adalet.az header logo
  • Bakı 18°C

AğIRLIQ

VƏSİLƏ USUBOVA
29283 | 2009-07-11 00:09
O qüssəli, üzüntülü günlərdən on yeddi-on səkkiz ilə yaxın bir vaxt keçir. İndi pəncərəmdən yarısı görünən mərkəzi meydanda avadanlıq, paltar-palaz qalaqlanmış, üstündə də başı-gözü sarıqlı, yarıac, yəqin ki, neçə gündən bəri üz-gözünə su dəyməyən, bir stəkan isti çaya, bir saat şirin yuxuya həsrət arvad-uşağın oturduğu iri üyk maşınları saatlarla dayanardı. Əlaqədar təşkilatlar bu didərginləri yerbəyer eləməkçin çək-çevirlə məşğul olanda cəmi bir-iki gün bundan qabaq öz isti, rahat ev-eşiyində, ancaq indi dərk edə bildiyi bəxtəvər bir ömür yaşayan adamlar yanlarından ötən həm laqeyd, həm də maraqlı bir tamaşaya baxırmış kimi marıtdayanları təsviri dilə gəlməz bir üzüntüynən seyr edirdilər...
   
   İndi həmin yerdə həmin maşınlar dayanmır. Mən də daha işə gəlib-gedəndə o meydandan keçmirəm. Küçə təzədən döşənib və torpaq da dolu yük maşınlarının ağırlığını çoxdan unudub. O bomboz, boğucu gündə analarının qucağında maşın kuzovunda yatan körpələr də orta məktəbi bitirmiş olarlar indi , Amma bu gün həmin yerdən sağa-sola ötən yaşıdlapıynan sanki dünyanın ayrı-ayrı qütblərində yaşayan kimidilər...
   
   İnsan qəlbinə çökən ağırlıqsa unudulmur. Ən şad günündə də bəbəklərinin ortasında bərq vuran damcılar həmin günlərin nişanəsi kimi bir anlığa da olsa səni ətrafındakılardan ayırır, həmin çağların qoynuna aparır. Elə bu sətirləri yazanda da çox kədərliyəm. Əslində, nə xətrimə dəyən var, nə də mühüm bir qanqaraçılıq. Ancaq həmitşəki kimi deyiləm. Ən azından lap dünənki kimi. Düzünü desəm, elə dünəndən başladı bu üzüntülərim. İki gün ara verəndən sonra əlimə çatan qəzetləri vərəqlədiyim dəqiqələrdən... Nə döüş bölgəsində olmuşam, nə də güllə, qrad səsləri eşitmişəm. Nə yaralardan axan isti qanların, nə də həsrətlə həmişəlik yumulan gözlərin şahidi deyiləm. Ancaq torpağını, yurdunu, evini, işığını itirənlərin can yanğısını duymuş, için-için sızlayan ürəklərinin çırpıntısını, niskilli baxışlarının ağrısını öz canımda yaşamışam. Və dəhşətlə düşünmüşəm ki, günlərin birində elim-obam Kolanıya gedən yollarımı düşmən kəssə... Adam havalana bilər. Uşaqlığımda gəzdiyim, oynadığım yerlər bu gün də yuxularımdan çıxmır. Ancaq arxayınam ki, istədiyim vaxt gedib o şoran torpağı ziyarət edə bilərəm. Bu qaçqınların dərdi, həsrəti isə yerə-göyə sığan deyil...
   
   
   
   ***
   
   
   
   Yenə bizimkilər Şuşaya gediblər. ( " Gediblər" sözü ürəyi diksindirir. İyirmi ilin qan-qadası olmayıbmış kimi...) Bu xəbər kimisə hiddətləndirə, kimisə narazı sala bilər. Mənsə, sadəcə kədərlənirəm. Ona görə kədərlənirəm ki, biz nə ağıllanır, nə də özümüzə gəlirik. Böyüyün, günahsızın, doğmaların, yaxınların görüşünə gedərlər. Görünür, biz qonşularımızı hələ də belə görürük. Ağır da olsa, etiraf edim ki, Tanrı bu milləti çox qanışirin yaradıb. Xüsusən də ağlı gözündə olan, ağzının dadını bilməyən türklərçin...
   
   Bir tərəfdən dünyanın yeniləşməsindən, qloballaşmasından danışırlar, digər tərəfdən də bu qloballaşan dünyanın hansı nöqtəsində türk yaşayırsa, onların başına açılan oyunlardan xəbərlər gəlir. İndi də Çində uyğurların qanı tökülür. Kədərlənməyib, neyləyəsən?! Bu xəbər yadıma iyirmi il bundan qabaq ?zbəkistanın Fərqanə vilayətində türkün türkə tutduğu divanı saldı. Onda bazarda " Çiyələk davası"nı bəhanə eləmişdilər. İndi də deyəsən, qadın məsələsidi. Zəif yerimizi yaxşı tapırlar həmişə. Amma bir az səhvləri var...
   
   O zaman mən Fərqanədən qovulanların görüşünə getmişdim. Arada yazılarımda o görüşdən epizodları verirəm. Tükürpədici söhbətlər eşitdim onda soydaşlarımızın dilindən. Güləsər qarını heç unuda bilmirəm. Başını eynən nənələrim kimi bağlamışdı. Əvvəldən-axıra gözünün yaşı dayanmadı. Səksən illik ömründə üç dəfə yerindən-yurdundan qopartmışdılar onu. Bu yaşda ağlamaq da çox çətindi. İnsanın bədəninin quruyan çağında bu qədər göz yaşı hardandı onun canında?! İlahi,-deyə düşünürdüm,- bu qədər zülmü insanlara sən verirsən, yoxsa, onlar haqq yolundan azıb bir-birlərinin qanını içirlər?! Hələ də bu sualın cavabını tapa bilməmişəm.
   
   
   
   ***
   
   
   
   Aqil Abbas Türkiyə Cumhurbaşkanının Çinə səfəri barədə Vedat Kuşaklının önəmli yazısından misal çəkir. Həmin yazıda Vedat bəy Çindəki soydaşlarımızın haqq və hüquqlarını, ehtiyac və şikayətlərini bir paket halında özü ilə bərabər aparıb-aparmadığını Cumhurbaşkanından sual edir. Bəs, biz özümüz necəyik?! ?zümüzdə olmayanı, özümüzün etmədiyimizi başqasından tələb edirik. Yəqin ki, Gürcüstanın Borçalı mahalının Kəpənəkçi kəndindəki (əvvəllər Borçalı deyəndə heç vaxt Gürcüstan yadıma düşməzdi, bu dəfə nədənsə düşdü) çal-çağırı yəqin ki, Aqil bəy də seyr etməmiş ( İTV) deyil. Əsrlərcə bir yerdə yaşayan- eyni havanı udub eyni sudan içən, eyni tikəni dadan iki qardaş xalqın bir yerdə şənlənməsindən, çalıb-oynamasından gözəl nə ola bilər ki?! Amma bu çal-çağırın bir məqamı mənim diqqətimi xüsusilə çəkdi. Gürcü incəsənətinin nümayəndələri M.F.Axundovun Tiflisdə yaşayıb-yaratmasını, Şota Rustavelini azərbaycanlıların da sevə-sevə oxumasını, Rəşid Behbudovun Tiflisdə anadan olmasını söyləməklə yanaşı Manana Caparidzenin də Azərbaycanda yaşayıb-yaratdığını iftixarla qeyd etdilər. Gözəl müqayisədi! Kişilərimizin başının sədəqəsi... (Həmişə xristian qadınlarının nəfinə öz kişilərimizə cansağlığı, çoxlu var-dövlət, imkan, vəzifə arzulayıram. Bizim eybimiz yoxdu, birtəhər özümüzə də, balalarımıza da gün ağlayarıq. Elə quruca " mentalitet" sözü bəsimizdi. Eşidəndə ciyərlərimiz də genişlənir, dünyanın bütün zövq-səfası- geyim-kecim, gəzmək, əylənmək, istirahət, səyahət gözümüzdən düşür. Bilirik ki, bu qəlbi genişliyimizə görə o dünyada cənnətin qapıları üzümüzə taybatay açılıb bizi ağuşuna alacaq. Bu dünya boş şeydi... İndi bildiniz, uyğurların qadın üstə dava eləməsinə niyə şübhəynən baxıram?! Mən də dedim, görəsən, kişilər sivil qaydada nəyin davasına çıxıblar? Sən demə, Çindəki soydaşlarımızın hər yarağı düzəlibmiş, qalıbmış saqqal darağı. Arxayınçılıqdan girəvə gəzirlərmiş ki, o çəpgözlərin biri bunların qadınlarına çəp baxmağa cürət eləsin...Gördünüz, necə verdilər çinlilərin cavabını?!...Küyə getməkdən başqa əlimizdən bir şey gəlmir...
   
   
   
   ***
   
   
   
   Xalq şairi Sabir Rüstəmxanlı Gürcüstandakı soydaşlarımızın problemləriynən bağlı dəyərli bir yazı yazmışdı. Həmişə təriflə, üzgörənliklə iş aşmır, axı... Arada hər kəsin qaşığını öz əlinə vermək lazımdı...
   
   
   
   ***
   
   
   
   Gürcüstan prezidentinin "erməni soyqırımı" abidəsinə əklil qoymasından dilxor olmuşuq. Amma nahaq yerə. Sağlıq olsun, qarşıdan gələn qış aylarında gürcülərin qazı bizimkindən gur yananda bütün incikliklərimizi unudacağıq. Keçən ilki qışın qarında-şaxtasında bizim rayonda qaz pilətələrinin yanıb-yanmadığını çox vaxt əlimizlə yoxlayırdıq...
   
   Söz-sözü çəkir, eşitdiklərimiz-gördüklərimiz bir-bir yada düşür. Sovet dövründə deyirdilər ki, Ermənistanla Gürcüstan dövlətdən dolanır, dövlət Azərbaycandan. 37-ci ildə belə söhbətlərin üstündə özümüzünkülərin dilini kəsirdik. Erməni, gürcü isə öz millətinin xeyrinə bu sözləri deyən soydaşlarının dilindən öpərdilər...
   
   Bizim heç kəsdən umub-küsməyə haqqımız yoxdu...
   
   

TƏQVİM / ARXİV