adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DEPUTAT ƏVƏZiN HƏYATI

VAHİD ƏLİFOĞLU
24361 | 2009-07-11 00:10
...Əvəz əyləşmişdi evinin pilləkanında, əlini çənəsinə söykəyib ulduzlu səmanı seyr edirdi. Həyətdə göy rəngli "T-40" traktoru və "tükü üstündə" qırmızı "Moskviç" dayanmışdı. Əvəz nə vaxtsa, kimdənsə eşitmişdi ki, ötüb-keçənləri yada salmaq, xəyala dalmaq üçün ən yaxşı məqam gecə vaxtıdı. Bir də tək-tənha olmaq... Tələb olunan şərtlər istinasız yerli-yerində idi. Əvəz həqiqətən də tək-tənha idi, göy üzü də ulduzlarla dolu. Kəsəsi ideal bir gecə idi... Hərçənd ki, bu saat, Əvəzdən iki-üç addım arxada, xudmani otaqda Əvəzin gözəl-göyçək arvadı yorğan-döşəyi sahmanlayırdı və Əvəz istədiyi anda qalxıb arvadının sehirli nəvazişlərinə maneəsiz qonaq ola bilərdi. Lakin hələ tələsmirdi...
   
   ...Əvvəl-əvvəl ənənəyə uyğun olaraq qərara gəldi ki, uşaqlıq illərindən balşlasın. Di gəl ki, nə billah edirdisə də 62-ci ildən o tərəfə keçə bilmirdi. Sanki 62-ci ildən o tərəfdə heç Əvəz adlı adam olmamışdı. Halbuki 62-ci ilə kimi, düz on beş il bu şəxs hazırkı dünyada mövcud olmuşdu.
   
   ...62-ci ildə onun yaddaşında ona görə qalmışdı ki, həmin il o orta məktəbin səkkizinci sinfini güc-bəla ilə bitirib, üz tutmuşdu əmək cəbhəsinə... Elə bu yerdə Əvəzin ilk arzusunun oyanışı olmalıdı. Hələlik bu oyanışı müvəqqəti arxa plana çevirib, Əvəzin heç cür xatırlaya bilmədiyi 62-ci ildən qabaqda baş vermiş bir hadisəni özümüz üçün bir daha canlandıraq...
   
   ...62-ci ilə kimi kənddə Əvəzə "Yetim Əvəz" deyirdilər. Adının əvvəlində "yetim" sözü olsa da məlumunuz olsun ki, Əvəzin atası da sağ idi, anası da... Səbəb də beləydi ki, Əvəzin beş yaşı olanda anası qonşu kənddən bir aşığa qoşulub getmişdi, sözsüz ki, atası da başqa arvad almışdı. Əvəzi xalası saxlayıb böyütmüşdü və xalasının da elə Əvəzlə yaşıd bir qızı var idi ki, bu qızın sonarlar Əvəzin həyatında müstəsna rolu olacaqdı...
   
   
   
   Əvəzin birinci arzusu
   
   
   
   ... Əvəz bir müddət kolxozda traktorçu köməkçisi işlədi. On altı illik həyatının birinci ən böyük və mühüm arzusu da məhz o illərdə qəlbində oyanmağa başladı. Şərəfli traktorçu peşəsi onu peşə məktəbinə apardı. Təhsilini başa vurub bir ildən sonra o traktorçu diplomu ilə kəndə qayıtdı. Kənd Əvəzi doğma balası kimi qarşıladı. Heyif ki, ordu sıralarına çağrılması Əvəzi sosializm quruculuğundan müvəqəti ayırdı. Amma ana vətənin keşiyində üç il ayıq-sayıq dayanmaq, əmək meydanında zəfərlər çalmaqdan az şərəfli deyildi...
   
   
   
   Əvəzin ikinci arzusu
   
   
   
   Vətənin qarşısndakı oğul borcunu qeyrətlə, namusla yerinə yetirmiş Əvəzi qabaqcıl kolxoz sevgi ilə, məhəbbət ilə qarşıladı. Əvəz "dəmir at"ının sükanı arxasında gecə-gündüz çalışdı. Alnının təri ilə bərəkətli çölləri "suvardı". Yaxşı deyiblər ki, qabarlı əllər, halal zəhmət, şöhrət, hörmət xoşbəxtlik gətirər. Elə yığıncaq, elə iclas olmadı ki, orda Əvəzi birinci cərgədə əyləşdirməsinlər.... "Yetim Əvəz" əvvəlcə Əvəz müəllimə, bir az da keçəndən sonra "Deputat Əvəzə" çevrildi... Camaat Əvəzin hünərini, zəhmətkeşliyni yüksək qiymətləndirdi. Onu kənd sovetinə deputat seçdilər. Tezliklə xalasının həyətində Əvəz iki mərtəbəli, aynabəndli bir ev ucaltdı... Hər şey allahın məsləhətinə bağlıdı. Belə ki, gedirdi. Əvəzin səsi hələ çox-çox uzaqlardan gələcəkdi.... Beləcə daha beş il də keçdi... Əvəz artıq gənclik illərindən üzülüşüb, oturuşmuş kişi yaşına çatmaqdaydı.
   
   Kəndin nəhəng, qlobal problemlərinin həlli ilə məşğul olan Əvəz bəzi incə, lazımlı işləri tamam yaddan çıxarmışdı. Şəxsi evə, ayrı yatacağa, duracağa malik olsa da hələ də yemək-içməyi xalasıgildən gəlirdi... Bir ilıq, məxmər yaz gecəsində (bəlkə də xalası billə-bilə belə bir gecəni seçmişdi) xalası növbəti dəfə çayı-çörəyi Əvəzin qarşısına düzüb, guya ki, utana-utana, pıçıltı ilə dedi:
   
   - Əvəz, bala tay uşaq deyilsən. Evin-eşiyin, işin-gücün. Bu evə bir arvad nəfəsi, uşaq səsi lazımdı...
   
   Söz-sözü çəkdi söhbət uzandı. Həmin gecə Əvəz evlənməyə razılıq verdi. Gəlin də ki, uzaqda deyildi. Ağacın kəsiləndə öz dibinə yıxılmalı olduğu prinsipinə əsaslanaraq xalası öz qızını Əvəzə, yəni bacısı oğluna məsləhət gördü... Yuxarıda dediyimiz kimi, qız Əvəzlə yaşıd idi, yaşı otuz beşi keçmək üzrə idi... Bu günə kimi kişi cinisndən bir nəfər də adını çəkməsə də, allah tərəfi pis deyildi. Bəlkə də əlaydı... Söz düşəndə də anası deyirdi ki, qızın qəlbindəki təkcə Əvəzdi...
   
   
   
   Əvəzin
   
   üçüncü arzusu
   
   
   
   ... Toy yığcam və əlüstü olsa da, hətta "rayispalkom" özü şəxsən iştirak etdi və bəyi birinci katibin adından təbrik etdi. Zarafat deyildi. Evlənən " keçici qırmızı bayrağa" iki dəfə layiq görülmüş kolxozun qabaqcıl traktorçusu , kənd sovetinin deputatı Əvəz müəllim idi... Hər halda "müəllim" sözünü "rayspalkom" da işlətdi... Qonaqlar bir-bir, iki-iki dağılışıb getdilər... Axırıncı xalası xudahafizləşdi. Yaylığını dodağının üstünə çəkib dedi:
   
   - Xoşbəxt olun, bala. Oğul-qız yiyəsi olasınız...
   
   ...Əəvəz bir az da həyətdə gəzişib, ayaqlarının ucunda, səssiz-səmirsiz keçdi içəri. Elə bil oğurluğa gedirdi...
   
   Əvəzin dördüncü,
   
   sonuncu arzusu
   
   
   
   ...Əvəz uşaq istəyirdi. Fərqi yox idi, oğlan, ya qız. Ordan-burdan o qədər oğlan, qız adları öyrənib yazmışdı yaddaşına ki... Birinci uşağın da adını qoymuşdu, dördüncü uşağın da... Eh, yazıq Əvəz... Sən saydığını say, gör fələk nə sayır. Görünür bu halal zəhmətkeş, layiqli insanın taleyində, qismətində davamçı, yurdçu nəzərdə tutulmamışımış... Yavaş-yavaş Əvəzin adının əvvəlindəki "deputat" sözü "sonsuz" sözü ilə əvəzlənməyə başlandı... Lakin "sonsuz Əvəz" deyilsə də onun deputatlığı rəsmi olaraq qalmaqdaydı...
   
   Kənddə ayağı yer tutan qaçırdı körpüyə sarı. "Moskviç" körpüdən aşıb, beli üstə düşmüşdü çaylağın içinə. Maşını dikəldib Əvəzi güc-bəla ilə dartıb çıxartdılar bayıra. Kəndin feldşeri bütün biliyini, təcrübəsini sərf etsə də Əvəzin həyatını xilas etmək mümkün olmadı...
   
   
   
   Əvəzsiz qalan dünya
   
   
   
   ...Əvəzin yeddisi çıxandan sonra, kənddə "Motorist Qulam" adıynan tanınan, Əvəzin uzaq qohumu Qulam kişi ayaq açdı Əvəzin evinə. "Motorist Qulam" "Moskviçi" bir müddətdən sonra qaytardı əvvəlki şəklinə...
   
   ...Nəhayət qırmızı "Moskviç" kəndin aralığında, bazar yolunda görünməyə başladı... Sükanın arxasında "Motorist Qulam", arxa oturacağında Əvəzin arvadı...
   
   ...Bir az danışdılar, bir az müzakirə etdilər... Axır ki, hər şeyi unutdular. Hələ desən Əvəzi də unutdular... Ev də oldu Qulamın, maşın da, arvadda...
   
   ... Bu da "Deputat Əvəzin" həyat tarixçəsi... Mənasız ömrün mənalı sonluğu...
   
   
   
   P.S. Sosializm-realizm stilində yazılmış bu "əsər" müəllifin nostalji hisslərinin məhsuludu. "Sadə zəhmət adamlarına eşq olsun!"
   
   

TƏQVİM / ARXİV