adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

10000 manatı götürüb qaçmayın!

CEYHUN MUSAOĞLU
31072 | 2009-07-25 00:19
Bu məmləkətdə yerə 5 manat at, kənarda dayanıb it boğuşmasına bax. Yadımdadı: 1998-ci ilin yay ayları idi. Nərimanov kinoteatrının qarşısında iyrənc mənzərə ilə qarşılaşdım. Yol polisləri iki maşınla "BMW"-nin o dövr üçün son modelinin arxasınca düşüb. Sürücü "saxla" əmrinə tabe olmur. Nəhayət kinoteatrın qarşısında polislər onu mühasirəyə alır və "BMW" məcbur olub saxlayır. Maşından düşən cavan oğlan bir paçqa 10 minliyi cırıb ətrafa səpələyir və deyir: "Götürün, qarnınızın dərdi bu deyil?.."
   
   Polislərin yerində donub qalmasından istifadə edən pullu qaqaş yenidən maşınına oturub oradan uzaqlaşır. "Şirvanlar" ətrafı "zibilləyib". Ətrafda olan hər kəs "zibil" içərisində eşələnir, bir-birinə diş qıcayır. Sözün əsl mənasında it boğuşdurması səhnəsi... Polislər isə hələ də yerlərində donub qalıblar. Bir neçə dəqiqədən sonra gözlənilməz hadisə baş verir. Polislər maşınlarına oturub uzaqlaşırlar. İnanmazsınız, yerə səpilən pullardan birini belə götürmədən gedirlər. İnanmazsınız, ən qürursuz adamın belə hardasa üstünü toz basmış qüruru var.
   
   Bəli, çox böyük ehtimalla yol polisləri "BMW" -ni ondan çoxlu pul qopartmaq üçün qovurdu. Çoxlu pula isə sahib durmadılar. Çünki pul onlara təhqir şəklində təqdim olundu.
   
   Mükafatın 400 manat olacağını elan edib, qalibə 255 manat vemək də təhqirdir. Mükafatın 200 manat olduğunu elan edib, qalibə 85 manat vermək pulları onun başına çırpmaqdır. Min dəfə təəssüf ki, "Media açarı" növbəti dəfə açarını itirmiş mükafat kimi yaddaşlara həkk olundu. Üç jurnalist təşkilatı "Azercell"in onlara verdiyi 13 min 400 manatı bölüşdürə bilmədilər. Qırğın düşdü. Qalib jurnalistlər - xanım həmkarlarımız Aynur Elgünəş 255, Arzu Abdulla da payına düşən 85 manatdan imtina etdi. Götürün, sizin olsun...
   
   Aynurun və Arzunun qüruru var, ona görə puldan imtina etdilər. Hər iki xanım mükafata layiq görülən yazılarını qələmə alanda pul haqqında düşünməmişdilər. Peşə borclarını yerinə yetirmişdilər. Sadəcə, yazının yaxşı alındığını görüb müsabiqəyə təqdim etmişdilər. Bu da müsabiqə. Bu da yol polisləri. Bu da "BMW". Bu da haqdan, ədalətdən danışan jurnalist təşkilatları.
   
   Təsisçilərdən biri - Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyir: "Biz tədbirin keçirildiyi məkana - Cresent Beach otelinə 2500 manat pul ödədik, qonaqlara yemək-içmək verdik". Neyləyim, qardaş? Kim xahiş etmişdi ki, bizi dünyanın o başına - Şıxova apar, qonaqlara çubuğa taxılan ciyər ver... Otelin qiyməti ona görə bahadır ki, çimərliyin kənarındadır. Orda dincəlirlər, həm də çimirlər. Biz ki dənizdə çimmədik. Çimmədiksə, bəs niyə boğulduq?
   
   Ötən il Ceyhun Musaoğlu da publisistika nominasiyası üzrə açar aldı. Vermədilər ha, aldı. Vermirdilər ha, aldı. Sonra da açara baxıb gördü ki, onun kilidə girən ucuna mərmər pərçimləyiblər. Jurnalist təqdimetmə mərasimindəki çıxışında dedi: "Bu açar heç bir qıfıla düşmür". Musaoğluna 300 manat məbləğində mükafat verməliydilər. 15 faiz vergi tutuldu, qaldı 255 manat. Özü mənə danışmışdı ki, həmin ərəfədə 256 manat borcu varmış. Yenə hamısını ödəyə bilmədi, bir manat qaldı.
   
   Sizin verdiyiniz, bizim aldığımız mükafatların pul hissəsi qara qəpiyə də dəyməz. Heç nəyə çatmır o pullar. Niyə? Artıq bu suala cavab tapmışam. Siz o pulları vermirsiz, başımıza çırpırsız. Bizim də qürurumuz yol vermir, başımıza çırpılıb yerə səpələnən pulu əyilib götürək. Ehtiyac qəhrəmanı qul edəndə isə götürürük və o pullar heç nəyə çatmır. Qulun pulu nəyi dəyişdirə bilər ki...
   
   Yaşına görə özümüzə qardaş hesab etdiyimiz prezident İlham Əliyevin ötən il qəzetlərə hədiyyə etdiyi pulu qəpiyinə kimi tək yeyən baş redaktorlar yenə pul gözləyir. KİV-in İnkişafına Dəstək Fondu 39 redaksiyanın hər birinə 10000 manat pul ayırıb. Ötən ilkindən iki dəfə çox. Səbəb isə 5000 manat hərisi olan baş redaktorları əlavə 5000 manata göz dikməkdən çəkindirməkdir. Tövsiyə olunub ki, 10000 manatın yarısı baş redaktorların, yarısı əməkdaşların.
   
   Yenə qırğın düşəcək. Prezidentin hədiyyəsini əməkdaşlarının başına çırpan baş redaktorların da tapılacağı istisna edilmir. Yenə pullar yerə səpələnəcək. Niyə axı? Biz ki yol polisi deyilik. Nə olsun ki, siz "BMW" -də oturmusuz? Biz ki, sizi qovmuruq. Hara qaçırsız? Prezidentin hədiyyəsi onun vəzifəsinin çəkisinə bərabərdir. Ağır yüklə uzaq yol çıxmazlar.
   
   Eh, cəhənnəm olsun, bütün pullar. Coxlu pulu olanların birini xoşbəxt görmədim. 40 min adam isə iyulun 23-də xoşbəxt idi. Ağdamın işğal günü "Qarabağ" komandası Avropanın bərkgedən ölkəsi Norveçin bərkgedən komandası "Rusenborq"a qalib gəldi. Var-dövləti bir qələbə gözdən saldı. Əsas odur ki, sən qalibsən. Əsas odur ki, sənin qalib olduğunu təsdiq edirlər. Qalibiyyəti pulla satmaq olur, pulla almaq yox.
   
   Kimə lazımdır o açar ki, kilidi tapılmır. Dostlar, bizi atalarımız "gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır" məsəli ilə laylay çalıb yatırdanda kimlərsə bağladığımız qapıların kilidini dəyişib. Əlimizdəki açar heç bir qapıya düşmür. Heç bir qapıya düşməyən açarı niyə saxlayasız? Atın, əlinizdə olan bütün açarları dənizə atın...

TƏQVİM / ARXİV