çiçƏKLƏRi BARINDAN çOX GiLƏNAR AğACI

ƏBÜLFƏT MƏDƏTOĞLU
31458 | 2009-07-18 02:43
... İndiki kimi yadımdadı. O çubuğu, əslində ona tinkdə demək olar, mənə bağışlamışdılar, özü də boyunu sevə-sevə və demişdilər ki, yalan olmasın qoz boyda bar verən gilənar tingidi. Mən də təbii ki, elə o boyda da təşəkkürlərlə qəbul etmişdim bu gilənar tingini və həyətimdə - sənətsiz-sübutsuz bir ünvanda ilu ağac kimi onu torpağa sancmışdım. Zarafat deyil, kağızsız-kuğuzsuz da olsa həyətim var idi və bu həyətin çəpərləri arasında nazı çəkilən, qayğısına qalınan, az qala hər gün böyük bir ümidlərlə yarapaqları böyüməsi seyr edilən gilənar tingi var idi...
   
   Hə, illər ötdü bu ting nazik bir şivə çevrildi. Üstünə daha doğrusu budaqlarına üç-dörd sərçə birdən qonanda ürəyim əsirdi. Düşünürdüm ki, indicə qırılacaq, amma sən demə dözümlü imiş. Və dözüb durdu da. Bir səhər də, daha doğrusu bir yaz səhəri də gözlərimə inanmadım. Balaca tingin üstündəki çiçəkləri sayıb qurtarmaq mümkün deyildi. Elə bir Tanrı bütün gücünü sərf edib, bu çubuğu gilənar çiçəkləri ilə bəzəmişdi. Zarafatla qonum-qonşu deyirdi ki, bu il sizə əziyyət verəcəyik, bazardan yox, sizdən alacağıq mürəbbəlik gilənarı.
   
   Bilənlər bilir, bilməyənlər də eşidib öyrənər və yaxud da yazdıqlarımdan xəbər tutarlar ki, soyuqdəymənin, qripin dava-dərmansız müalicə üsullarından biri də gilənar mürəbbəsi ilə tünd çaydır. Onu içəndən sonra adamın iliyi də isinir, canının acısı-ağrısı tərqarışıq çəkilib gedir. Nə isə...
   
   Qonşuların zarafatı mənə ləzzət eləmişdi. Hətta içimdə bir balaca əda, təşərlik də baş qaldırmışdı. Zarafat deyil, həyətimin ilk ağacı bir məhlələik bar verəcəydi. Bu barın öz şirinliyi bir yana, qonum-qonşunun lap dilucu olsa belə dediyi şirin sözlər də olacağdı ikiqat qazanc. Necə deyərlər mən saydığımı sayırdım, gilənar bildiyini, Tanrı da ki, öz işindəydi. Günlərin bir günü yenə səhər-səhər gilənarın çiçəklərini saymaq istədim və dəhşətə gəldim. Bakının yağış qarışıq küləyi ağaca necə "toy çalmışdısa" üstündə dərimanlıq çiçək də qalmamışdı və ağlıma gələn ilk söz də bu oldu:
   
   - Özüm cəhənnəm, qonşuların yanında biabır oldum. İndi gəl inandır ki, ağaca gözünüz dəydi.
   
   Hə, o illər indi arxada qalıb. Və sizə qəribə gəlsə də, gəlməsə də deməliyəm. Ağac nə qədər böyüyür-böyüyüsən sanki içindən, gözündən qocalıb. Sir-sifətindən qocalıq tökülür. Barını da ki, iki badaca uşaq 10-15 dəqiqəyə yığıb, həzm eləyə bilər. Bu da mənimn qoz boyda barına ümid olduğum gilənar ağacı. İndi deyəcəksiniz ki, o şivi sənə bağışlayanların nə günahı. Allah verməyəndə, vermir də. Amma məni düzgün başa düşün, elə şeylər var ki, onu ürəklə, canı dildən həyatda gerçəkləşməsini istəyəndə Tanrı bəndəsinin səsini eşidir. Hətta eşitməyəndə belə, dolayısı ilə elə bir yerdə, elə bir məqamda onun səsini eşitdiyini biruzə verir:
   
   
   
   heç kimə
   
   aça bilmədiyim
   
   sirlərin eləsi var
   
   dəyirman daşından ağır
   
   eləsi də var
   
   quş lələyi çəkidə...
   
   mən dilə gətirmədiyim
   
   sözləri
   
   təkcə sənə pıçıldayıram
   
   telefonuna göndərdiyim
   
   qısa qollu
   
   köynəkdə
   
   qalustkus şəkildə...
   
   
   
   özün ki,
   
   səliqəmi bilirsən -
   
   onda
   
   şəklimdən eşidərsən
   
   demək istədiklərimi...
   
   
   
   Bax bu misraları həmin o böyük ümidlər bağlayıb, çiçəkləri ilə az qala alver etməyə başladığım vaxtından əvvəl qocamış gilənar ağacının dibində öz-özümə pıçıldayanda birdən ağlıma gəldi ki, Allaha acıq gedər. Bu qoca ağacı da qurudub əlimizdən, həyətimizdən alar. Ona görə bir az özümə yaraşmayan üslubda könlünü almaq istədim, çiçəyi barıdan çox olan gilənar ağacının və dedim ki:
   
   
   
   Bağımın
   
   ən yaşlı sakini
   
   beli bükülmüş gilənar
   
   ağappaq çiçəklərə bürünüb...
   
   və hər çiçəyin də
   
   yəqin ki,
   
   gilənar olmaq
   
   istəyi var...
   
   burada qeyri-adi
   
   heç nə olmasa da
   
   bu qədər çiçəyin
   
   barsız olmasını
   
   məncə
   
   öncədən bilsə
   
   beli bükülmüş ağac
   
   ən azı utanar...
   
   yaxşı ki,
   
   bu qoca gilənar
   
   ağacını
   
   arada bir oxşayır
   
   həzin giləvar...
   
   ümidini artırmaq üçün...
   
   amma
   
   bağımın ən yaşlı sakini
   
   bir az da
   
   bükülür hər gün...
   
   
   
   ... Hə, bəlkə də ümid bağlayıb, sevgisini qədərindən çox edib, nazı ilə oynamaqdan doymadıqlarımız da bizləri elə bu gilənar ağacının çiçəkləri kimi sındırmaqda haqlıdırlar. Nə deyə bilərəm ki. Nə seçim, nə hansısa bir qeyri-adi güc səlahiyyəti bütün bəndələr kimi, mən də yoxdur. Olsa-olsa mən başqalarından bir az artıq ya təəssüflənər, ya da kövrələrəm, ya da etinasız olaram. Bir sözlə bir az özümə, bir az taleyimə, bir az istəklərimə bənzəyən bu çiçəkləri barından çox olan gilənar ağacının tarixçəsini elə-belə yazmadım, içimdən gəldi. İstədim ki, cəmiyyətdə, işdə, çalışdığımız yerdə, ailədə qədərimizin və qədrimizin nə qədər olduğunu dilə gətirim, amma deyəsən alınmadı. Çünki bu dünyada çiçəyi barından çox olan və tez solan çiçəklərin sayını heç kim bilmir. Bəlkə bilən var?..

TƏQVİM / ARXİV