adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YALANçI BOMBALAR PARTLAYA BiLƏRMi?..

BABƏK YUSİFOĞLU
50556 | 2009-07-18 02:43
Bu günkü dünyanın ən çox əziyyət çəkdiyi bəlalardan biri də terror aktlarıdır. İndi elə bir ölkə tapmaq olmaz ki, bu dəhşətli sindrom orada öz izini sürdürməsin. Hətta terrora qarşı ən müasir texnologiyalara malik ölkələr belə bu dəhşətli bəladan sığortalanmayıb. Özü də qəribədir, statistik məlumatların araşdırılmasından aydın olur ki, terror hadisələri çox az hallarda geridə qalmış ölkələrdə keçirilir. O da bildirilir ki, ildə orta hesabla 700-800 adam terrorun qurbanına çevrilir. Və terror artıq insanları kölgə kimi izləyən bir kabusa çevrilib.
   
   
   
   Çox təəssüf ki, son dövrlər Azərbaycanın da adı terror baş verən ölkələrin sırasına yazılıb. Bir neçə il əvvəl metrodakı partlayışda, yaxın keçmişdə isə Neft Akademiyasında törədilən terrorla neçə-neçə günahsız insanın həyatına son qoyuldu. Hüquq-mühafizə orqanlarının məlumatlarına əsaslansaq hələ neçə-neçə terror aktının da qarşısı vaxtında alındığı üçün insanlarımız oxşar faciələri yaşamayıb. Yəni əvvələr bu cür hadisələri yalnız kinofilmlərdə, televiziya ekranlarda görərdiksə, indi bunlar bizim də gözlərimiz qarşısında baş verir.
   
   Bu dəhşətli sindroma qarşı mübarizə ilə bağlı nə yaxşı ki, bizdə də nikbin notlar duyulmaqdadır. Dövlət ixtisaslaşmış kadr hazırlıqlarına başlayıb. Bir sıra texniki avadanlıqlar alınıb. İndi şəhərdə əsasən əhalinin daha çox gur olan yerlərində kameralar quraşdırılıb. Və proses getdikcə hətta ayrı-ayrı küçələri, məkanları, binaları da əhatə etməkdədir. Məmurların dediklərinə inansaq yaxın gələcəkdə paytaxtın hər tərəfi kameralaşdırılacaq. Bunun da köməyi ilə cinayətkarların hərəkətinə nəzarət güclənəcək.
   
   Bütün bunları yazmaqla mən heç də terror və ona qarşı mübarizənin necə aparıldığından bəhs etmək istəmirəm. Hərçənd bu, günün ən aktual problemlərindən biridir. Lakin indi toxunacağım mövzu da bizim üçün ondan az önəm kəsb eləmir. Söhbət bu gün artıq "dəb" halına düşmüş terrorla bağlı polis idarələrinə edilən yalançı telefon xəbərdarlıqlarıdı. Jurnalist araşdırmalarımdan aydın olur ki, son vaxtlar hər gün ən azı bir "bomba" "xəbərdarlığ"ı edilir. Və hər dəfə də polisin araşdırmasından sonra məlum olur ki, bunlar yalançı zənglərdi.
   
   Bir sıra hallarda isə gün ərzində bu cür zəngəlirn sayı iki-üç dəfə olur. Srağagün Sumqayıt şəhərində Fövqaladə Hallar Nazirliyinin inzibati binasına bomba qoyulması ilə bağlı xəbər verilib. Hadisə yerinə gedən əməliyyatçılar məlumatın yalançı olduğunu aşkarlayıblar. Həmin gün Daxili İşlər Nazirlyinin 102 xidmətinə daxil olan başqa bir zəngdə "Xətai" metrostansiyasına bomba qoyulması haqda məlumat verilib. 37-ci polis bölməsinin əməkdaşları "Turan"a bildiriblər ki, anonim zəng bu dəfə də öz təsdiqini tapmayıb.
   
   Əlbəttə, təsdiqini tapmayan bu cür anonim zənglərin sırasını daha da genişləndirmək mümkündü. Ola bilsin ki, bu məsələ zahirən kimlərəsə çox adi görünsün. Amma unutmaq olmaz ki, bu cür zənglər terror reallıqlarına olan münasibətlərin cddiliyinə ziyan vursun. Yəni "yalançının evi yandı, amma heç kim inanmadı" vəziyətinə gətirib çıxarsın. Əgər bu il ərzində terror aktı keçiriləcəyi haqda 100-ə yaxın anonim zəng vurulursa və bunun hamısının ən azı "məzələnmək" üçün edildiyi məlum olursa bunun sonunu necə görmək olar ki? Kim təminat verə bilər ki, bütün bu anonim yalançı "bomba" zənglərinin arxasında real planlar durmur? Yalançı bombalar bir gün doğrudan da partlaya bilməzmi? İnsanların həyatı real terror hərəkətinin, terror qurğusunun hər saniyəsindən, hər dəqiqəsindən asılı olan bu dəhşətli akt niyə uşaq oyuncağına çevrilərək ciddiliyini itirməlidi? Bəlkə elə bu cür hərəkətlərlə hüquq-mühafizə işçilərində arxayınçılıq yaradıb sonda dəhşətli bir terror aktı planlaşdırılı? Bəlkə bunun üçün də ən çox məktəbli uşaqların xidmətlərindən istifadə olunur?
   
   Qeyd edim ki, bu cür "bomba" xəbərdarlıqları edənlərin bir çoxu yaxalanıb. Və "tapılmayanlar"ın axtarışı bu gün də davam etdirilir. Çox yəqin ki, onlar da aşkarlanacaq. Elə yuxarıda qeyd etdiyim Sumqayıtda "bomba" həyəcanı yaşadan məktəbli Vüsal Mustafayev olub. O, anasının əl telefonundan zəng vuraraq yalan məlumat verib. Faktla bağlı araşdırma aparıldığı bildirilir.
   
   Mən "bomba" xəbərləri ilə hüquq-mühafizə orqanlarını aldadan məktəblilərlə hansı araşdırmaların aparıldığından, hansı tədbirlərin görüldüyündən dəqiq məlumatım olmasa da belə düşünürəm ki, bu sahədə daha ciddi sanksiyaların tətbiq edilməsi vacibdir. "Filankəs uşaqdır, bilməyib", "qanmayıb, bir də belə şey eləməz", "ağlı kəsməyib, mən onun dərsini verərəm"... kimi təskinliklər, və ya çarələr heç bir effekt verməyəcək, necə ki, vermir. Nə təhər olur, bu məktəblilərin haradan, necə, hara zəng vurub konkret ünvan göstərərək yalan məlumat vermək olduğunu ağlları kəsir, amma bu cür hərəkətlərin ziyanlı olduğunu ağlları kəsmir?
   
   Mənə elə gəlir ki, bu "bomba zəngləri"nin qarşısını almaq üçün valideynlərin üzəridə cavabdehliyi maksimum səviyyədə artırmaq lazımdır. Təbliğat işləri aparılmalıdır. Uşaqlar da, onların valideynləri də anlamalıdır ki, bu cür ciddi məsələlərlə zarafat eləmək olmaz. Bu gün həmyaşıdlarının bu cür hərəkətlərə görə heç bir cəza almadıqlarını görən digər uşaqlar da heç şübhəsiz ki, həmin "qəhrəmanlığı" yaşamaq həvəsinə düşəcək. Yüksək məbləğdə cərimələnməyən valideyn uşağına lazım olan xəbərdarlıqları etməyəcək. Və bu günkü situasiya davam edəcək, bəlkə bir az da pisləşəcək. Yeri gəlmişkən, mənim bu yazdıqlarımdan elə çıxmasın ki, mən məktəbli uşaqların məsuliyyətə cəlb olunmasının tərəfdarıyam. Xeyr. Bu belə deyil. Bunun üçün müxtəlifcür yollar və metodlar mövcuddur. Yetər ki, bu məsələyə də barmaqarası baxmayaq. Çünki barmaqarası baxmaq adətimiz bu gün başımıza çox bəlalar gətirib. Gəlin heç olmasa dəyişməyi bacaraq...

TƏQVİM / ARXİV