YEDDi OğULiSTƏRƏM

ETİBAR CƏBRAYILOĞLU
39004 | 2009-07-18 02:43
Ceyhun Musaoğlu bərk gedir. Dostumun şəkilləri qəzetlərdən düşmür. Son günlər məmləkətin hansı qəzetini açırsan, səhifələrindən Ceyhunun şəkilləri boylanır. Gündəlik, həftəlik, hətta aylıq qəzetlər onun müsahibələrini dərc edirlər. Hələ mən internet portallarını demirəm. Verdiyi müsahibə və açıqlamalara görə qonorar alsaydı, indi "Azərbaycan" nəşriyyatının qarşısında Ceyhun Musaoğlunun yağ içində "Nissan"ı dayanardı.
   
   Bizim məmləkətdə yazılmamış qəribə bir qanun var. Adam haqqında daha çox iki səbəbdən yazırlar - ya vəzifədən çıxıb müxalifətə keçəndə, ya da müxalifətdən çıxıb vəzifəyə gedəndə. Ceyhuna bunlardan hansı nəsib olub ki, qəzetlər onu belə əlimyandıda axtarırlar? Birgə araşdıraq. Musaoğlu tərsin biridi, müxalifətin özünə də müxalifdi. Baxmayaraq ki, iki gün öncə dostumu AXC-nin yubiley mərasimində görüblər. Masanı elə söküb ki, elə bir də onu belə qonaqlığa çağırmayacaqlar. Deməli, müxalifət məsələsi belə getdi. Qaldı vəzifəyə gətirilməsi... Gərək bundan sonra hər gün "Xəbərlər"ə baxaq, görək nə olur.
   
   Ceyhun Musaoğlu müsahibələrində deyir ki, yeddi jurnalist yığışıb Dağlıq Qarabağa səfərə getmək istəyirlər. Müasir "Yeddi oğlu istərəm"in Bəxtiyarı - Ceyhun Musaoğlunun məqsədi var - doğma torpaqlarımıza baş çəkib orada gördüklərini yazmaq, insanlara dəqiq və qərəz güdmədən informasiya vermək. Oxuduğu, eşitdiyi hər xəbərə şübhə ilə yanaşan dostum duman çəkiləndən sonra Şuşanın dağlarını öz gözləri ilə görmək istəyir. Ceyhun deyir ki, bu yaxınlarda o tərəflərə səfər edən Polad Bülbüloğludan nəyim əskikdi? İnsafən Bülbüloğlu kimi oxuya bilməsə də, yazmağı var. Əhvalı olanda "Ədalət" üçün maraqlı yazılar qaralayır. Polad Bülbüloğlu kimi diplomat olmasa da, Mehdiabadın fövqəladə, lakin səlahiyyətsiz səfiridi. Neçə ildi ki, həmkəndlilərinin dərd-sərini rəsmi orqanlara çatdırmağa səy göstərir, həyəcan təbili çalır. Musaoğlu başına yığdığı komandanın Bülbüloğlunun Qarabağa apardığı heyətdən güclü olduğunu iddia edir. Deyir ki, imkan verin bir gedib-gələk, görün nələr yazırıq.
   
   İş elə gətirib ki, dostum elə indidən yazır. Dünən lap yaxından baxdım, barmaqları döyənək bağlayıb. Ceyhunun Dağlıq Qarabağa tərəf getməyə hazırlaşdığını bilən dost-tanış o qədər sifariş verib ki... Musaoğlu bu sifarişlərdən qalın bir dəftər doldurub, indi həmin dəftərdə iki cümləlik belə boş yer yoxdur. Sifarişi yazmayanda da olmur. Biri deyir Qarabağın dağlıq hissəsindən iki-üç kisə torpaq gətir, o biri beş vedrə bulaq suyu istəyir. Bir başqası deyir ki, Aşotun mənə o vaxtlar borcu vardı, onu görsən borcumu alıb gətir. O biri Haykanuşdan salam gətirməsini istəyir. Birinin bütün fikri Arapetin qızı Siranuşdadı. Deyir ki, Ceyhun, oralara gedən kimi öyrən gör Siranuş ərə gedibmi? Getməyibsə... Başqa birisi Karapetə sifariş göndərir. Deyir, Musaoğlu, Şuşaya çatan kimi bizim evə baş çək. Karapetə denən ki, adam kişi olar. Neçə illərdi evimdə yaşayırsan, bəs kirayə pulunu nə zaman göndərəcəksən?
   
   Ceyhun Musaoğlunun vəziyyətini yaxşı anlayıram. Heç vaxt sifarişli yazı yazmaqla arası olmayan dostum indi bütün günü dəftərinə sifarişləri köçürür. Belə getsə Ceyhunun planı baş tutmayacaq. Fikri dost-tanışın sifarişində qalacaq, Dağlıq Qarabağdan reportaj yazmağa vaxt tapa bilməyəcək.
   
   Bizim işimiz onsuz da Allaha qalıb. Camaat bizi qəhrəman olmağa qoymadı, jurnalist olmağımıza da imkan verməyəcəklər...

TƏQVİM / ARXİV