adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

MOSKVA MƏHKƏMƏSiNDƏ AL KAPONE YAD EDiLDi

12202 | 2009-07-18 02:43
(əvvəli ötən şənbə nömrəsində)
   
   
   
   Dövlət ittihamçısı Andrey Vışinski Yaqodaya ən ağır cəzanın - ölüm hökmünün kəsilməsini istədi. O, beş saatlıq yekun çıxışında 21 nəfərin hər birinin müxtəlif cinayət əməlindən ətraflı danış-dı. Hətta fikirlərini daha aydın ifadə etmək üçün bəzi paralellər, bənzətmələr də işlətdi. Məsələn, Yaqodanı məşhur amerikalı qanqster Al Kapone ilə müqayisə etdi və Birləşmiş Ştatlarda yaşamadıqlarına görə Allaha şükürlər ünvanladı. Sən Allahın işinə bax ki, onun ömür kitabının son səhifələrinə məhz Amerikada yaşamaq və elə oradaca müəmmalı şəkildə ölmək yazılacaqdı... Yaqodanı mafiya başçısı ilə qarşılaşdırmaq uğursuz müqayisə idi və indiyədək siyasi rəqiblərin, sinfi düşmənlərin heç birinin ağlına gəlməmişdi. Bu "xidməti" Vışinski onlara göstərmiş oldu. 1938-ci ildə Lev Davıdoviç Trotski "Stalin və Hitler" adlı məqaləsində Vışinskinin yekun çıxışında səslənən həmin fikri qabardaraq maraqlı mülahizə-lər irəli sürdü. O yazır ki, Birləşmiş Ştatlarda Al Kapone polis rəisi deyildi. Yaqoda isə 10 ildən artıq sovet çekistlərinə başçılıq edirdi və Stalinə ən yaxın adamlardan sayılırdı. Vışınskinin onun əməlləri barəsində danışarkən "dəhşətli cinayətlərin ilhamvericisi və təşkilatçısıdır" qənaətinə gəlməsinə də özünəməxsus münasibət bildirən Trotski xüsusi vurğulayır ki, bütün həbslər, sürgünlər, müxalifətçilərin qətli, o cümlədən Zinovyev, Kamenevin məhkəmə prosesi, moskvalı Al Kaponenin rəhbərliyi altında aparılıbsa və sonucda sovetlərin ədalət məhkəməsi onun özünü "xalq düşməni" kimi qətlə yetiribsə, əvvəlki cinayət işlərinə yenidən baxmaq doğru olmazmı? Yoxsa, gizli "trotskiçi"nin qara əməlləri trotskiçilərə qarşı yönələndə, "qorxunc cinayət" sayılmır? Onun suallarına cavab verən tapılmasa da, özünün cavabını verəcək adamlar hazırlıq işlərini gizlin davam etdirirdilər.
   
    Ömrünün son illərini Meksikada məskunlaşan L.Trotski L. Levin, D.Pletnyov, İ.Kazakov barədə çıxarılan məhkəmə hökmünü də ədalətsiz qərar sayırdı. Fikrini belə əsaslandırırdı ki, cinayət siyasi və ya şəxsi motivlər əsasında baş verməyib. Bunu sovetlərin məhkəmə araşdırması da sübut edib. QPU-nun (daha sonra NKVD-nin-E.B.) rəisi onlara ciddi hədə-qorxu gəlib. Tapşırığa əməl etməsələr yalnız özlərinin deyil, ailə üzvlərinin də məhv edilə-cə-yini açıq şəkildə bildirib. Kremlin yüksək imtiyazlı, geniş imkanlı həkimlərinin Yaqodanı ifşa etməkdə aciz qalması onun necə böyük ixtiyar sahibi olduğuna əyani sübutdur. Trotski Yaqodanın sələfi barədə fikir söyləyərkən siyasi uzaqgörənlik nümayiş etdirərək deyirdi:
   
   "Düzdür, indi onun yerini Yejov tutub. Amma kim zəmanət verə bilər ki, bu vəzifədə o, daha yaxşı olacaq? Totalitar despotizm şəraitində, ictimai fikrin boğulduğu tam nəzarətsizlik vəziyyətində qanqsterlərin yalnız adları dəyişilir, sistem necə varsa, eləcə də qalır".
   
   Vışinskinin bütün ittihamları müttəhimlərin şablon "tövbələri", dəlilsiz-sübutsuz yeknəsək "etirafları" üzərində qurduğu aydın gğrünürdü. Stalinin təbliğat maşını aləmə car çəkirdi ki, Trotski faşistlərlə əlbirdir. Əgər həqiqətən belə idisə, 1938-ci ildə Koyoakan şəhərindəki villada yazdığı "Stalin və Hitler" adlı məqaləsi niyə bu sözlərlə tamamlanırdı?
   
   "Sovet demokratiyasının İntibah dövrü Hitlerin, Mussolini-nin, Frankonun halvası çalınandan sonra başlayacaq."
   
   İfşa edilmiş xalq düşmənlərini cəzalandırmaqla yanaşı, məhkəmə sədri Stalini Maksim Qorkinin himayədarı, yaxın dostu və siyasi həmfikiri kimi xalqın yaddaşına həkk etmək barədə ola bilsin ki, tapşırıq almışdı. Hiss olunurdu ki, bu məsələdə müttəhimlər də xüsusi təlimatlanmışdı. Belə olmasa, proses boyunca yeri gəldi-gəlmədi, eyni məzmunlu ifadələr təkrar-təkrar səslənməzdi.
   
   Vasili Ulrixin sədrliyi ilə keçən məhkəmə Maksim Qorki və onun oğlunun da məhz Yaqodanın göstərişlərini icra edən həkimlərin "səyi" ilə dünyalarını dəyişdiyini rəsmən bəyan etdi. Martın 12-də Moskva vaxtı ilə saat 21:25-də hakimlər hökm çıxarmaq üçün yan otağa keçdi. Hamı böyük səbirsizliklə on gün davam edən siyasi prosesin nəticələrini gözləyirdi. Nədənsə məhkəmə qarar çıxarmağa tələsmirdi, bəlkə də çətinlik çəkirdi. Mən belə düşünürəm ki, əvvəlcədən nə edəcəyini əzbər bilən A.Vışinski də, V.Ulrix də gecə vaxtı öz aralarında boşuna söz güləşdirməyə altı saat itirməzdi. Görünür, qərar layihəsini ölkənin baş qərargahında ən böyük söz sahibi ilə bir daha razılaşdırmaq zərurəti yaranmışdı. Nəhayət sübh çağı yetişəndə, lap dəqiq desək, səhər saat 4-də "Qalxın, Məhkəmə gəlir" sözləri intizar içində mürgü vuranları dərhal ayıltdı. Sədr Vasili Ulrix aramla SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmünü oxumağa başladı. Bununla da səmada havanın işıqlandığı vaxtda neçə-neçə müttəhimin sonuncu ümid çırağı biryolluq söndü. Xalq komissarı H. Yaqoda başda olmaqla, Maksim Qorkinin ölümündə günahkar bilinən həkimlərdən Lev Qriqoryeviç Levin, Dmitri Dmitriyeviç Pletnyov, İqnati Nikolayeviç Kazakov, çekistlərdən Pyotr, Petroviç Kryuçkov, Pavel Petroviç Bulanov ölümə məhkum olduqlarını öz qulaqları ilə eşitdilər. Tezliklə hökmün necə icra olunduğunu öz gözləriylə də görəcəkdilər. Amma əsl həqiqət yenə üzə çıxmadı, əksinə bir az da dərin basdırıldı. 1938-ci il prosesində müqəssir bilinərək güllələnən həkimlərə hadisədən 50 il sonra - 1988-ci ildə Moskvada qurulan başqa bir ədalət məhkəməsinin qərarı ilə tam bəraət verildi. Bunu həqiqətin təntənəsi kimi qəbul etmək olarmı? Yoxsa növbəti ədalət məhkəməsi adı ilə nümayiş olunan tamaşanın pərdə arxasında dəyişən yalnız siyasi sifarişlər idi? Əlli il öncə Hippokrat adını unudan qərəzli həkimlərə ünvanlanan qəzəbli ittihamlar bircə anda əhəmiyyətini itirdi.
   
   Ötən əsrin otuzuncu illərinin ikinci yarısında Moskvada keçən 3 mühüm siyasi prosesdə dövlət ittihamçısı Andrey Yanuaryeviç Vışinski olub. Dövrün çıxılmaz labirintlərindən məharətlə keçməyi bacaran, ömrünün sonuna kimi başını salamat saxlayan tək-tük yüksək vəzifəli məmurlardan sayılan məşhur hüquqşünas güman var ki, öz əcəliylə ölməyib. 1954-cü ilin noyabr ayının 22-də yatdığı yorğan-döşəyində qəflətən vəfat etdiyi barədə xəbər yayıldı. O zaman Andrey Vışinski Birləşmiş Mİllətlər Təşkilatında SSRİ-nin baş təmsilçisi idi.
   
   
   
   * * *
   
   
   
   Stalinin ölüm xəbərini eşidən kimi Vışinski Moskvaya uçdu. Möhtəşəm dəfn mərasimində iştirak edəndən sonra vəzifə borcunu yerinə yetirmək üçün yenidən Amerikaya qayıtdı. 1953-cü ilin sonunda L.P.Beriyanın həbs edilməsi barədə xəbəri eşidəndə hiss etdi ki, artıq çərxi-fələk tərsinə dövran etməyə başladı. Moksvada baş verən hadisələrdən məsafəcə nə qədər uzaq olsa da, dəyişikliklər onun əhvalı-ruhiyyəsində, rəftarında, işə münasibətində öz əksini tapırdı. Bu da təbiidir. İlk baxışda qüvvətli və qüdrətli görünən ən böyük səlahiyyət sahiblərinin də üzərindən himayədarlarının kölgəsi çəkiləndə dərhal oturduqları vəzifə kürsüsünün ayaqları laxlayır. Gərgin psixoloji sarsıntılardan daxilində çağlayan narahatlığı, simasına çökən nagümanlığı illərin təcrübəsindən toxunan siyasi təmkin rübəndi də kənar gözlərdən gizlədə bilmir. Birləşmiş Millətlər Təşkilatında onunla bərabər çalışanlar da bunu aydın hiss edirdi. Andrey Yanuaryeviç yaman sınıxmışdı, əvvəlki arxayın, özünəgüvənli görkəmindən demək olar ki, əsər-əlamət qalmamışdı.
   
   1954-cü il oktyabrın sonu, noyabrın əvvəlində onu təcili olaraq paytaxta çağırdılar. Həmin narahat günlərdə hökumətə Georgi Maksimilianoviç Malenkov rəhbərlik edirdi. Vışinski özünün hüquqşünas və diplomat fəhmilə içdən gələn ikinci səsinə "qulaq asıb" müxtəlif bəhanələrlə mümkün qədər Nyu-Yorkda ləngiməyə çalışdı. Görünür vaxt udmaq istəyirdi. Bu əsassız ləngimə isə yeni dedi-qoduların yaranmasına səbəb oldu. Xəbər yayıldı ki, guya onun ürəyindən Amerika Birləşmiş Ştatlarından siyasi sığınacaq almaq istəyi keçir. Beynəlxalq aləmdə kifayət qədər nüfuza malik ictimai-siyasi xadimin belə bir addımı şübhəsiz ki, arzuolunmaz nəticələrə səbəb ola bilərdi. Stalindən sonra iki böyük güc strukturunu əlində cəmləyən fövqəlgüc sahibi Lavrenti Pavloviçin aqibəti ola bilsin ki, prokurorun həyata baxışlarında müəyyən dəyişikliklərə səbəb olmuşdu. Real səlahiyyətləri həmişə tutduğu yüksək vəzifələrin mövcud çərçivələrini aşan Vışinskinin Stalin və Beriya ilə yaxın əlaqələri hamıya məlum idi. Sovetoloqların müşahidələrinə görə Stalin hakimiyyətinin son dövründə xüsusi nüfuza malik və rəhbərin yanında sözü keçən iki nəfərdən biri Beriya, digəri Vışinski idi. İndi isə o, günbəgün sürətlə artan siyasi rəqiblərinin arasında tək qalmışdı. Meydanda tək qalanı təkləmək hakimiyyəti ələ keçirən siyasətbazların sevimli şakəridir. Bunu Andrev Vışinski gözəl bilirdi. Odur ki, yüz ölçüb bir biçərək son addımı atmağa hazırlaşırdı. Yeni şəraitdə Kreml də onu gözdən-könüldən uzaqda uzun müddət nəzarətsiz qoymaq-dan ehtiyatlanırdı. Odur ki, onunla görüşüb ayrıca söhbət apar-maq üçün noyabrın 19-da okeanın o tayına nümayəndə göndə-ril-di. Üç gün sora bu problem bir yolluq gündəmdən qalxdı.Noyabr ayının 22-də yerli vaxtla səhər saat 9.15-də Vışin-skinin ölümü barədə BMT- yə rəsmi məlumat verildi. Məlumatda deyilirdi ki, Andrey Yanuaryeviç səhər yeməyi zamanı ürək tutmasından qəflətən dünyasını dəyişib. Hadisə yerinə nə bir diplomat, jurnalist, yaxud nə bir polis işçisi buraxılmayıb. Vışinskinin ölümü barədə tərtib edilən aktı yalnız bir nəfər - doktor Aleksey Kossov adlı şəxs imzaladı. Onu Sovet səfirliyinin, eləcə də BMT-dəki nümayən-dəliyin rəsmi həkimi kimi cəmiyyətə təqdim etdilər. Noyabr ayının 23-də diplomatın meyidini xüsusi uçaqla Moskvaya göndərdilər. Andrey Vışinskini hörmətlə Qızıl meydanda dəfn etdilər. Beləliklə, ölüm onun canını alsa da, adının təmiz qalmasına yardımçı oldu. Maraqlıdır ki, o gündən sonra Aleksey həkim barədə nəsə eşidən-bilən, yaxud təsadüfən ona rast gəldim, deyən bircə nəfər də olsun bəni-adəm tapılmadı. 1956-ci ilin 24 aprel tarixli nömrəsində "Russkaya mısl" qəzetində dərc olunan məqalədə xüsusi xidmət orqanlarının çox gizli məlumatlarına əsaslanaraq deyilirdi ki, SSRİ-nin BMT-dəki baş nümayəndəsi Andrey Yanuaryeviç Vışinski noyabrın 22-də Nyu-Yorkda öz əcəli ilə ölməyib. Onu zəhərləyiblər. Gedər-gəlməz səfərə yollanmasına Moskvadan xüsusi tapşırıqla ABŞ-a ezam olunan iki agent kömək edib. Qanun-ədalət keşikçisi Andrey Vışinski 1938-ci ildə Moskva prosesində adını çəkdiyi məşhur qanqster Al Kaponenin vətənində nə vaxtsa dünyasını dəyişəcəyini, daha öncə dediyim kimi, ağlına belə gətirməzdi. Bu həyatda çox adamların ağlına gəlməyənlər sonradan başlarına gəlir. Atalar misalı var: "başına gələn başmaqçı olar". Qoy atalar məndən inciməsin, sağıma, soluma diqqətlə baxanda görürəm ki, başına gələnlərin hamısı heç də başmaqçı olmur...
   
   
   
   (ardı var)

TƏQVİM / ARXİV