adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DAŞ

VAHİD ƏLİFOĞLU
28299 | 2009-07-18 02:43
...Nəsrlə yazılanlar şeirə çevirə bilmədiklərimə verilmiş baş sağlığından başqa bir şey deyil.
   
   
   
   ...Neçə müddətdir ki, bir neçə şeirin hazır materialı başımda fırlanmadadı. Amma onları sadəcə olaraq vərəqlərə köçürməyə nə hövsələm çatır, nə də həvəsim kifayət edir... Şənbə gününə sayılı saatlar qalır və mən nəsə yazmalı olduğumu daha güzəştsiz anlamağa başlayıram. Bu vaxt darlığı nəhayət ona gətirib çıxarır ki, min bir əzab hesabına "topladığım" şeir misraları asanlıqla publisistik yazıya çevrilir və mən "xərclədiklərimin" yerini doldurmaq üçün növbəti həftəni gözləməli oluram. Daha hansı şeirlər yaranacaq və... Bütün bunlar həm də şeir yaza bilməməyimin bəraətidi...
   
   ... Daşların yonulub insan şəklinə salınması əslində hamının susduğu dünyada heç olmasa daşları danışdırmaq cəhdidi. Və mən hələ də yazdıqlarımın özümdən savayı kimlərinsə oxuduğuna inandığım üçün daşların da danışacağına inanıram...
   
   ... 70-ci illərdə Vaqif Bəhmənli də heykəllərin qarşısında günlərlə dayanıb, onların bir gün düşüb onun yanına gələcəklərini gözləyirdi... Heyhat, nə heykəllər onun hüzuruna gəldilər, nə də onun oxuduğu şeirləri alqışladılar... O da çıxıb getdi...Getdi heykəl olmayanlara şeir oxumağa...
   
   ...Elgün hamımızın yaxşı tanıdığı, yaradıcılığını sovet ideologiyasının tərənnümünə və vəsfinə həsr etmiş məşhur klassikimizin bir şeirini ucadan, avazla oxuyur. Evə verilmiş tapşırıqdı. Əzbərləməyə çalışır. Diqqətimi yayındırmağa çalışsam da duzsuz, şit misralar ara-sıra qulağıma çatır və mən hədsiz dərəcədə əsəbiləşirəm. Qırx il əvvəl bu şeiri mənə də əzbərlətmişdilər. Düzdü, onda məni kommunizm qurucusu, gənc komsomolçu kimi yetişdirirdilər... İndi marksizm-leninizm ideyaları tarixin zibilliklərində üfunət iyi verməkdədi. Dövran dəyişib, zaman dəyişib, di gəl ki, şair elə həminkidi...
   
   ...Adətən mən şeir yazmğa başlayanda əvvəlcə onun sonunu tapıram, sonra yazıram. Deməli, axırdan əvvələ doğru gedirəm. Mənə elə gəlir ki, dünyada hər şey axırdan əvvələ hesablanır... Bəyəndiyim, sevdiyim şairlərin də, yazıçıların da əsərlərini əlimə götürəndə axırdan üç-dörd vərəq oxuyub, qayıdıram birinci səhifəyə. Elə ona görə də son misra, son səhifə ən azı iki dəfə oxunur... Başlayanda və qurtaranda...
   
   ... Heç kim öz günahlarını etiraf etməyə maraqlı deyil. Səhvləri başqasında axtarmaq daha əlverişlidi. Etdiklərinin və hərəkətlərinin kimdi peşmançılığını çəkən? Tərbiyədən irəli gələn utancaqlıq daha çox ehtiyac, həyasızlıq isə qazanc gətirər...
   
   ...Nə evdəkilərin, nə də qonum-qonşunun məsləhətinə, təkidinə baxmadım, yenə. Tərsliyim, inadkarlığım bu dəfə də "qalib" gəldi. Həyətdə təzəcə çiçək açmış meyvə ağaclarını bir-bir suvardım... Çiçək açmış ağacın suvarılmağının gələcəkdə yetişəcək meyvələrin sayına və keyfiyyətinə ziyanlı olduğunu bilsəm də... Səhəri gün ağacların dibinə qar yağmışdı, elə bil. Ağ ləçəklər həyətlə bir idi... Bilə-bilə meyvələri məhv etdim, ağacların bətnində...
   
   ... Daynmışam çiçəklərini itirmiş ağacların dibində, körpəsi abort olunmuş qadının başı üstə dayanmış həkim-cərrah kimi...
   
   - Keç, mənim günahımdan, bağışla ilahi...
   
   Bu sözləri cərrahiyyə otağından çıxıb, gördüyü işdən məmnun qalmış bir cərrah söyləyibmi, görəsən? Elə-belə. Vicdanını az da olsa sakitləşdirmək üçün...
   
   ...Mənim yazdıqlarım taleyimə bənzəyir. Əvvəlini unudub, axırını çap edirlər. Ya da itirirlər büsbütün... Hələ ki, maraqlı, qeyri-adi heç nə yoxdu. Görünür axırıma var hələ...
   
   ...Annama 50-ci illərdə atam Bakıdan bir güzgü almışdı. Ən qiymətli yadigar kimi qoruyub saxladıq 93-cü ilin avqust ayına kimi... Bir ata, bir ana, altı uşaq baxmışdı bu güzgüyə...
   
   ...İmişlidə qohum əqrəbanın ev əşyaları maşından boşaldılanda bircə o güzgü sınmışdı, yorğan-döşəyin arasında...
   
   ...Yaddaşımın artıq nizamı pozulmaqda olan künc bucağında Qarabağın tor-közənək, əyri-üyrü şəkli qalıb... Sınmış güzgüdən boylanan bir ailənin əyiş-üyüş əksi kimi...
   
   ...Geriyə baxan daşa dönəcək. Arxada, sehirli qalacadakı cadugər qarılardı, qalan. Gözlərimiz arxada, nələrisə axtardı, nələrinsə yüyürüb bizə çatacağını gözlədi...
   
   Daşa döndük çadırlarda. Daş kimi dilsiz, daş kimi
   
   soyuq... Şor suların süzülüb oynadıqlarımıza yığılan duz kristalları. Qaçqın məzarları duz yatağı olacaq, yüz ildən sonra...
   
   ...İrəli baxanlar çıxıb getdilər. Getdilər Bakıya... Şollar suyu içib ətə, yağa, piyə döndülər, daş divarların arasında...
   
   ...Hər ölçü, mizan-tərəzi sıfırdan başlamır. Yol var bu başdan baxanda yoldu, o başdan baxanda cığır. Baxır hansı tərəfdən hansı tərəfə gedirsən. Kiməsə baş-ayaq görünən, kiməsə ayaq-başdı... Necə ki, çadırlar da çoxlarına Göy-Göldə, İsti suda qurulmuş istirahət, kef düşərgələrini xatırladırdı...
   
   ...Hərdən mənə elə gəlir ki, mən sondan əvvəl doğru yaşayıram. Yəni yaşım artmır, azalır. On beş ildi, tökülmüş dişlərinin təzədən çıxacağına inanıram... Elə o səbəbdəndi ki, yazdıqlarımı uşaqları daha çox bəyənir, nəin ki...
   
   ...Bütün gecəni azı min dəfə təkrar etdiyimiz sözləri onsuz da nə sən mənə deyə biləcəksən, nə mən sənə... Sırğasız qulaqlarına, üzüksüz barmaqlarına və bu yaşda elçi gözləməyinə təkcə mən cavabdehəm bir kişi kimi...
   
   ... Böyrəkləriynən, ödüynən heykəlləşən adamların postamentləri ayaqlarının altına deyil, sinələrinin üstünə qoyurlar...
   
   ...Tikə bilmədyimiz evlərin daşlarını böyrəklərimzdə və ödümüzdə gəzdiririk, biz...

TƏQVİM / ARXİV