PREZiDENT, CiBiNDƏN üŞüYƏN ADAM VƏ "TONQAL"

FAİQ QİSMƏTOĞLU
36487 | 2009-07-13 19:31
Çox qəribədir ki, bu gün məmləkətimizdə prezident sözündən istifadə edən və onun kölgəsi altında gizlənmək istəyən adamlar var. Ən qəribəsi də odur ki, bu cür adamlar bu addan bol-bol xeyir götürürlər. İndi baxıb görürsən ki, hətta bəzi qəzetlərin adı da "Prezident"dir. Bu ad altında həmin qəzeti buraxan adamlar qapı-qapı gəzib ona-buna öz hökmünü göstərməkdən də çəkinmirlər.
   
   Bir dəfə on il bundan əvvəl rayonların birində olanda gördük ki, icra hakimiyyətində çoxları əl-ayağa düşüb. Dedik nə baş verib? Bildirdilər ki, bəs "Prezident" qəzetindən gəliblər. Ona görə də aləm bir-birinə dəyib. Hətta həmin rayonun icra başçısı qəbulunda saatlarla gözləyən dövlət qəzetinin əməkdaşını qəbul etməyib, bir neçə dəqiqənin içərisində "Prezident" qəzetinin müxbirini qəbul etdi. Sonra da dedilər ki, qəzetin əməkdaşını gec qəbul edərik, gedib orda-burda bizi biabır edər. Təsəvvür edin ki, hətta yüksək vəzifəli şəxslər elə bilirlər ki, "Prezident" qəzeti dövlətə məxsusdur və bu qəzetə prezident tərəfindən guya nəzarət edilir. Amma bir balaca dərinə gedəndə məlum olur ki, kimsə bu qəzeti təsis etməklə sadəcə olaraq prezident sözündən istifadə edib bağlı qapıları açmaq istəyir.
   
   Maraqlısı odur ki, hətta bir çox səhmdar cəmiyyətlərin sədrləri də özlərini həmin cəmiyyətin prezidenti adlandırırlar. Qardaş, biz görmüşük ki, ölkədə bir prezident olur və onu da beş ildən bir xalq seçir. Və xalq da bilir ki, onun prezidenti kimdir. Amma xalq onu bilmir ki, "Kurort" Səhmdar Cəmiyyətinin də prezidenti var. Görəsən, heç səhmdar cəmiyyətində də prezident vəzifəsi varmı? Sadəcə olaraq hər bir cəmiyyətin idarə heyətinin üzvləri olur və bu idarə heyəti də üzvləri arasında birini sədr seçirlər. Tay onda prezident sözünə nə ehtiyac qalır? Belə çıxır ki, istənilən səhmdar cəmiyyətinin sədrini prezident sözü ilə əvəz etmək olar. Vallah, prezident sözünü eşidəndə çoxları təəccüblənir. Elə o cümlədən mənim özüm də təəccüb və təəssüf hissimi gizlədə bilmirəm.
   
   Hansısa bir cəmiyyətin prezidenti olmuş bir adam danışırdı ki, bir dəfə avtomobillə gedəndə yol polisləri məni saxladı. Mən də vəsiqəmi onlara təqdim elədim. Yol polisləri vəsiqəmdəki prezident sözünü görəndə gözləri kəlləsinə çıxdı. Sonra da "çes" verib dedilər ki, qardaş, sən hansı ölkənin prezidentisən? Mən də dilim dinc durmayıb bildirdim ki, Mozambikin. Bax, belə "prezidentlər" kimə və nəyə lazımdır? Nə üçün onlar bu mötəbər addan istifadə etməli və onun kölgəsində gizlənməlidirlər. Bax, bu məsələlər bizi həmişə düşündürür və narahat eləyir. Yəqin ki, buna bir əncam çəkən tapılar.
   
   İstedadlı şair Əlisəmid Kür nə qədər gözəl şeirlər yazırsa, bir o qədər də maraqlı bir şairdi. Yəni onun özünün dünyaya və insanlara qeyri-adi, orijinal bir baxışı var. Şeirləri də özü kimi çox səmimi və şirindir. O qədər şirindir ki, bu şeirlərdə bir bal şirinliyi hiss edirsən. Bir neçə gün qabaq onunla Atatürk parkındakı çayxanada rastlaşdıq. Çayxanada xidmət edən Emin adlı oğlan bir çaynik dəmlənmiş kəkotulu çayı qabağımıza qoydu. Elə bu vaxt Xaqani dostumuz da gəlib çıxdı. Əlisəmd Kür şeirindən bir misranı dedi. Şeir olduğu kimi yadımda qalmasa da, amma məzmunu belə idi ki, adam cibindən üşüyür. Doğrudan da insanın cibində bir manat, on manat pulu olmasa, evdən çölə çıxa bilməz və harasa gedib çata bilməz. İndi dünyamızda o qədər cibindən üşüyən adamlar var ki, onların sayı-hesabı yoxdur. Sonra da Əlisəmid Kür gözəl şair Adil Şirinin şeirlərindən və səmimiyyətindən danışdı. Mənə də dedi ki, sənə bir mövzu verirəm, onu yazarsan. Mövzu da belə idi ki, indi Bakının əksər binalarında təmir-tikinti, qaşıma işləri aparan cavan uşaqlar tozun-torpağın içində nəfəslik taxmadan işləyirlər. Həqiqətən də hər gün köhnə binaların divarlarının təmizlənməsi zamanı yüzlərlə bu cür nəfəslikdən istifadə etməyən gəncləri görürük. Bəlkə də onlara tikinti təşkilatları o qoruyucu vasitəni verirlər. Ancaq onlar tənbəllikdənmi, ya da nədənmi həmin qoruyucu vasitədən istifadə eləmirlər. Birbaşa toz-torpaqsa həmin uşaqların hava vasitəsi ilə ağzına dolur və ciyərlərinə hopur. Bu cür halların davam eləməsi isə gələcəkdə ağciyər xəstəliklərinin və vərəmin başlanğıcına şərait yaradır. Axı bu uşaqları işlədən tikinti təşkilatları və ayrı-ayrı iş adamları niyə o gənclərin taleyi haqqında dərindən fikirləşmirlər? Gəncliyin həyatına bu qədər də soyuqqanlı yanaşmaq olarmı? Axı heç kəs deyə bilməz ki, bir neçə aydan və bir neçə ildən sonra bu uşaqlar o toz-torpaqdan vərəmə yoluxmayacaqlar? Ona görə də nə qədər gec deyil bu gənclərin taleyi haqqında vəzifəli şəxslər dərindən düşünməlidirlər. Kiminsə beş-on manata ehtiyacı varsa və buna görə həmin adamlar ən ağır işin qulpundan yapışırlarsa, bu o demək deyil ki, o gəncləri gedər-gəlməzə yollamaq lazımdır. Onları da ata əkib, ana doğub. Təbii ki, onların da başının üstündə Allah var.
   
   Bir həftə bundan əvvəl "Azərbaycan" nəşriyyatının ikinci mərtəbəsində 1993-cü ildə bizim qəzetdə işləmiş bir xanımla - Mənsurə Qaçayqızı ilə rastlaşdım. Sözün düzü, heç əvvəl onu tanımadım. Mənsurə xanım mənə yaxınlaşıb soruşdu ki, siz Faiq müəllim deyilsiniz? Dedim ki, düz tapmısınız. Sonra da Mənsurə xanım vaxtı ilə bizim qəzetdə işlədiyni bildirdi və mənə bir qəzet təqdim elədi. Sözün açığı indiki qəzet bolluğunda adam təqdim olunan qəzetin çoxuna baxmaq istəmir. Amma bu qəzetə baxan kimi adı məni tutdu. Qəzet "Tonqal" adlanır. Səhifələrə göz gəzdirəndə gördüm ki, ikinci səhifədə Nəriman Həsənzadənin "Tonqal"a təbriki var. Sonra şair Zahid Xəlilin, Qəşəm Nəcəfzadənin təbriklərini oxudum. 6-cı səhifədə isə istedadlı şair İlyas Tapdıqla müsahibə dərc edilmişdi. Bu müsahibə də çox şirin qələmə alınmışdı. Qəzetin ən maraqlı cəhətlərindən biri o idi ki, burda uşaq dünyası ilə bağlı məsələlərə toxunulub. Sözün açığı bir çox qəzetlər ya reketçilik edir, ya kimlərinsə mənafeyinə xidmət göstərir, ya da təsisçinin marağına xidmət edir. Az-az qəzet tapılar ki, maarifçiliyə və dövlətçiliyə xidmət göstərməyə çalışsın. Bu mənada "Tonqal" öz tutduğu maarifçilik ideyası ilə seçilir. Kimsəsiz uşaqlar axtarılıb tapılır, istedadlı uşaqlara isti münasibət göstərilir. Qəzetdə uşaqlar arasında aparılan sorğu, ayrı-ayrı uşaqların şeirləri və dünya uşaqlarının gözü ilə rəsm işləri öz orijinallığı ilə diqqəti cəlb eləyir. Qəzet bolluğunda bu cür qəzetlərin işıq üzü görməsi maarifçilik ideyalarının yayılması baxımından çox dəyərlidir.
   
   Sən demə, Mənsurə Qaçayqızı həm də gözəl şeirlər müəllifi imiş. Heç bizim qəzetdə işləyəndə həmin şeirləri bizə göstərməyib. Sadəcə olaraq Mənsurəni biz texniki işçi kimi tanımışıq. Azərbaycan Pedoqji Universitetinin riyaziyyat fakultəsini bitirən Mənsurə xanım deyir ki, mən məktəbə gedib öz arzularımı və ideyalarımı gerçəkləşdirə bilməyənədən sonra pedoqoji işdən uzaqlaşdım. Hiss etdim ki, bir qüvvə məni poeziyaya və mətbuat aləminə çəkir. Elə bu məqsədlə də ilk şeirlər kitabımı 2008-ci ildə çap etdirdim. Doğurdan da Mənsurənin "Dünəndə qalan sabah" ilk şeirlər kitabı poetik yükü, hadisələrə orijinal yanaşmaq baxımından çox dəyərlidir. Şeirlərində vətən sevgisi, insan və onun sədaqəti həmişə önə çəkilir. Hər bir misra ürəkdən qopan və kiminsə kədərini ifadə edən poetik bir şeirə çevrilir. Bu şeirlərin heç birinin qəhrəmanı Mənsurə özü deyil. Onun gördüyü, müşahidə etdiyi və qarşılaşdığı anlar poetik lövhələrə çevrilir və misralara dönür.
   
   Mənsurə mənə bir kitab da təqdim elədi. Dedi ki, bunu vaxtilə ruhi xəstəxanada yatan və sonra da Ağdam işğal olunandan sonra buraxılan və başqa rayonda dünyasını dəyişən Səyyad Vəlioğlu yazıb. Bu həmin Səyyad Vəlioğludu ki, nişanlısı Əli Kərimi tanımadığına görə, o da nişan üzüyünü həmin qızın barmağından çıxarıb və ondan üz döndərib. Çoxları ona dəli kimi baxıblar. Amma düz söz deyən adama bəziləri dəli deyiblər. Dəlilər heç vaxt yalan danışmırlar. Dəli yalan danışırsa, deməli dünyanın axırıdır...
   
   

TƏQVİM / ARXİV