neçəsi gözaydınlığını Aqil müəllimə verəcəkdi. Yaxın dostlarımdan biri, son dərəcə təmiz və səmimi insan olan Hacı Fəxrəddin sevincindən ağlayırdı. Deyirdi qardaş, şükürlər olsun ki, biz də ürəkdən sevindik. Kim bizi sevindirirsə, Allah da onu sevindirsin. Heç ömrümdə bu qədər sevinməmişdim. Xahiş edirəm mənim təbrikimi Aqil müəllimə çatdırasınız. Çünki o kişi millətini, xalqını və ən nəhayət futbolu sevən bir insandır. Qarabağa görə də bilirik ki, Aqil müəllim ölümə gedər. ANS-dəki çıxışına baxanda və deyəndə ki, dalımca gəlin, bax, onda da mənim gözlərim yaşardı. İndi isə gözlərim "Qarabağ"ın bizə bəxş elədiyi sevincdən yaşarır. Beləcə, "Qarabağ"ın qələbəsi bütün Azərbaycanı sevindirdi. Kaş o gün olsun ki, işğal altında olan torpaqlarımız qayıtsın və onda sevincimizdən gözlərimiz yaşarsın.

TƏQVİM / ARXİV