BƏLƏKDƏ BOğURLAR HAQQIN SƏSiNi

FAİQ QİSMƏTOĞLU
24332 | 2009-07-18 02:43

   
   Bu fikir heç də birdən-birə beynimə gəlmədi. Bir neçə gün bundan əvvəl metro qatarında bir kişi həmin sözləri qışqıra-qışqıra deyirdi. O qədər qışqıra-qışqıra deyirdi ki, onun səsini özündən başqa qatarda hamı eşidirdi. Bəlkə də bu kişiyə qarşı o qədər haqsızlıq edilib ki, o da dərdini orda-burda bu cür ifadə eləyir. Onsuz da bu dünyada heç vaxt haqq-ədalət tapmaq mümkün olmayıb. Bunu mən demirəm, müxtəlif dövrlərin ən məşhur və istedadlı şairləri və yazarları deyir. Böyük Nəsiminin haqq yolunda dərisini soydular, amma susdura bilmədilər. Ümumiyyətlə, hər hansı bir dövrdə hər yerdə haqq-ədalət axtarmaq və onu tapmaq mümkün deyil. Vaqif Bayatlı Odərin şeirlərində bir fikir xüsusilə vurğulanır ki, haqq-ədalət göy üzündə və Allahın ayaqları altındadır. Həmin yerdən savayı, dünyanın heç yerində haqq-ədalət tapmaq mümkün deyil. Biri üçün ədalətli olan hər hansı bir şey başqası üçün ədalətsizdir. Məsələn, Amerika kimi demokratik dövlətin özündə belə minlərlə insanın haqqı pozulur və hüququ tapdanır. İndi bizdə də haqqı və hüququ pozulan nə qədər insanlar var. Təbii ki, onlar da bu ədalətsizliyi və özbaşınalığı görəndə istər-istəməz ucadan qışıqırıb deyirlər: "Bələkdə boğurlar haqqın səsini". Amma səhv eləmirəmsə, bu misralar hansısa şairə məxsusdur. Ona görə də heç də baş sındırıb haqq-ədalətin dalına düşmək, ona sahib olmaq haqqında illərlə düşünmək lazım deyil. Sadəcə olaraq Allah-Təalanın bəxş elədiyi, insanın taleyinə yazdığı bir alın yazısı var. Orda nə yazılıbsa, onunla da razılaşmaq lazımdır. Razılaşıb-razılaşmamaq insanların öz işidir.
   
   O günü bir ziyalı dostum dedi ki, qardaş, yenə elitar təbəqə deyilən ailələrdə hamı rusca danışmağa başlayıb və onlar da rusca danışmayan adamlara çox pis baxırlar. Guya rusca danışa bilmirsənsə, ən savadsız, ən mədəniyyətsiz və ən geridə qalmış adamsan. Elə sovet dönəmində də rusca danışa bilməyən adamlara yuxarıdan aşağı baxırdılar. Hətta həmin adamlara o qədər yuxarıdan aşağı baxırdılar ki, rus dilini bilmədiyinə görə Bakıda və digər şəhərlərdə heç səni vəzifəyə qoymurdular. Nə başınızı ağrıdaq, müstəqillik dövründə bir balaca bu məsələlər arxa plana keçdi. Sonra ingilis dilində danışmaq dəbə düşdü. Çoxları çətinliklə də olsa ingilis dilini birtəhər öyrənə bildilər, amma dostumun dediyinə görə, son beş-altı aydı ki, ayrı-ayrı özlərini elitar, mədəni və inkişaf etmiş insan kimi sayan adamlar yenidən rusca danışmağa başlayıblar. İnsan nə qədər dil bilsə bir o qədər gözəldir. Çünki hər dili bilmək həmin xalqın iç dünyasından xəbər tutmaq deməkdir. Ancaq bu o demək deyil ki, hər hansı əcnəbi dili öyrənib danışarkən öz ana dilini arxa plana keçirməlisən. Böyük şairimiz, rəhmətlik Bəxtiyar Vahabzadə yana-yana Azərbaycan dili haqqında öz fikirlərini poetik dildə ifadə edib. Şair bildirib ki, öz dilini sevməyən heç vaxt başqa xalqın dilini və mədəniyyətini sevə bilməz və heç kimə haqq verilmir ki, doğma dili olan Azərbaycan dilinə ögey münasibət bəsləsin. Özü də ana dilinə aşağılarda soyuq münasibət bəslənilsə, ona birtəhər dözmək olar. Amma bəla budur ki, yuxarılarda əyləşib bu vətənin, bu torpağın var-dövləti ilə bəhrələnənlər Azərbaycan dilində əcnəbilərdən daha pis danışırlar. Dili elə günə qoyurlar ki, bilmirsən bu adam əcnəbidir, yoxsa azərbaycanlı. Bax, dili pis günə qoyan o adamlar bir çox halda yüksək vəzifə tutur. Azərbaycan dilinə və millətə yuxarıdan aşağı baxır.
   
   Onsuz da məmləkətimizdə bu gün saya-hesaba gəlməyən dilənçilər var. Dilənçiliyin də müxtəlif formaları var: bir var ehtiyacdan kiməsə əl açırsan, bir də var hər hansı mafioz qüvvələrin əlində cəmləşdirdiyi dilənçi dəstələrin camaata hücum çəkərək onlardan pul istəyənlər. Bax, bu ikinci məsələ daha təhlükəlidir. Qeyri-rəsmi məlumata görə, Bakıda və digər şəhərlərdə dilənçi mafiyası fəaliyyət göstərir. Onların da başında duran adamlar qaraçılardan və digər millətlərdən ibarət dilənçiləri gətirib tökürlər Bakının küçələrinə. Ən çox da bu cür dilənçilər Yevlaxın Qaraçılar məhləsindən gətirilir. Sonra da bu cür dilənçilər küçə-küçə, çayxana-çayxana gəzərək camaatdan pul istəyirlər. Daha doğrusu, onlar pul istəmirlər zor gücünə ayrı-ayrı adamlardan alırlar. Xüsusən də cavan qız, oğlan görərkən onlara yaxınlaşır, oğlanı utandırmaq istəyir və bu vəziyyətdən çıxmaq üçün həmin oğlan pul verməyə məcbur olur. Atatürk parkında "Pürrəngi" çayxanada olarkən çox qəribə bir mənzərə ilə rastlaşdıq. Çayxanada xidmət göstərən Güloğlan, Rövşən, Sərvət, Rəşad camaata çox yaxşı qulluq eləyirlər. Onlar nə qədər çalışsa da, çayxanaya gələn peşəkar dilənçiləri ordan uzaqlaşdıra bilmirlər. Bir dilənçi "qolu yox" halda çayxanadakı adamlara yaxınlaşdı. Bir neçə adam ona yazığı gəlib pul verdi. Sonra həmin dilənçi ordan uzaqlaşdı. 15 dəqiqə keçmədi ki, o "qolu yox" dilənçinin qolu yerindəydi. İndi də ayaqlarını sürüyə-sürüyə dilənirdi. Camaatın gözü kəlləsinə çıxdı. Bir nəfər dedi ki, ayə, sən nə həyasız adamsan, bayaq qolun yoxa çıxmışdı, indi də ayağın yoxa çıxıb. Bu sifətlə sən çoxlarından yaxşı dolanırsan. Dilənçi gördü ki, fırıldağının üstü açılır, tez ayaqlarını işə salıb qaça-qaça aradan çıxdı. Ümumiyyətlə, bu cür dilənçilərin Bakıda sayı-hesabı yoxdu və onların gündəlik qazancı 50-100 manat arasındadır.
   
   Bu gün çoxları xərc çəkərək müqəddəs ziyarətgah - Məkkəyə gedib Hacı olmaq istəyir. Allahın evini ziyarət etməyi Ulu Yaradan bütün müsəlmanlara qismət eləsin. Amma elə adamlar da var ki, ziyarətə gedərkən haqqın yoluna qayıtmaq əvəzinə, Hacı olub qayıdandan sonra köhnə əməllərini yenidən davam elətdirir. Görünür, belələrinin ziyarəti Allah-Təala tərəfindən qəbul olunmur. Bir Hacı vardı, dörd dəfə ziyarətə getmişdi. Hər dəfə də qayıdandan sonra ürəyinə insaf düşmək və əməli-saleh olmaq əvəzinə, camaatdan daha çox pul qoparırdı. Özü də bu adam hüquq-mühafizə orqanlarında işləyirdi. Bir dəfə dedim ki, ay Hacı, niyə ziyarətə gedəndən sonra camaatdan bu qədər çoxlu pul alırsan, heç olmasa, insafın olsun, kasıb-kusubun pulunu alma. Hacı da qayıdıb dedi ki, mən hamıdan pul almasam, onun-bunun haqqını necə verərəm? Gərək onda tikdirdiyim üçmərtəbəli villa yarımçıq qalsın. Balaca oğlumun da "Range Rover" arzusu gerçəkləşməsin. Bunları eləmək üçün gərək mən öz işimi yaxşı tutam, yanıma gəlib-gedənlərdən bir şey qoparam.
   
   Rayonların birində məsul vəzifədə işləyən, bir neçə dəfə ziyarətgaha gedib Hacı olan şəxs yanına hər hansı qadın gələn kimi soruşur ki, evlisən, yoxsa subay. Əgər həmin qadın desə ki, nə evliyəm, nə subay, dulam onda həmin Hacının çiçəyi çırtlayır. Gözləri sevincindən alışıb yanır. Bilmir ki, nə desin. İlk sözü həmin dul qadına bu olur ki, gəl səni özümə siğə eləyim. Siğə elətdirim demir ha, siğə eləyim deyir. Ona görə ki, həmin Hacı siğə eləməyin bütün yollarını bilir. Bu sözü bir dul qadına deyəndə həmin qadın əsəbləşir və götürüb stolun üstündəki papkanı Hacının başına çırpır. Hacı da deyir ki, ay xanım, sən nə edirsən, mən sənə yaxşılıq eləmək istədim. Bunu başa düşmürsən, öz işindir. Amma papkanı niyə mənim başıma vurursan? Hacı görür ki, qadın lap əsəbiləşib, başlayır ona yalvarıb-yaxarmağa. Deyir ki, əgər sənə belə xoş söz deməsəydim, birdən məndən inciyərdin. O xoş sözü sənə ona görə dedim ki, bil, sən çox gözəlsən. Burda yadımıza "Arşın mal alan" filmindəki Sultan bəy düşür. Sultan bəy də dul qadına aşiq olub onu almaq istəyir. Bunun üçün də üç manat pul, bir kəllə qənd, bir dənə də molla arzulayır. Sultan bəyi başa düşmək olar. Çünki o, dul kişidir. Amma bu vəzifəli Hacını başa düşmək olmur ki, o nə üçün arvadı ola-ola dul qadınları özünə siğə elətdirmək istəyir. Həmin dul qadın da çox ismətli, abırlı və namuslu bir insandır. Özü də şəhid ailəsidir. Şəhid ailəsi olan qadın deyir ki, gedəcəm vəzifəli Hacının arvadının yanına. Deyəcəm ki, sənin ərin yanına kim gəlir o dəqiqə bildirir ki, gəl səni özümə siğə eləyim. Bəlkə bu sözdən sonra həmin Hacı özünə yığışa və haqqın yoluna qayıda.

TƏQVİM / ARXİV