adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

RƏNGiNi DƏYiŞƏN

VƏSİLƏ USUBOVA
28913 | 2009-07-25 00:20
Təxminən bir həftədi işə çıxmıram. Məzuniyyətdəyəm. Nə vaxtdan bəri plan cızırdım ki, evdə qalanda hansı işləri görəcəyəm. Həm yaradıcılıqda, həm də ev işlərində çatdıra bilmədiklərimi yerbəyer eləmək fikrindəydim. Ancaq, təsəvvür edirsinizmi, bu günəcən heç bir işin yiyəsi deyiləm. Elə bütün günü mənzildə fırfıra kimi fırlanıram. Halbuki məzuniyyətə çıxmamışdan hər şey qaydasındaydı. Xörək də bişirirdim, paltar da yuyurdum, döşəmə də silirdim. Üstəlik, tikiş maşınında da bəzi əyər-əskikləri düzəldirdim. Məqalələr yazmaq da öz yerində. Yadımdadı, biz balaca olanda belə vəziyyətə düşən qadınlar deyərdilər: "Nə işim var, nə macalım". İndi o, mənəm...
   
   Söhbət elədiklərimə tez-tez deyirəm: "İstəyirəm, işdən çıxım. Burda vaxtım hədər gedir. Texniki iş görürəm. Evdə oturub yazı-pozuynan məşğul olaram. Lap elə Sovet dövründən qalma məqalələrimi də toplayıb bir kitab..." Kəskinliklə etiraz edirlər, kifayət qədər real, inandırıcı arqumentlər gətiirirlər. Uduzarsan,- deyirlər, - uzun illərdi işləyirsən, daha evdə otura bilməzsən. Ev adamı dəli edir. İşləmək adamı həmişə cavan, formada saxlayır. (Yeri gəlmişkən, tələbə dostum Şəfəq Nasir də mətbuat günü münasibətilə təbrikində mənə həmişə formada qalmağı arzuladı).Ağzın isti yerdədi, sən bilmirsən, işsiz adam nələr çəkir. İndi iş tapmaq da müşkül məsələdi. Gül kimi işin-gücün var, əlin-ayağın tər-təmiz gəlib-gedirsən. Ağlını oğurlatma, peşiman olarsan və s. və i.a. O qədər ağlabatan, ürəkaçan sözlər deyirlər ki, adam xeyli fikrə getməli, götür-qoy eləməli olur. Mən də hamıya qulaq asıb, axırda özü qərar verənlərdənəm. Nəsə ağlıma girib, çıxmaq bilmir ki, bilmir. Deyirəm, bir babat qəzet, ya jurnal redaksiyası olsaydı, işləyərdim. Bilirəm, indi həmkarlarımın çoxu məni qınayıb deyir ki, nə qoyub, nə axtarır bu adam. Elə bilir, redaksiyalarda yel əsib, qoz tökülüb?! Elə hamımız başımızı birtəhər girləyirik. Deyirəm, bu birtəhər baş girləmək niyə bizim nəslin taleyinə yazıldı, görəsən? İldən-ilə ümid eləyirik ki, yəqin, bu ildən dövlətimiz mətbuat sahəsində əsaslı bir iş görəcək. Elə edəcək ki, heç bir jurnalist başqa sahədə işləmək məcburiyyətində qalamayacaq. Amma gözlərimizin kökü sarala-sarala qalıb. Ömür-gün də ki, keçib gedir...
   
   Həmişə istəmədiyim, xoşlamadığım işlər başıma gəlir. Heç zaman vəzifə, şan-şöhrət əsiri olmamışam. Sakit, qulağı dinc bir həyat arzulamışam ki, rahatca yazıb-yaratmaqla məşğul olum. Rayon qəzetində işə başladığım ilk illərdə komsomol komitəsində işə dəvət elədilər. Getmədim, öz sənətimlə məşğul olmaq istəyirəm, dedim. On altı- on yeddi il bundan qabaq işlədiyim redaksiyada bir qurğunun tələsinə düşdüm, ərizə verib işdən çıxdım. Cəmi 20 gün işsiz qaldım. İndi işlədiyim idarəyə çağırdılar. Ağır günlər idi. Mənə qalsa, öz peşəmdən başqa heç bir işdə işləməzdim. Ancaq balalarıma çörək verən yoxdu. O gündən darıxa-darıxa, sıxıla-sıxıla indiki iş yerimdə çalışıram. Təbiətən naşükür adam deyiləm. Ancaq, daş öz yerində ağır olar, deyiblər. Mən də, redaksiyada mən idim, burada özümü yad, qərib hiss edirəm. Heç kəslə qaynayıb-qarışa bilmirəm. Həyata baxışımız, maraqlarımız düz gəlmir. Neyləyəsən ki, həyatın üzü sərtdi, bombozdu. Bizim planlarımız işləmir...
   
   İndi kifayət qədər düşünməyə vaxtım var. Bir qarın çörəyə, qəpik-quruşa işləmək nə qədər ağrıverici olsa da, bilirsən ki, başqa çarən yoxdu. Mənəvi dəyərlər gündən-günə əriyir, tanışlıqlar, təmənnalar, üzgörənliklər baş alıb gedir. Belə bir vaxtda iş yerini də itirsən... Küçədə, dükan-bazarda, aptekdə, poçtda, qovşaqda, xeyir-şərdə gördüyün üzlər, təbəssümlər yox olmaqçın, yerini turş qaşqabağa, laqeyd, bumbuz baxışlara verməkçin himə bənddilər. Qapını döyəndə sap kimi iynə deşiyindən keçənlər, qılığına girib " filan işdən ötrü sabah sənin iş yerinə gəlmək istəyirəm, nə deyirsən?" deyib gözünü ağzına dikənlər çox sənin kimiləri yola veriblər. Gərək ki, Napoleonun sözüdü: " İnsanları qorxu və məqsəd idarə edir"...
   
   Atam bağçamızın o başında iri bir dərə qazdırmış, qırağına söyüd, tut ağacları əkmişdi. Arxlar quruyanda dərənin suyundan işlədirdik. Üç-dörd ilə elə sərin, mənzərəli bir yer alınmışdı ki, qırağına gedəndə geri qayıtmaq istəmirdin. Bostanın içindən dərənin başına cığır salmışdıq. Hər dəfə su gətirməyə gedəndə cığırın qırağındakı otların arasında qəfildən nəsə xışıldayıb diksindirirdi məni. Amma heç nə görə bilmirdim. Nə qədər göz gəzdirib ayaqlarımla tapdalasam da, heç nə tapmırdım. Bir gün gördüm. Bu otların üstüynən şütüyən zərif, incə bir kərtənkələydi. Yazda-yayda yamyaşıl, payızda otlar saralanda isə bomboz olurdu. Belə varlıqlara buqələmun deyirlər, mənsə bu anlaşılmaz sözü öz dilimizdə işlətmək istəyirəm. Sonralar bilmədim nə oldu, amma bu günə kimi hər fəsilə uyğun rəngini dəyişən o zərif, əslində bu söz ona hayıfdı, o hiyləgər, iyrənc varlığı unuda bilmirəm. Həyatımın çox anlarında onu xatırlamalı, xəyllara dalmalı olmuşam...
   
   İnsan sayılmağı, diqqətdə olmağı xoşlayır. Bu hamıya aid olmasa da, əksər adamlar bu mərəzə mübtəladı. Hardasa izzət-nəfsini oxşayan bu ehtiyacın dolmasıyçın bəzən səhvlərə yol verə bilir, özü-özünü aldatmaqdan da çəkinmir...
   
   On-on beş il bundan qabaq rayonumuza pənah gətirən saysız-hesabsız qaçqın və köçkünlərin arasında bir kişi xüsusilə yadımda qalıb. Ucaboylu, yaşına uyğun olmayan tərzdə şux qamətli, deyib-danışan, ünsiyyətcil bir adamdı. İdarəmizə tez-tez gələr, hamımızla bir-bir görüşüb söhbətləşər, lap elə icra başçısının da qapısını ərklə açardı. Onu belə qarşılamaq bizim adamların insanpərvərliyindən irəli gəlmirdi. Kişi imkanlı, əliuzun adam idi. Özü də müxtəlif məsul vəzifələrdə işləmişdi. Axırıncı vəzifəsi məktəb direktorluğu olmuşdu. Oğlanlarından biri hansı institutdasa dekan idi, bizimkilərdən də kimisinin övladı, kimisinin qardaşı oğlu, kimisinin bacısı qızı həmin institutda oxuyurdu. Ona görə də hər gəlişində kişini əl üstündə gəzdirirdilər. Qəribədir ki, deyəsən, o özü bu hörmətin əsl səbəbini başa düşmürdü... Hardasa, bir aya yaxın görünmədi. Mən öz aləmində olan adamam, belə şeyləri hələ-hələ hiss edən deyiləm. Yeri gəlmişkən deyim ki, iki il bundan qabaq qapıbir qonşumun oğlu instituta girmişdi. Düz dörd-beş ay uşağın evdə olmadığından xəbər tutmadım. Bir də dekabr ayında məsələni anlayıb anasına gözaydınlığı verdim... Günlərin birində dostumuz təzədən peyda oldu və otağıma gələndə məni o ki, var danladı. Dedi ki, bəs, xəstələnmişdim, ölüb ölümdən qayıtdım, rayonun yarısı mənə baş çəkdi, bir səndən başqa. Üzrxahlıq elədim, xəbərim olmayıb, dedim. Ancaq kişinin ürəyi soyumurdu, gedib-gəlib məndən umu-küsü edirdi... Xüsusən, iki nəfər qadının ona tez-tez baş çəkməsini, diqqət, qayğı göstərmələrini hər dəfə qaxınc edirdi. Həmin o iki nəfəri çox yaxşı tanıyırdım. Bir gün qərara aldım ki, dostumuza açıqlama verməyin vaxtıdı... Çox nəzakətlə, çox ehtiyatla dedim ki, filankəs dayı, məndən inciməyiniz xoşuma gəlir. Uman yerdən küsərlər, deyiblər. Siz də yəqin ki, xəstə olduğunuz günlərdə baş çəkməyə gələnlərin arasında məni də görmək istəmisiniz. Bu, çox yaxşıdı. Ancaq... Doğrudanmı, sizə nədən belə hörmət eləmələrinin səbəbini başa düşmürsünüz?! Doğrudanmı, başa düşmürsünüz ki, işləri aşdığı üçün, vəzifədə olan oğlunuza görə belə edirlər?! Bilirsinizmi, rayonumuzda sizin yaşda onlarla, yüzlərlə qaçqın qoca var, təriflədiyiniz həmin adamlar onların heç salamını da almırlar? Mən sizə həmişə əziz olmağı arzulayıram. Ancaq, Allah eləməsin, bir gün pis vəziyyətə düşsəniz, daha dalını demirəm... Sözümü kəsmədən diqqətlə qulaq asırdı. Fikrə getmişdi... Vallah, qızım, nə deyim, bəlkə də düz deyirsən... O söhbətdən sonra bir də həmin məsələni xatırlamadı... İndi o qoca dünyasını dəyişib. Mənsə, hələ də özümçün aydınlaşdıra bilmirəm: Doğrudanmı, o dünyagörmüş, məsul vəzifələrdə çalışmış, dünyanın çox işdəkləriynən üzləşmiş adam bu sadə həqiqəti bilmirdi?! Ola bilsin ki, həmişə işi irəli getmişdi, ona görə də adamların əsl sifətini görmək ona qismət olmamışdı...
   
   Qibtə ediləsi taledimi? Başımıza gələnlərdən öyrənməyimizlə, ehtiyac və fəlakətlərin əsl həyat müəllimimiz olmasıyla çox zaman öyünürük. Doğrudanmı, belə qismətnən yaşamaqda fəxr eləməli nəsə var?! Yoxsa, ömürboyu sakit, dinc bir həyat sürüb sadə, bəsit düşüncəynən də dünyadan getmək daha yaxşıdı? Hansını seçəsən? Hər iki qütb razı salmır adamı. Ortaq məxrəcə gəlmək də çətindi. Bir də ki, bütün bunlar bizlik deyil, axı...
   
   Atılmaq, unudulmaq doğrudanmı, dəhşətlidi? Bəlkə elə bütün bunları qabaqcadan gözaltına almaq daha yaxşıdı?! Birdəfəlik gözünü çək, heç nə umma... Ayla, illə, zamanla, hakimiyyətlə rəngini dəyişən adamların əhatəsində yaşamaq çoxmu arzuolunandı? Yəqin ki, yox. Bir də ki, hər şey adamına baxır... O gün yanımda zərərlə işləyən bir idarənin rəhbərindən danışırdılar. Deyirdilər ki, bu adamı nə maaş, nə də qazanc maraqlandırmır. Bircə onu istəyir ki, desinlər, filankəs idarə müdiridi. Yəqin ki, həmin adamın başqa yerdən dolanışığı var. Bu, sözsüzdü. Ağır olan isə budu ki, o adamı işçilərin dolanışığı maraqlandırmır. Qorxunc və xəstə təxəyyüllü insanlardan hələ çoxmu asılı olacaq bu biçarə millətin taleyi?! Hələ bilinmir...
   
   Hər kəsin istəyi qəlbinə, vicdanına görədi. Kimi həmişə gözdə olmağı, barmaqnan göstərilməyi arzulayır, kiminin də könlünün umacağı ancaq sevgi və diqqətdi. Kimin payına çox şey düşür? Birincilərin. Bəs, kimin istəyi gözündə qalır? Təəssüf ki, ikincilərin...
   
   Ancaq öz dünyası olanlar unudulmaqdan qorxmurlar. Belələri, onsuz da, bu dünyanın adamı deyillər ki,...
   
   Beləliklə, mən də özümü bu sonluğa hazırlamağa çalışıram. Qorxmuram. Çünki umub-küsməyi çoxdan tərgitmişəm. Elə hamıya da bunu məsləhət görərdim...
   
   

TƏQVİM / ARXİV