iNTiHARDAN ÖNCƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
33564 | 2009-07-25 00:20
... Saat təqribən 23:00 olardı. Dəhşətli dərəcədə darıxırdım. Özümdən asılı olmadan evdəkilərə bir qaşqabaq nümayiş etdirdim. Hər kəs öz otağına çəkildi. Yaşadığım evin qarşısındakı balaca həyətfason bir yerdə əyləşdim və mənə elə gəldi ki, özüm öz iradəmlə, öz ağlımın, düşüncəmin hökmü ilə deyil, kimsəninsə diqtəsi ilə, lap elə qolumdan tutub məcbur etməsi sayəsində mizdə əyləşdim.
   
   ... Çox səfeh bir külək əsir. Ümumiyyətlə, son vaxtlar Bakının küləyi məni əsəbiləşdirir. Əvvəllər küçələr bir az geniş, evlərin araları böyük olduğundan külək istədiyi yerdə "at" oynada bilirdi. Amma indi bu "karopka" evlər bir-birinin belinə minəndən nə nəfəs almaq olur, nə də külək bədbəxt özünə bir yer tapır ki, at oynatsın. Eləcə eyni prospektlə, küçəylə sağa, sola əsməklə Bakının dörd tərəfini, içərisi qarışıq, başına götürmüş salofanları, digər zir-zibilləri adamın üz-gözünə çırpır. Bilmirsən ayağının altına baxasan, yoxsa küləyin səfeh "zarafatlarından" özünü qoruyasan.
   
   Hə, deməli, çox mənasız, duzsuz bir külək əsir. Adətən Bakı küləkləri havanın yerini sağa-sola dəyişir, hardansa bir az oksigen tapıb gətirir. Amma bugünkü küləkdə ümumiyyətlə heç nə yox idi. Sadəcə hiss edirdim ki, tiyəsi isti bir alət xirtdəyimə söykənib. Amma bilmirdim nədi. Bəlkə də xəncər idi, bəlkə də qəssab bıçağı idi və yaxud da elə küləyin özü xəncərə çevrilmişdi... Hər nə idisə indi də baş aça bilmirəm.
   
   ...Son vaxtlar stolumun üstündə bir kitab var. Əjdər Olun kitabıdı. Bu kitabda yazıçı Namiq Abdullayevlə bağlı maraqlı bir yazı dərc olunub. Bəlkə də həmin yazının aurasına düşmüşəm, bilmirəm. Rəhmətlik Namiq Abdullayevin həyatı Əjdər müəllimin qələminin hökmü ilə hopubdu yaddaşıma. Beynimdəki ancaq odu. Sanki onun sonu, həmin o vida anı gəlib stulunu çəkib oturub böyrümdə. Vallah, bəlkə də inanmayacaqsınız, amma mən nədənsə filmlərdən seyr edib, kitablardan oxuduğum intihar öncəsi məqamları bircə-bircə, nöqtəsinə qədər yaşadım və...
   
   ... Balaca həyətimdə oturmuşam , ağlıma ilk gələn bu oldu ki, qəribə bir xoşbəxtlik mənə nəsib oldu. Gülməyin ha. Həqiqətən xoşbəxtlikdi. Düz qapının girəcəyində, ayaqqablarımı soynduğum yerdə bir gilanar ağacı var, amma çox kövrəkdi. Həmin gilanara bitişik də evin bir artırması var. Təqribən bilək yoğunluğunda borudu, diametrini xatırlaya bilmirəm. Bax, həmin boruya baxanda içimdən qəribə bir sevinc gəlib keçdi. Elə bil illərlə axtardığımı tapdım. Həqiqətən uşaq kimi sevindim və...
   
   Bu borudan özünü asmaq necə də gözəl olar. Düz evin girişində, ən rahat bir yerdə. Masadan qalxıb bir addımlığımda olan həmin o boruya diqqətlə baxdım. İndiki ipək kəndirlər var, yəqin ki, görmüsüz. Allah haqqı o kəndirlə burda elə rahat asılmaq olar ki, heç ruhun da inciməz...Qayıdıb yanında əyləşdim durduğum yerdə, göy üzünə baxdım. Heç nə anlaya bilmədim. Bulud da var idi, ulduz da, hətta aydan da bir çimdik görünürdü. Lakin göy üzündə, səmada nədənsə işıq, parıltı çatmırdı, alatoranlıq idi. Və mənim həmin anda xatırladığım ikinci bir məqam da oldu. Onu da mütləq deməliyəm. Düşündüm ki, balaca qızım gecələr narahat yatır. İşdi mən özümü assam və o da qapını açıb bayıra çıxanda və məni asılmış vəziyyətdə görsə hansı hallara düşə bilər? Bu sualın cavabını düşünmək məni vahimələndirdi. Yavaşca mizdən qalxıb birbaşa torpağın üzərində oturdum, daha doğrusu arxası üstə uzandım. Qızımla bağlı düşüncələri özümdən uzaqlaşdırmaq üçün günlərdən bəri beynimdə olan, amma kağıza köçürmədiyim şeiri pıçıldamağa başladım:
   
   
   
   ovutmaq üçün özümü
   
   sadə bir qayda tapmışam
   
   əllərim
   
   başımın altında
   
   üzümü, gözümü
   
   göy üzü ilə
   
   göz-gözə, üz-üzə qoyub
   
   heç kimin
   
   əlimdən ala bilməyəcəyi qədər
   
   sükutla
   
   həmsöhbət olmuşam
   
   daxilimdəki mənlə
   
   və bir də
   
   mənim hakimim olan -
   
   Mütləqim Sənlə!
   
   
   
   Şeirin sonundakı misra məni bir balaca silkələdi. Amma bütünlüklə əvvəlki duyğulardan, hisslərdən qoparıb ayıra bilmədi. Çünki bu isti yay günlərində yaşadığım bir çox məqamlar, çevrəmdə baş verənlər məni daha çox özünü mühakimə, özünə qəsd, lap çılpaq desəm intihar üzərində kökləyir. Və ona görə də tez-tez həyatda da, yuxuda da həmin məqamla bağlı müxtəlif detallara rast gəlir, söhbətlərin iştirakçısı və yaxud şahidi oluram.
   
   ...Hə, insan müxtəlif səbəblərdən intihar edir. Bu bəllidir. Təbii ki, bunu günah sayanlar da var, hətta Allahın iradəsinə qarşı çıxmaq kimi də dəyərləndirirlər. Bəziləri isə zəiflik, acizlik kimi də qiymət verirlər intihara. Ümumiyyətlə, hərənin öz baxışı var və mən bu baxışların heç birinə qarşı deyiləm. Lakin Tanrının verdiyi ömrü yalnız məşəqqətlərlə, əzablarla yaşamaq və sonda da bunu tale sayıb, alın yazısı hesab edib hər şeylə razılaşmaq mənim üçün məqbul deyil. Yəni mən bu cür oyunun iştirakçısı olmaq istəmirəm. Kimlərsə əsəbimə, durumuma şübhə edə bilər. Qoy olsun. Çünki mən ağla qaranın arasındakı məsafə qədər bir ömür yaşamışam və indi də yaşayıram. Dəfələrlə də qaşla-göz arasındakı ölümün gözləri içinə baxmışam. Özümə gələndə dostlarla, hansısa bir tüstü-dumana bürünmüş ucuz kafelərin küncündə sosiska və yaxud kolbasa ilə rus arağını şərbət kimi içmişəm. Olub ki, ardımızca kimlərsə də gileylənib. Həmin vaxtlarda da yazmışam ki:
   
   
   
   əlimdəki badəni
   
   sona kimi içib
   
   yumruğunu masaya
   
   badəni
   
   döşəməyə çırpdı
   
   həmin an
   
   özündən xəbəri olmadan
   
   özü öz içindən çıxdı...
   
   çıxdı və getdi
   
   həqiqi özünü
   
   tapıb danlamağa
   
   sonra da
   
   həqiqi özüylə
   
   diz-dizə oturub
   
   ağlamağa...
   
   ...bu ilk dəfə deyildi
   
   onun hərdən
   
   doğruçu özünü
   
   axtaırmalı olurdu...
   
   gedəndə
   
   yerində
   
   sınmış badə
   
   bir də
   
   xidmətçinin söyüşləri qalırdı...
   
   
   
   ... Bu mənasız, səfeh küləyin özünü üzümə-gözümə çırpmasına baxmayaraq, əvvəl yaşadığım duyğulardan, yəni intihar etmək istəyimdən tək bircəcə addım aralanmışdım. Eləcə bir himə bənd idim. Qarşımı kəsən balaca qızımın və bir də məni mənim kimi duyanların ilk anda nələr yaşayacağı idi. Ona görə əlimi ipək kəndirə uzatmırdım. Yoxsa... Doğrudan intihar bu qədər gözəldi?
   
   

TƏQVİM / ARXİV