adalet.az header logo
  • Bakı 16°C

BU NƏYDi, ƏƏ?..

OQTAY SALAMOV
24763 | 2009-07-25 00:19
Özüm də bilirəm ki, sox loru başlıqdı. Cammat vurçatlasınla qloballaşır, inteqrasiya eləyir , saçını uzadır, şalvarını qısaldır, mən də durub rəhmətlik Səməndər Rzayevin ən milli koloritlə ürəkdən dediyi sözü yazının sərlövhəsinə çıxarıram. Amma inanın ki, deyəcəklərimi bundan uğurlu başlığın altına yığa bilməzdim. Bilmirəm, bunlara əcaiblik deyim, adamı ələ salmaq deyim, yoxsa nə deyim. Millət vəkili Əhəd Abıyev müxbirlə söhbətində deyir ki, Milli Məclisdə elə müxalifətçi deputat var ki, zalda başqa cür danışır, foyeyə çıxanda iqtidar nümayəndələrinin üzündən öpür. Müxbir də soruşur ki, bunlar kimdir? Əhəd müəllim klassik bir çavab verir: "Sən bağça uşağı ilə danışmırsan ki...Üç çağırış Milli Məclisin deputatı ilə danışırsan. Məgər özün bilmirsən ki, onlar kimdir?".. Bəyəm haqqında danışacaqlarım bilmirlər ki, bağça uşaqları ilə danışmırlar, hamı Azərbaycan reallıqları içərisində yaşayır? İndi bir neçəsini sadalayım, yəqin ki bəziniz "bu nəydi, əə"-ni ingiliscə deyəcəksiniz...
   
   Bir müddət əvvəl Göyçayda sahibkar Çingiz Mayılovla bağlı insident baş vermişdi. Sahibkarı həbs etmişdilər, qohumları Bakıda kütləvi intihar eləmək cəhdində olmuşdular. Sonra Bakı Apellyasiya Məhkəməsi (abbreviaturası lap o məşhur magistrial kimi - BAM alınır) Çingiz Mayılovu azadlığa buraxır. Tutulan vaxt Mayılov və qohumları tərəfindən rayonun polis rəisinin müavini Cavid Ağayev və prokuroru Ramiz Qafarov barəsində aidiyyəti qurumlara şikayət olunmuşdu. İndi xəbər çıxdı ki, rəis müavini işdən çıxarılıb, başqa rayona daha aşağı vəzifəyə təyin olunub. Prokuror isə göndərilib təqaüdə. Rəsmi şəxslər də deyirlər ki, bu işdən çıxarılmanın sahibkarın işi ilə heç bir əlaqəsi yoxdur. Bəs onda "bu nəydi, əə?"
   
   Daha bir müddət öncə şəhərə hay-həşir düşdü, kiçiktutumlu avtobusların sahibləri və sürücüləri qan ağlamağa başladılar ki, onların maşınlarını şəhər mərkəzinə buraxmırlar. Nəqliyyat Nazirliyinin sözçüləri də əhaliyə xidmət səviyyəsinin yaxşılaşdırılması, sərnişinlərin mənzil başına tez və rahat çatdırılması, küçələrdə tıxacların aradan qaldırılması məqsədi ilə bir-iki seyf pul xərcləyib (məni mühafizəkarlıqda günahlandıranlar, fikir verin, nə qədər müasirəm, köhnəçi olsaydım "bir ətək" yazardım) iritutumlu avtobusları gətirib buraxdılar şəhərin küçələrinə. Neçə marşrut bağlandı, nə qədər adam bir marşrut əvəzinə üç-dörd maşın dəyişməli oldu, işə gecikənlər, nalə-nifrin... Amma dözümlü xalqıq, bu zülmə də birtəhər öyrəşəcəkdik. Amma dünən... Dünən orta və iritutumlu marşrut avtobuslarını şəhərə buraxmadılar. Əvvəlcədən nə sürücülərə, nə marşrut sahiblərinə heç bir xəbərdarlıq edilməyib. Heç nədən ötrü buraxılmadığını izah edə bilən də yoxdur. Sadəcə olaraq Nəqliyyat Nazirliyinin müfəttişləri çox kobudluqla sərnişinləri avtobuslardan düşürüblər. Narazılıq eləyən sürücülərin isə sənədlərini əllərindən alıblar. Nazirlikdən isə deyiblər ki, profilaktika tədbiridir. Əlac qalır ki, müsəlmanlar salavat, xristianlar xaç çevirib öz-özlərindən soruşsunlar: "bu nəydi, əə?"
   
   Bizdə təzələri, komfortluları tikildiyi üçün indi ürəklə deyə bilərik: Ermənistan türmələrində basabasdır. Özü də sözün elə hər mənasında. 8 nəfərilk kameralara 12 nəfərlik çarpayı qoyub 18 nəfər doldururlar. Səsi çıxanı da ən yaxşı halda əzişdirirlər. Ölün, canınız çıxsın, buralarda olanda təbiətimizdən, var-dövlətimizdən, havamızdan-suyumuzdan, sərvətlərimizdən geninə-boluna istifadə edib deyirdiniz "bu nadi, ara", indi üst-üstə türmədə yatıb deyirsiniz. Özü də üstdəkilər bir səslə, altdakılar başqa səslə. Öz cəzandı çək, Aram!..
   
   Deyir Bakıda, Azərbaycanda yaşayan, alver edən çinlilər yığışıb özlərinə cangüdən tuturlar ki, birdən bizimkilər uyğurlara görə onları sıxışdırarlar. Cangüdəni də Çindən gətirməyəcəklər ki, bizim öz azərbaycanlılarımızdır. Deyəsən qıyıqgözlərin ağlı çaşıb, bizdən qorunurlar, özlərini qorumağı bizimkilərə tapşırırılar. Çin dedim, yadıma Koreya düşdü. Televizorda gördüm, Cənubi Koreyanın parlamentində qadın deputatlar saçyolduya çıxmışdılar. Deyir hansısa qanunun müzakirəsi zamanı iqtidar deputatları ilə müxalifət deputatlarının sözü düz gəlməyib, arvadlar düşüb ortaya. Millət vəkillərindən biri hətta xəstəxanaya da düşüb. Əşi heyif döyül bizim deputatlar? Bəzən kişilər bir-birinə "petux"-zad deyir, arada kəllə atırlarsa da, qadınlarımız, tfu-tfu, maşallah-namxuda, ceyran balası kimi, sakitcə otururlar. Özüm quzu kimi yazmıram. Yoxsa hansısa qurtdanquş bundan da məna çıxarıb deyəcək ki, quzu böyüyəndə qoyun olur. Guya mən bizim deputatlara söz atıram və onları "çox istəyənlər" də xorlayırlar: "bu nəydi, əə?"
   
   Dünən bir həmkarım əlindəki qəzetdən nə oxudusa, birdən nalə çəkdi: "Bu nəydi, əə?" Baxıb görürəm, heç nə, İlhamə Quliyevanın ANS-də aparıcı olacağı haqda xəbəri oxuyub. Məlumatda deyilir ki, Xalq Artisti Sevil Nuriyevanın müəllifi olduğu ictimai-siyasi verilişdə aparıcılıq eləməyə razılıq verib. Özü də İlhamə xanım əvvəl həftəlik və çəkilişlə olan verilişdə efirə çıxacaq. Burada mənim xoşuma gəlməyən bir söz də işlədilib: "kanal rəhbərliyi sonradan müğənninin aparıcılığını bəyənsə, o gündəlik və canlı efirdə olacaq". Burda mən əsəbiləşdim: "bu nəydi, əə, Primadonnanı kimsə bəyənməyə də bilər?" Elə yazı vasitəsi ilə İlhamə Quliyevanın mətbuat katibi F. Ələkbərliyə də irad bildirirəm ki, şefi haqda danışanda sözlərini yaxşıca götür-qoy eləsin...
   
   Donuz qripi builki Həcc ziyarətini təxirə sala bilər. 8 müsəlman dövlətinin başçıları yığışıb bu məsələni müzakirə eləyiblər. Adama çöçün gəlir, niyə ziyarətlə donuz sözü bir yerdə işlənir axı? Amma neynəyəsən, bu zəhrimar qripə ilk dəfə donuzlar yoluxub. İndi də təhlükə yaranıb ki, hacı olmaq istəyənlər də xəstələnə bilər. Hacı dedim, yadıma Elza Seyidcahan düşdü. Onun adında seyid sözü var, yəni seyidliyin bilirəm, ta bu il Həccə gedib-getməyəcəyindən xəbərim yoxdur. Amma bilirəm ki, bu dəfə Elza xanım mübarək Ramazan ayında Hacılara konsert verəcək. "Bu dəfə" sözü heç də ona işarə deyil ki, keçən dəfə xanım itlər üçün konsert vermişdi. Sadəcə olaraq biz tamaşaçılar hələ Elza xanımın ekstravaqant işlərinə alışmamışıq, yetişməmişik, kalıq (xahiş edirəm "kənd"in "k"sı ilə oxuyun), ona görə də deyirik ki, bu nəydi, əə? Ziyan yoxdu, öyrəşərik, inşallah. Bunun nəyi pisdir ki, "Hamı məni dinləyir" layihəsində Elza Seyidcahan Nəsiminin qəzəllərinə bəstələdiyi mahnıları ilk dəfə hacılar üçün oxuyacaq?! Özü də deyir ki, "tələbat çox olarsa, konserti Heydər Əliyev sarayında, olmazsa Filarmoniyada verəcəyəm". Deyəsən, Elza xanım narahatdır ki, birdən 2500 hacı tapılmaz ki, Sarayı doldursun. Amma narahat olmasın, donuz qripinə görə bu il ziyarət baş tutmasa da hacılarımızın sayı iki-üç belə sarayı doldurar, hələ artıq da qalar. Özü də Elza Seyidcahan konsertdən əldə olunan gəlirə Xızı rayonunda məscid tikdirmək niyyətindədir. Özü Xızıdan olduğuna görə yox a, prosto, Xızıda məscid olmadığına görə. Özü belə deyir...
   
   Bu soxasoxda (ifadə Əliağa Vahidindir: Tutaq ki, əsrimizin həzrəti-Musası mənəm, Bu soxasoxda necə möcüzə icad eləyim?..) dünya şöhrətli "National Geographic" jurnalı da başından böyük bir qələt eləyib, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ayrıca ərazi kimi göstərib. Özü də Dağlıq Qarabağın mərkəzinin adı Xankəndi yazılsa da, ərazinin özü ingilis dilində mübahisəli ("dispudted") kimi təqdim olunub. Gül kimi də juralıydı ey, maraqlı məlumatları olurdu. Ta neynəyəsən, buna da ingiliscə deməyəcəksən ki, "bu nəydi, əə?" Burada diplomatik kanalları işə salmaq lazımdır ki, sarsaqlayan sarsaqladığın öz dilində də başa düşsün.
   
   P.S. Bu nəydi, əə, mən yazdım?..

TƏQVİM / ARXİV