SENSASİYA

ƏBÜLFƏT MƏDƏTOĞLU
33799 | 2015-02-14 10:41
Ağlım kəsəndən, xüsusilə yazı yazmağa başlayandan başlıca məqsədim bütün ölçüləri gözləmək olub. Heç vaxt heç kimin bostanına daş atmamışam və heç kimin də haqqında gözüm olmayıb. Sadəcə və sadəcə düşündüklərimi, dəqiq bildiklərimi və bir də ürəyimin mənə dediklərini yazmışam. Hətta kiminsə sifarişi ilə hansısa bir yazını yazanda da çalışmışam ki, o yazı heç olmasa oxucu tərəfindən ötəri də olsa gözdən keçirilsin, azacıq da olsa diqqəti çəksin. Çünki sifarişlə, xahişlə, hətta göstərişlə yazılan yazıların canında su çox olur. Amma ürək çırprıntısı olmur. Bax, bunu bildiyimdən mən bütün yazılarıma ürəyimdən nələrisə qoparıb qatıram. Ola bilsin ki, bu mənim qüsurumdu, lap hətta bədbəxtliyimdi. Amma neyləyim ki, birbaşa diktə etdiyim bu yazıların hamısında gerçək olmağa çalışmışam, real olmağa çalışmışam. Təəssüf ki, mənim gerçəyim, mənim reallığım həmişə və hər yerdə həzm olunmayıb. Elə bil bu dünyaya gəlişim, bu dünyada olmağım, yazı yazmağım, sözün içində çapalamağım kimlərinsə nəfəsini tıncıxdırır. Bilmirəm niyə?! Amma bir Allah şahiddir ki, mən heç kimin yaxasından sallaşmamışam və heç kimə də özümü yük saymıram. Əgər məni özünə yük sayanlar, məni öz yolunda mane kimi görənlər varsa, desinlər, yazsınlar, ismarıclarını göndərsinlər. Onda mən iynəmi yaxama sancmağı bacaracam...g
Bəli, həyatımın bütün dönəmlərində çətinlikləri görmüşəm. Ağrı-acının da nə olduğunu çox gözəl bilirəm. Ümumiyyətlə, həm gördüklərim, həm oxuduqlarım (hələ eşitdiklərimi demirəm - Ə.M.) mənə bir parça halal çörək qazanıb ailəmi dolandırmaqda problem olanların qarşısında əyilməyimə imkan verməyib və inşallah da ömrümün sonuna kimi də haqsızlığa, yarınmağa nə ehtiyacım olacaq, nə də əyiləcəm. Amma dəqiq bilirəm ki, həmişə haqqımı tapdalayanlar haqqın qarşısında qalıblar, özü də boynu bükük. Çünki Allahdan böyük kimsə yoxdu. Deməli, bu dünyada unutduğumuz və yalnız dar məqamda, sınaq anında yadımıza saldığımız Allah hər şeyi görür və bilir. Hər şeyi görüb biləndən isə heç nəyi gizlətmək mümkün deyil. Hətta onu qırx arşınlıq quyuya atsan da...
Bax, bütün bu girişdən sonra yazacağım yazıda yəqin ki, müəyyən çalarlar diqqət çəkəcək. Çünki o çalarlar da həyat həqiqətidi. Ən azı televiziya izləyənlər və reklam və elanlardan xəbər tutanlar hər gün bu sözü eşidirlər və o söz özü-özlüyündə adamı şoka salır. Çünki o sözün özü də elə şokdu.
- ŞOK endirim! ŞOK-ŞOK xəbərlər...
Bəli, elə bu şok xəbərlərin içərisində mənim də diqqətimi çəkən hadisələr olur ki, mən də doğrudan-doğruya şoka düşürəm. Çünki həmin o xəbərin alt qatına varanda eşitdiyimə həm heyrət edirəm, həm də inana bilmirəm. Tutaq ki, hansısa bir qəzetdə oxuyuram, hansısa bir söhbətdə eşidirəm ki, şəhərdə manyak var!!! Düzü ilin-günün bu vaxtında, dünyanın barmaqla idarə olunduğu zamanda şəhərdə manyakın olması həm doğrudan şok xəbərdi, həm də şok olduğu qədər də absurd bir şeydi. Bunu necə deyirlər, necə yazırlar, mən onu anlaya bilmirəm. Düzdü, indi adamları təəccübləndirmək, diqqətlərini çəkmək üçün çox variantlardan istifadə olunur. Bəkə bu da həmin variantlardan biridi. Amma manyak sözünün özü adamın ətini ürpədir. Ona görə də qadın, uşaq olan bir cəmiyyətdə, yaşayan bir şəhərdə sensasiya xatirinə şəhərdə manyak var demək, məncə ən azından doğru deyil...
Həmişə sığındığım bir guşə var - dörd divarın arası. Mən daha çox o divarlarla danışıram və düşünürəm ki, bu divarlar mənim iç dünyamdan, bütün doğmalarımdan, bütün dostlarımdan daha çox xəbərdardı. Rəngsiz, boyasız adicə bu dörd divar mənim sıxıntılarımdan, mənim sevincimdən bəlkə də bezib. Amma ayaqları olmadığından çıxıb gedə bilməyib. Görünür onun bəxtinə mənim həyatımın şahidi olmaq yazılıb. Amma bu şahidlik onu yavaş-yavaş həm də şəhid edir - əridir, qocaladır və ...

Kədərimin ortağı
Dörd divar da nəmləyib...
Məni fikir aparıb -
Məni sükut qəmləyib!..

Ruhumun kökləndiyi
Hava ağır, üzücü...
Üstümə uçar divar-
Him eləsəm gözucu!...

Bir quyu dərinliyi
İynə ucu işıqsız...
Çəkirəm gərginliyi-
Özümlə danışıqsız...

Dörd divarın üzündən
Utanır daha gözüm!..
Çəkər bir gün üzünə -
Divar, qaralsa gözüm!..

***
Bəli, bu şəhərdə çox xəbərlərin olduğu kifayət qədər bəllidi. Necə deyərlər, bu məsələdə heç bir narahatçılıq, nigarançılıq yoxdu. Hətta o qədər boldu ki, bəzən adamlar özləri də bu bolluğun içərisində həmin o şoklara əhəmiyyət vermirlər. Əl-ayaqlarına dolaşan xəbərlərin üstündən tapdalayıb keçirlər. Görünür, buna görə də xəbər yaradanlar daha çox qıcıq doğura biləcək, istər-istəməz adamı dayanmağa məcbur edəcək xəbərlərin axtarışındadılar. Elə bu günldərdə telekanalların hansındasa bir reklam diqqətimi çəkdi. Kimsə başqa birisinin qanını sorurdu. Bunun ardınca həmin o qısa kadrı reklam edən səsin sahibi elan etdi ki, "Şəhərdə vampir var!"
Mənimlə yanaşı əyləşib televiziyanı seyr edən ailə üzvlərimdən biri təlaşlı bir şəkildə üzünü mənə tutdu:
- Doğrudan var? Bəs biz onda şəhərə necə çıxacağıq?!
Güldüm. Gülüşüm evdəkilərin ovqatını bir balaca dəyişdi. Çünki onlar məni hamıdan ağıllı bilirlər. Əgər mən gülürəmsə, onda həmin o reklam olunan, səslənən söz öz kəsərini itirir. Evdəkilərin əhvalının nisbətən düzəldiyni görüb o təbəssümlə də dedim:
- Narahat olmayın, reklamdı! Yəqin kiməsə belə lazımdı...
Bəli, doğrudan da kimə necə lazımdısa, kim necə istəyirsə, o cür də danışır. O cür də yazır, o cür də reklam eləyir. Bir halda ki, şəhərdə vampir var, bəs onda görəsən, o vampir onun yerini biləni, onu görəni niyə əlindən qaçmağa imkan verib? Niyə onu cəzalandırmayıb? Axı biz ən azı fantastik filmlərdə vampirlərin nələri törətdiyini seyr etmişik. Əgər vampir şəhərdədisə, biz mütləq səfərbər olmalıyıq. Heç olmasa qanı təmizləri qorumaq üçün. Axı vampirlər insan qanı ilə qidalanırlar. Özü də hər qanla yox. Tutaq ki, mənim siqaretdən zəhərlənmiş, spirt qarışmış, dərd yüklənmiş qanım vampirin nəyinə gərəkdi ki? Sonra o da olacaq mənim tayım və o da kimlərinsə xoşuna gəlməyəcək. Yazıq deyilik?! Məncə vampirlər təmiz qanlıları axtarırlar. Ona görə mənim kimlər yığışıb həmin o təmiz qanı olanları qorumalıdır ki, vampirin əli onlara çatmasın. Qoy onların yolunda bizim qanımız tökülsün...
Eh, həyatdı də. Bir qism insanlar indi özlərinə bizlərdən uzaq planetlərdə yer axtarır, torpaq sahəsi almaq arzusundadı... Başqa bir qism insanlar kosmosa turist səfərlərinə hazırlaşır. Yəqin gedib alış-veriş edəcəklər, görməli yerlərə baxacaqlar, o gördüklərindən filmlər çəkəcəklər... Lap başqa bir qism insanlar dənizlərin, dəryaların dibində özlərinə qəsr tikmək arzusundadılar. İstəyirlər ki, pəncərələrin önündə balıqlar, balinalar, delfinlər üzsün. Onların da gözü bu mənzərəni seyr edə-edə biz insanların, yəni onlara uyğun olmayan insanların gözlərindən, üzlərindən çəkilib rahatlıq tapsın... Və nəhayət, bir qism insanlar da Allahın verdiyi ömrü Yer üzündə, doğulduğu məkanda yaşamaq, oğul-uşağın ehtiyaclarını ödəmək və ətrafındakıların əlindən tutmaq istəyi ilə çapalayır. Sonuncuların istəyi tərəziyə qoyulsa, öncədən saydıqlarımın istəyinin heç bir misqalını da təşkil etməyəcək. Amma əsas odur ki, sonuncular həmişə həmin o əlçatmaz, ünyetməz istək sahiblərinin gözündə bapbalaca qalacaqlar. Ona görə də biz bapbalaca adamlar manyakı, vampiri olan bu şəhərdə bir-birimizə söykənib yaşamalıyıq ki, heç olmasa toplum şəkildə diqqəti çəkə bilək. Axı...

Bu şəhər yora bilər
Ürəyini, gözünü...
Bu şəhərdə əzizim,
Bir az qoru özünü!..

Küçələri darısqal
Dalanları qaranlıq...
Tinlərdə neçə sual-
Səni udar bir anlıq!..

Səkilərdə maşınlar
Adamlardan çox olar...
Addımbaşı gözünə-
Yad yazılar toxunar...

Küləklər şəhərində
Sərbəst uçar əşyalar
Bu uçuş paradlara-
Alışıb yaşayanlar!..

Bu şəhərdə xatirə -
Boğçan dolub daşacaq...
Bir gün dönüb kölgənə-
Arxanca dolaşacaq...

Bütün zamanlarda xeyirlə şər, yaxşıyla pis, əyriylə düz üz-üzə gəlir, qarşılaşır. Və bütün zamanlar da bu qarşılaşmanın sonunda haqq qalib gəlib. Doğrudu, o vuruş uzun çəkib, o haqq taxta gec çıxıb. Amma mütləq taxtına çıxıb və özünü hər kəsə göstəribdi. Hətta bir az söz dünyasına varsaq, nağıllardan, dastanlardan tutmuş qalın-qalın romanlara qədər... Hər birində sonda işıq, haqq zəfər çalıbdı. Bu isə o deməkdi ki, insanların içərisində iynə ucu boyda da olsa nə isə işıqlı bir şey var. Sadəcə, onu yandırmaq, onu alovlandırmaq, alışdırmaq lazımdı. Təəssüf ki, bu çınqını, bu qoru od-alov etməyə manyaklar, vampirlər və qeyri adamlar həmişə mane olublar. Görünür, onların da çörəyi burdan çıxıbdı. Onların da bu xidməti gərəkli olubdu, qiymətləndirilibdi. Yoxsa, üfürüb şamı söndürmək, istisi ilə otağı hərarətləndirən ocağın üstünə buz kimi su tökmək normal, həqiqi insanın ağlından da gəlib keçməz və ümumiyyətlə, belə şey mümkünsüz sayılar. Təəssüf ki, mən bu yazı boyu vurğulamağa çalışdığım sensasiyanın müəyyən detallarını ancaq işarələrlə diqqətə təqdim etməyə çalışdım. Amma əsl sensasiyanı sona saxladım. İstədim ki, mən də oxucuların bir balaca hissləri ilə oynayım, onları narahat edim, onlarda maraq yaradım ki, onlar bu yazını axıra qədər oxusunlar. Bilmirəm bu alındı, yoxsa yox. Amma sizə, bu yazını oxuyana, yavaşca, güclə eşidiləcək bir səslə demək istəyirəm... Deməmişdən öncə isə xahiş edirəm, lap lazımdırsa yalvarıram, heç kimə deməyin, bircə özünüz bilin. Həm də bir az ehtiyatlı olun... İndi deyəcəm... dözün bir damcı...
Hə, bunu da mən təsadüfdən eşitdim. Dörd divarın arasında oturmuşdum, divarlarla söhbət edirdim. Elə bil ki, divarın o biri üzündə kimsə kiməsə pıçıldayırdı. Bilirsiniz nəyi?.. Bax, indi sizə demək istədiyimi:
- Xəbərin var?
- Nədən?
- Şəhərdə İNSAN var?!
-Nə? Doğurdan?..
Mən bu söhbəti eşidəndə elə bildim ki, divarlar silkələndi və bu saat üstümə uçacaq. Ona görə də yerimdən qalxıb tez divara söykəndim. Özü də künc tərəfdən... Gördüm ki, yox, uçmadı. Deməli, eşitdiyim doğrudu:
- Şəhərdə İNSAN var!
Hə, indi mən sizə dedim, özünüz bilərsiniz. Çalışın ehtiyatlı olun. Axı insan bir-birinin düşmənidi...

TƏQVİM / ARXİV